22 Dekabr 2021 01:28
2824
SİYASƏT
A- A+

Qalib ölkənin və qəhrəman xalqın LİDERİ

 

Bəşəriyyətin siyasi tarixi nəhəng şəxsiyyətlərin öz xalqına bəxş etdiyi qəhrəmanlıqların və qələbələrin salnaməsidir. Xalqın yetişdirdiyi ən böyük sərvət hesab edilən liderlər nəticə etibarilə təmsil etdiyi toplumun şərəf tarixinin müəllifi olurlar. Azərbaycan tarixinin parlaq səhifələri ayrı-ayrı dövrlərdə xalqımıza unudulmaz qələbələr töhfə etmiş dahilərin gələcəyimizə işıq saçan zəngin irsidir.

XX əsrin 70-ci illərindən etibarən başlayan Azərbaycanın intibahı və onun məntiqi yekunu sayılan müstəqil Azərbaycan dövlətinin qurulması Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərinin möhtəşəm və birbaşa nəticəsini ifadə edir. Ölkəmizin XXI əsrin əvvəllərindən start götürən ecazkar yüksəlişi və çoxəsrlik tariximizin ən şərəfli səhifələrindən birinə çevrilən 2020-ci ilin Böyük Zəfər salnaməsi isə Prezident İlham Əliyevin müstəsna xidmətləri və şəxsi şücaəti sayəsində reallaşmışdır. Bu Qələbə xalqına layiq olan Liderin və liderinə sadiq olan Xalqın qəhrəmanlıq dastanını xatırladır. Hər bir Lider öz xalqının yetirməsi, hər bir ölkə  Liderinin əsəridir.

 

Uğurlu siyasətin uğurlu varisi

 

XX əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini elan etmiş Azərbaycan xalqının uğurlu dövlət kimi qərarlaşmasının yeganə və həlledici amilinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olması hamılıqla etiraf edilən və qiymətləndirilən tarixi gerçəklikdir. Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin əsaslarının yaradılması konsepsiyası ölkənin müstəqilliyinə ciddi təhdidə çevrilən risklərin aradan qaldırılmasından tutmuş iqtisadi, siyasi və idarəçilik islahatlarının ardıcıl olaraq həyata keçirilməsinədək tam, çoxşaxəli və bir-birini tamamlayan fəaliyyət kompleksini nəzərdə tuturdu. Ulu Öndərin uzaqgörənliyi, böyük dövlətçilik təcrübəsi və qətiyyəti qarşıya qoyulan tarixi vəzifələrin qısa vaxtda və uğurla icrasını təmin etdi. Onun prezidentliyinin elə ilk dövründə müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qalmış ölkə qısa müddətdə kifayət qədər etibarlı iqtisadi və siyasi dayaqlara əsaslanan müstəqil Azərbaycan dövləti kimi qərarlaşdı, xalqın təhlükəsizliyinin, iqtisadi-siyasi azadlığının və gələcəyinin təminatı qismində düşünülmüş neft strategiyası işlənib həyata keçirildi.

Heydər Əliyevin prezidentliyinin növbəti beşillik müddəti Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, gələcək inkişafa hazırlanması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi ilə səciyyələnir. Yeni tarixi şəraitdə ölkəni yeni inkişaf mərhələsinə çıxaracaq strategiya işlənib hazırlanmalı, bu tarixi missiyanı öz üzərinə götürə biləcək varis seçilməli idi. Etiraf etmək yerinə düşər ki, Ümummilli Lider bu vəzifəni də özünəməxsus ustalıqla və uzaqgörənliklə yerinə yetirə bildi. Müasir Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyev qurduğu dövlətin taleyini tapşıracağı yeni Liderin seçilməsində nümayiş etdirdiyi özünəməxsus müdrikliyin miqyası illər keçdikcə daha aydın görünür, seçimin uğuru  təkzibolunmaz şəkildə öz təsdiqini tapırdı. Onun 2003-cü ilin prezident seçkiləri ərəfəsində prezidentliyə namizəd İlham Əliyev haqqında dediyi “mən İlham Əliyevə özüm qədər inanır və onun gələcəyinə böyük ümidlər bəsləyirəm. Əminəm ki, mənim başa çatdıra bilmədiyim işləri o, başa çatdıracaqdır” sözləri Ümummilli Liderin uzaqgörənliyinin və seçiminin alternativsizliyinin bariz nümunəsi sayıla bilər.

İlham Əliyevin Ümummilli Liderin seçimini və etimadını doğrultması özünü çox gözlətmədi. Əslində 2003-cü ilin uğurlu seçki kampaniyasını Ulu Öndərin seçiminin düzgünlüyünə əhalinin inamının ifadəsi hesab etmək olar.

