19 Iyun 2021 01:54
8776
SİYASƏT
A- A+

Qardaşlığın və birliyin təntənəsi

 

Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə münasibətlərinə yeni məzmun gətirən böyük siyasi və tarixi hadisədir

 

Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğal olunan torpaqlarının azad edilməsi ilə nəticələnən İkinci Qarabağ savaşı regionda tamamilə yeni reallıqlar yaradaraq  respublikamızın həm Cənubi Qafqazda, həm də qlobal miqyasda mövqelərini əhəmiyyətli dərəcədə  möhkəmləndirdi.

İlham Əliyevin Ali Baş Komandanlığı ilə hərb meydanında qazanılan Qələbə son onilliklərdə sürətli yüksəliş dövrünü yaşayan Azərbaycanı beynəlxalq aləmdə həm də qalib dövlət kimi tanıtdı. Bu Qələbə son iki əsrlik tariximizin zirvə nöqtəsi oldu.

 

Şuşadan verilən mesajlar

 

Müharibə bitsə də, münaqişə başa çatsa da, Azərbaycan  Qarabağ meydanında uğurlarını davam etdirir. Hərbi əməliyyatların başa çatmasından ötən 8 ayda işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa işləri çərçivəsində əldə olunan nailiyyətlərin hər biri respublikamızın böyük Zəfərdən sonrakı yenidənqurma təntənəsidir.  Aparılan məqsədyönlü fəaliyyət nəticəsində iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycana verməsi ölkəmizin növbəti qələbəsi oldu. Mina xəritələrinin alınması Prezident İlham Əliyevin qətiyyətli iradəsinin nəticəsi, ölkəmizin diplomatik uğurudur.

Azərbaycan dövləti və xalqı üçün əlamətdar olan bir gündə - iyunun 15-də Şuşa şəhərində imzalanan Türkiyə ilə Azərbaycan arasında  müttəfiqlik haqqında Bəyannamə isə Qarabağ zəfərindən sonra qazanılan növbəti tarixi uğur oldu. İkinci Qarabağ savaşındakı qalibiyyətdə olduğu kimi, bu Bəyannamənin də müəllifləri Azərbaycan və Türkiyədir. Qardaş dövlətlərin liderləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bu Bəyannamə ilə mövcud əlaqələri və əməkdaşlığı yeni mərhələyə yüksəltdilər.

Öncə onu qeyd edək ki, Azərbaycana səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunmuş Şuşaya getməsi, iki dövlət başçısının məhz burada görüşməsi son dövrlərin ən mühüm siyasi hadisəsi oldu. Bu səfər, ilk növbədə, Azərbaycan-Türkiyə qardaşlığını bir daha dünyaya bəyan etdi. Ona görə də bu səfər həm də türk dünyasının böyük siyasi uğuru oldu, dostlarımızı sevindirdi, düşmənin bağrına xəncərtək sancıldı. Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Şuşada görüşü, dövlət başçılarının Heydər Əliyev Fondunun təşkil etdiyi “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiyada iştirak etmələri, “Xan qızı” bulağına getmələri, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir bəy Hacıbəylinin heykəllərini ziyarət, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Türkiyənin birinci xanımı Əminə Ərdoğanın görüşü Azərbaycan-Türkiyə qardaşlığının növbəti təcəssümləri oldu.

Şuşada keçirilən hər bir tədbir isə həm də düşmənə verilən açıq mesajlar kimi tarixə düşdü: Azərbaycan və Türkiyə Qarabağ müharibəsində olduğu kimi, bundan sonra da bir-birilərinə ən yüksək səviyyədə dəstək verəcəklər.

 

İlham ƏLİYEV: “Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır”

 

Dünyada Azərbaycan və Türkiyə kimi sıx əlaqələrə malik başqa iki dövlət göstərmək mümkün deyil. Azərbaycan-Türkiyə münasibətlərinin analoqu yoxdur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri bütün sahələri əhatə edən olduqca yüksək səviyyədədir.  Hətta bu gün Azərbaycan və Türkiyə vətəndaşları yalnız şəxsiyyəti təsdiq edən vəsiqələrlə qarşılıqlı səfər etmək imkanına malikdirlər.

 Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi isə Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açdı. Prezident İlham Əliyevin dediyi kimi, müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır: “Əziz qardaşım Azərbaycanda dəfələrlə olub, ancaq biz ilk dəfə Qarabağ torpağında - Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”.

Sənədə əsasən Azərbaycan və Türkiyənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsi hər iki ölkənin regional və beynəlxalq rolunu və çəkisini daha da artıracaq.

Bəyannamədə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Ən vacib məqam isə ondan ibarətdir ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə müdafiə addımları atılacaq. Qeyd edək ki, indiyədək iki ölkə arasında strateji müttəfiqlik münasibətlərini müəyyənləşdirən dövlətlərarası sənədlər imzalanıb. Şuşa Bəyannaməsi isə bütün bu sənədlərin zirvə nöqtəsidir və iki dövlət arasında həm siyasi, həm də hərbi müttəfiqliyə yeni məzmun gətirir.

Rəsmi Bakı və Ankaranın dünyaya verdiyi əsas mesajlardan biri 44 günlük müharibədən sonra bölgədə yaranan yeni əməkdaşlıq imkanlarından yararlanmaq çağırışıdır. Hər iki ölkə bundan sonra bütün imkanlarını Cənubi Qafqazı sülh regionuna çevirmək istiqamətinə yönəldəcək. Azərbaycan və Türkiyə bütün region dövlətlərini bu əməkdaşlıq prosesində görmək istəyir. Bu baxımdan regiondakı yeni reallıqlar həm də onu göstərir ki, işğal siyasəti dəmir yumruqla darmadağın edilən Ermənistanın bu çağırışlara qoşulmaqdan başqa yolu yoxdur.

Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə münasibətlərinə yeni məzmun gətirən böyük siyasi və tarixi hadisədir. Qədim şəhərimiz olan Şuşada imzalanan bu sənəd iki dövlətin birliyinin əbədi olduğunu dünyaya bəyan etdi, onların qardaşlığının təntənəsi oldu.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video