11 Yanvar 2022 00:51
1142
Mədəniyyət
A- A+

Qafqazın sənət məbədi

 

Bu il Azərbaycanın unikal şəhərinin 270 yaşı tamam olacaq

 

Azərbaycanda yeni başlayan hər ilin bir rəmzlə adlandırılması və bununla daha da böyük dəyər qazanması xoş bir ənənəyə çevrilib. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa təbrik müraciəti zamanı 2022-ci ili “Şuşa ili” elan etdi. 5 yanvar 2022-ci ildə isə bu barədə möhtəşəm bir sərəncam imzaladı. Bununla artıq ilk günlərini yaşamaqda olduğumuz yeni ilimiz elə başlanğıcdan tarixiləşdi.

 

270 yaşlı şəhər

 

Dövlət rəhbərimizin bu qərarı, ilk növbədə, tarixi mahiyyət daşıyır. Bu il Şuşa şəhərinin 270 yaşı tamam olur. Qarabağ xanı Pənahəli xan Şuşanın təməl daşını 1752-ci ildə qoyub.  Elə buna görə də ilk çağlarda Şuşa adı ilə yanaşı, bu gözəl məkan Pənahəli xanın şərəfinə Pənahabad kimi də tanınıb. Şəhərin əzəli-əbədi sakinləri olan azərbaycanlılar unikal relyefdə, hündür bir ərazidə qərar tutan Şuşanı mədəni cəhətdən də yüksəldiblər. Bura Qarabağ xanlığının əsas mədəniyyət mərkəzi kimi qısa müddətdə çox sürətli inkişaf yolu keçib. Şəhər ictimai fikir tariximizin yüksəlişində mühüm rol oynayıb. Hamını heyran qoyan bu qədim yurd yerimiz gözəl təbiəti, əsrarəngiz mənzərəsi, tarixi hekayəsi ilə bizə həmişə yenilməzlik nişanəsi, milli ruhumuzun etibarlı sığınacağı kimi görünüb. Şuşa artıq XVIII əsrdə Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilib. Bu gözəl məkanın ətrafında böyük və güclü qala tikilib, çoxsaylı sənətkarların evlərindən ibarət məhəllələr yaranıb. Şuşalı tacirlər qonşu ölkələrin iri şəhərləri ilə geniş alqı-satqı, ticarət əlaqələri saxlamağa başlayıblar. Bu şəhərdə həm də Pənahabadi adlanan gümüş pullar da buraxılıb.

XIX əsrin sonu, XX əsrin əvvəllərində isə şəhər eyni zamanda Qafqazın musiqi beşiyi kimi tanınır, “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adları ilə qısa vaxtda məşhurluq qazanırdı. Bu şəhərdə yaşayan ustad xanəndə və sazəndələr ilk dövrlərdə öz şagirdlərini yetişdirirdilər. XX əsrin əvvəllərindən isə Şuşada artıq peşəkar musiqi təhsilinin ilkin nişanələri görünürdü. Təsadüfi deyil ki, Azərbaycanda peşəkar musiqinin banisi - dahi bəstəkar Üzeyir bəy Hacıbəyli də Şuşanın mədəni mühitində yetişmiş ziyalılarımızdan idi.

Ümumən, Azərbaycanın son 270 illik tarixinin elə bir səhifəsi yoxdur ki, orada Şuşanın adı keçməmiş olsun. Bu unikal yurd yerimiz məktəblərin, ədəbi məclislərin, teatrın, kitabxanaların və başqa mədəniyyət ocaqlarımızın yaradıldığı ilk şəhərlərimizdən olub. Bu şəhər öz inkişaf mühitində sonradan ictimai fikir tariximizdə mühüm rol oynayacaq tarixi şəxsiyyətlər, görkəmli ziyalılar formalaşdırıb. Azərbaycan Prezidentinin sərəncamında da qeyd edildiyi kimi, bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb. Özünün müstəsna əhəmiyyəti ilə Azərbaycanın və ümumən Cənubi Qafqazın mədəni, ictimai-siyasi həyatında mühüm rol oynayıb.