İlham Əliyevin seçki proqramının o zaman üçün kifayət qədər cəsarətli görünən 600 min yeni iş yerinin yaradılması, 1990-cı illərin acı hadisələrinin yadigarları olan çadır şəhərciklərinin ləğv edilməsi kimi müddəaları ölkəyə böyük dəyişikliklər vəd edən yeni liderin gəlişindən xəbər verirdi. Həyat göstərdi ki, verilən vədlər seçici rəğbətini qazanmaq naminə deyil, ölkənin həyatında sözün həqiqi mənasında yeni mərhələnin başlanması kimi möhtəşəm proqramı həyata keçirmək niyyətlərindən qaynaqlanır. Cəmiyyət İlham Əliyevin timsalında yeni liderin meydana gəldiyini məmnuniyyətlə müşahidə edir, onun seçki platformasına inam və ehtiramla yanaşırdı. Digər tərəfdən, xalq onun nümunəsində Azərbaycanda Heydər Əliyev siyasətinin davam etdirilməsinin etibarlı təminatını görürdü ki, bu da İlham Əliyevin seçki kampaniyasının uğur amilləri sırasında əhəmiyyətli yer tuturdu.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti müşayiət edən diqqətəlayiq uğurların iki fundamental amilə əsaslandığı iddia edilə bilər. Bunun birincisi onun Heydər Əliyev ideyalarına sədaqəti, bu ideyaların həyata keçirilməsinin etibarlı təminatçısı olması ilə əlaqədardır. Heydər Əliyevin ideyalarına və həmin ideyalara əsaslanan siyasətə dərin inam həmişə ölkəmizdə qərarlaşmış ictimai məfkurənin ayrılmaz tərkib hissəsi sayılıb və bu baxımdan Azərbaycan cəmiyyətinə təqdim edilən yeni konsepsiyanın Ümummilli Liderin ideyalarına sədaqət ruhunda formalaşması sonuncunun uğur amillərindən biri kimi qəbul edilir. İlham Əliyevin Heydər Əliyev siyasətinə sadiq olacağını bəyan etməsi və əməli surətdə bunu sübuta yetirməsi həm onun siyasi kursuna, həm də şəxsiyyətinə hörmət və etimadın formalaşmasında vacib məqam olaraq qiymətləndirilməlidir.

İlham Əliyevin həyata keçirdiyi siyasətin uğur qazanmasının digər fundamental əsasının onun yeni tipli, müasir təfəkkürlü siyasətçi olması ilə şərtləndiyi ayrıca qeyd edilməlidir. Ümummilli Liderin titanik səyləri nəticəsində qurulan müstəqil Azərbaycan dövlətinin 2000-ci illərin əvvəllərindən etibarən yeni iqtisadi, sosial, siyasi keyfiyyət halına keçməsi, başqa sözlə ifadə edilsə, yeni transformasiyası aktual problem kimi öz mövcudluğunu getdikcə daha qətiyyətlə ifadə edirdi. Azərbaycan XXI əsrin dövləti olmağa hazırlaşırdı və bu tarixi şansı dəyərləndirərək həyata keçirməli olan yeni lider artıq seçilmişdi. İlham Əliyev Heydər Əliyev ideyalarını yeni dövrün çağırışları və imkanlarına maksimum dərəcədə uyğunlaşdıraraq Ümummilli Liderin qurduğu müstəqil Azərbaycanı XXI əsrin ən uğurlu gənc dövlətlərindən birinə, bəlkə birincisinə çevirməyə müvəffəq oldu. Beləliklə də, Heydər Əliyevin ümidləri, xalqın etimadı bütünlüklə həyatda təsdiqini tapdı. Ümummilli Liderin  ideyalarına istinad edən Prezident İlham Əliyev Azərbaycanın onun arzu etdiyi gələcəyini qurdu.

 

Böyük islahatçı: iqtisadi sıçrayış

 

XX əsrin son onilliyinə real parçalanmaq təhlükəsi ilə daxil olan Azərbaycan Heydər Əliyevin dühası sayəsində XXI əsrin birinci onilliyinə artıq özünü təsdiq etmiş, gələcək inkişaf imkanları şübhə doğurmayan uğurlu dövlət kimi qədəm qoydu.

Növbəti onillikdə Azərbaycanın böyük yüksəliş iddiaları aydın görünməkdə idi. Bu milli iddiaların həyata keçirilməsi missiyası artıq 2003-cü ildə xalqın etimadını qazanmış Prezident İlham Əliyevin çiyinlərinin üzərinə qoyulmuşdu.

XXI əsrə böyük milli inkişaf iddiaları ilə daxil olan Azərbaycanda yeni islahatlar obyektiv zərurətə çevrilmişdi. Yeni dövrün tələblərinə cavab verən, müasir baxışlara əsaslanan islahatlar olmadan ölkənin inkişaf iddiaları reallaşmaq imkanlarına malik deyildi. Prezident

İlham Əliyevin yeni baxışlara əsaslanan islahatlar konsepsiyası məhz bu tarixi zərurətdən qaynaqlanır və həmin dövrün çağırışlarına cavab kimi qiymətləndirilməlidir. Yeni baxış anlayışı da, ilk növbədə,  Heydər Əliyev ideyaları əsasında  yeni çağırışların mahiyyətlərinə uyğun qərarların qəbul edilməsi zərurəti kimi dərk edilməlidir.

