15 Oktyabr 2024 08:50
553
İQTİSADİYYAT
A- A+
Özəl sektorun hamisi, sahibkarların güvənci

Özəl sektorun hamisi, sahibkarların güvənci


Müstəqil Azərbaycanın tarixinə əlamətdar hadisə kimi daxil olan ictimai həyatın bütün sahələrində inkişafa yeni təkan verən 2003-cü ilin 15 oktyabr seçkiləri nəticə etibarilə cəmiyyətin bütün təbəqələrinin mənafelərini özündə ehtiva edən Heydər Əliyev siyasi kursunun davamlılığını şərtləndirən əsas amildir. 2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkilərində həlledici seçimə imza ataraq Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən çağırışına səs verməklə cənab İlham Əliyevə etimad göstərən Azərbaycan xalqı dövlətimizin bütün sahələrdə sonrakı inkişafına etibarlı zəmin yaratdı. 

Ulu Öndərin milli inkişafa zəmin yaradan ideyalarını rəhbər tutan və yeni dövrə uyğun zənginləşdirən Prezident İlham Əliyevin çoxşaxəli islahatlar strategiyası ölkəmizin möhtəşəm iqtisadi nailiyyətlərini təmin etməklə yanaşı, xalqımızın son iki əsrdə itirdiyi torpaqlarını ilk dəfə olaraq geri qaytarmasına, zəfərə qovuşmasına imkan yaratdı. 30 ildən çox bir müddətdə dünyanın ikili standartları, haqsızlıqları qarşısında müdafiə mövqeyi seçmək məcburiyyətində qalan Azərbaycan bu gün milli maraqlarını qətiyyətlə qoruyan, Cənubi Qafqaz regionunda sülh gündəliyini müəyyənləşdirən, səmərəli əməkdaşlıq təşəbbüsləri irəli sürən, ən əsası, qlobal güclərin təzyiq cəhdlərini qətiyyətlə dəf edən qüdrətli dövlət kimi tanınır. 

Ötən illər ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafelərini özündə əks etdirməsi dövlət başcısı İlham Əliyevin yüksək bilik və intellektə, təcrübə və istedada, geniş dünyagörüşə, çevik idarəçilik məharətinə, yüksək əzmə, qətiyyətə malik lider olduğunu bir daha nümayiş etdirdi. Ümumilikdə geridə qalan 21 il Azərbaycan dövlətinin yüksəlişi və öz hədəflərinə yetişməsi üçün formalaşdırdığı böyük potensialın bütün əzəməti ilə reallığa çevirdiyi əlamətdar mərhələdir. Müdrik xalqımızın 21 il öncə inanıb taleyini etibar etdiyi cənab İlham Əliyev həyata keçirdiyi qlobal layihələrlə Ümummilli Liderin zəngin dövlətçilik işində müəyyən olunmuş böyük amalları gerçəkləşdirən qüdrətli siyasi xadim olduğunu təsdiqlədi. Dövlət başçısının yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə əsaslanması bir sira strateji sahələrdə əldə olunmuş uğurlar fonunda aydın görünür.

Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində müasir dövrdə hüquqi dövlətin inkişafının konstitusion islahat modeli uğurla həyata keçirilərək səmərəli islahatların nəticəsi kimi müasir hüquqi dövlətin hərtərəfli inkişafının və dövlət hakimiyyətinin xalqa mənsubluğunun Azərbaycan modeli formalaşmışdır. Hazırda Azərbaycan dövləti çoxəsrlik şanlı tarixinin ən parlaq inkişaf dövrünü yaşadığını qürurla söyləyə bilərik. Bu gün dünya dövlətləri arasında ləyaqətlə ucalaraq sahibləndiyimiz mövqe hər bir azərbaycanlının qürur mənbəyidir.

Qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, regionların tarazlı və davamlı inkişafı, yeni istehsalat müəssisələrinin açılması, işsizlik probleminin, yoxsulluğun tədricən aradan qaldırılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi məsələləri son 21 ildə dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərini təşkil etmişdir. Bu müddətdə ölkə iqtisadiyyatı 3, dövlət büdcəsinin həcmi 20, strateji valyuta ehtiyatlarının həcmi 30 dəfədən çox artmışdır. Ötən 21 ildə  həmçinin sahibkarlıq subyektlərinin sayı 3 dəfədən çox artmış, özəl bölmənin ümumi daxili məhsulda payı 83, məşğulluqda payı isə 78 faizdən artıq olmuşdur. Təkcə cari ilin 8 ayında ölkədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal edilmiş, iqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər 7,0 faiz artmış, əhalinin hər nəfərinə düşən ÜDM təxminən 8 min manata bərabər olmuşdur. Bu dövrdə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən ölkədə 42,4 milyard manatlıq sənaye məhsulları istehsal edilmiş, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalı qeyri-neft-qaz sektorunda 7,8 faiz artmışdır. 

Bu gün yaşadığımız və qürur duyduğumuz  Azərbaycanın inkişaf strategiyasının təkmilləşdirilməsinin 2003-cü ildən başladığını desək,  heç də yanılmarıq. Hələ 2003-cü ildə keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev artıq həllini tapmış Qarabağ problemi ilə bağlı demişdi: "Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir".

Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin söylədiyi həmin sözlərin öz təsdiqini tapmasının tarixi təntənəsini yaşayır. Cənab İlham Əliyev ilk gündən necə demişdisə, elə də etdi, nə demişdisə o da oldu. Prezident ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesində Azərbaycanın milli maraqlarının əleyhinə olan kiçicik bir təşəbbüsü və ya təklifi belə yaxına buraxmadı. Eyni zamanda Prezident bütün görüşlərdə, bütün tədbirlərdə qətiyyətlə bəyan etdi ki, Azərbaycan dövləti öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək və nəyin bahasına olursa-olsun öz torpaqlarını işğaldan azad edəcəkdir. Bunun üçün Prezident İlham Əliyev mütərəqqi hərbi islahatlar həyata keçirdi, ordumuzun döyüş imkanlarını modern səviyyəyə yüksəltdi. Və nəhayət, işğalçı Ermənistanın 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq Azərbaycan Ordusu Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə özünün tarixi və şərəfli missiyasının icrasına başladı. Bu müharibə dövlətimizin gücünün, xalqımızın milli iradəsinin və həmrəyliyinin təntəsinə çevrilərək torpaqlarımızın işğaldan azad olunması, pozulmuş ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. 44 günlük savaşda Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər Azərbaycan Ordusu yalnız 30 illik müasir müstəqillik tariximizin deyil, son bir neçə əsrlik tariximizin ən şərəfli səhifəsini yazdı. Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin eyni zamanda bir neçə müstəvidə fədakarcasına apardığı mübarizə, xalqımızın Ali Baş Komandanın ətrafında "dəmir yumruq" kimi birləşməsi, Silahlı Qüvvələrimizin hərbi taktiki və strateji üstünlüyü, hərbçilərimizin yenilməz döyüş ruhu bu müharibədə Ermənistan üzərində parlaq Qələbəni təmin etdi. Bu Böyük Zəfər bütün dünyaya nümayiş etdirdi ki, xalqının dəstəyinə arxalanan, xalqın sonsuz inamından ilhamlanan sərkərdənin rəhbərlik etdiyi dövlət böyük güclərin müqavimətinə baxmayaraq, öz suverenliyini bərpa etməyə qadirdir.

Azərbaycan əsgərinin yenilməzliyi qarşısında döyüş meydanından qaçmaqdan başqa çarəsi qalmayan erməni separatizminin aldığı zərbə  Azərbaycan dövlətinin, şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq nüfuzunun növbəti göstəricisi oldu. Həm hərb meydanında, həm diplomatiya müstəvisində qazanılan bu möhtəşəm və əzəmətli Qələbənin bir adı vardır - İlham Əliyev! Çünki gələcəyə hesablanmış və zərgər dəqiqliyi ilə ölçülmüş strateji qərarları ilə bu qələbəni mümkün edən, ardıcıl, məqsədyönlü və fədakar fəaliyyəti ilə onun gerçəkləşməsini günbəgün yaxınlaşdıran, bu qələbənin altından imzasını atmaqla hər bir azərbaycanlının qəlbində özünə əbədi sevgi və ehtiram məşəlini alovlandıran məhz Prezidentimizdir! 

