25 Sentyabr 2022 01:22
857
SİYASƏT
A- A+

Ölkəmiz regionda sülhün və inkişafın qarantıdır

 

Azərbaycan bu gün yaratdığı reallıqları daha da möhkəmləndirir. Bütün dünya ictimaiyyəti hansısa məsələ barədə rəy formalaşdırarkən həmin reallıqlara istinad edir. Həyatımızdakı gerçəkliklər isə göz önündədir. Prezident İlham Əliyevin ötən onilliklərdə həyata keçirdiyi siyasət Azərbaycanı Cənubi Qafqazın əsas inkişaf mərkəzinə çevirdi. Hazırda ölkəmiz regionun müasir iqtisadi-siyasi mənzərəsini müəyyənləşdirən qlobal layihələrin həm təşəbbüskarı, həm də icraçısıdır. Bu layihələr regiona sülh, ölkəmizə davamlı inkişaf, vətəndaşlara rifah gətirir. Onlardan böyük bir coğrafiyada yaşayan insanlar da faydalanırlar. Azərbaycanın tutduğu yol, təklif etdiyi gələcək hər kəsin maraqlarına xidmət edir. Hamı üçün daha gözəl bir dünyanın qurulmasına töhfə verir.
Artıq qələbə ilə tamamlanan yeni bir dövr öz sözünü deyir. Müxtəlif pozucu əməllərlə regionun inkişafına mane olmaq istəyən bədxahlar isə tarixi fürsətləri itirməklə ən böyük ziyanı özlərinə vurmuş olurlar.
Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 21-də Laçın rayonuna səfəri bir çox tarixi məqamları ilə yadda qaldı. Bu səfər dövlət rəhbərimizin Vətən müharibəsindəki qələbəmizdən sonra Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq-bərpa işlərini, eləcə də regionda yaranmış yeni reallıqlar fonunda baş verən prosesləri tam nəzarətdə saxladığını, yüksək əzmkarlıqla idarə etdiyini bir daha göstərdi.

 

"Bu bayraq burada əbədi dalğalanacaqdır"

 

Azərbaycan Prezidenti səfər zamanı Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində Laçın Beynəlxalq Hava Limanına 2400 metr uzunluğunda giriş tunelinin inşası ilə tanış oldu, "Laçın" Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak etdi və Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı."Bu, tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır" - dedi dövlət rəhbərimiz.
Xatırladaq ki, Azərbaycan Prezidentinin tapşırığı ilə avqustun 26-dan Laçına bir neçə qrup göndərilib, onlar bütün yaşayış fondunun təhlilini, uçotunu aparır, dəymiş ziyan hesablanır. Eyni zamanda Laçının yenidən qurulması ilə bağlı təxirəsalınmaz işlərin görülməsi üçün təkliflər hazırlanır. İlk növbədə Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən qurulacaq. Şəhərin vaxtilə - 1980-ci illərdə tərtib edilmiş baş planı hazırda təhlil edilməkdədir. Bura müəyyən əlavələr olunacaq və Laçın şəhərinin bərpası bu plan əsasında  aparılacaq. Azərbaycan Prezidenti bildirdi ki, laçınlıların birinci qrupu Laçın şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər: "Mən buna ümid edirəm və əlimdən gələni edəcəyəm ki, biz buna nail olaq, tezliklə Laçın şəhərini bərpa edək. Biz bütövlükdə Laçın rayonunu və bütün başqa rayonları bərpa edəcəyik".
Azərbaycan geniş imkanlar ölkəsidir. Hazırda cəmiyyət həyatının müxtəlif sahələrində köklü islahatlar uğurla davam edir. Ölkəmiz yenilənir. Bu yenilik ruhu isə hər yerdə, hər an özünü hiss etdirir və insanlarımızın arzuları ilə üst-üstə düşür. İlk baxışdan inanılmaz görünən çox hədəflərə nail olmuşuq. 2020-ci il 27 sentyabr günündən başlanan çətin yolun sonundakı Qələbə bunlardan ən mühümü və tarixi oldu. Prezident İlham Əliyevin hər diplomatik uğuru, hər möhtəşəm sosial-iqtisadi nailiyyəti, ölkəmizin güclənən mövqeyi, beynəlxalq aləmdə yüksələn nüfuzu bizi addım-addım bu qələbəyə apardı.
Böyük Zəfər qazandıq. Bu, xalqımızın həyatında insanların taleyini dəyişən, tarixini yeni bir səhifədən başlayan bir qələbə oldu. Bu, bizim şanlı Vətən müharibəmiz, şanlı tariximizdir.