Ötən əsrin 70-ci illərində Şuşa şəhəri ilə bağlı verilən quruculuq qərarları bu unikal məkanın inkişafına ikinci nəfəs verib. O illərdə Azərbaycana rəhbərlik edən Ümummilli Lider Heydər Əliyevin Şuşa sevgisi tükənməz idi. 1970-ci illərdə bu yurdun abadlıq işlərinə, inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq-bərpa tədbirləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bütün bunlar bir tərəfdən Şuşanın unikallığından, füsunkar gözəlliyindən, Ümummilli Lider Heydər Əliyevin bu şəhərin tarixi keçmişinə ruhən bağlılığından, orada yaşayıb-yaratmış şəxsiyyətlərimizin mənəvi irsinə ehtiramından irəli gəlirdi, digər tərəfdən isə Ulu Öndər Şuşanı müxtəlif vaxtlarda baş qaldıran əsassız erməni iddialarına qarşı alınmaz mənəvi qala kimi görürdü. Şuşa şəhəri bu torpaqların əzəli sakinləri olan azərbaycanlıların Qarabağın mərkəzindəki möhtəşəm imzasıdır. Keçmişlə bağlı saxta miflər uydurmaqda, gözlərinə görünən, qulaqları eşidən nə varsa öz adlarına çıxmaqda “mahir” olan ermənilər neyləsələr də, azərbaycanlıların Şuşadakı tarixi izlərini silməkdə həmişə aciz qalıblar. Bu mənada Şuşa bizim özünütəsdiqimizdir. Bu şəhəri biz adlandırmışıq, biz qurub yaratmışıq. Onun yaxınlığındakı Xankəndi də Şuşanın inkişafının formalaşdırdığı tarixi şəhərlərimizdəndir.

 

Qələbə rəmzi

 

Şuşa milli varlığımızın ifadəsi, Qarabağın tacı, qəlbimizdə xüsusi yeri olan müqəddəs və əziz məkandır. Şuşa sevgisi bu illər ərzində hər bir dünya azərbaycanlısının mənəvi varlığının ayrılmaz parçasına çevrilib. Bu, həm də tarixi yurdumuzun qələbə rəmzimiz olması ilə bağlıdır. Əsrlər əvvəl Ağa Məhəmməd Şah Qacar kimi əzazil hökmdar, güclü sərkərdə belə, Şuşanı ala bilməyib. Köhnə şuşalıların dili ilə desək, burada “baş qoyub” gedib.  Şəhəri əlimizdən alıb Qarabağ xanlığının mövcudluğuna son qoymaq istəyən Qacarı ölüm məhz burada haqlayıb. Azərbaycanın igid ərənləri Şuşanı onun əsgərlərindən qoruya biliblər.

1918-1920-ci illərdə isə bu gözəl şəhər çar imperiyasının məqsədli şəkildə bölgədə yerləşdirdiyi ermənilərin mənfur iddialarına qarşı sipər olub. Bu dəfə də Şuşanı onların azğın əməllərindən qorumaq lazım gəlib. Öz mənfur iddialarını reallaşdırmaqdan ötrü azərbaycanlılara qarşı zaman-zaman soyqırımı cinayətləri həyata keçirən ermənilər şəhərdə bir neçə dəfə yanğınlar, dağıntılar törədiblər. Amma şəhər onların zəhərli nəfəsindən hifz edilib, qısa müddətdə yenidən özünə gəlib. Azərbaycan Xalq Cümhuriyyəti ordusu Şuşanı, eləcə də Xankəndini və bolşevik-daşnak cütlüyünün Azərbaycandan qoparmağa çalışdığı digər tarixi ərazilərimizi erməni quldurlarının tör-töküntülərindən təmizləyib. Şəhərin həqiqi ruhunu və simasını özünə qaytarıb.

XX əsrin əvvəllərində daşnakların törəmələri 1992-ci ilin mayında havadarlarının köməyi ilə Şuşanı işğal edəndə, bəlkə elə bu qədim ruhuna, azərbaycanlıların izlərini buradan itirməyin mümkünsüzlüyünə görə şəhərə qarşı bu qədər amansız davranmışdılar. Düşmən Şuşanın bizim üçün nə demək olduğunu yaxşı bilirdi. Bu işğal 28 il bizə böyük bir nigarançılıq yaşatdı. Şuşa həsrəti əsəblərimizi tarıma çəkdi, qəlbimizdə yara açdı. Getdikcə bu yaranın göynərtisi artdı.

Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə erməni vandalları 600-ə yaxın tarixi memarlıq abidəsində, o cümlədən Pənahəli xanın sarayında, Yuxarı Gövhər ağa məscidində, Aşağı Gövhər ağa məscidində, Xurşidbanu Natəvanın evində, Molla Pənah Vaqifin məqbərəsində ağlasığmaz dağıntılar törətdilər. 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyini, Azərbaycan Xalça Muzeyinin filialını və Xalq Tətbiqi Sənəti Muzeyini, Qarabağ Dövlət Tarix Muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtdılar. Buradakı nadir sənət incilərini talayıb məhv etdilər.

1992-ci ilin mayından bəri qəlbimizdə ağır bir yara, ruhumuzu əzən nisgil vardı. Bu, ürəyimizdən daş kimi asılmış Şuşasızlıq idi. İnanırdıq ki, milli varlığımızın rəmzi olan bu şəhər yad əllərdə qalmayacaq. Azərbaycan xalqı bu qeyrət qalamızı işğaldan azad edəcək. Onu yenidən həyata qaytaracaq. Amma qəlbimizin dərinliyində bir narahatlıq da vardı ki, bəlkə də ömür fərd olaraq bizə o gözəl günləri görməyi vəfa etməz. Şuşa bu illərdə dilimizin ən müqəddəs duasına, ömrümüzün ən böyük həsrətinə çevrilmişdi.

