15 Yanvar 2023 01:55
681
Mədəniyyət
A- A+

Neftçala həm də rəssamlar yurdudur

 

Rayonda peşəkar rəssamlıq məktəbi ötən əsrin 60-70-ci illərində formalaşmışdır 

 

Həyat sübut edir ki, nə vaxtsa haradasa bir işin təməli möhkəm qoyulursa, o, heç vaxt itmir. əksinə, münbit şəraitdə daha da inkişaf edir. Neftçalada rəssamlıq sənəti keçən əsrin 60-70-ci illərində təşəkkül tapmağa başlamışdır. İstedadlı fırça ustası Adil Hacıyevin rəsm əsərləri öncə rayon sakinlərinin, sonra isə respublikanın adlı-sanlı rəssamlarının diqqətini cəlb etmişdir. Çox keçməmişdir, onun yaratdığı əsərlər müxtəlif sərgilərdə nümayiş olunmuşdur.

Həmin illər Neftçala rayonuna rəhbərlik edən İbrahim Qurbanovun təşəbbüsü ilə Neftçala şəhərində əzəmətli bir mədəniyyət sarayı tikilmişdir. O vaxta kimi Xıllı qəsəbəsində fəaliyyət göstərən rəsm qalereyası bu saraya köçürülmüşdür. Neftçala Rəssamlıq Məktəbinin yaradıcısı Adil Hacıyev bu işə hamıdan çox sevinənlərdən biri kimi mədəniyyət sarayında dərnək yaratmışdır. O, məktəbləri bir-bir gəzərək rəssamlığa həvəsi olan uşaqları ətrafına yığıb onlarla məşğələlər keçməyə başlamışdır. "Çəkilən heç bir zəhmət yerdə qalmaz" deyiblər. Məhz Adil Hacıyevin təşəbbüskarlığı, zəhməti sayəsində istedadlı gənclər üzə çıxmışdır. Xalq rəssamı, əsərləri dünya sərgilərində nümayiş etdirilən, sənətsevərlər tərəfindən rəğbətlə qarşılanan Sakit Məmmədov, tanınmış rəssamlar Fikrət İbrahimov, Rəhim Ağayev məhz A.Hacıyevin məktəbini keçərək sənət zirvəsinə ucalmışlar. 
Neftçala Dövlət Rəsm Qalereyasının direktoru Nigar Abdullayeva deyir ki, o özü də vaxtilə rayondakı rəsm dərnəyinə getmişdir. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olunmuş, ali təhsilini bitirib boya-başa çatdığı Neftçalaya qayıtmışdır. 2007-ci ildən Neftçala Dövlət Rəsm Qalereyasının direktorudur. 
Onun sözlərinə görə, A.Hacıyevin başladığı iş bu gün də davam edir. Nigar xanım bunu əyani şəkildə göstərmək üçün bizi qalereyanın geniş zalına dəvət etdi. Yaşlı, orta və gənc nəslə mənsub olan rəssamların əsərləri barədə məlumat verərək bildirdi ki, bu əsərlərin bütövlükdə ölkəmizin iqtisadi, mədəni həyatını, coğrafiyasını əks etdirdiyini görmək çətin deyil. Həqiqətən də, "Ulu Öndər Heydər Əliyevin Sosialist Əməyi Qəhrəmanı Nuruş Əliyevin sədr olduğu kolxozda pambıqçı qızlarla apardığı söhbət", "Kür çayının Xəzərə qovuşduğu mənzərə", "Neftçilər əmək növbəsində", "Balıqçı gəmiləri" və s. əsərləri seyr edəndə insanda xoş təəssürat, habelə nostalji hisslər oyanır. Həmin tablolarla sanki Neftçalanı gəzir, rayondakı quran, yaradan əmək adamları ilə tanış olursan. 
Hazırda rayon gənclərindən 2 nəfəri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında, 2 nəfəri Azərbaycan Pedaqoji Universitetinin Təsviri incəsənət fakültəsində, 1 nəfəri Rəssamlıq Kollecində, bütövlükdə 8 nəfər müxtəlif təhsil ocaqlarında rəssamlıq və heykəltaraşlıqla bağlı təhsil alır, sənətin sirlərini öyrənir. 
Yeniyetmə və gənclərin rəngkarlıq sənətinə olan həvəsinin artırılmasında sərgilərin rolu böyükdür. Elə ona görə də qalereyanın rəhbərliyi bu məsələni həmişə diqqətdə saxlayır. Bunun sayəsində təkcə 2022-ci ildə rayon rəssamları 22 sərgidə iştirak etmişlər. 
Bu gün Neftçala Dövlət Rəsm Qalereyasının əsas fondunda 96 əsər var. Onlardan 64-ü rəngkarlıq, 12-si qrafika, 17-si heykəltaraşlıq və 3-ü tətbiqi sənətə aiddir. Qalereyanın müvəqqəti fondunda isə müxtəlif janrlarda çəkilmiş 200-ə yaxın rəsm əsəri saxlanılır. Onlar fond üçün ayrılmış xüsusi otaqlarda mühafizə olunur. 

Seyran CAVADOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video