Son illər Azərbaycanda bütün addımlar postmüharibə dövrünün yeni reallıqlarına uyğun atılır. Vətən müharibəsindəki böyük Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizlənməsi, yenidənqurma, tikinti-quruculuq işlərinin başlanması qarşıda duran ən prioritet məsələlərdir. Odur ki, hazırda Azərbaycan dövləti tərəfindən işğaldan azad olunmuş torpaqların sürətli bərpası istiqamətində böyük işlər görülür. İnsanların tezliklə öz yurd-yuvalarına qayıtması, bu torpaqlarda sahibkarlığın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanması üçün  mühüm tədbirlər həyata keçirilir. Prezident mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfər edir, həyata keçirilən layihələrlə şəxsən tanış olur, müxtəlif yeni obyektlərin təməlini qoyur, hazır olan infrastruktur obyektlərinin açılışına qatılır. 

İstisnasız olaraq bütün dövrlərdə cəmiyyətin mütərəqqi yolla inkişafı məhz sağlam əqidəli, xalqa, dövlətə təmənnasız xidməti başlıca həyat amalına çevirən nəcib insanların fəaliyyəti ilə bağlıdır. Belə insanlar qısa zamanda cəmiyyətin sayılıb-seçilən şəxsiyyətlərinə çevrilir, üzərlərinə düşən sosial məsuliyyəti düzgün dəyərləndirir, xoş məram və məqsədləri ilə milyonların rəğbətini qazanırlar. Hazırda bu nəcib missiyanı yüksək mənəvi məsuliyyətlə üzərinə götürərək şərəflə, əzmlə, təmənnasızlıqla həyata keçirən insanlar arasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ön sıralarda dayanır. İnamla deyə bilərik ki, Ulu Öndərin ali ideyalarına əsaslanan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən Azərbaycanın Birinci vitse-prezidentinin mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri vardır. Hərbi qulluqçuların təminatı, sağlamlıqlarının mühafizəsi, yaralıların müalicəsi, Şuşada və digər bölgələrimizdə qədim mədəniyyətimizə və tarixi irsimizə aid abidələrin bərpa olunması, mülki vətəndaşların düşmən zərbələrindən qorunması və bu kimi onlarca digər məsələni xüsusi diqqət mərkəzində saxlayan Birinci vitse-prezidentin verdiyi tapşırıqlar və bu istiqamətdə gördüyü işlər böyük Zəfərin əldə olunması üçün son dərəcə əhəmiyyətlidir.

Cari ilin sentyabr ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş iqtisadi məsələlərə həsr olunan müşavirədə dövlətimizin başçısı demişdir: "İlk növbədə ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası, həm  sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr - bütün bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapacaqdır".

Dövlət başçısı həmçinin işğaldan azad olunmuş ərazilərə səfəri zamanı öz çıxışlarında iş adamlarına müraciət edərək onları bu ərazilərə sərmayə qoymağa çağırır. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Prezidentin bu çağırışını dəstəkləyir və bildirir ki, iqtisadi siyasətimizin istiqamətlərini nəzərə alaraq azad edilmiş torpaqlarda sahibkarlığın inkişafı Böyük qayıdışın daha tez bir vaxtda həyata keçirilməsinə böyük töhfə verəcəkdir. 

İkinci Qarabağ müharibəsindən sonra ölkə rəhbərliyi tərəfindən beynəlxalq təşkilatların və dövlət rəsmilərinin iştirakı ilə Ermənistanın baş naziri ilə görüşlərdə dəfələrlə Azərbaycanın mövqeyinin sülh sazişinin imzalanması olduğu qeyd edilmiş, əli azərbaycanlıların qanına batmamış erməni-əsilli vətəndaşların Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmasının vacibliyi, onların hüquq və azadlıqlarının Azərbaycanda yaşayan digər milli azlıqlar kimi Azərbaycan Konstitusiyasına uyğun qorunacağı, ölkədə yaşayan bütün insanlar kimi onların da  sosial vəziyyətinin yaxşılaşdırılması, infrastrukturun yenilənməsi, yeni iş yerlərinin yaradılması kimi sosial tədbirlərin həyata keçiriləcəyi vurğulanmışdır. Lakin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmadı. Nəticədə silahlı qüvvələrimiz ermənilərin təxribatçı və təhrikçi əməllərinin qarşısının alınması üçün keçən il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərinə başlamalı oldu. Çox təəssüf ki, bu hadisənin birilliyi ərəfəsində ölkəmizə qarşı qərəzli mövqedə olan ABŞ-nin ermənipərəst konqresmeni Adam Şiff Ermənistandakı revanşistlərə maliyyə yardımının ayrılması ilə bağlı təşəbbüslərlə çıxış edib. Bu fakt Azərbaycan hökuməti və ölkəmizin vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən hiddətlə qarşılanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşü zamanı bu barədə demişdir: "Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır".