 

Ermənistanın cinayətlərinə göz yumulurdu

 

Azərbaycan Prezidenti tarixi çıxışında bir çox məqamlara aydınlıq gətirdi. Xüsusi vurğulandı ki, Laçın və Kəlbəcər rayonlarının bir hissəsi Vətən müharibəsi dövründə azad edilmişdi, Ermənistan kapitulyasiya aktına imza atmışdı. Lakin Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolu şəhərin ortasından keçdiyi üçün Laçın şəhəri nəzarətdən kənarda qalmışdı. Noyabrın 9-da aparılan danışıqlar nəticəsində Prezident İlham Əliyevin təkidi ilə alternativ yolun çəkilişi sənəddə təsbit edildi və razılaşmalar 3 il ərzində nəzərdə tutulsa da, Azərbaycan bu razılaşmaları sürətlə başa çatdıraraq cəmi 1 il 8 ayda icra etdi. Yəni alternativ yol 1 il 8 aydan sonra artıq hazır idi. Bu, həm də ölkəmizin sosial-iqtisadi qüdrətini, öhdəliklərə sadiqliyini, eyni zamanda regionda daimi sülh, abadlıq, rifah arzusunu göstərir. İşğal dövründə şəhər və kəndlərimizi viran qoymuş Ermənistandan Azərbaycanın bir əsas fərqi də budur.
Səfər zamanı Laçındakı vəziyyətlə yaxından tanış olan Prezident İlham Əliyev ermənilərin burada da törətdikləri vandalizm əməllərini diqqətə çatdırdı. Eyni zamanda onların Laçında qanunsuz məskunlaşma apardıqlarına, Ermənistandan, daha çox isə xaricdən - Suriya və Livandan erməniəsilli insanları gətirərək burada yerləşdirdiklərinə toxundu. Bunun hərbi cinayət olduğunu və bütün beynəlxalq konvensiyalarda təsbit edildiyini, eləcə də Ermənistanın belə bir cinayətinin dünya ictimaiyyətinin gözü qarşısında baş verdiyini vurğuladı: "Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, o cümlədən bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədrləri buna, sadəcə olaraq, göz yumurdular. Halbuki dəfələrlə bu mənzərəni görürdülər, dəfələrlə. Bax bu yolla Ermənistandan Qarabağa, Qarabağdan Ermənistana gedərək görürdülər ki, burada qanunsuz məskunlaşma aparılır. Görürdülər ki, Azərbaycan toponimləri sıradan çıxarılır. Görürdülər ki, bizim tarixi, qədim Azərbaycan torpağı olan Laçın erməniləşdirilir, burada qanunsuz məskunlaşma aparılır. Ancaq buna göz yumurdular, sanki bununla razılaşırdılar. Biz Azərbaycan xalqı isə bununla heç vaxt razılaşa bilməzdik. Mən hər dəfə deyirdim ki, heç vaxt imkan verə bilmərik bizim torpağımızda ikinci erməni dövləti yaradılsın".
Xüsusi strateji əhəmiyyətə, çətin relyefə, ağır, soyuq iqlimə malik olan Laçın və Kəlbəcər rayonlarının bir güllə belə atılmadan, insan itkilərinə yol verilmədən azad edilməsi xüsusi tarixi əhəmiyyət daşıyır. 1992-ci və 1993-cü illərdə bu strateji ərazilərin o dövrdə hakimiyyətdə olanların ciddi yanlışları, xəyanətləri hesabına işğalı Azərbaycanın məğlubiyyətində, digər rayonlarımızın ard-arda zəbt olunmasında çox böyük rol oynamışdı. Prezident İlham Əliyevin də çıxışında qeyd edildiyi kimi, Laçın və Kəlbəcər rayonlarının işğalı nəticəsində faktiki olaraq Ermənistanla Qarabağ arasında coğrafi bağlantı yaradılmışdı. Beləliklə, ermənilər öz arzularına çatmışdılar. "Onlar hesab edirdilər ki, bu torpaqlarda əbədi yaşayacaqlar. Hesab edirdilər ki, buna nail olacaqlar. Görürdülər ki, onlara himayədarlıq edən bir neçə ölkə, onların cinayətlərinə göz yuman, bu məsələ ilə bilavasitə məşğul olan təşkilat buna biganə qaldı. Sanki onlara bəraət qazandırırdılar və daha da azğınlaşırdılar. İşğalın ilkin mərhələsində bizim bütün yaşayış məntəqələrimizi dağıtmışdılar. Ancaq sonra hiss etdilər ki, artıq bunların cinayəti cəzasız qalır, burada qanunsuz inşaat işlərinə başladılar, o cümlədən Laçın şəhərində, Zabux və Sus kəndlərində".

