28 İyul 2024 08:36
2877
SİYASƏT
A- A+
Qarşılıqlı maraqlara xidmət edən xarici siyasət

Qarşılıqlı maraqlara xidmət edən xarici siyasət

 

İlham Əliyevin strateji inkişaf kursu ölkəmizə tarixi nailiyyətlər qazandırır

 

Azərbaycan Cənubi Qafqaz geosiyasi məkanının aparıcı dövləti, əsas söz sahibidir. Ölkəmizin mövqeyi nəzərə alınmadan bu bölgədə hər hansı qlobal layihənin həyata vəsiqə alması mümkün deyil.

Bütün bunlar hazırda Prezident İlham Əliyevin əzmlə həyata keçirdiyi strateji inkişaf kursunun, çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyasının tarixi nailiyyətləridir. Bu strategiya sayəsində Azərbaycan xüsusilə son onilliklərdə çox mühüm uğurlar qazanmış, başqa dövlətlərlə ikitərəfli münasibətlərə, eləcə də regionumuzun geostrateji təhlükəsizliyinə əhəmiyyətli töhfələr vermişdir. Xüsusilə Vətən müharibəsindəki tarixi qələbəmizlə Azərbaycan regionda yeni bir reallıq yaratmışdır. Bu reallıqla Cənubi Qafqazın böyük bir inkişaf yolu, yerləşdiyimiz coğrafiyada çox geniş əməkdaşlıq, qarşılıqlı fayda mühiti başlanır. Azərbaycan belə bir reallıqda inkişaf proseslərinə yön verən, bölgəmizdəki sülh, təhlükəsizlik, dayanıqlı inkişaf mühitinin qoruyucusu missiyasını yerinə yetirən mövqeyini daha da möhkəmləndirir. Heç bir ölkənin, beynəlxalq qurumun asılılığında olmayan müstəqil dövlətimiz beynəlxalq strateji tərəfdaş kimi qlobal məkanda getdikcə daha da böyük nüfuz qazanır.  

 

Uğurlu diplomatiya

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Londonda keçirilən  "Avropa Siyasi Birliyi"nin

4-cü Zirvə toplantısında iştirakı, dövlət rəhbərimizin şəxsiyyətinə olan böyük diqqət ölkəmizin son illərdə xarici siyasətdə qazandığı uğurların daha bir göstəricisi oldu.

Oksfordda təşkil edilmiş zirvə toplantısı dünya üçün son dərəcə əhəmiyyətli bir tədbir idi. Zirvə toplantısında müxtəlif Avropa ölkələrindən 45 liderin, həmçinin NATO, ATƏT və Avropa Şurası nümayəndələrinin iştirakı onun miqyasını, önəmini göstərirdi.

Sammitin əsas mövzuları enerji təhlükəsizliyi, miqrasiya, demokratiyanın müdafiəsi və təmini məsələlərinə həsr olunmuşdu. Onun təşkilində əsas məqsəd isə verilən şərhlərdə də qeyd edildiyi kimi, Avropa daxilində və onun sərhədləri yaxınlığında münaqişə və qeyri-sabitliyə cavab olaraq birliyi qorumaq idi.

Azərbaycan Respublikasının Prezidenti ilə görüş və müzakirələrə böyük maraq, zirvə toplantısı çərçivəsində bir çox nüfuzlu ölkələrin dövlət və hökumət başçılarının, NATO rəhbərinin cənab İlham Əliyevlə görüş keçirməsi Azərbaycan liderinin istisnasız olaraq bu qlobal tədbirin əsas şəxslərindən olduğunu nümayiş etdirdi. Londonda Prezident İlham Əliyevlə görüş keçirən liderlər sırasında Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden, İsveçrə Prezidenti Viola Amherd, Macarıstanın Baş naziri, ölkəmizin dostu olan Viktor Orban, Litva Prezidenti Gitanas Nauseda, Finlandiya Prezidenti Aleksandr Stubb, Çexiyanın Baş naziri Petr Fiala, Almaniya Kansleri Olaf Şolts və başqa rəhbər şəxslər vardı. Dövlətimizin başçısı "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısı çərçivəsində "Enerji və bağlantı" mövzusunda "dəyirmi masa"da çıxış etdi.

