12 Yanvar 2022 00:11
944
Səhiyyə
A- A+

“Omikron” ştamından xilas olmağın ən effektli yolu vaksinasiyadır

 

Dünyada yeni qlobal bəlaya çevrilmiş “omikron”, çox təəssüf ki, Azərbaycanda da “göründü”. Belə ki, aparılan araşdırmaların növbəti mərhələsində ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-də SARS-CoV-2 21K “omikron” variantı aşkarlandı.

Bu ştam ilk dəfə ötən ilin noyabrında Afrikanın cənubunda aşkarlanıb. Mütəxəssislər “Omikron” ştamının pandemiya dövründə alimlərin müəyyən etdiyi digər ştamlarla müqayisədə daha sürətlə yayıldığını və çox sayda mutasiyaya malik olduğunu diqqətə çatdırıblar.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında qeyd edilib ki, aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində nail olunub.

Ölkə vətəndaşlarını yayılan yeni ştamdan qorunmaq üçün səhiyyə qurumları ikinci dozadan və ya xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırıb.

Əsas tövsiyələrdən biri vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına ciddi əməl etməkdir. Belə ki, maskalardan istifadə, fiziki məsafənin saxlanılması və gigiyenik qaydalara riayət etmək bu gözəgörünməz bəladan qounmağın ən vacib, ən zəruri şərtlərindəndir. Mütəxəssislərin fikrincə, yalnız bu qeyd olunanlara ciddi yanaşmaqla, əməl etməklə variantından asılı olmayaraq koronavirusa qalib gəlmək, amansız xəstəlikdən qorunmaq və normal həyata qayıtmaq mümkündür.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva bildirib ki, Azərbaycanda COVID-19-un yeni aşkarlanan “Omikron” ştamı yoluxma sürətinə görə dünya ölkələrində bir neçə aydır ki, aktuallığını qoruyub saxlayır. O deyib: “Hətta bir sıra ölkələrdə yeni yoluxmaların böyük əksəriyyəti məhz “omikron” ştamı ilə bağlıdır. Bəzi ölkələrdə pandemiya başlayandan bugünə qədər “omikron”dan sonra rekord sayda yoluxma qeydə alınıb. Pandemiyanın başladığı ilk günlərdən indiyə kimi virusdan qorunma üsulları, demək olar ki, dəyişməyib. Sadəcə olaraq, xəstəlik əleyhinə peyvəndlər aşkar edildikdən sonra əsas profilaktik vasitə vaksinasiyadır. Digər sanitar-gigiyenik qaydalar isə eynidir”.

TƏBİB-in rəsmisi koronavirusun istənilən ştamından qorunmaq üçün peyvəndlərdən istifadənin vacibliyini nəzərə çatdırıb. O vurğulayıb ki, peyvəndlər aktuallığını, bütün ştamlara qarşı effektivliyini qoruyub saxlayır: “Vətəndaşlar özlərini və yaxınlarını qorumaq üçün peyvəndləmə prosesində aktiv iştirak etməlidirlər. Hətta iki doza peyvənd alanlar da 5 ay keçdikdən sonra “buster” doza vurdurmalıdırlar. Nəzərə almaq lazımdır ki, vaksinasiyadan bir müddət sonra immunitet zəifləməyə başlayır. Bu, həm xəstələnmə, həm də vaksinasiya nəticəsində yaranmış immunitetə aiddir. Yəni, hər kəs “buster” doza ilə mütləq peyvəndlənərək xəstəliyə qarşı güclü immunitetin yaranmasına nail olmalıdır. Təbii ki, şəxsi gigiyena qaydalarına əməl etmək, kütləvi toplaşmalardan uzaq durmaq, yaxın kontaktlardan çəkinmək də vacibdir”.

Qeyd edək ki, qısa müddətə onlarla ölkədə aşkar edilmiş koronavirusun yeni variantı yenidən qapanma qərarlarının müzakirəsinə səbəb olub. Bəs Azərbaycanda vəziyyət necə olacaq? “Omikron” virusunun tapılması yenidən qapanmalara gətirib çıxara bilərmi? 

Həkim-infeksionist Nəzrin Mustafayeva vətəndaşlara xəstəlik əlamətləri hiss etdikdə evdən çıxmamağı, digər şəxslərlə, yaxın ətrafla təmasda olmamağı tövsiyə edib. Vurğulayıb ki, COVID-19 simptomu hiss edən vətəndaşlar test cavabı çıxana qədər özlərini izolyasiya etməlidirlər. “Hesab edirəm ki, həmin qaydalara riayət etsək, xüsusilə də vaksinasiyada aktivləşsək, “Omikron” ştamından da qısa müddətdə xilas ola bilərik”, - deyə Nəzrin Mustafayeva bildirib.

Mütəxəssisləri ümidləndirən məsələlərdən biri “Omikron” ştamına yoluxanlar arasında koronavirusun digər variantları ilə müqayisədə ölüm göstəricilərinin aşağı olmasıdır. Belə ki, bu ştama yoluxanların sayının sürətlə artmasına baxmayaraq, xəstələr arasında ölüm faizi çox aşağıdır. Hazırda ABŞ-da bütün yoluxma hallarının 90 faizi “Omikron”la bağlıdır. Hətta 3-4 gün əvvəl ABŞ-da sutka ərzində rekord göstərici - 1 milyon yoluxma halı qeydə alınıb. Bütün bunlar həmin variantın daha sürətlə yayılma xüsusiyyətlərinə malik olmasını sübut edir. Ona görə də Azərbaycanda da “Omikron” ştamının qeydə alınmasını nəzərə alaraq vətəndaşlar daha diqqətli davranmalı, kütləvi toplaşmalardan, mümkün qədər uzaq olmalıdırlar.

Bu fikirləri mətbuata açıqlamasında tibb elmləri doktoru, professor Əlizamin Sadiqov qeyd edib. Diqqətə çatdırıb ki, “Omikron”un simptomları klassik ştamların əlamətləri ilə, demək olar ki, eynidir: “Həmin ştama yoluxanlarda xüsusilə yuxarı tənəffüs yollarının xəstələnməsi müşahidə edilir. Lakin ağciyərlərin zədələnməsi hallarına da rast gəlinə bilər. Digər ştamlarla müqayisədə daha az kəskindir. Ümumiyyətlə, “Omikron” ştamının təhlükəli olmaması təkcə həmin variantın xüsusiyyətləri ilə əlaqədar deyil. Bu, müəyyən qədər də kütləvi vaksinasiyanın effektidir. COVID-19-un hansı ştamının yayılmasından asılı olmayaraq, pandemiyanın sonlanmasının yeganə yolu vətəndaşların kütləvi vaksinasiyasıdır. İstənilən halda, “Omikron” ölkədə yenidir. Ona görə də yeni ştamın ölkənin epidemioloji vəziyyətinə necə təsir göstərəcəyi barədə dəqiq söz demək olmaz. Dünya təcrübəsi isə göstərir ki, ölüm halı yüksək olmasa da, bu variant əhali arasında xəstələnmə hallarını sürətləndirəcək”.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video