Prezident İlham Əliyevin islahatlar konsepsiyasının hədəfləri sırasında ən başlıcası yeni iqtisadi inkişaf modelinin hazırlanması hesab olunmalıdır. Əvvəlki on ilin inkişafı artıq aydın parametrlər kəsb edən iqtisadi modelin yaradılması prosesini başa çatdırmağı qaçılmaz etmişdi və həmin vəzifə  Prezident İlham Əliyevin hakimiyyətinin ilk illərində sınaqdan uğurla çıxdı. Azərbaycanın inkişaf modeli iqtisadi faktor və reallıq kimi  həm ölkə daxilində, həm də beynəlxalq  qurumlar tərəfindən etiraf olundu.

Prezident İlham Əliyevin islahatçılıq strategiyası öz miqyası və vüsətinə görə kifayət qədər geniş olub, təkcə iqtisadi fəaliyyət sferası ilə kifayətlənmir, kompleks və sistemli xarakteri ilə diqqəti cəlb edir. Elə bu səbəbdən də çox zaman “Azərbaycanın iqtisadi modeli” “Azərbaycanın inkişaf modeli” kimi dəyərləndirilir. Belə yanaşmanın ciddi əsasları olduğunu etiraf etməmək qeyri-mümkündür. Məhz hərtərəfli və dərin islahatlar sayəsində  Azərbaycanın müasir siması formalaşmışdır. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan nəinki dünyanın ən dinamik iqtisadiyyatı kimi etiraf olundu,  həm də qlobal miqyasda ən sürətlə və müasir dəyərlər çərçivəsində  dəyişən ölkə imicini qazandı.

Deyilənlərə yekun vuraraq etiraf etmək lazım gəlir ki, 2003-cü ildən etibarən Azərbaycanın  misilsiz tərəqqisi və yüksəlişi Ümummilli Lider Heydər Əliyevin yaratdığı sosial-iqtisadi və siyasi bazaya, neft strategiyasının həyata keçirilməsi sayəsində əldə olunan  böyük resurslara və əlbəttə, Prezident İlham Əliyevin uğurlu islahatlarına əsaslanır.

Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinə obyektiv olaraq öz qarşısına möhtəşəm hədəflər qoyaraq başlamalı olmuşdur.  Bu zərurət Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin öz bəhrəsini getdikcə daha aydın şəkildə göstərməyə başlaması fonunda cəmiyyətin ondan gözləntilərindən  irəli gəlirdi. Sözün həqiqi mənasında möhtəşəm hədəflər mərhələsi aktual məna kəsb etməyə başlamışdı. Azərbaycan  öz tarixində, yəqin ki, ən böyük sıçrayışının astanasında dayanmışdı. Həllini gözləyən yeganə vəzifə bütün  bunları dərk edərək gerçəkləşdirməyə qadir olan  siyasi iradənin təmin edilməsindən ibarət idi.

2003-cü ilə dönüb, İlham Əliyevin seçki proqramına diqqət yetirib, təhlil aparsaq, etiraf etmək lazım gələr ki, artıq o zamandan etibarən gələcək prezident tarixin onun üzərinə  qoyduğu möhtəşəm vəzifələri yerinə yetirməyə hazır idi. O zaman çoxlarının başa düşməyə çətinlik çəkdiyi vəzifələrin İlham Əliyev tərəfindən özünün seçki proqramına daxil edilməsi  deyilənin  əyani təsdiqidir. Birinci prezidentlik müddəti ərzində - 5 ildə 600 min yeni iş yerinin açılması, qaçqın və məcburi köçkünlərin illər boyu ağır şəraitdə  yaşadığı çadır şəhərciklərinin  aradan qaldırılması barədə vədlərini yada salmaq, düşünürəm, yetərlidir ki,

İlham Əliyevin Prezident kimi özünün qarşısında qoyduğu hədəflərin miqyası barədə aydın təsəvvür  yaransın. Bu mənada onun daha bir bəyanatı da xatırlanmağa layiqdir. “Böyük işlər görmək üçün qarşımıza möhtəşəm vəzifələr qoymalıyıq” deyən Prezidentin ölkəsinin çox qısa bır zamanda dünyanın ən dinamik iqtisadiyyatına çevrilməsi, əlbəttə, tamamilə, qanunauyğundur. Ancaq bir şərtlə: səsləndirilən bəyanat onun müəllifinin intellektual, siyasi iradə, qətiyyət, idarəçilik bacarığı və xalqına  ürəkdən, təmənnasız xidmət göstərmək kimi, şəxsi keyfiyyətlərinə adekvat olsun.

