25 Sentyabr 2022 01:28
1092
SİYASƏT
A- A+

Müstəqillik dövrünün ən böyük büdcəsi

 

2023-cü ildə də sosial-iqtisadi inkişafın dayanıqlılığı təmin olunacaq

 

Gələn il respublikamızda icmal büdcənin gəlirləri 32 milyard 939,4 milyon manat səviyyəsində proqnozlaşdırılır. İcmal büdcənin xərcləri isə 37 milyard 883 milyon manat nəzərdə tutulur ki, bu da 2022-ci ilin yenidən baxılmış proqnozu ilə müqayisədə 2 milyard 342,1 milyon manat və ya 6,6 faiz çoxdur. Növbəti ildən başlayaraq icmal büdcənin tərkibinə İcbari Tibbi Sığorta Fondunun gəlirləri və xərcləri də daxil ediləcək.  Bu barədə məlumatlar 2023-cü ilin  dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamada yer alıb.

 

Qlobal çağırışlar və reallıqlar nəzərə alınıb

 

Dövlət büdcəsi ölkənin xərcləri və onların ödənilməsi mənbələri üzrə illik maliyyə planıdır. Məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının maliyyələşdirilməsini, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Büdcə həm də iqtisadi-sosial inkişaf proseslərini tənzimləyən maliyyə vasitəsidir. Ona görə də dövlət büdcəsinin layihəsinin və bununla bağlı digər məsələlərin müzakirəsi hər bir ölkədə ictimaiyyət tərəfindən diqqətlə izlənilir. 
"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa və "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 yanvar tarixli Sərəncamına uyğun olaraq 2023-cü il dövlət büdcəsinin və icmal büdcənin layihəsi, eləcə də sonrakı üç il üçün icmal büdcənin göstəriciləri və büdcə zərfinə aid digər sənədlər Maliyyə Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunub. Sentyabrın 22-də isə Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetinin 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin, 2023-cü il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunan geniş iclası keçirilib.
Qeyd edək ki, qlobal pandemiya şəraitində 2020-ci ildə ölkə iqtisadiyyatında müşahidə olunan iqtisadi azalma ötən ildən başlayaraq iqtisadiyyatın sürətli bərpa prosesi ilə əvəzlənib. Bu müsbət artım dinamikası 2022-ci ildə də davam etməkdədir. Makroiqtisadi göstəricilərdə müşahidə edilən pozitiv meyillər dövlət və icmal büdcələrinin icrasında da özünü göstərir. Bununla belə, qlobal proseslər, pandemiya ilə bağlı qeyri-müəyyənliklərin qalması Azərbaycan iqtisadiyyatı qarşısında da bir sıra yeni çağırışlar formalaşdırıb. Eyni zamanda bu gün Azərbaycan dövlətinin prioritetlərinin bir istiqaməti işğaldan azad olunmuş şəhər və kəndlərin bərpasına, bu ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsinə yönəldilib. 
2023-cü il və sonrakı üç ilin icmal və dövlət büdcələrinin layihələri qeyd olunan çağırışlar, eləcə də ortamüddətli dövr üzrə makroiqtisadi proqnoz göstərcilər nəzərə alınmaqla hazırlanıb. Növbəti ilin dövlət büdcəsinin tərtibi zamanı "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın həyata keçirilməsi üçün zəruri maliyyə təminatının yaradılması ilə yanaşı, ölkənin müdafiə və təhlükəsizlik qabiliyyətinin daha da gücləndirilməsi, dövlətin əsas funksiyalarının yerinə yetirilməsi diqqət mərkəzində saxlanılıb.

 

Gəlir və xərclər artır

 

2023-cü ildə dövlət büdcəsinin gəlirləri 30 milyard 720,7 milyon manat proqnozlaşdırılır ki, bu da 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 1 milyard 522,9 milyon manat və yaxud 5,2 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə 4 milyard 324,4 milyon manat və yaxud 16,4 faiz çoxdur. Növbəti ildə dövlət büdcəsinin xərcləri 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 996,2 milyon manat və ya 3,1 faiz artımla 33 milyard 300 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə 5877,6 milyon manat və yaxud 21,4 faiz çoxdur. 2023-cü ildə büdcədə xam neftin bir barelinin orta illik ixrac qiymətinin 50 ABŞ dolları səviyyəsində götürülməsi nəzərdə tutulur.
Mövcud reallıqlar və çağırışlar nəzərə alınmaqla 2023-cü il üzrə xərc siyasətində işğaldan azad edilmiş ərazilər üzrə bərpa və yenidənqurma işləri, Böyük qayıdışın təmin edilməsi, ərazilərdə müasir infrastrukturların, o cümlədən hərbi infrastrukturların tikintisi yer alıb. Eyni zamanda ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi, əməyin ödənişi, sosial müdafiə və sosial təminat üzrə islahatların davam etdirilməsi, inflyasiya təzyiqi nəzərə alınmaqla sosial dəstək tədbirlərinin həyata keçirilməsi, səhiyyə xərclərinin, o cümlədən əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması, COVID-19 pandemiyasının yayılmasına qarşı mübarizə və profilaktik tədbirlərin maliyyə təminatı, təhsil xərcləri prioritet istiqamətlər olacaq. O cümlədən kommunikasiya texnologiyalarının tətbiqi üzrə artan tələbatın qarşılanması, aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin, prioritet şəkildə buğda istehsalının inkişaf etdirilməsi üçün maliyyə dəstəyi və subsidiyaların ayrılmasının artırılması, ölkənin tranzit potensialının daha dolğun istifadəsi, transXəzər dəhlizi üzrə daşınmaların nəqliyyat logistika infrastrukturunun təkmilləşdirilməsi üzrə layihələrin dəstəklənməsi növbəti ilin büdcə xərclərində diqqət yetirilən istiqamətlər olacaq.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, işğaldan azad olunmuş ərazilərə Böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə 2023-cü ilin dövlət büdcəsindən 3 milyard manat vəsaitin ayrılması proqnozlaşdırılır. Bu xərclərin növbəti ildə dövlət büdcəsi xərclərində xüsusi çəkisi 9 faiz təşkil edəcək.
Əhalinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsinin və sosial təminatının gücləndirilməsi, aztəminatlı əhalinin sosial rifahının yaxşılaşdırılması daim dövlət başçısının diqqət mərkəzindədir. Bu istiqamətdə islahatların davam etdirilməsi, inflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi üçün 2023-cü il üzrə dövlət büdcəsinin sosialyönlü xərcləri cari illə müqayisədə 9,2 faiz çox nəzərdə tutulub.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müdafiə potensialının və ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir hərbi texnika və silah-sursatla təchizatı və hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması gələn ildə də əsas xərc istiqamətlərindən biri olacaq. Növbəti il müdafiə və milli təhlükəsizlik məqsədilə ayrılacaq vəsaitin həcmi 5 milyard 320,1 milyon manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 235,3 milyon manat və ya 4,6 faiz çoxdur. Gələn il üçün  müdafiə və milli təhlükəsizlik məsələləri ilə bağlı ayrılması proqnozlaşdırılan büdcə vəsaiti ümumi büdcə xərclərinin 16 faizini təşkil edəcək. 
Gəlir və xərclər göstərir ki, 2023-cü ilin dövlət büdcəsi Azərbaycanın dövlət müstəqilliyi ərzində hələlik ən böyük büdcəsi olacaq. Beləliklə, növbəti ildə də qarşıda duran bütün prioritet vəzifələr uğurla yerinə yetiriləcək. 

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video