Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılov bu yolu özü seçmişdi
Şəhidlərə bütün ölkədə olduğu kimi, Salyanda da yüksək münasibət və ehtiram var. Şəhidlərin hər birinin xatirəsi əziz tutulur, adlarının əbədiləşdirilməsi üçün şəhər, qəsəbə və kəndlərdə abidələri ucaldılır, xatirələrinə bulaqlar tikilir, adlarına məktəblər, küçələr verilir.
Belə ünvanlardan biri X.R.Ulutürk küçəsi 31-dir. Bura Salyan şəhərinin ən gur yeridir. Hər gün minlərlə adamın yolu bu ünvandan keçir. Hər biri də bu ünvandakı lövhə önündə dayanıb şəhidin xatirəsini yad edir, ruhuna dualar oxuyur.
1983-cü il oktyabrın 23-də Marışlı kəndində sadə kəndli ailəsində dünyaya göz açan Sübhan Cəbrayılov 2001-ci ildə əsgərliyə yola düşüb. Xidmət zamanı nümunəvi əsgər kimi komandirləri tərəfindən verilən hər tapşırığı vaxtında və keyfiyyətlə yerinə yetirib. Eyni zamanda idmanı da yaddan çıxarmayıb. Xüsusi Təyinatlı Qoşun hissəsində xidmətin tələblərinə cavab vermək üçün çalışıb və bu məqsədlə müvafiq kurslara yazılıb. Kiçik gizir rütbəsi alıb. Əsgəri xidmətini başa vuraraq verdiyi qərarın üstündə dayanıb və Xüsusi Təyinatlı Qoşun alayında xidmətə başlayıb. Çox çəkmir ki, ona baş gizir hərbi rütbəsi verilib. Bundan sonra Xüsusi Təyinatlıların kəşfiyyatçısı kimi öz üzərində məsuliyyətlə çalışıb, rus və erməni dillərini öyrənib.
Bu günlər Vətən müharibəsi şəhidlərinin portretlərini əks etdirən lövhənin önündə Salyan şəhər sakini Ceyhun Manafovla tanış olduq. Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun şəklinə işarə edir: "Orta məktəbdə oxuyarkən boks məşqlərinə gedirdim. Sübhanla da elə orada tanış olmuşduq. Uca boylu, cüssəli bir oğlan idi. Fəndləri yaxşı öyrəndiyi və qolu güclü olduğu üçün hamımızı "döyürdü". Rayon mərkəzindən 7-8 kilometr aralıda yerləşən Marışlıdan gəlirdi. Heç vaxt məşqə gecikməzdi. Rayon üzrə keçirilən boks yarışlarında həmişə birinci yeri tutar, fəxri fərmanlar, diplomlar, hədiyyələr alardı. Orta məktəbi bitirəndən sonra hər birimiz arzumuzun ardınca getdik, yollarımız ayrıldı. Dostluğumuz isə davam edirdi. Mən İqtisad Unversitetinə daxil oldum, Sübhan isə bir il sonra hərbi xidmətə yollandı. Telefon söhbətləri zamanı deyirdi ki, həyatını birdəfəlik orduda xidmətə həsr edəcək".
Həmsöhbətim sonra davam edir: "18 illik hərbçi ömrü yaşayan Sübhan həm komandirləri, həm də tabeliyində olan əsgərlər arasında böyük hörmət qazanmışdı. O, bu gün də gözlərim önündən getmir. Sübhanla fəxr edirəm. Allah rəhmət eləsin!"
2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan və Ermənistan hərbi qüvvələri arasında cəbhənin Tərtər-Cəbrayıl-Füzuli istiqamətlərində qızğın döyüşlər başlayır. Hərb tariximizə qəhrəmanlıq salnaməsi kimi düşən bu döyüş 44 günlük Vətən müharibəsindəki qələbəmizin ilk müjdəsi idi. Həmin döyüşlərdə S.Cəbrayılov da şücaəti ilə fərqlənir. Aprel döyüşlərindən sonra zabit və əsgərlərimizlə görüşən Prezident, Ali Baş Komandan İlham Əliyev baş gizir S.Cəbrayılova hədiyyə olaraq qol saatı bağışlayır.
Sübhan Cəbrayılov hər sahədə nümunəvi olub. O, sevməyi, sevilməyi, sevgisini qorumağı da bacarıb. Hələ orta məktəbdə oxuyarkən qonşularına Salyan şəhərindən Sevda adlı bir qız gəlib-gedərmiş. Bir könüldən min könülə ona aşiq olur. Evlənmək vaxtı gələndə fikrini evdəkilərə bildirir. Amma gələcək həyat yoldaşının valideynləri bu işə razılıq vermək istəmirlər. Buna baxmayaraq, Sübhanın sevgisi bu maneəni aşıb keçir.
