17 May 2022 02:12
1106
SİYASƏT
A- A+

Qədim Füzulinin yeni günləri başlayır

 

Görülən işlər işğaldan azad olmuş rayona təzə həyat bəxş edəcək

 

Qarabağın və Şərqi Zəngəzurun hər tərəfində olduğu kimi, Füzuli rayonunda da geniş quruculuq işləri gedir. Füzuli şəhəri, ümumiyyətlə, 50 min sakin üçün planlaşdırılır. Yəni 2040-cı ilə o, 50 min nəfərlik bir şəhər olacaq. Füzulinin perspektivli sabahının təməli isə bu gün qoyulur.

Prezident İlham Əliyevin bölgəyə hər səfəri zamanı burada yeni layihələrə start verilir, yaxud yeni obyektlərin açılışı olur. Füzuli Beynəlxalq Hava Limanı artıq istifadəyə verilib və regionun inkişafına xidmət edir. Rayonun Dövlətyarlı kəndində isə "ağıllı kənd" layihəsi həyata keçirilir. Plana görə, şəhərin mərkəzi hissəsində memorial kompleks yaradılacaq. Burada eləcə də İşğal muzeyi və Zəfər parkı salınacaq. Yüksək bir məkan Bayraq meydanı üçün ayrılacaq. Çoxmənzilli binalar inşa ediləcək. Daha sonra həyətyanı bağ sahələri olan fərdi evlər tikiləcək. Şimal hissədən nəqliyyat dəhlizi, avtomobil və dəmir yolları çəkiləcək. Bir sözlə, görüləcək işlər çoxdur və onlar mərhələlərlə gerçəkləşir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva cari il mayın 10-da bu rayonda səfərdə olarkən yeni sosial obyektlərin, infrastrukturun tikintisinə xeyir-dua veriblər. Füzuli şəhərində inşa olunacaq peşə liseyinin təməli qoyulub.

Məlum olduğu kimi, Azərbaycanda peşə təhsili sisteminin müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Peşə təhsilinin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Paytaxtda, eləcə də bölgələrdə yeni peşə təhsili müəssisələri qurulur. Bunlardan biri də Füzuli Peşə Liseyi olacaq.

Liseyin ərazisi 3,2 hektar sahəni əhatə edəcək. Kompleksdə tədris, laboratoriya təcrübələri, idman binaları və meydançası yaradılacaq. Burada həmçinin avtomobil təmiri emalatxanası, avadanlıq və texnika, təsərrüfat anbarları, təsərrüfat qurğusu, praktik təlimlər qurğusu da inşa ediləcək. Kompleksin elektrik enerjisi ilə fasiləsiz təminatı üçün transformator yarımstansiyası quraşdırılacaq. İnşaat işlərinin gedişində ətrafda yaşıllıq zolaqları yaradılacaq. Yaşıllıqlar kompleksin ərazisinin 44 faizə yaxın sahəsini təşkil edəcək. Buradakı idman meydançasının sahəsi isə 540 kvadratmetr olacaq.

Peşə liseyi ildə 800-yə yaxın tələbə qəbul etməklə yanaşı, 1000-dək tələbə üçün kurslar və təhsil proqramları təmin edə biləcək.

Gələcəkdə Füzulidə bir sıra səhiyyə müəssisələrinin tikilməsi də nəzərdə tutulub. Belə ki, rayonda Gigiyena və Epidemiologiya Mərkəzi, Təcili Tibbi Yardım Stansiyası, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin binası inşa olunacaq.

Mayın 10-da isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak ediblər. Bu tibb müəssisəsində əsasən üç bölmənin - inzibati, stasionar və ambulator xidmət bölmələrinin yaradılması nəzərdə tutulub. Stasionar xidmət bölməsindəki qəbul mərkəzində 40 çarpayılıq terapiya, o cümlədən kardiologiya və nevrologiya şöbələri fəaliyyət göstərəcək. Xəstəxanada həmçinin cərrahiyyə, travmatologiya-ortopediya, LOR, əməliyyat bloku, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya və hemodializ şöbələri yaradılacaq. Ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından və aptekdən ibarət olacaq.

Müalicə ocağında maqnit rezonans tomoqrafiya və digər ən müasir tibbi avadanlıqlar quraşdırılacaq. Xəstəxana binasının zirzəmisi zəruri hallarda sığınacaq və hərbi hospital təyinatına malik strukturda inşa ediləcək.

Hazırda bölgədə düşmənin ekoloji sistemə vurduğu zərərin nəticələri də aradan qaldırılır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuliyə səfərləri çərçivəsində şəhərdə yeni yaradılacaq mərkəzi park kompleksinin ərazisində ağac əkdilər.

İşğaldan azad olunmuş digər ərazilərimiz kimi, Füzuli də minalardan təmizlənib təhlükəsiz vəziyyətə çatdırıldıqca ekoloji tarazlığın bərpası istiqamətində işlər aparılır. O cümlədən erməni vandallarının məhv etdiyi yaşıllıq massivlərində ağaclar əkilir. Füzulidə yeni yaradılacaq park kompleksi də şəhərdə ekoloji tarazlığın qorunması işinə mühüm töhfə verəcək.

Dövlət başçısı keçən il oktyabrın 17-də Füzuli rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdə demişdir: "Füzuliyə həyat qayıdır və qayıdacaq. Əminəm ki, maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək". Rayonda vüsət alan işlər məhz həmin günü yaxınlaşdırır.

 

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video