Bu qədər geniş və əhatəli görüşlər Prezident İlham Əliyevin, onun şəxsində Azərbaycanın qlobal nüfuzunun göstəricisidir. Yeri gəlmişkən, bu ölkələr sırasında Azərbaycanın dostları ilə yanaşı, son dövrlərə qədər bəzi məsələlərdə, xüsusilə ərazi bütövlüyümüz məsələsində Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirənlər də vardı. Məsələn, Lüksemburq bunlardan biri idi. Amma Lüksemburqun Baş naziri Azərbaycan Prezidenti ilə görüşdə tərəddüdsüz olaraq COP29-da iştirak edəcəyini bildirdi, eyni zamanda Azərbaycanla Lüksemburq arasında yüksək texnologiyalar, səhiyyə, investisiyalar, nəqliyyat daşımaları və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Bütün bunlar Azərbaycan Prezidentinin həyata keçirdiyi düzgün, məqsədyönlü siyasətin gec-tez hər kəs tərəfindən etirafını, cənab İlham Əliyevin özünəməxsus səbrlə, təmkinlə, diplomatik peşəkarlıqla ölkəmizə qarşı, hətta qərəzli mövqeləri də neytrallaşdıra bilmək məharətini nümayiş etdirir. Beynəlxalq ictimaiyyət tərəfindən də dərk olunur ki, Azərbaycan Prezidentinin fikirləri, irəli sürdüyü təşəbbüslər, verdiyi tövsiyələr qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində önəmli nümunədir.

 

Lider dövlətin Liderinə maraq

 

Ən diqqətçəkən məqamlardan biri isə Azərbaycanın çoxşaxəli xarici siyasət xəttinin bütün istiqamətlər üzrə paralel şəkildə həyata keçirilməsi, proseslərin uzlaşdırılması, ölkəmizlə bərabərhüquqlu münasibətlərdə bütün tərəflərin mövqelərinin qüsursuz şəkildə nəzərə alınmasıdır. Yalnız elə bu ay ərzində Azərbaycan Prezidenti İlham Əliyevin xarici dövlətlərə səfərləri, beynəlxalq tədbirlərdə iştirakı, münasibətlərin inkişafı istiqamətində atılan addımlar respublikamızın xarici siyasət sahəsindəki uğurlarının sübutudur.

Ölkəmiz Vətən müharibəsindəki tarixi qələbəmizdən, ərazi bütövlüyümüzün bərpasından sonra daha qlobal-miqyaslı xarici siyasət həyata keçirir, müxtəlif beynəlxalq platformalarda aktiv iştirak edir. Burada Azərbaycanın regionumuzda yaratdığı yeni tarixi reallıqların da mühüm  təsiri var.

Regionun lider dövləti kimi bu reallıqlarda Azərbaycanın üzərinə böyük tarixi missiya düşür. Dövlətimiz yaşadığımız coğrafiyada sülhün, təhlükəsizliyin, dayanıqlı inkişafın əsas təminatçılarından biri rolunda çıxış edir. Təşəbbüskarı olduğu və addım-addım reallaşdırdığı layihələrlə bölgəmizi qlobal dünya üçün mühüm enerji-kommunikasiya mərkəzinə çevirir. Bu imkanlardan faydalanmaq istəyən dövlətlər, təbii ki, çoxdur.

Bu gün ölkəmiz Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qurur. Prezident İlham Əliyevin də xatırlatdığı kimi, regionumuzda və postsovet məkanında Azərbaycan yeganə ölkədir ki, Avropa İttifaqının 10 ölkəsi ilə strateji əməkdaşlıq edir. Respublikamız böyük qaz ehtiyatları, qurulan qlobal enerji infrastrukturu ilə Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Avropanın Azərbaycan qazına çox böyük ehtiyacı var. Hazırda Azərbaycan qazının Avropaya nəqlinin iki dəfə artırılması qarşıda duran hədəfdir və ölkəmiz bu istiqamətdə irəliləyir.

