19 Oktyabr 2022 11:13
873
Məktublar
A- A+

2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisinin və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin iştirakçılarına


Hörmətli sərgi iştirakçıları!

Hörmətli xanımlar və cənablar!

Sizi sayca ikinci olan Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisinin və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin açılışı münasibətilə salamlayıram.

Builki sərgi işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması, milli iqtisadiyyata sürətli inteqrasiyası və dayanıqlı inkişafı, habelə bu istiqamətdə faydalı işgüzar əlaqələrin qurulması baxımından önəmlidir.

Qarabağ tarixən Azərbaycanın inkişaf etmiş bölgələrindən biri olub. Bu ərazilərin 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalması ilə barışa bilməyən Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi ədaləti ‒ ərazi bütövlüyünü bərpa etdi. Şanlı Qələbənin əldə edilməsində birlik və həmrəylik göstərən xalqımız artıq öz Vətəninə, doğma Qarabağa bu torpaqlarda əbədi yaşamaq üçün qayıdır.

Postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, burada dayanıqlı məskunlaşma, habelə bölgənin yenidən ölkəmizin inkişaf etmiş guşəsinə çevrilməsi qarşıda duran ən mühüm məqsədlərdəndir.

Azərbaycan bütün gücünü bu ali məqsədin uğurla reallaşdırılmasına yönəldibdir. İşğaldan azad olunmuş ərazilərdə təhlükəsiz yaşayışın təmini, şəhər, qəsəbə və kəndlərin tikintisi, strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması, yerli və xarici dəyər zəncirlərinə inteqrasiya, habelə ətraf mühitin bərpası istiqamətində qabaqcıl nümunələr yaradılır. Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması isə regionu mühüm nəqliyyat-ticarət qovşağına çevirəcək. Bir sözlə, işğaldan azad edilmiş ərazilər sürətli şəkildə bərpa olunur, Böyük Qayıdışla bağlı hədəflərimiz uğurla reallaşdırılır.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri aparıcı biznes dairəsi ilə birgə əməkdaşlığa, dövlət‒özəl tərəfdaşlığının, habelə regionda sabitliyin və inkişafın qorunmasına mühüm zəmin yaradır. Bu əsasda artıq ikinci dəfə təşkil edilən, müasir ideyalar, innovativ həllər və səmərəli təşəbbüslərlə zəngin olan “Rebuild Karabakh” Sərgisi faydalı işgüzar mühitin yeni modelini yaradacaqdır.

Sərgi çərçivəsində qabaqcıl biznes subyektlərini yaranmış fürsətlərdən faydalanaraq, ərazilərimizin bərpasına dəstək olan bütün səylərini və yaradıcı ideyalarını bir araya gətirməyə dəvət edirəm.

Əminəm ki, “Rebuild Karabakh” Sərgisi məhsuldarlığına və əldə olunmuş nəticələrə görə maraqlı məqamlarla yadda qalacaq, sərgi çərçivəsində keçirilən görüşlər, müzakirələr və yeni təşəbbüslər işgüzar əlaqələr üçün əlverişli platforma olacaq, Qarabağın və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması naminə göstərilən bütün səylərin və təşəbbüslərin uğurla gerçəkləşməsinə öz töhfəsini verəcəkdir.

Bir daha hər birinizə səmərəli işgüzar günlər diləyir, sərginin işinə uğurlar arzulayıram.

Qarabağ Azərbaycandır!

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 oktyabr 2022-ci il 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video