ABŞ Konqresində Ermənistandakı revanşistlərə maliyyə yardımı ayrılması barədə təşəbbüsləri Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və üzvləri tərəfindən də hiddətlə qarşılanıb. Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvləri "2024-cü il Artsax gəlirlərinin bərpası haqqında Akt" adlı bədnam qanun layihəsinin müəllifi olan ABŞ konqresmeni Adam Şiffin ölkəmizə qarşı qərəzli mövqedə olduğunu bildiriblər. ASK üzvləri bəyan ediblər ki, tələsik hazırlanmış bu qanun layihəsi ayrı-seçkilik xarakteri daşıyır, birtərəfli və konteksdən çıxarılmış məlumatlara söykənir ki, bu da bir qrup insanların acı taleyinə və iztirablarına tamamilə məhəl qoyulmaması və digər qrupa üstünlük verilməsi deməkdir. Əgər bu təşəbbüs dəstəklənərsə, belə bir sənəd insan hüquqlarının və beynəlxalq hüququn pozulmasına səbəb olacaq ki, bu da qeyri-sabitliyə, insanların iztirab çəkməsinə, habelə ABŞ-nin regional roluna xələl gətirəcəkdir.

Bütün bunun fonunda Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan öz milli maraqlarını qətiyyətlə təmin edib. Yerində sayan və geri gedən isə Ermənistandır. Bu baxımdan sülhə daha çox ehtiyacı olan da Ermənistandır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin irəli sürdüyü təkliflər isə sülhün yeganə təminatıdır.  

İyirmi ildən bir az artıq müddətində görülən işlər və nəticələr bu gün deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilmiş və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunmuşdur. Azərbaycan Respublikasının vətəndaşları olaraq sahibkarlar da dövlətimizin, xalqımızın təəssübünü çəkir, onun hər uğuruna, nailiyyətinə ürəkdən sevinirlər.

Müasir dünyamızın ən parlaq siyasi liderlərindən olan cənab İlham Əliyev xalqımızın mütləq səsi ilə növbəti dəfə 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu ilin fevral ayında keçirilmiş növbədənkənar prezident seçkilərində Azərbaycan sahibkarları öz seçimini etmiş və seçkilərdə birmənalı olaraq  cənab İlham Əliyevə səs vermişlər. Çünki keçən 20 il sübut etdi ki, İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olmaqla, Azərbaycan sahibkarlarının sonsuz məhəbbət bəslədiyi və daim əvəzolunmaz lideri kimi tanıdığı, etimad və etibar ünvanı saydığı rəhbərdir.

Prezident seçkiləri başa çatdıqdan sonra cənab İlham Əliyev andiçmə mərasimindəki çıxışında ölkəmizdəki biznes mühiti barədə demişdir: "Müstəqillik dövründə əhalimiz 3 milyon artıb və artan əhalisi olan ölkələrdə işsizlik bir qayda olaraq ciddi problemdir, o cümlədən bizim üçün. Biz hər il 10 minlərlə yeni iş yeri yaratmalıyıq. Bunun üçün, əlbəttə ki, daxili resurslar kifayət deyil. Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq. Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir". Bütün bunlar ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin bariz nümunəsidir.