Bundan başqa, Azərbaycan Prezidentinin şəxsiyyətinə olan böyük güvən, onun verdiyi bütün vədləri tutması, əldə edilən anlaşmalara sadiqliyi, sözünə də imzası qədər dəyər verməsi ölkəmizlə sıx əməkdaşlıq istəklərini şərtləndirən əsas amillərdəndir. Ona görə də Azərbaycan Prezidenti iştirak etdiyi beynəlxalq tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinin əhatəsində olur, hər kəs Prezident İlham Əliyevlə müzakirələrə, onunla ünsiyyətdən hansısa şəkildə faydalanmağa can atır.

 

Azərbaycanın imkanlarına həssas münasibət

 

Azərbaycan Prezidentinin Avropa liderləri ilə görüşlərinə, Almaniya, Böyük Britaniya, ABŞ kimi ölkələrlə əlaqələrin inkişafına, intensiv səfərlərə paralel olaraq dünyanın digər qütblərinə aid ölkələrlə münasibətlər də uğurla inkişaf etdirilir. İyulun əvvəlində Azərbaycan Prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Qazaxıstanda keçirilən növbəti zirvə görüşündə iştirak etmək üçün Astanaya səfər etdi. Səfər tarixi nəticələrlə yadda qaldı. Dövlətimizin başçısının Çin, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan prezidentləri ilə görüşləri oldu. Çinlə Azərbaycan arasında srateji tərəfdaşlıq sazişi imzalandı. Bu sazişin müddəalarının icrası nəticəsində dünyanın güclü iqtisadiyyatına malik olan, 3 ən böyük fövqəldövlətdən biri sayılan, nəhəng elm və texnologiya mərkəzi Çinlə Azərbaycanın strateji əməkdaşlığı ölkəmizin beynəlxalq aləmdə siyasi və iqtisadi nüfuzunun daha da artmasına töhfə verəcək. Çin texnologiyalarının Azərbaycana gətirilməsi ilə ölkəmiz dünyanın müasir texnoloji mərkəzlərindən birinə çevriləcək. Eyni zamanda Çin regionla bağlı qlobal layihələrdə Azərbaycanın böyük imkanlarından yararlanacaq, bu strateji əməkdaşlıqdan hər iki ölkə faydalanmış olacaq.

Bütün bunlar Azərbaycanın bir çox Avropa ölkələri ilə olduğu kimi, ŞƏT üzvü olan əksər dövlətlərlə də dostluq, əməkdaşlıq əlaqələrinə sadiqliyini, onların böyük iqtisadi potensialına, eyni zamanda həmin ölkələrin Azərbaycanın mühüm imkanlarına həssas münasibətini göstərir. Bu təşkilatla əməkdaşlıq respublikamızın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, o cümlədən ölkəmizin iqtisadi inkişafına xidmət edir.

Bu qurumun əsas məqsədi ölkələr arasında mehriban qonşuluq və dostluq münasibətlərinin qurulması, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi, ədalətli yeni beynəlxalq siyasi və iqtisadi quruluşun yaradılmasıdır.

ŞƏT ölkələri ilə əməkdaşlıq "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizləri üzrə daşımaların artmasına, həm təşkilata üzv ölkələrin, həm Azərbaycanın bu əlaqələrdən yüksək faydalar əldə etməsinə imkan verir. Azərbaycan-ŞƏT əməkdaşlığının təhlükəsizlik baxımından da əhəmiyyəti böyükdür. Çünki regionda sülh və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi ŞƏT-in əsas fəaliyyət istiqamətlərindən biri kimi nəzərə çarpır.

