12 Yanvar 2022 00:26
464
SİYASƏT

Qafqazın ən böyük büdcəsi

 

Azərbaycanın 2022-ci il dövlət büdcəsi Ermənistandan 4, Gürcüstandan isə 3 dəfə çoxdur; Azərbaycanın hərbi büdcəsi Ermənistandan 3,7 dəfə, Gürcüstandan isə 9,1 dəfə artıqdır; Ermənilərin 47,6 faizi yoxsulluq içində yaşayır

 

Azərbaycan davamlı olaraq siyasi, sosial-iqtisadi qüdrətini artırır, mövqelərini möhkəmləndirir. 2022-ci il ərzində də Azərbaycanın yeni nailiyyətlər qazanacağına heç bir şübhə yoxdur. Eyni zamanda atılan addımlar Azərbaycanın regionda lider ölkə statusunu daha da möhkəmləndirəcəyini deməyə əsas verir. Bunu region ölkələrinin büdcələrinə nəzər salmaqla da aydın görmək olar.

 

Regiondaənazbüdcə yenə Ermənistanaməxsusdur

 

“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun yenə də Qafqazda ən böyük büdcənin ölkəmizə məxsus olduğunu nümayiş etdirir. Xatırladaq ki, 2022-ci ildə dövlət büdcəsinin gəliri 26,816 milyard manat, xərcləri 29,879 milyard manat təşkil edəcək. Bu, müstəqillik tarixində ən böyük büdcədir. Dollar ifadəsində isə büdcə xərcləri 17,575 milyarddır.

Ümumiyyətlə, müstəqillik tariximizdə dövlət büdcəsinin xərcləri 1 milyard manatlıq həddi 2003-cü ildə (1,234 milyard manat), 5 milyard manatlıq həddi 2007-ci ildə (6,086 milyard manat), 10 milyard manatlıq həddi 2008-ci ildə (10,77 milyard manat), 15 milyard manatlıq həddi 2011-ci ildə (15,4 milyard manat), 20 milyard manatlıq həddi 2018-ci ildə (22,73 milyard manat), 25 milyard manatlıq həddi 2021-ci ildə (proqnoz 28,54 milyard manat) ötüb.

Cari ildə dövlət büdcəsinin xərcləri təxminən 30 milyard manata çatacaq. Bu, milli valyuta ilə ifadədə müstəqillik tariximizin ən böyük büdcəsidir. Aparılan hesablamalar göstərir ki, ölkəmizin gələn il büdcəsi  ümumi daxili məhsulun 32,5 faizi səviyyəsindədir. 2021-ci ilin büdcəsi ÜDM-in 33,6 faizi həcmində idi.

ÜDM-in büdcəyə cəlb olunma faizi nə qədər azdırsa, dəyər yaradanların əlində sosial-iqtisadi inkişaf üçün bir o qədər artıq vəsait qalır.

Beləliklə, 2022-ci il büdcəsinin gəlirləri ötən illə müqayisədə 980 milyon manat, xərcləri isə 431 milyon manat artıqdır. Gəlirlər 2021-ci illə müqayisədə 5,4 faiz, xərclər 4,7 faiz çoxdur.

Azərbaycanda büdcədə böyük artım olduğu halda qonşu Gürcüstanda vəziyyət fərqlidir. Burada dövlət büdcəsindən ayırmalar 19,2 milyard lari (təxminən 6,2 milyard dollar) müəyyən edilib.  Bunlardan 17,3 milyard lari (təxminən 5,6 milyard dollar) büdcə vəsaitləri, 1,9 milyard lari (təxminən 615 milyon dollar) donorların vəsaitləridir. 2022-ci ildə dövlət büdcəsinə daxilolmalar 19,4 milyard lari (təxminən 6,3 milyard dollar) nəzərdə tutulub. Vergi daxilolmaları ÜDM-in 23,5 faizini təşkil edəcək və növbəti illərdə də eyni səviyyədə qalacaq. 2022-ci ildə ümumi cari xərclərin 14,2 milyard lari (təxminən 4,6 milyard dollar) olacağı proqnozlaşdırılır ki, bu da ÜDM-in 22,8 faizini təşkil edir. Əsaslı xərclər 5,5 milyard (təxminən 1,7 milyard dollar) lari və ya ÜDM-in 8,5 faizi həcmində olacaq.

 2022-ci ilin sonuna qədər Gürcüstan hökumətinin borcunun maksimal həddi ÜDM-in 60 faizi limiti ilə ÜDM-in 51,7 faizi səviyyəsində müəyyən edilib. Dövlət büdcəsinin yekun variantına əsasən, 2022-ci ildə real ÜDM-in 6 faiz, yaxın illərdə isə orta hesabla 5,5 faiz səviyyəsində artacağı gözlənilir. Beləliklə, Azərbaycan büdcəsi Gürcüstanla müqayisədə az qala 3 dəfəyə yaxın artıqdır.

Cari il üçün Ermənistanda büdcənin ümumi gəlirləri 17,5 faiz  artaraq 1 trilyon 946 milyard drama (təxminən 4,05 milyard dollar) çatacaq. Xərclər 2 trilyon 184 milyard dram (təxminən 4,55 milyard dollar) təşkil edəcək ki, bu da 2021-ci ilin büdcə layihəsi ilə müqayisədə təxminən 18 faiz və il ərzində dəqiqləşdirilmiş büdcədən 9 faiz  çoxdur. Bu da o deməkdir ki, Azərbaycanın 2022-ci il üçün büdcəsi Ermənistanla müqayisədə 4 dəfə artıq olacaq. 

