El dara düşəndə, yurda düşmən hücumu olanda torpaq qeyrəti çəkən oğullar silaha sarılaraq Vətənin müdafiəsinə yollanırlar. İgidliklə, cəsarətlə vuruşaraq yurdu işğaldan qoruyurlar. Elə buna görə də atalar yaxşı deyib: "Oğullar vətəni qorumaq üçün doğulur".
27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayanda da torpaq qeyrəti çəkən oğullar silaha sarılaraq döyüşlərə yollandılar. Yurdu, el-obanı qorumaq üçün vuruşdular, erməni işğalçılarına sarsıdıcı zərbələr vuraraq qəsbkarlara yeni ərazilərimizi zəbt etməyə imkan vermədilər.
Həmin günlər döyüşə gedən cəsur oğullardan biri də Rəvan Əliabbas oğlu Məlikov idi. Rəvan 6 mart 1996-cı ildə Kürdəmirin Şımıxlı kəndində dünyaya göz açmışdı. 2003-cü ildən 2014-cü ilə qədər rayonun Köhnəbazar kəndindəki orta məktəbdə oxumuş, orta təhsilini başa vurandan sonra Vətən qarşısındakı övladlıq borcunu yerinə yetrirmək üçün ordu sıralarına yollanmışdı. Xidmət müddətində hərbi biliklərə, müxtəlif təyinatlı silahların sirlərinə dərindən yiyələnmişdi. Rəvanın böyük qardaşı Pünhan hərbçi idi. Rəvan da onun kimi əyninə hərbi forma geyinib doğma ordumuzun sıralarında xidmət etmək istəyirdi.
Ürəyində pöhrələyən arzularına çatmaq üçün Rəvan Məlikov ordu sıralarından qayıtdıqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətə başladı. Cəbrayıl istiqamətində xidmət edən Rəvan həmişə səngərində ayıq-sayıq dayanır, mövqelərini göz bəbəyi kimi qoruyurdu. Səngərdən Cəbrayıl rayonunun dağıdılmış kəndlərinə, göz işlədikcə uzanıb gedən ərazilərinə baxanda düşmənə nifrəti daha da artırdı. Tezliklə bu yerlərin erməni işğalından azad olunmasını istəyirdi. Düşünürdü ki, işğal bu qədər uzana bilməz. Ordumuz çox güclü və qüdrətlidir. Qısa zaman ərzində qəsbkarları məğlub edə bilər. Rəvan özü də torpaqlarımızın azadlığı uğrunda başlayacaq döyüşlərin ön sıralarında vuruşmağı arzulayırdı. O günü, o anı səbirsizliklə gözləyirdi.
Rəvanın gözlədiyi gün gəlib çatdı. 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başladı. Həmin gün Rəvan da düşmən hücumunun qarşısını alanların sırasında idi. O da əsgər yoldaşları ilə çiyin-çiyinə erməni işğalçılarına qarşı cəsarətlə vuruşurdu. Çox çəkmir, komandanlığın əmri ilə əks-hücum əməliyyatları başladı. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazilərimizin azad edilməsi uğrunda döyüşlərə atıldı. Hərbçilərimiz vuruşa-vuruşa düşməni geri sıxışdırırdılar. Əsgər Rəvan da ön sıralarda vuruşurdu. Artıq düşmənin ön mövqeləri darmadağın edilmişdi.
Oktyabr ayının 1-i idi. Cəbrayılın Nüzgar kəndi uğrunda döyüşlər gedirdi. Rəvan silahının hədəfinə tuş gələn işğalçıları bir-bir məhv edirdi. Kəndin xeyli hissəsi düşməndən azad edilmişdi. Rəvan düşmənə daha dəqiq atəş açmaq üçün mövqeyini dəyişmək istəyəndə düşmən gülləsinə tuş gəldi və ağır yaralandı. Hərbi həkimlər nə qədər cəhd göstərsələr də, onun həyatını xilas edə bilmədilər. Rəvan torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Ertəsi gün, oktyabr ayının 2-də doğmalarının, yaxınlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə kəndlərindəki qəbiristanlıqda torpağa tapşırıldı.
İkinci Qarabağ müharibəsində ərazilərimizin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə və cəsarətə görə Rəvan Əliabbas oğlu Məlikov Prezident İlham Əliyevin sərəncamları ilə "Cəsur döyüşçü", "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edildi.
Anası Gülbəniz Məlikova övladını kədər hissi ilə xatırlayır. Deyir ki, Rəvan orduda xidmətə böyük həvəslə getdi: "O, əlini tez-tez sinəsinin üstünə qoyub deyirdi ki, ana, sənin bu oğlun Qarabağ uğrunda döyüşməyə gedəcək, erməni işğalçılarına Azərbaycan əsgərinin gücünü, qüdrətini göstərəcək. Deyirdim ki, ay bala, böyük qardaşın Pünhan da hərbçidi, onun çətinliklərini görürsən. Axı sən evin sonbeşiyisən, atan da, mən də yavaş-yavş yaşlanırıq, bizə kömək lazımdır. Nə qədər desəm də, məqsədindən, istəyindən geri dönmədi, ordu sıralarında xidmətə getdi. 2020-ci il sentyabrın 27-də müharibə başlayan gün iki qardaş ikisi də döyüşə atıldı. Uşaqlarımın, xüsusən də Rəvanın ustundə çox əsmişəm. Kanala çimməyə getmək üçün icazə verirdim, sonra isə ozüm dalınca gedirdim ki, cıx gəl evə, burulğana düşüb batarsan. Rəvan da körpə uşaq kimi mənə bağlı idi".
Şəhid atası Əliabbas Məlikov da oğlunu göz yaşları içində xatırlayır: "Dörd övlad böyütmüşük. Rəvan o birilərinə baxanda şıltaq idi, amma ərköyün deyildi. Ordu sıralarında xidmətə gedəndə anası onu fikrindən daşındırmaq istədi ki, özünə başqa bir yerdə iş tapsın. Amma Rəvan fikrindən dönmədi. Amma mən onun orduda xidmət etməyinə qarşı çıxmadım. Dedim ki, ürəyi istəyirsə, getsin. Döyüşə getməyini də bizdən gizlətmişdi, deyirdi ki, təlimə gedirəm. Yalnız şəhid olandan sonra bildik ki, Rəvan döyüşdəymiş. Oğlumun qəhrəmanlığı ilə həmişə fəxr edəcəyəm".
V.MƏMMƏDQULUOĞLU,
"Azərbaycan"