ŞƏT-lə əməkdaşlıq Azərbaycanın mövqeyinin dünyaya çatıdırılması baxımından da çox əhəmiyyətlidir. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən ikisi - Rusiya və Çin təşkilata üzvdürlər. Bundan əlavə, təşkilatda Türkiyə, Pakistan, Hindistan və İran kimi güclü dövlətlər də müxtəlif statuslarla təmsil olunur. Bu baxımdan Qazaxıstan zirvəsi Azərbaycan-ŞƏT münasibətlərində, əməkdaşlığında, ölkəmizin xarici siyasətində yeni səhifə açmış oldu. Qeyd edək ki, Mərkəzi Asiya ölkələri ilə həm ŞƏT formatında, həm də digər müstəvilərdə münasibətlərin inkişafı, birgə təlimlərin keçirilməsi kimi layihələri də özündə ehtiva edir. 

 

Yaxın qonşularla xoş münasibətlər

 

Astanada dövlətimizin rəhbərinin Rusiya Prezidenti ilə də görüşü oldu, iki ölkə arasındakı münasibətlərə dair bir sıra məsələlər müzakirə edildi. Azərbaycan yaxın qonşularımızdan biri kimi Rusiya ilə bərabərhüquqlu münasibətlərə önəm verir, bu ölkə ilə qarşılıqlı faydalı əlaqələr inkişaf etdirilir. Eyni zamanda son aylar daha bir yaxın qonşumuz İranla münasibətlərin normallaşması, orada səfirliyimizin fəaliyyətinin bərpa olunması xarici siyasətimizin uğurlarındandır. Azərbaycan Türkiyə-Pakistan formatında əməkdaşlıq da inkişaf etdirilir. Prezident İlham Əliyevin bu ay Pakistana səfəri, dövlət rəhbərimizin möhtəşəm qarşılanma mərasimi, bu dost ölkədə keçirilən görüşlər, aparılan müzakirələr, əldə edilən yeni razılaşmalar xarici siyasətimizdə tarixi səhifə açdı.

Azərbaycan türk dövlətləri ilə münasibətlərini də ayrıca istiqamət üzrə inkişaf etdirir, XXI əsrin türk əsrinə çevrilməsi hədəfinə doğru addımlar atılır, Türk Dövlətləri Təşkilatının qlobal proseslərə təsir imkanları getdikcə artır. TDT-yə daxil olan ölkələrin liderlərinin iyulun əvvəlində Şuşada - Azərbaycanın Zəfər simvolu sayılan şəhərdə keçirilmiş sammiti bu baxımdan möhtəşəm bir tarixi hadisə oldu.  

İyulun 20-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda II Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev bu məsələyə xüsusi münasibət bildirərək dedi: "O ki qaldı Türk Dövlətləri Təşkilatının gələcək inkişafına, mənim baxışlarım burada tamamilə aydındır. Əminəm ki, bu təşkilatın çox böyük gələcəyi var. Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər lazımdır. Coğrafiyamız çox böyükdür, təbii sərvətlər, nəqliyyat yolları, gənc və artan əhali - bütün bunları mən öz çıxışımda söylədim. Yəni bütün bu amillər təşkilatımızın potensialını əyani şəkildə göstərir. Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik. Çünki bu gün bir neçə beynəlxalq təşkilat var. Bəziləri böhran içində, bəziləri tənəzzüldədir, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdədir. Bu yüksəliş rahat olmalıdır və buna ortaq səylərlə nail olacağıq.

O ki qaldı hərbi sahədə işbirliyinə, buradan bir neçə yüz metr məsafədə əziz qardaşım Tayyib bəylə biz 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsini imzaladıq. Türkiyə və Azərbaycan rəsmən müttəfiqlər oldu, o cümlədən hərbi sahədə.

Yəni hesab edirəm ki, bu, bütün türk cümhuriyyətləri üçün gözəl bir örnəkdir".