İlham Əliyev dövrünün böyük sıçrayışı hər şeydən əvvəl Azərbaycan iqtisadiyyatının qeyri-adi inkişafında təcəssüm edir.  Bunu Azərbaycanın iqtisadi möcüzəsi də adlandıranlar  var və ədalət naminə qeyd etmək lazımdır ki, belə düşünənlər heç də səhv etmirlər. Təxminən 10 il ərzində iqtisadiyyatın  3 dəfədən  çox artmasına başqa ad verilməsi bəlkə də qəribə görünərdi. Sözügedən sıçrayışın iqtisadi kateqoriyalarla ölçülən digər təcəssümü qismində dövlət büdcəsinin 20 dəfəyə yaxın artımı təqdim edilə bilər.

Azərbaycanın sıçrayışının növbəti təcəssümü haqlı olaraq, yüz minlərlə yeni iş yerinin açılması hesab olunmağa layiqdir. İlham Əliyevin təqdim etdiyi proqram əsasında ölkədə 1,4 milyona yaxın iş yeri açıldı, əhalinin  işlə təminatında ciddi dönüş baş verdi. İqtisadi və sosial məna tutumu kifayət qədər yüksək olan bu möhtəşəm vəzifələrin yerinə yetirilməsi Azərbaycanın inkişaf modelinin  möcüzə sayıla biləcək nəticələri sırasında layiqli yer tutur. Ölkənin əmək qabiliyyətli təxminən 5 milyonluq əhalisinin 1,4 milyonu, təxminən dörddənbiri İlham Əliyevin prezidentliyi dövründə işlə təmin olunmuşdur.

Sürətli iqtisadi inkişaf, büdcə gəlirlərinin  kəskin artması, dövlətin  maliyyə imkanlarının genişlənməsi ictimai istehlakın yeni modelinin formalaşması zərurətini aktuallaşdırdı. Artan maliyyə imkanları maaş və pensiyaların yüksəldilməsi, sosial müdafiə tədbirlərinin gücləndirilməsi ilə müşaiyət olunmağa başladı. Əhalinin həyat səviyyəsi ciddi şəkildə yaxşılaşdı, istehlak artdı. Eyni zamanda milli sərvətin ən səmərəli şəkildə istifadə olunması mexanizmi yaradıldı: Dövlət Neft Fondunun ölkənin iqtisadi və maliyyə sistemində rolu və əhəmiyyəti daha da artırıldı, inkişafın etibarlı amili kimi ölkədə infrastrukturun köklü surətdə yeniləşməsi və modernləşməsi strategiyasına start verildi.

Müasir qlobal problemlər sırasında ilk pillələrdə dayanan yoxsulluğun aradan qaldırılması sahəsində əldə olunan nailiyyətlər böyük sıçrayışın  təcəssümlərindən biri kimi tarixi əhəmiyyətə malikdir desək, yəqin ki,  həqiqəti etiraf  etmiş olarıq. Yoxsulluq həddinin təxminən  10 dəfə, 49 faizdən 5 faizə qədər azaldılması bu sahədə bütün dünyada əldə edilən ən möhtəşəm nailiyyət kimi tarixə daxil olmuşdur.

Nəhayət, Azərbaycanın tarixi sıçrayışının ümumi, sintetik təcəssümü barədə.  Respublikamızın dünyada ən sürətlə yeniləşən, dəyişən, müasirləşən ölkə statusunun hamılıqla qəbul edilməsi milli qürür hissi yaratmaya bilməz. Bu gün Azərbaycan və onun paytaxtı Bakı ən müasir ölkə və şəhər sayılırlar. Dəyişən təkcə ölkənin siması deyil, onun yaşamaq, müasirləşmək, gələcəyə layiq olmaq imkanlarını qazanmasıdır. İnsanların layiqli yaşaması üçün ən əlverişli, rahat şəraitin yaradılmasıdır. Bakının beynəlxalq miqyaslı mədəni, siyası, intellektual mərkəzə, dialoq, idman, tolerantlıq mərkəzinə çevrilməsidir. Nəticədə bütünlükdə Azərbaycanın, onun mədəni mühitinin, dəyərləri sisteminin müasirləşməsi, modernləşməsidir, insanların həyatı ilə yanaşı, həyata baxışlarının dəyişməsidir. Bir sözlə, ölkəmiz İlham Əliyevin düşünülmüş islahatları sayəsində möhtəşəm sıçrayış yolu keçərək, vaxtilə Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, sanki dünyaya yenidən doğmuşdur. Bu sıçrayış Prezident İlham Əliyevin iradəsinin, əməyinin, idarəçilik bacarığının nəticəsi və xalqa töhfəsidir.

