27 Sentyabr 2022 01:36
436
CƏMİYYƏT
A- A+

Qələmi süngüyə çevirənlər

 

44 günlük savaşda əsrlərboyu yaşayacaq bir tarixə imza atdıq. İnsanlarımız Prezidentin ətrafında sıx birləşərək ön və arxa cəbhədə vətəndaşlıq mövqeyi nümayiş etdirdilər. Bu tarixi zəfər Azərbaycan xalqının heç vaxt yaddaşlarından silinməyəcək. Bu müqəddəs savaşda jurnalistlərimiz də iştirak etdilər, Vətənin çağırışına səs verərək özlərinin vətəndaşlıq borclarını yerinə yetirdilər.
Birinci Qarabağ və Vətən müharibəsində yüzlərlə jurnalist informasiya cəbhəsində vuruşub. Onların arasında xidməti vəzifələrini yerinə yetirərkən həlak olan jurnalistlər də var. Peşə fəaliyyətlərini yerinə yetirən zaman şəhid olan həmkarlarımızın adları Qarabağ zəfərinin qəhrəmanları sırasına qızıl hərflərlə həkk olunub. Bəziləri Birinci Qarabağ müharibəsi, bəziləri isə İkinci Qarabağ müharibəsi zamanı şəhid olublar. Məhz bunun nəticəsində də cəbhədəki kimi informasiya savaşında da qalib tərəf olduq. Ermənilər Birinci Qarabağ müharibəsindən fərqli olaraq, Vətən müharibəsində öz yalanları, uydurma faktları və hiylələri ilə dünyanı aldada bilmədilər. Bu müharibə jurnalistikamız üçün də bir sınaq oldu. Hamı bir nəfər kimi cəbhədən gələcək xəbərləri gözləyirdi. Azərbaycan jurnalistləri həqiqətləri dünyaya çatdırmaqla, səngərdəki əsgərlər qədər iş görüblər. Jurnalistlər xəbərləri əldə etməyin çətin olduğu bir vaxtda belə dünyanın müxtəlif media kanallarına məlumatlar ötürürdülər.

 

Onların ruhları şaddır

 

Canını qurban verən neçə-neçə jurnalistin ömür yolu milli jurnalistikamızın şanlı səhifələrinə yazılıb. 1988-1994-cü illərdə Qarabağ müharibəsində 13 jurnalist erməni terrorçularının hücumuna məruz qalıb. Onlardan 9-u şəhid olub. Şəhid olan jurnalistlərdən 2-si rus, digərləri azərbaycanlılardır. Bu gün Qarabağ müharibəsində qəhrəmanlıqla şəhid olmuş Milli Qəhrəmanlar - Alı Mustafayev, Salatın Əsgərova, Fəxrəddin Şahbazov, Çingiz Mustafayev və Kazımağa Kazımov ilə fəxr edir, onların ruhu qarşısında baş əyirik. Onlar Azərbaycan xalqının haqq səsinin  dünyaya çatdırılmasında bütün imkanlardan istifadə etmişdilər.  Artıq 30 ildir gözlədiyimiz Qarabağ öz sahiblərinə qovuşub. İndi qəhrəman jurnalistlərimizin ruhları da şaddır.

 

Vətən müharibəsinin şəhid jurnalistləri

 

İkinci Qarabağ müharibəsinin şəhidləri arasında media işçiləri Sirac Abışov və Məhərrəm İbrahimovun da adları var. 4 iyun 2021-ci ildə işğaldan azad edilmiş Kəlbəcərin Susuzluq kəndinə çəkiliş aparmağa gedən AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov tank əleyhinə minaya düşərək şəhid olublar. Onlar düşmənin işğal dövründə törətdiyi vəhşilikləri dünyaya çatdırmaq üçün azad olunmuş ərazilərdə çəkilişlər aparır, çətin missiyanı uğurla icra edirdilər.  Peşəkar jurnalist olaraq daim qaynar nöqtələrə, hadisələrin mərkəzində olmağa can atırdılar. Tarix yazan həmkarlarımız erməni məkrinin qurbanı oldular. Vəzifə borclarını ləyaqətlə yerinə yetirərkən şəhid olmuş jurnalistlər Prezident İlham Əliyevin imzaladığı sərəncamla 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif ediliblər. Bu, dövlət başçısının kütləvi informasiya vasitələrinə göstərdiyi xüsusi diqqətin göstəricisidir. Vətəni uğrunda canından keçənlər heç vaxt nə xalqımız, nə də dövlətimiz tərəfindən unudulmur. 

 

Ermənistan jurnalistləri də hədəf seçib

 

Düşmən ordusu dinc əhali və dövlət binaları ilə yanaşı, cəbhə bölgəsində fəaliyyət göstərən media nümayəndələrini də hədəfə alır. Media nümayəndələrinə qarşı hücumların görüntüləri kifayət qədər yayılsa da, beynəlxalq ictimaiyyət baş verənlərə heç bir münasibət bildirmədi. Bu təşkilatlar vəziyyətlə bağlı real və qərəzsiz mövqe göstərmək əvəzinə susqunluq nümayiş etdirirdilər. Xüsusi narahatlıq doğuran hallardan biri də odur ki, Ermənistan jurnalistləri və digər media mütəxəssislərini fəal hərbi əməliyyatların getdiyi ərazilərə gətirərkən, onları döyüşçülərdən aydın şəkildə ayırmaq üçün bilərəkdən lazımi tədbirlər görməyib. Müharibə vaxtı Ermənistan Müdafiə Nazirliyi jurnalistləri də silahlandırıb. Münaqişə baş vermiş ərazilərdə onların silahlandırılması, hətta jurnalistlərin öz texniki avadanlıqlarından silah kimi imitasiya etməsi beynəlxalq hüquqi qaydalara ziddir. Çünki bu birbaşa jurnalistləri silahlı hədəf halına çevirir və onların həyatı üçün təhlükə yaradır. Cenevrə Konvensiyasına əsasən silahlı münaqişə zonalarında işləyən jurnalistlər iki kateqoriyaya bölünürlər: hərbi müxbirlər və münaqişə zonasına ezam edilmiş jurnalistlər. Beynəlxalq humanitar hüququn əsaslarına görə münaqişə zonasında hər iki kateqoriyadan olan jurnalistlər mülki şəxs statusundadırlar.

 

Qələmdən silaha sarılan jurnalistlər

 

Media işçiləri 44 günlük Vətən müharibəsində, cəbhə xəttində həm xəbər istehsalçısı kimi, həm də səfərbərlik proqramı çərçivəsində cəlb edilmiş döyüşçü qismində iştirak ediblər. Bu da o deməkdir ki, media təmsilçilərinin fəaliyyəti hər iki istiqamətdə uğurlu olub. Vətən müharibəsində 27 jurnalist döyüşüb, 1 nəfər şəhid olub, 2-si yaralanıb. Həqiqi hərbi xidmətdə olan ATV-nin keçmiş montajçı-əməkdaşı Davud Qurbanov oktyabrın 5-də şəhid olub. 
Ordumuz ön cəbhədə, media nümayəndələri isə informasiya cəbhəsində vuruşurlar. Unutmayaq ki, informasiya müharibəsi hələ də bitməyib. Biz bu sahədə ölkə Prezidentinin ətrafında birləşməliyik. Tam əminliklə deyə bilərik ki, Azərbaycan bu gün informasiya müharibəsinin ön sıralarında yer alır. 

Elşən YƏHYAYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video