01 Iyul 2022 01:33
1035
Mədəniyyət
A- A+

Qarabağın inci bulaqları

 

Şuşa İsa bulağı, Xan qızı bulağı, Meydan bulağı, Şor bulaq, Səkili bulağı, Qotur bulaq, Köçərli, Mamayı, Çuxur, Hacı Yusifli, Xocamircanlı, Seyidli, Təzə məhəllə bulaqları ilə məşhurdur.

Bu qədim şəhərdə on yeddi məhəllə, hər məhəllənin də öz bulağı, öz məscidi, öz hamamı var idi. Təəssüf ki, 1992-ci ilin mayında Şuşa şəhərini işğal edən erməni vandalları Şuşanın bütün gözəlliklərini məhv etməyə səy göstərdilər. 2020-ci ildə Müzəffər Azərbaycan Ordusu Şuşanı azad etdi. Otuz ilə yaxın davam  etmiş işğal müddətində quldur ermənilər bütün məscidləri dağıtdılar, bulaqları qurutdular.

 

Şor bulaq

 

Bu bulaq Şuşa şəhərinin məşhur bulaqlarından və tarixi yerlərindən biri hesab edilir. Şuşanın M.F.Axundov küçəsində yerləşən Şor bulaq 1854-cü ildə şəhərin varlı adamlarından olan Rəsibala Zəkəriyyə oğlu tərəfindən çəkilib. Bulağın suyu bir qədər şor olduğu üçün əhali arasında belə adlandırılıb.

Adətən, Şuşa şəhərində bulaqlar şəhər meydanlarında tikilirdi. Araşdırmalara görə, onlar bəzi hallarda, ümumiyyətlə, məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər. Ancaq ən izdihamlı küçələrdə və yolayrıclarında salınır, onlara müəyyən şəhərsalma ifadəliliyi verirdilər. Bulaqların bu cür yerləşdirilməsi sırf mühəndislik və santexnika mülahizələri ilə əsaslandırılır. Belə hesab edilir ki, onların yerini qravitasiya su təchizatı müəyyən edib, müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını əks və təşkil edir.

Əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malik Şuşa bulaqlarının eyni üslubda hazırlanmış kiçik formalı memarlıq abidəsi kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamladığı, bəzədiyi, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verdiyi bildirilir.

Şor bulaq Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunanadək fəaliyyət göstərdi.

 

Mamayı bulağı

 

Bir başqa məşhur bulaq Şuşanın Mamayı məhəlləsində yerləşirdi. Məhəllənin adına uyğun olaraq, Mamayı bulağı adlandırılırdı. Bulaq məscidin yerləşdiyi daş kub şəkilli meydanda deyil, iki küçənin kəsişməsində tikilmişdi.

Mamayı bulağının tarixi barədə yazılanlardan məlum olur ki, şəhərin bu məhəlləsində içməli su korluğu çəkilirmiş. Hətta ilk hərbi kazarmaların yerləşdiyi Şuşa məktəbinin həyətində su yox imiş. Əsgərlər qardan su mənbəyi kimi istifadə edirdilər. Məhəllə sakinlərinin içməli su ilə təmin olunması üçün Mamayı məhəlləsində bulaq tikilir. Bulağın inşasına XX əsrin əvvəllərində Şuşa şəhərinin tanınmış sahibkarlarından biri olan Səməd ağa Cavanşir 10 min manat pul xərcləyir. Bulağın üzərindəki kitabələrdə onun Səməd ağa Cavanşirin vəsaiti hesabına inşa edildiyi göstərilib.

Beləliklə, Səməd ağa Cavanşirin səxavəti və xeyirxahlığı sayəsində Şuşada müsəlmanlar yaşayan daha bir məhəlləyə içməli su kəməri çəkilib. Şəhərin bu hissəsində yaşayanların su təchizatı problemi aradan qaldırılıb.

Məhəllə Mamayı nəslinin adı ilə bağlı idi. Əhali də məhəllənin adını bulağa verdi. Ancaq Səməd ağanın xeyirxahlığı unudulmayıb.

Təəssüf ki, erməni saxtakarları otuz ilə yaxın davam edən işğal müddətində Azərbaycanın bir çox qədim, xalqımız üçün misilsiz milli-mənəvi dəyərləri olan abidələri öz adlarına çıxarmağa cəhd göstərdilər. Bu məqsədlə abidələrin üzərindəki onların əsl tarixini əks etdirən yazıları pozdular, xaçlarla örtməklə tariximizi saxtalaşdırmağa çalışdılar. Mamayı bulağının üzərindəki ərəb əlifbası ilə olan yazı da erməni işğalından sonra götürüldü, xaç işarəsi həkk edildi...

 

Z.FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video