 

"Heç kim bu torpaqları bizə bağışlamayıb"

 

Azərbaycan Prezidenti 26 avqust 2022-ci ildə Laçın şəhəri ilə birlikdə Zabux və Sus kəndlərinin də işğalçılardan azad edilməsini əlamətdar və tarixi hadisə kimi qiymətləndirdi. Bildirdi ki, biz şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün bu torpaqlardayıq. Heç kim bu torpaqları bizə bağışlamayıb, heç kim bu torpaqları bizə danışıqlar yolu ilə qaytarmayıb. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib Azərbaycan torpaqlarından çıxarmalı, Ermənistana qarşı sanksiyalar tətbiq etməli idi. Amma bunların heç biri olmadı. Əksinə, bu işğalı əbədiləşdirmək üçün Ermənistan, dünya erməniliyi və onların xaricdəki havadarları birləşərək belə çirkin niyyəti həyata keçirmək istəyiblər: "Mən isə həmişə deyirdim ki, Azərbaycan xalqı buna heç vaxt razı olmayacaq. Həmişə deyirdim ki, məsələ sülh yolu ilə həll olunmasa, bunu hərb yolu ilə həll edəcəyik və etdik. Cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdik. Alınmaz qala sayılan Şuşanı azad etdik. Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Hadrutu, Xocavəndi döyüş meydanında azad etdik. Düşmən diz çökdü və Laçını, Kəlbəcəri, Ağdamı tərk etməyə məcbur oldu. Bu gün Laçın şəhərində olarkən haqlı olaraq qürur hissi keçirirəm ki, qədim Azərbaycan torpağında bizim üçrəngli bayrağımız dalğalanır".

 

Azərbaycan müharibədən dərhal sonra sülh təklif etdi

 

Ali Baş Komandan qeyd etdi ki, Ermənistan hələ 2016-cı ilin Aprel döyüşlərindən düzgün nəticəyə gəlib öz xoşu ilə torpaqlarımızdan çıxsaydı, İkinci Qarabağ müharibəsi olmazdı. Onlar həmin döyüşlərdəki biabırçı məğlubiyyətlərindən sonra qorxuya düşüb qoşunları Azərbaycan ərazilərindən çıxarmağa söz versələr də, sonradan bu vədlərinə əməl etmədilər. İki il sonra 2018-ci ildə Naxçıvanda həyata keçirilən "Günnüt" əməliyyatı da ermənilərə dərs olmadı. Nəhayət, İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun tamamilə darmadağın edilməsi ilə nəticələndi və müzəffər Azərbaycan Ordusu öz doğma torpaqlarını azad etdi. Azərbaycan Prezidenti çıxışında bir məqama da toxunaraq dedi: "Biz müharibədən dərhal sonra onlara sülh təklif etdik. Bu da dünya hərb tarixində bəlkə də nadir hallardan biridir ki, 30 il ərzində torpağımız işğal altında olsun, insanlarımız əzab-əziyyət içində yaşasın, tarixi-dini abidələrimiz dağıdılsın, şəhərlərimiz dağıdılsın, milyondan çox mina döşənsin, buna baxmayaraq, biz sülh təklif etdik. Ancaq yenə də görürük ki, Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır. Biz təklif etdik ki, delimitasiya prosesinə start verək. Bunu təxminən bir ildən çox müddət ərzində uzatdı. İndi isə bu proses başlasa da, sırf formal xarakter daşıyır, mahiyyət üzrə heç bir danışıqlar aparılmır, xəritələr üzrə heç bir müzakirə aparılmır. Biz bütün xəritələri hazırlamışıq. Həm XX əsrin xəritələrini, həm əvvəlki dövrün xəritələrini və delimitasiya işləri bu xəritələr üzrə aparılmalıdır".

