12 Iyun 2022 00:33
930
Mədəniyyət
A- A+

Müstəqilliyin uğurlu salnaməsi

 

Azərbaycan Respublikasının son 30 ildə keçdiyi tarixi yolun tədqiqi və yazılması  asan deyil. Burada tədqiqatçıdan tarixi faktlara düzgün yanaşmaq, müstəqilliyin fəlsəfəsinə bələd olmaq tələb edilir. Bu, həm də millətə dünən ilə bu gün arasındakı fərqi izah edən xidmətdir. Eyni zamanda bu o zaman faydalı olur ki, keçmişdə baş verənlər uydurmalar və təxəyyül məhsulları əsasında deyil, reallıqlar, tarixi faktlar, sənədlər əsasında təhlil və izah edilir.

Bu baxımdan Azərbaycanın müstəqillik dövrünün ən mürəkkəb tarixi-siyasi proseslərinə şahidlik etmiş Bakı Dövlət Universitetinin təşəbbüsü, rektoru Elçin Babayevin elmi məsləhətçiliyi ilə AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı tərəfindən yazılmış iki cilddən ibarət "Azərbaycan Respublikasının tarixi (1991-2021)" adlı fundamental əsəri həm tədqiqat, həm də yazılma peşəkarlığına görə müstəqilliyin uğurlu salnaməsi adlandırmaq olar. Əsərin elmi redaktoru tarix elmləri doktoru, professor İbrahim Zeynalovdur. 14 fəsildən ibarət olan birinci cilddə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası ərəfəsində SSRİ-nin daxili və beynəlxalq vəziyyətinin ümumi mənzərəsi, sosializm sisteminin dağılmasının və soyuq müharibənin başa çatmasının nəticələri, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının başlanması, Ermənistandan azərbaycanlıların vəhşicəsinə qovulması, Sumqayıt təxribatı, 1990-cı il 20 Yanvar hadisəsi, Ümumilli Lider Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda qəbul edilən qərarların əhəmiyyəti, Azərbaycan SSR-in adının və bayrağının dəyişdirilməsi kimi müstəqilliyin bərpasına qədərki mürəkkəb proseslər dərindən təhlil edilmişdir.

Kitabda Ermənistanın açıq hərbi təcavüzünün başlanması, Xocalı soyqırımı, Azərbaycan Respublikasının BMT-yə üzv qəbul edilməsi, ATƏT-in Minsk qrupunun  yaradılması, müxtəlif ölkələr tərəfindən göstərilən real və qeyri-real vasitəçilik səyləri fonunda Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, 1992-ci ilin mayında silahlı çevriliş, Laçın və Kəlbəcər rayonlarının işğalı, ölkədə ümumi böhranın yaşanması, Yeni Azərbaycan Partiyasının yaradılması, BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə bağlı qəbul etdiyi qətnamələrin əhəmiyyəti və s. məsələlərin aydın  izahı hadisələrin baş verdiyi dövrün mənzərəsini göz önündə canlandırır. Müəllif baş verən hadisələri hansısa məhdud nəzəri yanaşmalar kontekstində deyil, müstəqil dövlətçiliyin məntiqi inkişafına diqqət yetirmişdir.

Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı, ölkədəki siyasi böhranın aradan qaldırılması üçün müdrik siyasi qərarların verilməsi, dövlət başçısının ilk xarici səfərləri, Bişkek protokolunun imzalanması, yeni neft strategiyasının müəyyənləşdirilməsi, "Əsrin müqaviləsi", 1994-cü və 1995-ci illərdə dövlət çevrilişi cəhdləri, Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi, Milli Məclisə ilk seçkilərin keçirilməsi ilə bağlı məsələlər kitabın birinci cildinin yeddinci, səkkizinci və doqquzuncu fəsillərində əksini tapmışdır. Müəllif haqlı olaraq bu mərhələni ölkənin yeni inkişaf mərhələsi və geniş islahatlar dövrünün başlanğıcı kimi qiymətləndirmişdir.

Birinci cildin növbəti fəsillərində siyasi tariximizin digər mühüm məqamlarına - Avropa Şurası ilə əməkdaşlıq, həyata keçirilən islahatlar, ATƏT-in Minsk qrupu həmsədrlərinin təklifləri, 1998-ci ilin prezident seçkiləri, Avropa Şurasına tamhüquqlu üzv olmaq yolunda atılan addımlar, İlham Əliyevin rəhbərliyi altında Avropa Şurası Parlament Assambleyasında Azərbaycan diplomatiyasının çox mürəkkəb şəraitdə uğurlu fəaliyyətlərinə diqqət yetirilmişdir.