 

Azərbaycanın hərbi büdcəsi Ermənistandan 3,7 dəfə, Gürcüstandan isə 9,1 dəfə çoxdur

 

Cənubi Qafqaz ölkələrinin büdcələrində maraq doğuran məqamlardan biri də hərbi xərclərlə bağlıdır. Ölkəmizdə 2022-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri 96 milyon manat azaldılsa da, yenə də kifayət qədər böyük rəqəmdir: 4 milyard 490 milyon və ya 2,7 milyard dollar. Yəni bir tərəfdən ordu quruculuğu prioritet olaraq qalır, bu məbləğ müasir silahlar almaq və hərbi sənayeni inkişaf etdirmək üçün kifayətdir; digər tərəfdən isə Azərbaycan həm də göstərir ki, silahlanma yarışına çıxmayıb. Büdcədə digər istiqamətlər üzrə də xərclərdə ciddi artım var. 

Qonşu Gürcüstanın hərbi xərcləri cari il üçün cəmi 918 milyon lari və ya 298  milyon dollar təşkil edəcək. Bu isə Azərbaycanla müqayisədə təxminən 9,1 dəfə azdır.

Büdcəyə əsasən Ermənistan cari ildə ordusuna 345  milyard dram və ya 724 milyon dollar ayıracaq. Müdafiə sahəsindəki xərclər 2021-ci ilə nisbətən cəmi 1,3 faiz artıb. Ən diqqətçəkən məqam isə odur ki, müdafiə xərcləri sosial təminat və dövlət idarəetməsi xərclərindən sonra üçüncü yerdədir. Başqa sözlə, dövlət borcunun idarə edilməsinə və dövlət aparatının qorunmasını özündə cəmləşdirən dövlət idarəçiliyinə ölkənin müdafiəsindən daha çox pul ayrılır.

Bütün hallarda aparılan müqayisələr o qənaətə gəlməyə əsas verir ki, Ermənistan ötən ilə nisbətən hərbi xərcləri artırsa da, Azərbaycanla ayaqlaşmaq gücündə deyil. Ən azından ona görə ki, Azərbaycanın müdafiə məqsədləri xərcləri Ermənistanla müqayisədə təxminən 3,7 dəfədən artıq olacaq.

 

Ermənilərin 47,6 faizi yoxsulluq içində yaşayır

 

Ermənistanda iqtisadi durum əhalinin azalması fonunda pisləşir.  Hazırda Ermənistan əhalisinin təxminən yarısı - 47,6 faizi yoxsulluq içində yaşayır. Ümumiyyətlə, bu ölkədə yoxsulların 51,1 faizini kənd, 48,9 faizini isə şəhər sakinləri təşkil edir.

Ermənistan Statistika Komitəsinin Məişət statistikası departamentinin rəhbəri Lusine Markosyan “Past” nəşrinə bildirib ki, əhalinin əksəriyyəti bütün gəlirlərini yalnız ərzaq almağa yönəldir. Qeyd olunur ki, ölkədə yemək üçün pulu olmayan əhalinin əsas hissəsi kəndlərdə yaşayır ki, bu da bir neçə amillə izah olunur: ya insanlar torpağı becərməyiblər və ya ilin məhsulu pis olub. Bu hal hər il təkrar olunursa, deməli, bu, hökumətin ölkədə apardığı uğursuz aqrar siyasətin göstəricisi kimi qəbul edilməlidir.

Qafqaz Araşdırmaları Resurs Mərkəzinin məlumatına görə, 2021-ci ilin avqustunda keçirilən sorğuda respondentlərin 51 faizi son bir ildə ərzaq almaq üçün pul çatışmazlığından qorxduqlarını, 10 faizi isə bütün gün ac qalmalı olduqlarını bildirir. “Desoğutyun” analitik mərkəzinin eksperti Lilya Amirxanyan belə vəziyyətin yaranmasına səbəb kimi xüsusən son iki ildə baş verən yüksək inflyasiyanı göstərir. Qiymətlərin xüsusən ərzaq və həyati əhəmiyyətli mallarda artdığını bildirən Amirxanyan bildirir: “Koronavirus açıq şəkildə göstərdi ki, Ermənistan iqtisadiyyatının böhranla mübarizə üçün immuniteti yoxdur. Bu da öz növbəsində 2019-cu ildə iqtisadi inqilab və misli görünməmiş iqtisadi artımla bağlı bəyanatların əsassızlığını ortaya qoydu”. O, ilin sonunda yoxsulluq səviyyəsinin 2020-ci ildəkindən xeyli yüksək olacağını proqnozlaşdırır və bunda hökumətin vətəndaşlarına etdiyi “sürprizlər”in rol oynayacağını bildirir: “Əhalinin gəlirlərində heç bir müsbət dəyişiklik yoxdur”. 

Bu da Ermənistanı ciddi iqtisadi çətinliklər gözlədiyini göstərir və bu halda büdcə gəlirləri üzrə proqnozların icrası da problemlidir.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video