22 Yanvar 2022 00:38
941
SİYASƏT
A- A+

Müqəddəs məkan

 

Şəhidlər xiyabanını ziyarət edənlər  həm də Zəfərdən doğan  qürur hissi keçirirdilər

 

Şəhidlər xiyabanı! 32 ildən artıqdır ki, ziyarət edilən bu müqəddəs məkanın adı dillər əzbəridir. Azərbaycan Respublikasının üçrəngli bayrağı bu zirvədə əzəmətlə dalğalanır.

Ulu Öndər  Heydər Əliyevin təşəbbüsü ilə ucaldılan “Şəhidlər” Abidə Kompleksi xiyabanın rəsmi simvoludur. Qızılla süslənmiş bu abidə kompleksi xiyabanın ümumi kompozisiyasının  kulminasiyası sayılır.

Köhnə Dağüstü parkın yerində ucalan memorial abidə yenə də uşaqlı-böyüklü hər kəsin baş əydiyi məbədə çevrilib. Səhidlər xiyabanının al-qırmızı qərənfillərə bürünməsi də məhz qəhrəmanlıq tariximizin şərəfinədir.

Xalqımızın and yerinə çevrilmiş bu müqəddəs məkanda 158 nəfər dəfn edilib. Xiyabanda həm də 256 Qarabağ, 38 nəfər isə Daxili Qoşunların şəhidi uyuyur. 1992-ci il yanvarın 25-26-da baş verən məlum “Daşaltı əməliyyatı”nda şəhid olan 70 döyüşçümüzün də şərəfinə xiyabanda abidə qoyulub.

Şəhidlər xiyabanındakı abidələrdən biri də 1918-ci ildə Bakını işğaldan azad edərkən şəhid olan türk əsgərlərinə ucaldılan anıtdır. Azərbaycan və Türkiyə bayraqları əziz şəhidlərimizin ruhu naminə daim burada qoşa dalğalanır.

Xiyabanda Azərbaycanın cəsur oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun da büstü ucalır...

 

Milli mücadilə, sevgi, sədaqət rəmzi

 

20 Yanvar 1990-cı ildən dövlət xadimləri, xarici qonaqlar, ailələr, ictimai təşkilat təmsilçiləri, eləcə də ali və orta ixtisas məktəblərinin şagird və  tələbələri, əmək kollektivləri xiyabanı ziyarət edirlər. Bu, ilk növbədə, Vətənin azadlığı uğrunda şəhid olanların heç zaman unudulmayacağını təsdiqləyir.

Şəhidlər xiyabanındakı ilk qarşılaşdığımız məzar İlham və Fərizəyə aiddir. Bu iki Azərbaycan gənci həm milli mücadilə, həm də sevgi, sədaqət rəmzidir! 20 Yanvar gecəsi İlham sovet  ordusu pərdəsi altında Bakını işğal etməyə tələsən, əsasən də ermənilərdən ibarət sovet silahlı dəstələrinin od saçan gülləsinə tuş gəlib şəhid olduqdan sonra Fərizə bu ayrılığa dözə bilməyib və “İlhamsız yaşamaqdansa, ölmək yaxşıdır”, - deyərək intihar edib! XX əsrin Leyli və Məcnunu, Fərhad və Şirini, Tahir və Zöhrəsi kimi sevilən və daim yad edilən İlhamla Fərizə haqqında dastan isə artıq dillər əzbəridir.

Hüzn günü Şəhidlər xiyabanına gələn ziyarətçilərin arasında kimlər yoxdur ki?! Bağçadan uşaqlar, ali  və orta məktəblərdən isə professor-müəllim heyəti və gənclər üz tutub xiyabana. Hər il Bakı 20 Yanvarı bax beləcə qarşılayır: yer-göy də xiyabana sanki öz qar-boranı, tufanı ilə baş əyir. Amma belə soyuq-şaxtalı hava ziyartçilərin qəlbindəki Vətən sevgisinin yaratdığı odu söndürə bilmir. Ona görə ki, hər kəs xiyabanı ziyarət etməyi özünə borc bilir.