Xidmət etdiyi hərbi hissə Xızı rayonu ərazisində yerləşdiyindən ata-anasının, qardaşlarının köməyi ilə Sumqayıtda 1 otaqlı mənzil alıb ömür-gün yoldaşını da ora aparır. Aylar, illər bir-birini əvəz edir. Onların 2 övladı dünyaya gəlir.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Sübhan Cəbrayılov əvvəlcə Füzuli istiqamətində gedən döyüşlərə atılır. İldırım sürətilə hücuma keçən ordumuzun həmlələri nəticəsində Füzulinin 5 yaşayış məntəqəsi - Aşağı Əbdürrəhmanlı, Yuxarı Əbdürrəhmanlı, Kənd Horadiz, Qaraxanbəyli və Qaravənd işğaldan azad edilir. Qəhrəmanımızın döyüşdüyü tabor döyüş zonasındakı bir neçə əlverişli mövqeyi ələ keçirir. Müharibə itkisiz olmur. Sübhan Cəbrayılov bir neçə döyüşçü yoldaşını itirir. Bu, onun qəzəbini, intiqam hissini daha da artırır.
S.Cəbrayılovun döyüşdüyü 40 nəfərdən ibarət qrup oktyabrın 19-da strateji əhəmiyyətli Laçın dəhlizini ələ keçirmək üçün hücum əməliyyatı aparmalı olur. Öncə Qubadlı istiqamətində əlverişli mövqeləri tutmaq lazım idi. 7 saat davam edən döyüş zamanı xüsusi təyinatlıların 4 igid döyüşçüsü - baş gizir Sübhan Cəbrayılov, baş gizir Camal İsmayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyev şəhid olurlar. S. Cəbrayılov oktyabr ayının 23-də - doğum günündə Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn olunur.
Göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Sübhan Cəbrayılova Vətən Müharibəsi Qəhrəmanı fəxri adı verilir. Amma bu onun Vətən savaşında layiq görüldüyü yeganə təltif deyildi. Şəhid qəhrəman 15 dekabr 2020-ci ildə "Cəbrayılın azad olunmasına görə", 24 iyun 2021-ci ildə "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə də təltif edilir.
Vətən Müharibəsi Qəhrəmanının dostu Ceyhunun atası Bəylər kişi ilə Marışlıya - Sübhan Cəbrayılovun ata ocağına baş çəkirik. Həyət darvazasının hər iki tərəfində qəhrəmanın böyüdülmüş müxtəlif ölçüdə şəkilləri, təltif olunduğu mükafatların fotosu diqqətimizi cəlb edir. Bəylər kişi Vətən Müharibəsi Qəhrəmanının anası Ləzifə ana, bacısı Kəmalə xanımla bizi tanış edir. Geniş bir otaqda S.Cəbrayılovun ömür və döyüş yolunu əks etdirən çoxlu sayda fotolar, hələ uşaq ikən boks yarışlarında aldığı hədiyyələr, vımpellər, fəxri fərmanlar yer almışdır.
Ləzifə anadan Sübhan haqqında danışmağı xahiş edirik. Gözləri yol çəkir. Xəyalı onu keçmiş aylara, illərə aparır. Titrək səslə deyir: "Uşaqlıqdan zirəng idi, qeyrətli idi, zəhmətkeş idi. Təsərrüfat işlərində bizə çox kömək edərdi. Vətəninə hədsiz dərəcədə bağlı idi. Ermənilərin azğınlığına dözə bilmirdi. Buna görə də hərbçi olmağı özünə peşə seçdi. Oğul itkisi ağırdır. Ancaq neyləmək olar?! Təsəllimiz odur ki, Vətən, torpaq yolunda həyatdan getdi, şəhid oldu. Sağ olsun dövlətimiz, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev, elimiz-obamız. Ailəsinə Sumqayıtda yaxşı ev verilib. Yüksək pensiya ilə təmin olunublar. Hamımız onunla fəxr edirik".
Bu gün Salyanda Sübhan Cəbrayılov adına küçə var. Həmin küçədə yerləşən Peşə Liseyi də onun adını daşıyır.
5 il öncə Ali Baş Komandanın qətiyyəti və ordumuzun qəhrəmanlığı sayəsində 30 il düşmən tapdağı altında inildəyən torpaqlarımız azad olundu. Bu, damarlarında türk qanı axan Azərbaycan oğullarının son 200 illik tarixinə qızıl hərflərlə yazılmış ən böyük qəhrəmanlıq və vətənpərvərlik səhifəsidir.
Siz ey Vətən yolunda şirin canından keçib,
İgidliyi, mərdliyi özünə amal seçib,
Ömrün bahar çağında həyatdan erkən köçüb,
Ölümüylə bu yurdu, torpağı yaşadanlar!
Yaşayan hər ömürdə qanınız, canınız var!
Bir ata övladından el oğluna döndünüz.
Kim deyir ki, öldünüz, kim deyir ki, söndünüz?!
Gələcək nəsillərə yetəcəkdir ününüz.
Siz bu gün də, sabah da - əsrlərlə sağsınız!
Bu yurdun sinəsində vüqarsınız, dağsınız!
Siz yazdınız millətin tarixini qan ilə,
Sinənizdə yurd saldı yurda atılan güllə.
Məzarınız tutulub min çiçəyə, min gülə.
Tərsiniz çiçək kimi, həmişə baharsınız!
Azərbaycan köksündə əbədi yaşarsınız!
Seyran CAVADOV,
"Azərbaycan"