 

Mahir diplomat: Azərbaycan qlobal siyasətdə

 

İlham Əliyevin siyasətçi məharətinin mühüm göstəricilərindən biri onun uzaqgörənliyi, hədəflərin dəqiq müəyyənləşdirilməsi, uzunmüddətli dövrü əhatə edən planların işlənib hazırlanması istedadı sayıla bilər. Azərbaycanın qarşısında duran vəzifələrin həllini təmin etmək üçün dövlətin güc və qüdrətinin səbrlə və məqsədyönlü şəkildə artırılması, ölkənin beynəlxalq imicinin yüksəldilməsi yolu ilə milli maraqlarımızın reallaşdırılmasında əhəmiyyətli beynəlxalq dəstəyin əldə edilməsi,  ordunun döyüş qabiliyyətinin ciddi şəkildə yüksəldilməsi vasitəsilə Qarabağın işğaldan azad ediməsi və s. bu fikrin aydın ifadəsidir.

 İlham Əliyevin yüksək liderlik məharəti eyni dərəcədə xarici siyasət sahəsində özünü büruzə verir. Onun xarici siyasət doktrinası beynəlxalq iştirakçılığın gücləndirilməsi, Azərbaycana yeni dostlar qazandırılması, diplomatiyada hücumçu taktikaya üstünlük verilməsi, beynəlxalq təşəbbüskarlığın artırılması və ölkənin imicinin yaxşılaşdırılması kimi bir-birini üzvi sürətdə tamamlayan 5 tərkib hissədən ibarət proqram kimi özünü təsdiq etmişdir. Diplomatiya liderin siyasi məharətini aşkara çıxaran və ölkəyə böyük dividendlər gətirən ən incə fəaliyyət formasıdır. Qlobal meyillərin güclənməsi, ölkələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı əlaqələrinin genişlənməsi, xarici siyasəti liderin özünüifadəsinin və siyasi uğurunun ən vacib amili dərəcəsinə yüksəldib. Müasir qloballaşma və informasiya texnologiyaları dövründə milli liderlər mütəmadi şəkildə beynəlxalq icmanın diqqət mərkəzində olur. Necə deyərlər, liderlər milli hüdudlardan çıxır, beynəlxalq birliyə daha intensiv şəkildə təqdim olunur və bu səbəbdən onun həm siyasi baxışları, həm davranışı daha geniş auditoriyanın müzakirə predmetinə çevrilir. Beləliklə, milli lider ölkənin beynəlxalq imicindən tutmuş onun dünya birliyində mövqeyinə qədər çeşidli parametrlərin formalaşmasında əhəmiyyətli, bəzən isə həlledici rol oynayır. Liderə təmsil etdiyi ölkəyə görə hörmət və ehtiram bəslənildiyi kimi, ölkəyə onu təmsil edən liderə görə qiymət verilməsi praktikasının geniş yayıldığı da sirr deyildir.

Sadalanan ümumi konseptual müddəalar Prezident İlham Əliyevin xarici siyasət sahəsində liderlik məharətini və onun əməli nəticələrini dəyərləndirmək baxımından mühüm açar rolunu oynayır. İlham Əliyevin xarici siyasət doktrinasının yuxarıda sadalanan prinsiplərinin Azərbaycana müstəsna dividendlər gətirdiyi hər kəsə yaxşı məlumdur. Azərbaycanın 2012-ci ildə dünyanın ən mötəbər beynəlxalq təşkilatının - Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, 2019-cu ildə isə dünyanın ikinci ən çoxsaylı beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına rəhbərlik etməsi gənc dövlətin beynəlxalq iştirakçılıq sahəsində yüksək fəallığının təkzibedilməz sübutudur.

Ölkəmizə böyük iqtisadi faydalar vəd edən karbohidrogen və kommunikasiya layihələrinin işlənməsi Azərbaycanın iqtisadi diplomatiyasının, möhtəşəm beynəlxalq forumların keçirilməsi humanitar diplomatiyasının, mədəniyyət sahəsində təşkil olunan tədbirlər mədəni diplomatiyasının, idman yarışları idman diplomatiyasının gözəl nümunələridir. Sadalananların hər biri ayrı-ayrı sahələrdə Azərbaycanın böyük uğurları olub, onun beynəlxalq nüfuz və hörmətinin artmasına birbaşa təsir etməklə ölkəmizin qlobal rolunun yüksəlməsinin əyani göstəriciləridir. Başqa sözlə ifadə etsək, yuxarıda qeyd olunanlar beynəlxalq həyatın ayrı-ayrı sahələrində ən mötəbər tədbirlər olmaqla, əslində Azərbaycanın dünyaya yeni keyfiyyətdə təqdimatı nümunələri sayılmalıdır. Bu mənada beynəlxalq birlik İlham Əliyevi gənc, lakin kifayət qədər müasirləşmiş, beynəlxalq birliyin qabaqcıl dəyərlərini qəbul etmiş ölkənin lideri kimi tanımaq və qəbul etmək imkanı qazanmış oldu.

