22 Sentyabr 2022 18:52
899
Qəbullar
A- A+

Prezident İlham Əliyev Türkiyənin səhiyyə nazirini qəbul edib  YENİLƏNİB

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Türkiyə Respublikasının səhiyyə naziri Fahrettin Kocanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Fahrettin Koca Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.

Qonaq vurğuladı ki, Azərbaycanın və Türkiyənin dövlət başçıları arasında sarsılmaz birlik və qardaşlıq əlaqələri bütün digər qurumlar kimi, Səhiyyə nazirlikləri arasında da əməkdaşlıq üçün yol göstəricisidir və bu baxımdan ölkələrimizin nazirlikləri sıx əməkdaşlıq həyata keçirir.

Türkiyənin səhiyyə naziri qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması dərin sevinc hissi bəxş edir. Nazir şəhidlərlə bağlı başsağlığı verdi, qazilərə şəfa dilədi. Şuşa Bəyannaməsinin əhəmiyyətini vurğulayan Fahrettin Koca bu sənəddə əksini tapan hədəflər istiqamətində səhiyyə sahəsində də əlaqələri inkişaf etdirmək və dərinləşdirmək üçün çalışdıqlarını bildirdi.

Türkiyəli nazir dedi ki, ölkəsində səhiyyə sahəsində əldə olunan təcrübəni və elmi bilikləri azərbaycanlı həmkarlarla bölüşmək qardaşlıq borcudur. O, dövlətimizin başçısının dəstəyi ilə Bakıda keçirilən Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumunun əhəmiyyətindən danışdı.

Prezident İlham Əliyev Özbəkistanda Türkiyənin dövlət başçısı ilə görüşünü məmnunluqla xatırladı, dostluq və qardaşlıq əlaqələrimizin bütün sahələrdə durmadan inkişaf etdiyini vurğuladı. Dövlətimizin başçısı Şuşa Bəyannaməsinə toxunaraq bunu münasibətlərimizin rəsmi təzahürü kimi qiymətləndirdi, bu Bəyannamənin xalqlarımızın iradəsini, dövlətlərimizin maraqlarını əks etdirdiyini dedi.

Azərbaycan Prezidenti həm müharibə zamanı, həm də müharibədən sonrakı dövrdə Türkiyə həkimləri tərəfindən qazilərimizin müalicəsinə görə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı qeyd etdi, bu baxımdan səhiyyə sahəsində də əlaqələrin təqdirəlayiq olduğunu dedi və Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumunun önəminə toxundu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video