19 Noyabr 2022 00:56
491
Məktublar
A- A+

Ötən 30 il ərzində qarşılıqlı inam və etimada əsaslanan əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatıb 

 

Gürcüstanın Prezidenti zati-aliləri xanım Salome Zurabişviliyə

 

Hörmətli xanım Prezident!
Azərbaycan Respublikası ilə Gürcüstan arasında əlamətdar tarix - diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizi ürəkdən təbrik edir, dost xalqınıza ən xoş və səmimi arzularımı çatdırıram. 
Azərbaycan-Gürcüstan əlaqələrinin qədim ənənələri vardır. Tarixən dostluq, mehriban qonşuluq, qarşılıqlı anlaşma şəraitində yaşamış və daim bir-birinə dəstək olmuş xalqlarımızın iradəsi bu gün dövlətlərarası münasibətlərimizin təməlini təşkil edir. Ötən 30 il ərzində qarşılıqlı inam və etimada əsaslanan əlaqələrimizin yüksələn xətt üzrə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatması xüsusi məmnunluq doğurur. 
Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi, daim genişlənən siyasi dialoqumuz qarşılıqlı faydalı əməkdaşlığımızın bütün sahələrdə hərtərəfli inkişafına güclü təkan vermiş, irimiqyaslı enerji və nəqliyyat layihələrinin müvəffəqiyyətlə gerçəkləşməsinə əlverişli imkan yaratmışdır. Birgə həyata keçirdiyimiz önəmli layihələr bu gün dövlətlərimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət etməklə yanaşı, bölgəmizin rifahına, sabitliyinə və təhlükəsizliyinə töhfə verir və ümumiyyətlə, bütün Avropa qitəsi üçün mühüm əhəmiyyət daşıyır.
Bu gün iqtisadi, ticari, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığımız strateji tərəfdaşlığımızı səciyyələndirən mühüm amillərdir. Biz dost Gürcüstan ilə əlaqələrimizə böyük önəm verir və onları daha da dərinləşdirmək əzmindəyik. Hesab edirəm ki, Azərbaycan-Gürcüstan əməkdaşlığını genişləndirmək və inkişaf etdirmək üçün yaxşı imkanlar vardır.
Əminəm ki, mövcud imkanlardan yararlanaraq xalqlarımızın və ölkələrimizin rifahı, regionumuzda sülh, sabitlik və tərəqqinin bərqərar olması naminə Azərbaycan ilə Gürcüstan arasında müstəsna xarakter daşıyan əlaqələrin, strateji tərəfdaşlığın birgə səylərimizlə daha da möhkəmlənməsinə nail olacağıq.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər, dost Gürcüstan xalqına daim əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə, 

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 noyabr 2022-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video