17 Yanvar 2023 00:46
727
İDMAN
A- A+

Qarabağ və Şərqi Zəngəzur idman yarışlarına evsahibliyi edir

 

İşğaldan azad olunmuş ərazilərdə indiyədək 4  beynəlxalq turnir keçirilib

 

Ötən iki ildə Qarabağ və Şərqi Zəngəzurda görülən yenidənqurma  və bərpa işləri, Böyük qayıdışın qısa zamanda gerçəkləşməsi üçün reallaşan layihələrlə yanaşı, mədəniyyət beşiyimiz Şuşada müxtəlif beynəlxalq konfransların, mədəni tədbirlərin keçirildiyinin, həmçinin qısa zamanda idman yarışlarının əzəli torpaqlarımıza qayıtdığının şahidi olduq. Ölkəmizdə idman sahəsinə dövlət tərəfindən daim diqqət göstərilib, idmançılara qayğı ilə yanaşılıb. 
Prezident İlham Əliyevin tapşırıqları əsasında demək olar ki, bütün idman növlərinin inkişafı istiqamətində daim tədbirlər görülür, idman mərkəzləri yaradılır, istifadəyə verilir. Təbii ki, bu tədbirlər yalnız paytaxt Bakı ilə məhdudlaşmır, dövlət başçısının bölgələrə hər səfərində də belə mərkəzlərin təməlinin qoyulduğunu, açılışının şahidi oluruq.
Dövlət başçısı ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı bölgələrdə idmanın inkişafı ilə bağlı dedi: "Sevindirici hal ondan ibarətdir ki, bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar var. Bölgələrdə 50-yə yaxın olimpiya idman kompleksi yaradılmışdır, bu proses davam etdirilir".
Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda baş tutan idman yarışlarından söz açan dövlət başçısı vurğuladı ki, azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilib. Prezident bunun çox böyük tarixi əhəmiyyəti olduğunu qeyd edib: "Çünki azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır. Bildiyiniz kimi, tarixi zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlamışıq və o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı keçirilmişdir. Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Mən bunu çox yüksək qiymətləndirirəm və bu il də bu işlər davam etdirilməlidir".

 

İşğaldan azad edilmiş torpaqlarda ilk beynəlxalq yarışlar

 

Vətən müharibəsindəki şanlı zəfərimizlə azad edilmiş torpaqlarımızda keçirilən  ilk yarış Tərtər rayonunun Suqovuşan qəsəbəsində reallaşan beynəlxalq avarçəkmə idman tədbiri idi. 
2022-ci ilin may ayında işğaldan azad olunan torpaqlarda ilk idman tədbirini Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası təşkil etdi. Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş "Prezident kuboku-2022" turnirinin açılış mərasimi və ilk yarış günü Suqovuşanda baş tutdu. Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq avarçəkənin qatıldığı  yarışda idmançılar Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə apardılar.
Suqovuşan su anbarında avarçəkənlərin təlim-məşq toplanışı və çıxışlarını Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Suqovuşana səfəri zamanı  izləmişdilər. 
Beləliklə, Suqovuşan tarixi torpaqlarda ilk idman yarışlarına evsahibliyi ilə yadda qaldı. Amma  5 ay sonra Suqovuşan yenidən idman yarışlarının keçirildiyi mərkəzə çevrildi. Belə ki, oktyabr ayında burada avarçəkmə üzrə "Mingəçevir reqatası-2022"nin açılış mərasimi oldu. Turnirdə 13 ölkədən atletlər birincilik uğrunda mübarizə apardılar. 

 

Şuşa şahmat turniri - qalib Azərbaycan

 

Digər beynəlxalq idman tədbirləri mədəniyyət paytaxtımız Şuşada baş tutdu. Ötən il sentyabrın 21-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada ilk beynəlxalq şahmat turnirinin açılış mərasimi oldu.
Görkəmli şair və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş "Shusha Chess 2022" Beynəlxalq Şahmat Turnirinə sentyabrın 25-də yekun vuruldu. Azərbaycan yenə birincilik qazandı. Turnirdə kişilərin yarışında 26 xalla Şəhriyar Məmmədyarov, qadınlar üzrə isə 24 xalla gürcü idmançı Meri Arabidze qalib oldular. 

 

Növbəti turnir - Böyük qayıdışın ilk ünvanı

 

Növbəti yarış yeri isə Böyük qayıdışın başlanğıcı, keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına ilk qayıtdığı Zəngilanın Ağalı kəndi idi. 2022-ci il oktyabrın 22-də Ağalıda "Zəfər yürüşü" triatlon turnirinin açılış mərasimi keçirildi.
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Triatlon Federasiyasının birgə təşkil etdiyi turnir çərçivəsində triatlon (300 metr üzmə, 10 kilometr velosiped sürmə və 2 kilometr qaçış), duatlon (10 kilometr velosiped sürmə, 2 kilometr qaçış) və uşaq qaçışı (1 kilometr) yarışları baş tutdu. Yarışların üzgüçülük mərhələsi Həkəri çayında salınmış süni göldə, qaçış və velosiped mərhələləri isə Ağalı kəndi ərazisində təşkil edildi. Triatlon və duatlon yarışlarına peşəkar idmançılar, uşaq qaçışına isə Ağalı kənd məktəbinin şagirdləri qatıldılar. 
Beləliklə, "Zəfər yürüşü" işğaldan azad edilmiş torpaqlarımızda 4-cü turnir olmaqla yanaşı, Şərqi Zəngəzurda əhalinin məskunlaşdığı yaşayış məntəqəsində ilk idman yarışı idi. 
Qarabağ və Şərqi Zəngəzur qurulur, dirçəlir, tarixi torpaqlarımıza həyat qayıdır. Hər ötən il işğaldan azad edilmiş ərazilərdə keçirilən belə idman yarışlarının sayının artdığını görəcəyik. Həmin ərazilərdə idman yarışlarının keçiriləcəyi yeni mərkəzlər, idman obyektləri salınacaq. Ötən ilin idman yekunlarına həsr olunan tədbirdə Prezident bu məsələyə də toxundu. Dövlət başçısı qeyd etdi ki, azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur: "Bildirməliyəm ki, Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda onun yanında böyük olimpiya idman kompleksi yaradılacaq. Bununla bərabər, keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu. Biz Qarabağ Atçılıq Kompleksini işğal dövründə Ağcabədi rayonunda yaratmışdıq, yenə də Qarabağ torpağında yaratmışdıq. Ancaq qərar qəbul olundu ki, bunun əzəli yerində - Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılsın. Artıq işlərə start verilmişdir".
 Dövlətimiz idman sahəsinə xüsusi önəm verir və azərbaycanlı idmançılar da  dünya arenasında ölkəmizi daim layiqli şəkildə təmsil edərək üçrəngli bayrağımızı yüksəklərə qaldırırlar.  Bütün bu nailiyyətlər isə müvafiq sahəyə göstərilən diqqət və qayğının, böyük etimadın nəticəsidir. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video