Ənənə bu il də davam etdirilir. Ziyarətçilərin arasında kollektivlə gələnlər diqqəti daha çox cəlb edir. Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin əməkdaşlarından Şahmurad Məmmədov, Aygün Musayeva, Oqtay Salayev, Vidadi Əliyev, Məlahət Məlikova və başqaları ziyarətçilərin arasındadırlar. Kollecin müəllimləri deyirlər ki, 20 Yanvar xalqımızın tarixində ən şərəfli səhifələrdən biridir: “...Əliyalın xalqımız məhz o gün topların, tankların qabağına çıxmaqla öz mərdliyini, cəsarətini, imperiyaya qarşı mübarizliyini bir daha sübut etdi. 20 Yanvar xalqımızın müstəqillik savaşında mühüm əhəmiyyətə malik bir gündür. Kollektivimiz 20 Yanvar dairəsindəki abidə kompleksini ziyarət edib, üzərinə əklil qoyub. Builki ziyarətimiz tamamilə fərqlidir. Baxın, insanların simasında bir qürur duyulur. Çünki 30 ilə yaxın müddət idi ki, xalqımız Qarabağın həsrəti və onun azad edilməsi diləyi ilə bu müqəddəs məkanı ziyarət edirdi. Ötən ildən ziyarətçilərimizin simasında bir qalibiyyət hissi - qürur duyulur. Demək, şəhidlərimizin ruhu da şaddır...”

 

Qanlı şənbə günü yaralılara can verənlərimiz

 

“...Azadlıq aşiqləri o zaman sübut etdi ki, bizi müstəqillik yolundan heç bir imperiya, hər hansı qüvvə döndərə bilməz. Bugünkü müstəqilliyimizə görə biz, ilk növbədə, 20 Yanvar şəhidlərinə borcluyuq. Əlbəttə, dövlətimiz burada üzərinə düşən hər şeyi edir: xiyabanın  abadlığı, şəhidlərimizin adlarının əbədiləşdirilməsi, ailələrinə qayğı, onların sosial müdafiəsinin gücləndirilməsi kimi mühüm tədbirlər görülüb...”

Bu fikirləri söyləyən Respublika Dəri-Zöhrəvi Mərkəzinin əməkdaşları Müşfiq Zeynalov, Sevil Yusifova, Nuridə Almasova, Şəhla və Sevda Əliyevalar, Nəzakət Cəfərova, Sədaqət Quliyeva, Müseyib Əliyev onu da əlavə etdilər ki, hər il bir qayda olaraq xalqımızın and yerini - azadlıq uğrunda canlarından keçən şəhidlərimizin müqəddəs məzarlarını ziyarət edirlər. Axı, qanlı şənbə gecəsində amansız, odsaçan güllələrə sinəsini gərən, gecə sabaha kimi isə şam işığında yaralılara yardım edənlər həkim dostlarımız idilər. Təcili yardım maşınları güllə-baran ediləndə şəhidlik zirvəsinə ucalan həkimlərimiz də oldu...

Uzun müddət hüquq sahəsində dövlətçiliyə sədaqətlə xidmət göstərmiş, hazırda təqaüddə olan Bakı şəhər sakini İlham Məmmədov da ailəsi ilə birlikdə xiyabanı ziyarət etməyə tələsir: “Müqəddəs and yerinə çevrilən Şəhidlər xiyabanına 32 ildir yaşından, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq, nəinki Azərbaycan vətəndaşları gəlir, ümumiyyətlə, paytaxtın əcnəbi qonaqları, yaxın-uzaq ellərdə yaşayan soydaşlarımız da Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçənləri burada doğmaları kimi yad edir, ruhlarına dualar oxuyurlar. Biz də illərdir ki, ailəliklə bu müqəddəs məkanı ziyarət edirik, axı onlar Vətənimizin azadlığı uğrunda canlarından keçiblər. Bizim də borcumuz onları yeni nəsillərə tanıtmaq və sevdirməkdir”.