Sahibkarlar  aydın dərk edirlər ki, İlham Əliyevə səs verməklə onlar özlərinin sabahına, sahibkarlığın inkişafına səs verirlər. Ona görə də onlar prezident seçkilərinə böyük həvəslə gəlmiş, fəallıq və mütəşəkkillik nümayiş etdirmişlər. Ölkənin siyasi həyatında fəal iştirak etmək, taleyüklü məsələlərin həll olunduğu məqamlarda ayıqlıq və çeviklik göstərmək Azərbaycan sahibkarlarına xas olan xüsusiyyətlərdir.  

Ölkədə həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətlənməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun güclənməsinə, bu istiqamətdə dövlət gayğısının artırılmasına və ən əsası, mövcud potensialın reallaşdırılmasına yönəlmişdir. Bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və digər mühüm əhəmiyyətli addımlar atılmışdır. Paralel olaraq elmin son nailiyyətlərinə, texnika və texnologiyanın fasiləsiz yeniləşməsinə, innovasiya menecmentinin və marketinqinin tətbiqinə, sahibkarların innovasiya və risk qabiliyyətlərinin tam reallaşdırılmasına, mülkiyyətin dövlətsizləşdirilməsinə, əsl iqtisadi yarış imkanlarını verən mühitin formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. 

Son illər ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış fərman və sərəncamlar sahibkarlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini bir daha sübut edir. 2024-cü ildə də sahibkarlığın maliyyə təminatı yaxşılaşmış, güzəştli kreditlərin həcmi artmış, sahibkarlara maliyyə dəstəyi çərçivəsində bu ilin 7 ayı ərzində 3252 layihənin maliyyələşməsinə 119 milyon manatdan çox güzəştli kredit verilmiş, bununla da 1764 yeni iş yerinin yaradılmasına zəmin yaranmışdır.

Artıq Azərbaycan Respublikası ikitərəfli və çoxtərəfli münasibətlərdə etibarlı tərəfdaş, beynəlxalq təhlükəsizlik və enerji sektorunda mühüm söz sahibi, dünyada etnik-dini tolerantlıq örnəyi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır və qəbul edilir. Dövlət başçısı İlham Əliyevin uğurla reallaşdırdığı inkişaf strategiyası nəticəsində Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalimizin yüksəkgəlirli topluma çevrilməsi, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi - Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdir.

Azərbaycanda ardıcıl və dinamik inkişafı, rəqabətədavamlı iqtisadiyyatı təmin edən islahatlar nüfuzlu iqtisadi qurumlar və reytinq agentlikləri, o cümlədən beynəlxalq birlik tərəfindən ciddi təhlil edilir və yüksək qiymətləndirilir. Sahibkarlığın inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlər nəticəsində 2024-cü ildə də nüfuzlu beynəlxalq qurumların reytinqlərində Azərbaycan iqtisadi göstəricilərinə görə, yuxarı sıralarda yer almışdır. Belə ki, "Fitch Ratings" beynəlxalq kredit reytinqi agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli reytinqini stabil proqnozla "BB+"dan "BBB-"yə yüksəldib ki, bu göstərici Azərbaycanın iqtisadi dayanıqlığını və güclü xarici iqtisadi tarazlığını vurğulayır, investisiya və iqtisadi artım üçün perspektivli gələcəyə işarə edir.

Başa vurmaqda olduğumuz il də sosialyönümlü büdcə siyasəti, əhalinin  maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və modern texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması, iqtisadi və sosial infrastrukturun, yol-nəqliyyat sektorunun davamlı inkişafı, eyni zamanda dövlətimizin hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdardır. Ölkə rəhbərliyi səviyyəsində qəbul olunan və ictimai-siyasi, sosial-iqtisadi, humanitar-mədəni həyatın çoxşaxəli spektrini əhatə edən çoxsaylı  konseptual-strateji mahiyyətli sənəd və dövlət proqramları hazırda icra edilməkdədir. 

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası bu işdə fəallıq göstərərək, sahibkarlara kömək etmək  məqsədilə ayrıca tədbirlər planı işlənib hazırlanmış və hazırda onun həyata keçirilməsi sahəsində mühüm işlər həyata keçirilir. Konfederasiya sosial tərəfdaşlığın subyekti kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə ölkənin sosial-iqtisadi siyasəti və sosial-əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş bağlayır. Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir. Eyni zamanda əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir.

Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və investisiya qoyulmasında kömək göstərir.

Sahibkarlığın inkişafının ən vacib komponentlərindən biri də sahibkarların maarifləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, konsaltinq xidmətlərinin göstərilməsidir. Bu məqsədlə cari ildə İqtisadiyyat Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə çoxsaylı tədbir - forum, sərgi, seminar və s. keçirilmişdir. Məsələn, bu günlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin  təşkilatçılığı  və Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə ilk dəfə olaraq Azərbaycan Halal Biznes və Turizm Forumu baş tutmuşdur. Dünyanın müxtəlif regionlarından olmaqla, 20-yə yaxın ölkədən rəsmi şəxslərin, mütəxəssislərin, akademik dairələrin, beynəlxalq təşkilatların nümayəndələri və iş adamlarının iştirak edəcəkləri forumun məqsədi Azərbaycan məhsullarının ixrac imkanları üçün halal bazarların cəlbediciliyinə, investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, müvafiq sahədə fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdən ibarət idi. İki gün davam edən forumda halal sənayenin inkişaf perspektivləri, bu sahədə standartlar, sektora investisiya qoyuluşu və əməkdaşlıq imkanları müzakirə edildi. 

Hazırda Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması və ixrac potensialının artırılması məsələlərinə daha çox diqqət yetirilir. Bu məqsədlə xaricdəki səfirliklərimiz, xarici dövlətlərin və beynəlxalq təşkilatların ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri ilə geniş iş aparılır.

2003-cü ildə Azərbaycan xalqı cənab İlham Əliyevi birmənalı şəkildə dəstəkləməklə öz gələcəyinə səs verdi. Həmin seçkilərdə xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyev oktyabrın 31-də vətənə və xalqa sədaqət andı içdi. Bununla da müstəqil Azərbaycan dövlətçiliyinin tarixində qətiyyətli bir Prezidentlə yeni dövr başladı. Bu gün hər bir sahibkar  dərk edir ki, qüdrətli və müasir Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında bizi hələ bir sıra mühüm vəzifələr gözləyir. 


Məmməd  MUSAYEV,

Azərbaycan  Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlib  

13:07
09 Noyabr

Qərbi Azərbaycan İcması Dövlət Bayrağı Günü ilə bağlı bəyanat yayıb

12:44
09 Noyabr

İşğaldan azad edilmiş torpaqlarda bayram konsertləri təşkil olunub  

12:43
09 Noyabr

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə  

12:41
09 Noyabr

COP29-la əlaqədar 57 marşrutun hərəkət sxemi dəyişdirilir  

12:40
09 Noyabr

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib  

12:39
09 Noyabr

Tuvalunun Baş naziri Azərbaycana səfərə gəlib  

12:21
09 Noyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb  

12:20
09 Noyabr

Marşal Adaları Respublikasının Prezidenti Azərbaycana səfərə gəlib  

12:19
09 Noyabr

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

12:09
09 Noyabr

Yol polisi bayram günləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib  

09:32
09 Noyabr

“9 Noyabr - Azərbaycan Respublikası Dövlət Bayrağı Günü” adlı virtual sərgi təqdim olunub 

09:31
09 Noyabr

Türkiyənin müdafiə naziri: Ümidvarıq ki, Ermənistan davamlı sülh fürsətindən istifadə edəcək  

09:30
09 Noyabr

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

09:28
09 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

09:26
09 Noyabr

Azərbaycanın Rusiyadakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib

09:25
09 Noyabr

Tanzaniyanın Vitse-prezidenti Azərbaycana səfərə gəlib  

09:23
09 Noyabr

Qaydar Abdikerimov: Prezident İlham Əliyev təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının əsl vətənpərvər övladıdır  

09:22
09 Noyabr

Türkiyə parlamentinin sədri Azərbaycanı təbrik edib: Qardaşlığımız əbədi olsun!  

09:19
09 Noyabr

Qalata Qülləsində Azərbaycan Bayrağı və Xarıbülbül təsviri əks olunub 

09:17
09 Noyabr

Zəfər Günü münasibətilə Xankəndidə bayram konserti və atəşfəşanlıq olub  

22:19
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!