16 Yanvar 2022 00:23
216
Elm və texnika

Qayaüstü rəsmlərdən Olimpiya oyunlarınadək

 

Qədim insanın təbii təkamül prosesində onun fiziki gücü, cəldliyi, reaksiya qabiliyyəti, sağlamlığı olduqca böyük əhəmiyyət kəsb edib.

Yalnız bu keyfiyyətlərə malik insanlar təbii seçmənin süzgəcindən keçə biliblər. İnsan yaşamaq naminə vəhşi heyvanlarla vuruşub, sürətli qaçışı, eləcə də fiziki qüvvəsi hesabına təhlükələrdən xilas ola bilib. Belə bir cəhət hər bir insanın özünün fiziki kamilliyinin qayğısına qalması tələbini ortaya çıxarıb.

Zaman ötdükcə insanlar öz aralarında fiziki və əqli qabiliyyətlərini sınamaq məcburiyyətində qalıblar. Məhz fiziki sınaqlardan keçən adamlar tayfa və qəbilə başçıları olublar. Beləcə insanlar arasında öz fiziki keyfiyyətlərini mübarizədə sınamaq tələbi də meydana çıxıb. Cəmiyyət inkişaf etdikcə bu sınağın, mübarizənin forma və üsulları dəyişib, müxtəlif növləri meydana gəlib. Bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biri olan idmanın yaranmasının əsasında belə mübarizə formaları durur. İnsanların yerinə yetirdikləri fiziki hərəkətləri və əmək vərdişləri üzrə sınaqlarını, döyüş və mübarizə növlərini, məsələn, güləş, qaçış, tullanma, ağırlıqqaldırma, üzmək, avar çəkmək, ox atmaq, qılınc oynatmaq, nizə tullamaq və digər fiziki hərəkətləri ilk idman növləri kimi qəbul etmək olar. Şübhə yoxdur ki, bütün xalqlarda bu cür idman növləri olub. Bu növlərdən hər hansı biri üzrə ilk idman yarışının ilk dəfə harada, nə vaxt keçirilməsi haqqında dəqiq fikir söyləmək mümkün deyil. Arxeoloji tapıntılar əsasında onu demək mümkündür ki, atletlərin ilk yarışı güləş üzrə olub. Güləş haqqında ən qədim məlumat b.e.ə. XXVII-XXVI əsrlərə təsadüf edir. B.e.ə.  VIII əsrə aid edilən “Gilqamış” dastanında b.e.ə. üçüncü minilliyə aid olan Şumer abidələrinə istinadla güləş üzrə yarış haqqında məlumat verilir.

Azərbaycan xalqının tarixi qədim olduğu kimi, idmanın inkişafı da uzaq keçmişdən başlanır. Hələ eramızdan iki min il əvvəl Azərbaycanda tunc alətlərin işləndiyi vaxtlarda (Tunc dövrü) insanların müxtəlif fiziki hərəkətlərini əks etdirən yazılara, rəqslərə rast gəlinir. Qobustan qayaları üstündə həkk olunmuş çoxlu rəsmlər, cizgilər ov səhnələrini, heyvan fiqurlarını, insanların rəqs və digər fiziki hərəkətlərini təsvir edir. Xalqımızın dastan və nağıllarında, yazılı abidələrində güləş yarışlarından çox bəhs olunur. Qədim yazılı abidəmiz olan “Dədə Qorqud” dastanında güləşlə yanaşı, digər təkbətək mübarizə növlərindən də geniş bəhs olunur. Bu mübarizələrin çox vaxt yarış məqsədilə keçirildiyi qeyd olunur. Qədim Şərqin yazılı və şifahi xalq yaradıcılığı ilə bağlı olan mədəniyyət abidələrində fiziki hərəkətlər haqqında xeyli məlumtlar verilir. “Avesta” kitabında insan bədəninin təmizlik və gözəlliyi xüsusi olaraq qeyd olunur.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video