23 May 2022 09:45
934
SİYASƏT
A- A+

Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata açıqlama verib  YENİLƏNİB

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlama verib.

AZƏRTAC xəbər verir ki, Şarl Mişel açıqlamasında deyib:

-Axşamınız və ya gecəniz xeyir. Bu gün mən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşə bir daha ev sahibliyi etdim. Bu, bizim bu formatda üçüncü müzakirəmiz idi. Biz Cənubi Qafqazda vəziyyət və hər iki ölkənin Avropa İttifaqı ilə münasibətlərinin inkişafına, habelə sərhəd regionuna əsas diqqəti yönəltdik.

Müzakirə səmimi və məhsuldar oldu, biz bütün məsələləri nəzərdən keçirdik. Bizim humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi və saxlanılanların azad edilməsi ilə bağlı səylərlə əlaqədar ətraflı müzakirəmiz oldu və biz itkin düşmüş insanların taleyinə də toxunduq.

Biz aşağıdakı nəticələrə nail olduq. Sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq. Bu iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq.

Kommunikasiya ilə əlaqədar liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəldilər. Onlar Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldilər. Onlar xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər və yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər.

Sülh sazişinə gəlincə, liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər.

Bunun davamı olaraq, mən hər iki liderə müraciətlə vurğuladım ki, zənnimcə, Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibdir.

Sosial-iqtisadi inkişafa gəlincə, Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcək. Mən, həmçinin əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini də vurğuladım və Avropa İttifaqı öz dəstəyini gücləndirməyə hazırdır.

Biz sıx təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik. Təşəkkürlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video