11 Iyun 2022 00:44
3224
SİYASƏT
A- A+

Qətiyyətli siyasətin təcəssümü

 

Azərbaycan bütün məsələlərdə milli maraqlarını inamla təmin edir

 

Azərbaycanı qlobal miqyasda nüfuzlu dövlət kimi tanıdan amillərdən biri respublikamızın hər zaman özünün  milli  maraqlarını qətiyyətlə təmin etməsidir.

Hələ 28 il əvvəl "Əsrin müqaviləsi"ndən başlamış müstəqilliyimizi və dövlətçiliyimizi şərəfləndirən digər hadisələrə - Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə, "Cənub qaz dəhlizi"nin yaradılmasına qədər keçilən yol ilk növbədə Azərbaycan dövlətinin öz maraq və mənafelərin inamla reallaşdırmasının tarixi salnaməsidir.

 

Dünyanın qəbul etdiyi reallıq

 

Bütün bu gerçəkliklərin zirvəsi isə 2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsidir. Bu müharibədə Azərbaycan sadəcə Ermənistana və onun azsaylı xalqına deyil, bütövlükdə dünya erməniliyinə, onları dəstəkləyən qüvvələrə qalib gəldi. Bu müharibədə Azərbaycan Minsk qrupunun 28 ildə məqsədli şəkildə həll etmək istəmədiyi problemi güc yolu ilə yoluna qoydu. Prezident İlham Əliyev Azərbaycanın milli haqqını, beynəlxalq səviyyədə təsbit olunan hüquqlarını Ermənistanı dəstəkləyən dairələrin elə gözü qarşısında sərkərdə qətiyyəti ilə təmin etdi.

Beləliklə, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın öz milli mənafelərini qətiyyətlə reallaşdırmasının ən möhtəşəm təcəssümü oldu. Bu zəfərin fonunda belə bir həqiqət də öz təsdiqini tapdı ki, güclü və müdrik lideri olan dövlət qarşısında dayanan bütün məqsədlərə çata bilir.

Vətən müharibəsindən sonra da Azərbaycan öz milli maraq və mənafelərini qətiyyətlə həyata keçirməkdə davam edir. Bu çərçivədə ən böyük uğur beynəlxalq ictimaiyyətin 44 günlük müharibədən sonra regionda yaranmış yeni reallıqları tam bölüşməsidir. Bu isə öz növbəsində Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin qəbul olunması və torpaqlarımızın işğaldan azad edilməsinə göstərilən beynəlxalq ehtiramdır.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda sürətli bərpa və quruculuq işləri davam edir. Azərbaycan dövləti 30 ilə yaxın müddətdə ermənilər tərəfindən dağıdılmış, vandallığa məruz qalmış kənd və şəhərlərini qətiyyətlə, əzmlə bərpa edir. Bir çox xarici dövlətlərin öz şirkətlərinin bərpa prosesində iştiraka hazır olduqlarını bəyan etmələri də Azərbaycanın haqq işinə olan beynəlxalq ehtiramın nümunəsidir.

 

Ermənistanın prosesləri ləngitmək cəhdləri iflasa məhkumdur

 

Vətən müharibəsinin başa çatmasından sonra da dövlətimiz siyasi-diplomatik sferada qətiyyətli fəaliyyətini davam etdirir. Söhbət ilk növbədə Ermənistanın 10 noyabr üçtərəfli Bəyanatı üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən, Brüssel prosesi üzrə üzərinə götürdüyü yeni öhdəlik və razılaşmalara əməl etməsindən gedir.

Xatırladaq ki, ötən ay Brüsseldə keçirilən növbəti üçtərəfli görüşdə razılaşdırılan bütün məsələlər prosesin Azərbaycanın milli maraq və mənafelərinə uyğun getdiyini göstərdi. Məsələn, görüşdə Ermənistanın hələ 10 noyabr Bəyanatında üzərinə götürdüyü öhdəliyə uyğun olaraq kommunikasiya ilə əlaqədar nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurətindən bəhs olunub. Tərəflər Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəliblər. Azərbaycanın növbəti siyasi-diplomatik uğuru olan üçüncü Brüssel görüşü həm də onu təsdiq etdi ki, Ermənistanın müxtəlif iddialarla üçtərəfli razılaşmaların tələb etdiyi prosesləri ləngitmək cəhdləri iflasa məhkumdur.

 

Delimitasiya prosesi dövlət sərhədini əhatə edir

 

"Brüssel prosesi" çərçivəsində danışıqların əsas istiqamətini sərhədlərin delimitasiyası təşkil edib. Bu məsələdə əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində ötən ay Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiya formatında ilk görüş keçirilib.  Görüşdə tərəflər delimitasiya və digər məsələlər üzrə komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər.

Qeyd edək ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür. Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur.

Qalib Azərbaycan Ordusu müharibədən sonra da qarşısında duran vəzifələri layiqincə yerinə yetirir. Ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərdə də Azərbaycan bayrağı dalğalanır.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video