07 Avqust 2022 01:03
1438
SİYASƏT
A- A+

MÜZƏFFƏR ORDU Xalqın güvənc yeri, dövlətin dayağı

 

İlham Əliyevin yeni hərbi islahatları silahlı qüvvələrimizin maddi-texniki təminatını və yüksək döyüş hazırlığını daha da gücləndirir

 

İkinci Qarabağ müharibəsindəki şanlı Zəfər bir daha təsdiq etdi ki, Azərbaycan regionda ən güclü orduya malik ölkədir. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi dövlət olaraq qəbul edilir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi ordu quruculuğu nəticəsində Azərbaycan Ordusu çevik, peşəkar və müasir tələblərə cavab verən Silahlı Qüvvələr kimi formalaşıb. Vətən maharibəsindən sonra isə ordunun daha da modernləşməsi istiqamətində qarşıya yeni vəzifələr, tələblər qoyulub və bu gün həmin proses uğurla davam etdirilir.

 

Yeni mərhələyə keçən ordu quruculuğu

 

Vətən müharibəsi ordumuz üçün həm də bir sınaq oldu.  İllərlə keçirilən təlimlər, alınan müasir silah-sursatlar, texnikalardan yararlanma və ən başlıcası isə vahid komandanlıq sisteminin idarəedilməsinin uğurlu nəticəsi göz qabağında oldu. Bununla yanaşı, çatışmazlıq, əskiklik olan tərəflər də müəyyənləşdirildi və aradan qaldırıldı. 

Vətən savaşında böyük döyüş təcrübəsi toplayan silahlı qüvvələrimizin hazırda maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində mühüm işlər görülür. İşğaldan azad olunan bölgələrdə xüsusi təyinatlı hərbi hissələrin yaradılması, onların müasir hərbi texnika və silah-sursatla təchizatı bunun əyani təzahürüdür. Xüsusən də yeni yaradılan komando briqadaları müasir yeniliklərdən biridir və Azərbaycanda bir ilkdir.

Qalib sərkərdə İlham Əliyevin göstərişinə əsasən, müxtəlif hərbi təlimlərin keçirilməsi, hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması, ordumuzun müasir silah, hərbi texnika ilə təchiz edilməsi və bir sıra digər tədbirlər Azərbaycanın Ermənistan üzərində qazandığı üstünlüyün qorunub saxlanmasını təmin edir.

Bir müddət öncə müdafiə naziri general-polkovnik Zakir Həsənov "Azərbaycan" qəzetinə verdiyi məxsusi müsahibəsində məhz bu məsələlərə toxunaraq qeyd etmişdi ki, müharibədən sonra Ali Baş Komandan Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyub və hərbi islahatların növbəti mərhələsinin başlanması barədə göstəriş verib. Qalib komandan modernləşmə, silahlanma və hazırlıq sahələrində ordunun ən yüksək göstəricilərə sahib olması üçün konkret plan və tədbirlər hazırlayıb, onların təxirəsalınmaz icrasını tapşırıb.

Bununla yanaşı, hazırda bir çox hərbi hissələrimiz azad edilmiş ərazilərimizə dislokasiya edilir və ya həmin ərazilərdə yeni hərbi hissələr, şəhərciklər salınır.  Dislokasiya olunan bölmələrimizdə qoşun xidmətinin təşkili, şəxsi heyətin döyüş hazırlığının və döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, yeni hərbi infrastruktur obyektlərinin yaradılması, bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin yaxşılaşdırılması, döyüş planlarının dəqiqləşdirilməsi, maddi-texniki, tibbi təminatın davamlı yüksəldilməsi, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi və bu kimi digər məsələlərin həlli gündəlik fəaliyyətin əsas prioritetlərindəndir.

 

Hərbi islahatlar-modern silah-sursatla təchizat, yüksək döyüş hazırlığı

 

Peşəkar ordunun formalaşdırılması çoxşaxəli prosesdir. Bunun üçün uzun illər, bəzən onilliklər tələb olunur. Ancaq İlham Əliyevin hərbi islahatları bir daha təsdiq edir ki, Azərbaycan Silahlı Qüvvələri hazırda dünyanın ən güclü orduları sırasındadır.

Bununla belə, Ali Baş Komandan konkret planlar, tədbirlər əsasında hərbi islahatlarını davam etdirir və ordumuzun arsenalını getdikcə daha da gücləndirir. Bu da səbəbsiz deyil. Elə məhz bu məsələyə İlham Əliyev bir daha aydınlıq gətirərək Azərbycanın hərbi quruculuq işlərinin davam etdirilməsinin səbəblərini bir neçə aspektlə əsaslandırıb. Prezident vurğulayıb ki, ilk olarq, müharibə dövründə Azərbaycan Ordusu kifayət qədər döyüş sursatından istifadə edib və bu gün onlar bərpa edilməlidir. Bunun üçün bağlanmış yeni müqavilələr əsasında ordumuzun arsenalı ən yeni silah-sursat, hərbi texnikalarla təchiz edilir.

Digər məsələ isə silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılmasıdır. Çünki İkinci Qarabağ müharibəsi böyük Qələbə ilə yanaşı, həm də əməliyyatların aparılması sahəsində böyük təcrübə oldu. Bu, Silahlı Qüvvələrin təlim şəraitində deyil, əməli işdə yoxlanması prosesi idi ki, ordumuz bu yoxlamadan şərəflə çıxdı.