 İlham Əliyevin mütəmadi olaraq ən mötəbər beynəlxalq tədbirlərdə fəal iştirakı, ən aktual diskussiyalara qoşulması, müasir təfəkkür və dəyərlərə sahib olması onun yeni tipli milli lider imicini formalaşdırmağa əsas yaratmışdır. Bu isə, öz növbəsində, Azərbaycan dövlətinin beynəlxalq imicinin yüksəlməsində ifadə olunur. Tam məsuliyyət hissi ilə qeyd edilməlidir ki, İlham Əliyevin müasir tipli milli lider kimi prezidentliyi Azərbaycanın beynəlxalq aləmdə ən uğurlu təqdimatıdır.

30 il ərzində donub qalmış və beynəlxalq güclərin inhisarına keçmiş Qarabağ probleminin həlli Azərbaycanin iqtisadi imkanlarından nə qədər asılı idisə, ölkənin siyasi manevrlərindən, diplomatik fəaliyyətindən, dünyanın siyasi nəbzini tuta bilmək qabiliyyətindən, siyasi dostlar və müttəfiqlər qazanmaq bacarığından, siyasi-diplomatik imkanları reallığa çevirmək ustalığından da o dərəcədə asılı idi. Üç onillik kifayət qədər böyük zamandır ki, Qarabağ probleminin düyünə düşməsinin səbəblərini, başlıca faktorların diplomatik ifadələrlə gizlətməyə çalışdığı reallıqları başa düşə biləsən. Ölkəni arzuladığı qələbəyə çatmaq üçün seçdiyi yolda ona elə mahir Lider rəhbərlik etməlidir ki, lazım olanı etməyi, imkanı gerçəyə çevirməyi bacarsın. 30 ilin pas atmış münaqişəsinin cəmi 44 gün ərzində həll edilməsi, heyrətamiz qələbənin qazanılması elə tutarlı sübutdur ki,  Azərbaycana bu şərəfli tarixi missiyanın həyata keçirilməsi dövründə liderlik etmiş İlham Əliyevin yuxarıda sadalanan bütün keyfiyyət və bacarıqlara sahib olduğuna bir daha dərindən inanasan.

 

Müzəffər sərkərdə: möhtəşəm zəfər

 

Bütün dövrlərdə və bütün xalqlarda hərb sahəsində uğurun ən əsas şərti həmişə sərkərdə amili ilə əlaqədar olmuşdur. 44 günlük Vətən müharibəsi Azərbaycanın möhtəşəm zəfərində İlham Əliyevin şəxsində sərkərdə amilinin nə dərəcədə müstəsna rol oynadığının əyani təsdiqi hesab edilə bilər. Lakin İlham Əliyevin Qarabağın işğaldan azad edilməsində tarixi rolu yalnız 44 gün ərzində Ali Baş Komandan kimi misilsiz xidmətlər göstərməsi ilə bitmir. Müasir dövrün mahiyyətcə tam fərqli döyüşləri sayılan Vətən müharibəsində sərkərdə missiyasına başlamazdan əvvəl Prezident İlham Əliyevin ədalətin bərpası naminə böyük zəhmətlər hesabına başa gələn xüsusi hazırlıq işləri aparması unudula bilməz və unudulmamalıdır. Şanlı qələbəni onlarsız təsəvvür etmək mümkün deyil.

Qarabağ münaqişəsinin nizama salınması zaman baxımından kifayət qədər çox vaxt apardığı kimi, həm də çoxşaxəli yanaşma, böyük səylər, gündəlik fəaliyyət tələb edirdi. Azərbaycan problemin həllinə nail olmaq üçün siyasi-diplomatik səylər göstərməklə, beynəlxalq vasitəçilərin missiyasına hörmətlə yanaşmaqla bərabər, münaqişənin nizama salınması, ədalətin bərpa olunmasında hərbi-siyasi vasitələrdən istifadə olunması ehtimalını heç zaman nəzərdən qaçırmırdı. Beynəlxalq vasitəçilərin “Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur” tezisinə qarşı Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən “münaqişənin həllinin hərbi-siyasi yolu var” tezisini irəli sürməsini yuxarıda qeyd edilən fikrin ən bariz ifadəsi saymaq olar. Uzun illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrlərinin öz missiyasına kifayət qədər məsuliyyətlə yanaşmaması və problemin həllinin diplomatik yolunu tapa bilməməsi hərbi-siyasi yolun qaçılmazlığına inamı artırırdı. Bununla əlaqədar olaraq, Azərbaycanın Silahlı Qüvvələrinin gücləndirilməsi, ən müasir silahlarla təchiz edilməsi, əsgər və zabitlərin döyüş qabiliyyətinin və vətənpərvərlik ruhunun yüksəldilməsi aktuallığını nəinki saxlayır, həm də daha böyük məna kəsb edirdi. Azərbaycanın artmaqda olan iqtisadiyyatı ordu quruculuğunun qarşısında yeni imkanlar açmışdı.  Bir neçə il ərzində Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsini üstələməsi hər şeydən əvvəl bu iki dövlətin imkan və resurslarının ciddi şəkildə fərqləndiyini göstərirdi. Lakin haqqında söhbət açdığımız mənzərəni yalnız imkanlar arasında fərqin nəticəsi kimi qiymətləndirmək düzgün olmazdı. Bu, daha çox seçilmiş yolun və strategiyanın köklü surətdə fərqlənməsi baxımından nəzərdən keçirilməlidir. Hələ prezidentliyinin ilk illərində İlham Əliyevin “Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən böyük olacaq” formasında tezisini səsləndirməsi yeni hərbi strategiyanın əsas səciyyəsini ifadə edirdi.