Ziyarətə gələn Quba Rayon Yeni İctimai Nəzarət Təşkilatının üzvü Könül Hacıyeva isə fikirlərini belə ifadə etdi: “20 Yanvar Azərbaycanı müstəqilliyə aparan yolun başlanğıcı olub. Ölkədə milli azadlıq hərəkatını boğmaq məqsədilə sovet rəhbərliyi tərəfindən Bakıya yeridilən canlı qüvvə və ağır hərbi texnika dinc əhalini amansızcasına atəşə tutub. Yüzlərlə insan şəhid olub və yaralanıb. Sovet ordusunun tərkibində paytaxta soxulan erməni quldur dəstələrinin törətdiyi həmin vəhşiliklər insanlıqdan çox-çox uzaq idi. 20 Yanvarın davamı olaraq sonralar respublikamızın hər tərəfinə Ermənistan tərəfindən havadarlarının dəstəyi və yardımları ilə genişmiqyaslı hərbi təcavüz edilmədimi?! Bir sözlə, qanlı 20 Yanvar xalqımıza dostu və düşmənini yaxından tanıtdı...”

Gəncədən gələn müəllim Saday Bağırovun da fikirləri Vətənə, xalqa sədaqətli xidmət, xəyanətkar düşmənə nifrətlə yoğrulmuşdu: “Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar imperiyanın cinayətkar rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenliyini bərpa etdi. 44 günlük Vətən müharibəsində də düşmən üstümüzə tankla-topla, hətta raketlə gəldi. Gəncə, Tərtər, Bərdə raket atəşinə məruz qaldı, ölən və yaralananlar olsa da, düşmənə baş əymədik. Qələbəmizlə düşməni məğlub etdik. Xalqımızın, ordumuzun, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birliyinin yaratdığı “dəmir yumruq”la Zəfərlə nətisələndi! Bu, əslində, 20 Yanvarda göstərdiyimiz həmrəylik idi”.

 

Gözüyaşlı qərənfildən nəğməli xarıbülbülədək...

 

Ziyarətə gələnlər arasında xiyabanın yaşıdları da az deyildi: 32 yaş gəncliyin odlu-alovlu, hisslərin və duyğuların baş alıb getdiyi dövrdür. Bu yaşda olanlarda vətənpərvərlik daha çox hiss olunur. Xiyabanı ziyarət edən tələbə-gənclər bu il daha çox idi.  BDU-nun tələbələrindən Cəmilə Nəcəfzadəni, Banuçiçək Əliyevanı, Ramin, Bəhram Bəylərov qardaşlarını, ibtidai sinif müəllimi Aynurə Nəcəfovanı, Qarabağ qazisi Elçin Əliyevlə qardaşı, Dənizçilik Akademiyasının məzunu Emin Əliyevi, ataları - Birinci Qarabağ müharibəsinin iştirakçısı Müzəffər Əliyevi və digərlərini bu müqəddəs məkana gətirən bir gecədə torpaq üzərinə qanları ilə “Azadlıq” yazan şəhidlərin məzarlarını ziyarət etmək və amallarına sadiq qalacaqlarını təsdiqləməkdir.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi fəallarından, Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin əməkdaşı Samir Mustafayev bildirdi ki, Azərbaycan gəncliyi qəhrəman şəhidlərimizlə fəxr edir: “Ümummilli Lider Heydər Əliyevin vaxtilə söylədiyi dəyərli fikirlər bir daha yada düşür: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

...Şəhidlər xiyabanı qərənfil libasına bürünərək, növbəti 32-ci anım günündə ziyarətçilərini qürurla qarşılayır. Axı illərin arzuları gerçəkləşib! Şəhidlərimizin qanı yerdə qalmayıb: Qarabağımız azaddır!

 

Rəhman SALMANLI,

Məhəmməd NƏRİMANOĞLU,

İlham BABAYEV (foto),

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video