 

Yeni imkanlar, yeni perspektivlər
 

Azərbaycan BRİKS təşkilatında bir araya gələn ölkələrlə münasibətlərin güclənməsinə yeni bir imkan kimi baxır. Məlum olduğu kimi, BRİKS sürətlə inkişaf edən beş ölkənin yaratdığı qrupdur. Bura Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası daxildir. Bir çox mötəbər rəylərə görə, 2050-ci ilə ümumi ölçü üzrə qrupun ölkələrinin iqtisadiyyatları dünyanın ən zəngin ölkələrinin iqtisadiyyatlarının ümumi ölçüsünü ötəcək. Bu ölkələrin malik olduqları resurslar BRİKS-i dünya iqtisadiyyatı üçün son dərəcə əhəmiyyətli edir. Belə ki, BRİKS ölkələrindən Braziliya kənd təsərrüfatı sahəsində böyük potensiala malikdir, Rusiya mineral ehtiyatların ən böyük ixracatçısıdır. Hindistan ucuz intellektual resursların, Çin ucuz əmək resurslarının, Cənubi Afrika Respublikası isə təbii resursların əsas mənbəyi kimi çıxış edir.

Azərbaycanın BRİKS ölkələri ilə əməkdaşlığı böyük imkanlar yaradır və ölkəmiz bu imkanların qarşılıqlı faydalara yönəlməsi üçün lazımi addımlar atır. Azərbaycan sədrlik müddətində həm struktur, həm fəaliyyətinin səmərəliliyi, həm də qlobal nüfuz baxımından böyük inkişafına nail olduğu Qoşulmama Hərəkatında da fəaliyyətini uğurla davam etdirir, bu təşkilatın qlobal güc mərkəzi kimi öz ali niyyətlərinə doğru irəliləməsinə dəstək olur. Qarşıdan isə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni Azərbaycanın evsahibliyi edəcəyi COP29 kimi mötəbər bir tədbir gəlir. Bu tədbir ölkəmizin xarici siyasət uğurlarını daha da möhkəmləndirəcək, önümüzdə yeni üfüqlər açacaq.

 

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əhliman Əmiraslanov: Sabah Şuşada türk dövlətlərinin səhiyyə nazirləri arasında görüş keçiriləcək

14:25
07 Oktyabr

Vüqar Qurbanov: Bu yaxınlarda Şəki şəhərində ürək mərkəzi fəaliyyətə başlayacaq

14:24
07 Oktyabr

Zurabişvilinin impiçmenti müzakirəyə çıxarılır

13:58
07 Oktyabr

Çinə aid avtomobil karvanı partladıldı 

13:57
07 Oktyabr

Sabah daha bir yağmursuz payız havası gözlənilir

13:55
07 Oktyabr

Viktor Ambros və Qeri Ruvkun fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldülər

13:54
07 Oktyabr

“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin iclası keçirilib

13:48
07 Oktyabr

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası başlayıb

13:39
07 Oktyabr

"İnanıram ki, daha yaxşı nəticələr bizi gözləyir" - Qurban Qurbanov  

13:16
07 Oktyabr

XİN: Səkkiz Azərbaycan vətəndaşı repatriasiya edilib

13:14
07 Oktyabr

Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar keçirilir - YENİLƏNİB

13:03
07 Oktyabr

“Neftçi” Rusiyada 5 klub dəyişmiş baş məşqçini gətrmək istəyirmi? - AÇIQLAMA

13:00
07 Oktyabr

Ukrayna F-16-ların ilk partiyasını aldı  

12:20
07 Oktyabr

AZAL COP29 ərəfəsində xüsusi endirimlər təklif edir

12:19
07 Oktyabr

Azərbaycanda regional anbarların yaradılması təklif olunur

12:18
07 Oktyabr

Okeanın dibində nəhəng asteroid aşkarlandı

12:15
07 Oktyabr

Afrikada meymunçiçəyinə yoluxma artıb

11:58
07 Oktyabr

Türkiyədə “Kızılelma” hərbi PUA-nın kütləvi istehsalına başlanılıb

11:56
07 Oktyabr

“Sabah” qəzeti: Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin intensiv tikintisi davam edir  

11:37
07 Oktyabr

Dünyanın ən çox maaş alan lideri açıqlandı

11:22
07 Oktyabr

“Azəri-Çıraq-Günəşli”nin builki gəlirləri açıqlanıb

11:16
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!