Kitabın 27 fəsildən ibarət olan II  cildində isə XXI əsrin əvvəllərində Azərbaycan Respublikasının öz inkişafında yeni mərhələyə qədəm qoyması, beynəlxalq birliyin, aparıcı  təşkilatların üzvlərindən birinə çevrilməsi, kosmos klubunun üzvü statusunu qazanması, beynəlxalq nəqliyyat yollarının kəsişdiyi, beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsi, Azərbaycanın işğal edilmiş ərazilərini azad etmək uğrunda Ermənistanın təxribatlarına cavab olaraq başlamış Vətən müharibəsi və onun nəticələri  mötəbər tarixi sənədlər və qaynaqlar əsasında araşdırılmışdır. Müəllif bu cilddə də orjinal bir yol tutmuş, baş verən hadisələrin sistemli təhlili aparılmış, siyasi tariximizdə baş verənlərin, dövlət idarəçiliyində atılan addımların Azərbaycan Respublikasının müstəqilliyinə təsirləri tarixi-siyasi baxımdan qiymətləndirilmişdir. 2003-cü il 15 oktyabr prezident seçkiləri, 2005-ci ilin parlament seçkiləri,  Bakı - Tbilisi - Qars dəmir yolunun reallaşdırılması prosesi tədqiq edilmişdir.

Azərbaycan Respublikasının ən yeni tarixində Heydər Əliyev Fondunun adı qızıl hərflərlə yazılmışdır. Əsərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti geniş şəkildə  əks olunmuşdur. İkinci cilddə Heydər Əliyev Fondunun yaradılması, başlıca məqsədləri və fəaliyyət istiqamətləri tədqiq edilmişdir. Burada habelə, 2008-ci ilin prezident seçkiləri, 2009-cu ilin Konstitusiya referendumu siyasi tariximizin mühüm hadisələri kimi öyrənilmişdir.

Kitabın növbəti fəsillərində Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan qüdrətli Azərbaycan Respublikasının regional və qlobal miqyasda birləşdirici güc amilinə çevrilməsi, türk dövlətləri və xalqları arasında əməkdaşlıqda yeni səhifələrin açılması, Azərbaycanın sivilizasiyalararası dialoq məkanına çevrilməsi, Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına  qeyri-daimi üzvü seçilməsi məsələləri təhlil edilmişdir. Müəllif əsaslı olaraq qeyd edir ki, Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan Respublikası dünya sivilizasiyalararası dialoqun keçirildiyi məkana çevrilmiş, dünyanın görkəmli din xadimləri Bakıda toplantılara qatılaraq fikir mübadiləsi aparmış və müxtəlif dini konfessiyalar üçün yaradılmış təcrübəni öyrənmişlər.

Müasir siyasi proseslərin dərindən tədqiq edildiyi əsərdə daim genişlənən dövlət idarəçiliyində yeniliklərin edilməsi məsələsinin öyrənilməsi də xüsusi istiqamətlərdən birini təşkil edir. 2013-cü ildən sonrakı mərhələdə siyasi və iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, "Cənub qaz dəhlizi"nin yaradılması, TAP və  TANAP qaz boru kəmərləri, ölkədə keçirilən seçkilər, Azərbaycanın beynəlxalq idman oyunları mərkəzinə çevrilməsi kimi məsələlər əsərin ayrı-ayrı fəsillərində təhlil edilmişdir.

İkinci cilddə Ermənistan, erməni lobbisi və bu ölkəni dəstəkləyən güclər üzərində böyük qələbəyə gedən yolda islahatların daha da dərinləşdirilməsinin əhəmiyyəti aydın şəkildə izah edilmişdir. Burada dövlətin sütunlarının, ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi üçün atılan tarixi addımlar - 2016-cı il 26 sentyabr tarixli konstitusiya referendumu, Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi, 2018-ci il növbədənkənar prezident seçkiləri, cümhuriyyətin 100 illiyinin bayram edilməsi, 2020-ci ilin növbədənkənar parlament seçkiləri müasir tarixin ən mühüm hadisələri kimi şərh olunmuşdur.

Əsərin dəyərini artıran məqamlardan biri də 2020-ci il noyabr zəfəri ilə bağlı qeydlərlə yekunlaşmasıdır. Kitabda vurğulanır ki,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəbhədə və diplomatiya sahəsində qazanılan Qarabağ zəfəri hazırda qardaş Türkiyə ilə birlikdə regional və beynəlxalq müstəvidə davam edir.

Hesab edirik ki, Azərbaycan Respublikasının 30 illik müstəqillik tarixini əks etdirən bu əsər həmin dövrün ən uğurlu salnaməsidir.

 

İsmayıl HACIYEV,

AMEA Naxçıvan Bölməsinin sədri, akademik

 

Elnur KƏLBİZADƏ,

AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video