Əsrlər boyu öz ölkəsinin milli maraqlarını müdafiə etmək kimi məqsədi qarşısına qoyan sərkərdələrin atdığı ilk addım ordunu gücləndirməkdən ibarət olub. Bu xüsusda Prezident İlham Əliyevin ordu quruculuğuna həssas yanaşması tarixdən məlum olan nəhəng sərkərdələrə xas olan strateg düşüncəsinin yeni və uğurlu nümunəsi sayılmağa layiqdir. Sərkərdənin gücü onun yenilməz ordusundadır. Ancaq dünya hərb tarixində elə bir hal olmamışdır ki, ordu sərkərdəsiz, onun strateq düşüncəsindən, müdrikliyindən və qətiyyətindən kənarda yaradılsın. Yenilməz ordu sərkərdə müdrikliyinin və qətiyyətinin ifadəsi olduğu qədər də nəticəsidir. 44 gün davam edən Vətən müharibəsində qazanılan möhtəşəm zəfər İlham Əliyevin rəhbərliyi altında dünyanın ən müasir və ən yüksək döyüş qabiliyyətinə malik Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirdi. Vətən müharibəsində əldə edilən tarixi zəfər müzəffər ordunun sərkərdəsi kimi, Ali Baş Komandan İlham Əliyevin həm müdrikliyinin, həm qətiyyətinin birbaşa nəticəsi kimi yaddaşlara həkk olundu. Onun hərbi əməliyyatların planlaşdırılması və idarə edilməsindən tutmuş böyük sərkərdə qətiyyəti ilə döyüşçüləri, həm də nəinki döyüşçüləri, bütün xalqı qələbəyə səsləyən çağırışları müharibənin taleyini həll edən əsas amillərdəndir. İlham Əliyevin strateji düşüncəsi, sərkərdə müdrikliyi və qətiyyəti dünya hərb tarixinə yeni parlaq səhifə kimi daxil olmuşdur.

Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş Ağdamdan xalqa müraciətində “Mən bu gün burada, Ağdamda dayanmışam. Öz ordumla, Qalib kimi” sözləri müzəffər sərkərdənin qələbəsini təsdiq etməsinin tarixdən məlum olan klassik nümunəsi idi. Bəli, İlham Əliyev öz qüdrətli ordusunu yaratdı, qələbə çaldı və işğaldan azad edilmiş ərazilərimizə səfər edərək möhtəşəm zəfərini bütün dünyaya bəyan etdi. Bütün dahi sərkərdələr kimi Zəfər çaldı və yeni tarixi yaratdı.

Bir ölkənin Prezidenti, bir xalqın lideri olmaq böyük şərəfdir. Lakin xalqın qəhrəmanı olmaq, ona qalib xalq statusu qazandırmaq daha böyük şərəf, daha böyük bəxtəvərlikdir. İlham Əliyev, özünün qeyd etdiyi kimi, xoşbəxt insandır. Xoşbəxtdir ki, həm Prezident, həm siyasi varis, həm də oğul kimi öz üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirdi. Azərbaycanın yeni, şanlı tarixinin müəllifi, xalqımızın bitib tükənmək bilməyən sevinc, qürur və bəxtiyarlığının ilham mənbəyi oldu. Bu elə bir zirvədir ki, ondan yüksəyini təsəvvür etmək mümkün deyil.

 

Azərbaycanın gələcəyi: çiçəklənən məmləkət

 

Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsi ölkəmizdə və regionda yeni reallıqlarla müşaiyət olunmaqdadır.  Dövlətin və cəmiyyətin qarşısında duran başlıca hədəflər və onlara nail olmaq yolları ciddi şəkildə yenilənib, xalqın yaxın və orta vədəli gələcəyə baxışları, ümid və inamları yeni ölçülər kəsb edib. Azərbaycanın gələcək inkişafla bağlı iddialarının daha qətiyyətli, daha miqyaslı və daha realist xarakter kəsb etməsi aydın müşahidə edilir. Vətən müharibəsinin qələbə ilə başa çatmasına qədər Azərbaycanın əsasən iki istiqamətə - Qarabağın azad və ölkənin inkişafının təmin edilməsi kimi şaxələrə ayrılan hədəfləri və müvafiq şəkildə paylanmalı olan resursları indi əsas hədəf kimi azad olunan ərazilərin bərpası və inkişafı üzərində qərarlaşıb. Bu isə öz növbəsində cəmiyyətin bütün diqqətinin, ölkənin resurslarının əsas hədəf istiqamətində cəm edilməsini təmin etməklə qarşıya qoyulan məqsədlərə yetişmək imkanlarını qat-qat yüksəltmişdir.

