YAP Mingəçevir şəhər təşkilatının şəhər icra hakimiyyəti ilə birgə 8 Noyabr Zəfər Günü ilə əlaqədar şəhid ailələri, qazi və veteranlarla çay süfrəsi ətrafında görüşü keçirilib.
Görüşdə YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxış edərək bildirdi ki, 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və ordumuzun şücaəti ilə ərazilərimizin işğaldan azad olunması Azərbaycan tarixinin parlaq səhifəsinə çevrilib: "Birinci Qarabağ müharibəsində, ondan sonrakı atəşkəs dövründə, düşmənin çoxsaylı təxribatları nəticəsində, o cümlədən Aprel döyüşlərində, Vətən müharibəsində, 2022-ci ilin 12-14 sentyabr hadisələri zamanı, 2023-cü ilin 19-20 sentyabrındakı antirerror əməliyyatlarında torpaqlarımızın qorunması və azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsi xalqımız tərəfindən daim əziz tutulur, ehtiramla yad edilir".
Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək qeyd etdi ki, 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində azad olundu, sərhədlərimiz bərpa edildi, 2020-ci il Azərbaycan tarixinə Zəfər ili kimi daxil oldu: "2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunun sülhməramlıların nəzarəti altında olan ərazilərində keçirilən antiterror əməliyyatlarından sonra bütün suverenliyimiz tam bərpa edildi. Artıq bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Prezident İlham Əliyevin apardığı ardıcıl məqsədyönlü siyasətin nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib".
Görüşdə Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri İranə Həsənova, şəhid atası İldırım Əbdürəhmanov, Qarabağ qaziləri Əliağa Bəndəliyev, Məxluq Həsənov və Vətən müharibəsi veteranı Namiq İbrahimli çıxış etdilər. Onları narahat edən məsələlərlə bağlı aidiyyəti qurumlara tapşırıqlar verildi.
L.QULİYEV,
"Azərbaycan"