28 Sentyabr 2022 00:54
576
DÜNYA
A- A+

"Nüvə silahı ləğv edilmədən işıqlı gələcək olmayacaq"

 

BMT-nin baş katibi bəşəriyyəti dialoq və diplomatik danışıqların bütün imkanlarından istifadə etməyə çağırıb

 

Nüvə silahlarının tamamilə ləğv edilməsi Birləşmiş Millətlər Təşkilatının çoxdankı məqsədlərindən biridir. Bu, hələ 1946-cı ildə Baş Assambleyanın ilk qətnaməsinin mövzusu olub. Həmçinin bu məsələ 1959-cu ildən başlayaraq Baş Assambleyanın gündəliyinə daxil edilib, 1975-ci ildən isə Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulan dövlətlər tərəfindən BMT-də keçirilən icmal konfransların əsas mövzusuna çevrilib.
Bunlara baxmayaraq, hazırda dünya ölkələrinin cəbbəxanalarında 12700-dən çox nüvə silahı var. Bu cür silahlara malik olan ölkələrin maliyyə problemi yoxdur və nüvə arsenallarını modernləşdirmək üçün uzunmüddətli planlar hazırlayıblar. 
Dünya əhalisinin yarıdan çoxu ya bu cür silahlara malik olan, ya da nüvə ittifaqlarının üzvü olan ölkələrdə yaşayır. İndiyədək imzalanmış ikitərəfli və ya çoxtərəfli müqavilə əsasında nüvə silahlarının heç biri fiziki cəhətdən məhv edilməyib və nüvə tərksilahına dair danışıqlar aparılmayıb. Bu arada, nüvə çəkindirmə doktrinası bütün nüvə dövlətlərinin və onların müttəfiqlərinin təhlükəsizlik siyasətinin elementi olaraq qalır. Təhlükəsizlik sahəsində çağırışlar nüvə potensialının saxlanmasının davam etdirilməsi və bütün dünyada sülhün möhkəmləndirilməsi yollarını axtarmaqdan imtina üçün əsas ola bilməz.
BMT-nin baş katibi Antonio Quterreş Beynəlxalq Nüvə Silahlarının Tam Ləğv Edilməsi Gününə həsr olunmuş tədbirdə çıxış edərkən bilidirib ki, hər hansı bir ölkənin nüvə müharibəsinə başlaya və bu müharibədə qalib gələ biləcəyi ideyası utopiyadır. Nüvə silahından istifadə humanitar qiyamətə səbəb ola bilər. 
Antonio Quterreş bununla bağlı beynəlxalq ictimaiyyəti dünyanı və gələcəyi qorumaq üçün yekdilliklə səs qaldırmağa çağırıb. Baş katib əminliklə bildirib ki, dünyanın ən güclü silahı da təhlükəsizliyə zəmanət vermir. O, yalnız qırğın və xaos vəd edir. Quterreşin fikrincə, bu cür silahların ləğvi gələcək nəsillərə ən böyük hədiyyə olar.
BMT rəhbəri narahatlıqla qeyd edib ki, avqustda Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin Onuncu İcmal Konfransının iştirakçıları konsensusa yaxın olsalar da, yenə də istənilən nəticəni əldə edə bilməyiblər: "Biz məyus olduq. Amma biz heç vaxt geri çəkilməyəcəyik. Mən bütün ölkələri gərginliyi və riskləri azaltmaq, nüvə təhlükəsini aradan qaldırmaq üçün dialoqa, diplomatiya və danışıqların bütün imkanlarından istifadə etməyə çağırıram". Antonio Quterreş həmçinin nüvə silahları və onların yayılmaması üçün yeni perspektivlərin yaradılması zərurətindən danışıb, bəşəriyyətin üzləşdiyi bir sıra təhlükələr üzrə ümumi anlaşmaya çağıran "Sülh üçün yeni gündəm" adlı proqram sənədini xatırladıb.  Eyni zamanda qeyd edib ki, nüvə təhlükəsizliyi, o cümlədən müxtəlif növ nüvə silahları və onların çatdırılma vasitələri ilə bağlı vəziyyətin təkamülü nəzərə alınmalıdır. A.Quterreş bildirib ki, BMT bu təhdidləri birlikdə aradan qaldırmaq üçün bütün üzv dövlətlərlə işləməyə hazırdır. Onun fikrincə, nüvə silahı ləğv edilmədən ölkələr arasında sülh və etimad, Yer kürəsinin bütün sakinləri üçün işıqlı gələcək olmayacaq.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video