Postmüharibə dövrünün əsas hədəfinin müəyyən edilməsi 30 illik işğalın acı nəticələrinin, əgər belə demək mümkünsə, mirasının aradan qaldırılması zərurətindən irəli gəlir. Vətən müharibəsinin başa çatması və Qarabağın işğaldan azad edilməsi müasir tarixin şahidi olmadığı vəhşiliyin üstünü açmışdır. 30 illik erməni işğalından bizə vaxtilə Azərbaycanın ən dilbər güşələri olan onlarca şəhər və qəsəbənin, yüzlərlə kəndin yerlə-yeksan edilməsi, evlərin uçurulması, infrastrukturun dağılması kimi acı və ağır miras qalıb. Erməni vəhşiliyinin bütün əlamətlərinin aradan qaldırılması, dağıdılıb yerlə-yeksan edilmiş şəhərlərin, qəsəbələrin və kəndlərin bərpa edilməsi postmüharibə dövrünün həllini gözləyən ümdə vəzifəsidir. Bu gün ölkənin imkanlarının əsaslı qisminin bu istiqamətə yönəlməsi dövlətin müasir siyasətinin əsas prioriteti olaraq dəyərləndirilir. Həm də söhbət sadəcə olaraq dağıntıların bərpasından deyil, Azərbaycanın işğaldan azad olan ərazilərində yeni tipli, ən müasir, qabaqcıl və yüksək texnologiyalara əsaslanan məskunlaşmanın təmin edilməsindən gedir. “Ağıllı kənd”, yaşıl iqtisadiyyat, ən müasir imkanlara malik evlər və s. Qarabağı nəinki Azərbaycanın və regionun, hətta bütün dünyanın ən qabaqcıl, rahat və inkişaf etmiş yaşayış məskəninə çevirməyə hədəflənib. Düşünmək olar ki, Qarabağ Azərbaycanın gələcəyinin yeni modeli kimi özünü təsdiqləyəcək və bütün ölkənin növbəti onilliklərdə yeniləşməsinin və müasirləşməsinin lokomotivi rolunu oynayacaqdır.

Qarabağın yenidən qurulması ilə yanaşı, qarşıda Azərbaycanda dərin islahatların həyata keçirilməsi, əhalinin həyatının və rifahının daha yüksək səviyyəyə qaldırılması sahəsində sistemli tədbirlərin davam etdirilməsi kimi vacib və məsuliyyətli vəzifə dayanır. Hədəf Azərbaycanı yaşamaq və işləmək üçün ən rahat və cazibədar məmləkətə çevirməkdir.  Azərbaycan xalqının ən yüksək həyat standartları şəraitində yaşamağa layiq olduğunu Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir. Ötən illər ərzində bu standartların yaradılması istiqamətində mühüm işlərin görülməsi, ölkəmizin inkişaf, müasirləşmə sahəsində ciddi irəliləyişlərə nail olması heç kimə sirr deyil. Qarşıdakı illərdə daha cəsarətli addımların atılması, yeni həyat standartlarının bərqərar edilməsi naminə fədakarlıqlar göstərməsi üçün bütün əsaslar: niyyət, iradə, təcrübə və resurslar mövcuddur. Azərbaycan inkişafın və müasirliyin elə bir mərhələsinə keçməyə artıq hazırdır ki, orada işləmək maraqlı, yaşamaq rahat, həyat isə gözəl olacaq. Bu elə bir cəmiyyət olacaq ki, orada hər kəs özünü təsdiq edə, qabiliyyət və bacarıqlarından tam şəkildə bəhrələnə biləcək.

Qarabağı azadlığına qovuşdurduqdan sonra Prezident İlham Əliyevin üzərinə düşən tarixi missiya məhz belə bir Azərbaycanı yaratmaqdan ibarətdir. İndiyədək onun titanik səyləri nəticəsində bu sahədə silsilə layihələr həyata keçirilib, möhtəşəm uğurlar qazanılıb. Xalqın həyatı dəyişib. Qarşıda onu daha gözəl, daha firavan etmək vəzifəsi dayanır.

Uğur və qələbə daim  İlham Əliyevin həyatının və taleyinin yanında olub. İnanıram ki, onu gözləyən növbəti uğur öz təcəssümünü daha gözəl, daha cazibədar məmləkətin qurulmasında tapacaq və o, çiçəklənən Azərbaycanın memarı adını yazdığı tarixin şanlı səhifəsinə əbədi olaraq həkk edəcəkdir.

 

Əli ƏHMƏDOV,

Yeni Azərbaycan Partiyası Sədrinin müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video