Ali Baş Komandanın tapşırıqlarından biri də yeni Komando xüsusi təyinatlı qüvvələrin yaradılması idi. Artıq bu tapşırıq da uğurla icra olunur. Müxtəlif ərazilərdə komando briqadaları yaradılır. Komando qüvvələrinin yaradılması ordumuzun hərbi potensialının təkmilləşdirmə elementlərindən yalnız biridir və lakin çox vacib elementdir.

Komando briqadalarının  yaradılması ölkəmiz üçün yenilikdir. Bu briqadalarda yüksək təlim keçmiş, iradəli və Vətən uğrunda özlərini fəda etməyə hazır olan hərbçilər xidmət edirlər. Komando briqadası ən son hərbi avadanlıq və silahlarla təchiz edilmiş müqaviləli mütəxəssislərdən ibarət daim hazırlıqlı, yüksək mobil hava-desant hücum birləşməsidir. Onlar günün istənilən vaxtında həm dağlıq, həm meşəlik ərazilərdə, həm də şəhər şəraitində hər an baş verə biləcək silahlı münaqişələrdə dərhal döyüşməyə hazırdırlar. Bu briqadalar təcrid olunmuş və ya əsas qüvvələrdən ayrı qaldığı halda vahid informasiya kommunikasiya məkanında qalıb, döyüş əməliyyatlarını aparmağa qadirdilər.

Göründüyü kimi, həyata keçirilən uğurlu proseslər, eləcə də müasir texnologiyaların tətbiqi ilə qoşunlarda yaradılan avtomatlaşdırılmış komanda idarəetmə məntəqələri silahlı qüvvələrin bütün qoşun növlərinin dayanıqlı, operativ, gizli və fasiləsiz idarə olunmasına imkan yaradıb. Hərbi hissələrin, əsasən də cəbhə xəttindəki bölmələrin yeni növ silah, döyüş texnikası və digər hərbi vasitələrlə təchiz edilməsi, raket və artilleriya qoşunlarının arsenalında olan müasir raket kompleksləri və atəşi idarəetmə sistemləri qoşunların döyüş qabiliyyətini xeyli yüksəldərək düşmənin canlı qüvvəsini, döyüş texnikasını və hərbi infrastrukturunu məhv etmək imkanlarını genişləndirib.

 

Yalan məlumatlarla əhali arasında çaşqınlıq yaratmaq yolverilməzdir

 

Əlbəttə ki, bütün bunlar Azərbaycanın gücünün, qüdrətinin göstəricisidir. Hər bir azərbaycanlı da bununla qürur duyur. Peşəkar jurnalistlərimiz ordumuzun gündən-günə güclənən qüdrətindən, yüksələn vətənpərvərlik hissindən və aparılan islahatlardan rəsmi mənbələrə əsaslanan maraqlı reportajlar, məqalələr hazırlayıb ölkə ictimaiyyətinə və dünyaya təqdim edirlər. Lakin təəssüflə qeyd etməliyik ki, son vaxtlar bəzi sosial şəbəkələrdə "fenomen" olmaq istəyən və özlərini "jurnalist" kimi təqdim edən şəxslər bu uğurlu prossesə kölgə salmağa cəhd edirlər. Həmin şəxslər diqqət çəkmək, izləyici toplamaq məqsədi ilə müxtəlif adlar altında Vətən müharibəsi və təlimlər zamanı Azərbaycan Ordusunun fəaliyyətini, döyüş texnikalarının hərəkətini əks etdirən foto və video görüntülərin üzərinə yeni tarixlər yazaraq yalan, uydurma informasiya yayırlar. Bu cür xəbərlər də təbii ki, əhali arasında çaşqınlıq yaradır. Müdafiə Nazirliyinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, belə yaramaz fəaliyyət davam etdirilir.

Hətta həmin şəxslər Ermənistan mətbuatının yaydığı yalan informasiyaları da öz səhifələrində paylaşmaqla böyük səhvlərə yol verirlər. Belə olan halda şübhələr də yaranır ki, bəlkə də bu insanlar nəyinsə müqabilində hansısa antiazərbaycançı qüvvələrə xidmət edirlər. Özlərini jurnalist adlandıran belələri anlamırlar ki, ordumuzla bağlı yaydıqları hər hansısa informasiya düşmən dəyirmanına su tökmək kimi bir şeydir.

Avqustun 1-də Müdafiə Nazirliyi bir daha bu məsələ ilə bağlı sosial şəbəkə istifadəçilərinə müraciət edib. Müraciətdə qeyd edilir ki, son günlər sosial şəbəkələrdə müxtəlif adlar altında Vətən müharibəsi və təlimlər zamanı Azərbaycan Ordusunun fəaliyyətini, hərbi kolonların, eləcə də döyüş texnikalarının hərəkətini əks etdirən foto və videogörüntülər yeni məlumat kimi paylaşılır. Nazirlik belə məlumatları yayanları ictimaiyyət arasında çaşqınlıq yaratmamağa çağıraraq bəyan edib ki, yalnız öz təsdiqini tapmış və qurumun rəsmi internet səhifəsində, həmçinin sosial şəbəkə hesablarında paylaşılan məlumatlara istinad etməlidirlər.

Görünən odur ki, dəfələrlə edilən xəbərdarlığa baxmayaraq, həmin şəxslər Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirməyə və həqiqətə uyğun olmayan informasiyalar yaymağa davam edirlər. Bu səbəbdən də hüquq-mühafizə orqanları belə təxribat xarakterli məsələlərlə bağlı mübarizə tədbirlərini gücləndirməlidirlər. Əgər bu cür dezinformasiyaların qarşısı vaxtında alınmasa, belələrinin sayı getdicə arta bilər.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video