Ali Baş Komandan, Prezident İlham Əliyev Müzəffər Ordumuzun gücü ilə bu həsrətimizə son qoydu. Bizi arzumuza yetirdi. Rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində - haqq savaşımızda mənfur düşməni məğlub etdi. Şuşa şəhəri 2020-ci ilin 8 noyabrında işğaldan azad olundu. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər günü kimi həkk olundu.

 

“Əziz Şuşa...”

 

2022-ci ilin “Şuşa ili” elan edilməsi tarixi qələbəmizin daha bir rəmzidir, parlaq zəfərimizin davamıdır. Azərbaycanın hərb meydanı ilə yanaşı, diplomatiya müstəvisində də qazandığı qələbənin təqdimatıdır. 44 günlük Vətən savaşı Azərbaycanın gücünü, qüdrətini, xalqımızın torpaq, Vətən sevgisini, milli qürurunu, kimliyini bütün dünyaya sərgilədi. Dünya Azərbaycan xalqını bu müharibədə, bu qələbədə yenidən kəşf etmiş oldu. Apardığımız haqq savaşı, xalq olaraq hətta müharibədə də ləyaqət hissini qoruyub saxlamağımız, insani dəyərləri unutmamağımız Azərbaycan xalqına rəğbəti daha da yüksəltdi. Kəndirlə qayalardan dırmanaraq sadə silahlarla düşmənin tankının, topunun üzərinə atılan, Şuşanı əlbəyaxa döyüşlə azad edən Azərbaycan igidləri bu qəhrəmanlıq dastanı ilə xalqımızın bundan sonrakı bütün nəsilləri üçün də böyük qürur mənbəyi yaratdılar. “Şuşa ili” həm də bu qürurun simvoludur!

Qələbəmizdən sonra azad yurdlarımızda geniş quruculuq işləri başlandı. Azərbaycan bununla göstərdi ki, erməni vandallarından fərqli olaraq bu yurdlar bizə dağıntı, xarabalıq kimi deyil, məhz inkişaf məkanı kimi lazımdır. Ermənilərin 30 ilə yaxın müddətdə daşını daş üstə qoymadıqları yurdlarımıza yenidən həyat qayıdır. Dövlətimiz torpaqlarımızı işğaldan azad etdiyi kimi qısa zamanda dirçəltmək əzmini də sübuta yetirir. Bərpa-quruculuq prosesi mədəniyyət paytaxtımız elan edilmiş Şuşa şəhərində xüsusilə sürətli şəkildə aparılır. Çünki ilk mərhələdə məcburi köçkünlərimizin qayıdışı nəzərdə tutulan şəhərlərimizdən biri məhz Şuşadır. Bu müqəddəs məkanın əsl tarixi simasının bərpası yönündə möhtəşəm layihələr gerçəkləşdirilir. Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanıb. Quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün dövlət idarəetməsinə böyük diqqət yetirilir. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılıb.

Qısa müddətdə Şuşanın Baş planı hazırlanıb. Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi öz ilkin görkəminə qaytarılıb. Bülbülün ev-muzeyinin, Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışları olub. Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir bəyin işğal zamanı erməni vandalları tərəfindən satış məqsədilə aparılan və təsadüf nəticəsində Bakıya gətirilməsi mümkün olan, uzun illər paytaxtda saxlanan büstləri yenidən Şuşadakı tarixi yerinə qaytarıldı. Üzərindəki güllə izləri ilə erməni vandallarının bədnam əməllərindən bütün dünyaya ibrətamiz hekayə nəql edir. 

Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının, “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” möhtəşəm şənlık-kompozisiyanın və Vaqifin möhtəşəm məqbərəsi önündə “Vaqif Poeziya Günləri”nin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” Şuşanın azadlığı günü xalqımıza qələbə müjdəsini verərkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəfər sevincini bu tarixi kəlmələri ilə ifadə etmişdi. Dövlət rəhbərimiz insanlarımıza verdiyi bütün sözlərə sadiq olduğu kimi, əzəli şəhərimiz, mədəniyyət paytaxtımız Şuşa qarşısındakı vədini də yerinə yetirdi. 2022-ci ilin “Şuşa ili” elan edilməsi də bunun təcəssümüdür. Mövcudluğunun 270-ci ildönümündən Şuşa üçün böyük bir tarix başlanır. Bundan sonra bu şəhərdə əbədi yaşayacaq Azərbaycan xalqı Şuşanın gələcəyində, inkişafında böyük nailiyyətlərə imza atacaq.

 

İradə ƏLİYEVA,

Azərbaycan

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video