 

Ermənistan vaxt uzatmağa çalışır

 

Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif etdiyini, onların sözdə bu təklifləri qəbul etsələr də, əməllərində görünmədiyini xatırlatdı. Dövlət rəhbərimizin fikrincə, Ermənistanın belə davranışı yenə də vaxtı uzatmaq taktikasıdır. Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktına əsasən, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalı olsa da, hələ tam çıxarılmayıb. Ermənistan götürdüyü öhdəliyə görə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşməsini təmin edən dəhliz verməli olsa da, indiyə kimi hətta dəhlizin marşrutu belə dövlətimizə deyilməyib və bu istiqamətdə heç bir praktiki iş aparılmayıb. Azərbaycan isə Ermənistandan fərqli olaraq bu məsələdə də üzərinə düşən işləri sürətlə yerinə yetirərərək həm dəmir yolunu, həm avtomobil yolunu Zəngilana qədər çəkib. Gələn ilin sonunda bu yollar Ermənistan sərhədinə qədər gətiriləcək. Qarşı tərəfin ərazisində isə kommunikasiyalarla bağlı heç bir iş aparılmır və belə məlum olur ki, onlar bu işi görmək istəmir, sadəcə, vaxt uzatmağa üstünlük verirlər.
Prezident İlham Əliyev bildirdi ki, Vətən müharibəsi başa çatdıqdan sonra da Ermənistan Azərbaycana qarşı hərbi təxribatlar törədir. Bildirdi ki, təkcə Laçın rayonu ərazisində 1400-dən çox yeni mina döşənib və bu minalar 2021-ci ildə basdırılıb. Ermənistanın Azərbaycana qarşı bu cür açıq terror hərəkətləri nəticəsində 240-dan çox vətəndaşımız mina partlayışı ilə ya həlak olub, ya da ağır yaralanıb. "Yəni bizə qarşı müharibə davam edir, bizim insanlarımız həlak olur. Biz buna imkan verə bilərikmi? Heç vaxt buna imkan verə bilmərik. Ermənistanı dəfələrlə xəbərdar etmişik, bu çirkin əməllərdən əl çəksin, peşman olacaq".

 

Azərbaycan Ordusu öz torpağındadır

 

Ali Baş Komandan ümid etdiyini bildirdi ki, Ermənistanın sentyabrın 13-də törətdiyi növbəti təxribatlara ordumuzun qətiyyətli cavabı, nəhayət, onlara dərs olacaq. Düşmən bu cavabla bir daha gördü ki, Azərbaycanı heç kim və heç nə dayandıra bilməz. Ordumuz öz torpağındadır və öz ərazisini qoruyur. Sərhəd boyunca əldə etdiyimiz mövqelər isə imkan verir ki, istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər görək. Azərbaycan Prezidenti dedi: "Biz ta Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik. Bu mövqelər bizə həm hərbi üstünlük verir, həm böyük əraziyə vizual nəzarət imkanı yaradır, o cümlədən önəmli kommunikasiya xətlərinə nəzarət etməyə imkan verir və biz artıq bu bölgələrdə yerləşirik. Biz otuz il bu sərhədlərdə olmamışıq.
İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz sərhədlərə çıxdıq. Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə, sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Məhz buna görə Azərbaycan-Ermənistan sərhədində heç bir iş görməmişdilər. Yəni bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir". 
Azərbaycan sərhədlərin delimitasiyası məsələsi üzrə müzakirələrə hər zaman hazırdır və bu məsələ üzrə yaradılmış komissiyaların işinə məsuliyyətlə yanaşır. Bunu dövlət rəhbərimiz bir daha bəyan etdi. Bütün xəritələr toplanıb. XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr Azərbaycanda var və həmin xəritələr kimin hansı torpaqda yerləşdiyini göstərir. Ona görə də delimitasiya aparılmadan Azərbaycanı heç kim ittiham edə bilməz: "Biz müharibə istəmirik, istəmirdik. Məhz buna görə 30 ilə yaxın müddət ərzində danışıqlar aparırdıq. Məhz ona görə İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla sülh müqaviləsi imzalamaq istəyirik. Ancaq əgər düşmən bizə qarşı təxribat törədəcəksə, layiqli cavabını verəcəyik. Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar".
Azərbaycan dövlətini tarixinin ən qüdrətli dövrünə gətirib çıxarmış Prezident İlham Əliyevi belə güclü, qətiyyətli edən həm də xalqımızın iradəsi, haqq yolunda öz Liderinə verdiyi dəstəkdir. Bu güc, bu dəstək, bu qarşılıqlı inam və güvən sayəsində Azərbaycan bütün milli hədəflərinə çatacaqdır.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video