04 Avqust 2022 01:34
704
Elm və texnika
A- A+

Mükəmməl islahatlar modeli

 

Azərbaycan Prezidentinin fərmanı elmimizin inkişafında yeni bir mərhələnin əsasını qoydu

 

Hər bir dövlətin uzunmüddətli və dayanıqlı inkişafı elmə verilən dəyərlə bağlıdır. Elm cəmiyyəti irəli aparır, qarşıya qoyulmuş böyük hədəflərə çatmasına, qazanılmış nailiyyətlərin qorunaraq daha da genişləndirilməsinə kömək göstərir. Azərbaycanda elmin inkişafı, elmlə ölkənin sosial-iqtisadi, mədəni həyatının vəhdəti, alimlərimizin qlobal elm mühitində özlərinə layiqli yer tuta bilmələri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə də mühüm yer tutur.

Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən toplantılarda, elm adamları ilə görüşlərində dövlət rəhbərimiz hər zaman elmə, alimlərə böyük dəyər vermiş, dövlətimizin bu sahədə çalışan insanlara yüksək münasibətini ifadə etmiş, onların fəaliyyətinə şərait yaradılması, elm adamlarını qayğılandıran müxtəlif məsələlərin həlli istiqamətində məqsədyönlü addımlar atmışdır. Ölkəmizdə Elmin İnkişafı Fondunun yaradılması, müvafiq elmi layihələrin maliyyələşdirilməsi, AMEA-nın bir çox institutlarına elmi tədqiqatlar üçün yeni avadanlıqların alınması, ayrı-ayrı sahələrdə çalışan vətəndaşlarımız kimi AMEA əməkdaşlarının da maaşlarının müntəzəm şəkildə artırılması bunun təsdiqidir.

 

AMEA yenə də fəaliyyətini davam etdirir

 

Artıq elə bir dövr gəlib çatıb ki, bu sahədə fundamental dəyişikliklərə ehtiyac var. Müasir texnologiyalar, yeniləşən strukturlar, ən nəhayət, dəyişən insanlar elm sahəsində də köklü islahatların aparılmasını aktuallaşdırır. Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 28 iyul 2022-ci il tarixli Fərmanı ilə ölkəmizdə Elm və Təhsil Nazirliyinin yaradılması da bu məqsədə xidmət edir. Müvafiq fərmanla Elm və Təhsil Nazirliyinə elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər həvalə edilib. Nazirliyin yanında 2 yeni agentlik yaradılıb və AMEA-nın bir sıra elmi müəssisə və təşkilatları yeni yaradılmış Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Bu proses əsla AMEA-nın ləğv olunması demək deyil, əksinə, elm və təhsilin inteqrasiyasında yeni mərhələnin başlanğıcıdır. AMEA humanitar yönümlü bir sıra elmi müəssisələri ilə öz fəaliyyətini yeni inkişaf prioritetlərinə uyğun davam etdirəcək. Bu fərman müasir dünyamızın çağırışlarından, dövrün inkişaf məntiqindən irəli gələn tarixi bir addımdır və müsbət nəticələrinə zamanla şahid olacağıq. 

 

İdeya, texnologiya, məhsul

 

Elm həmişə iqtisadi inkişafın hərəkətverici qüvvəsi rolunda çıxış edib. Bu gün isə yeni elmi kəşflər, tətbiqi elmlərin ortaya qoyduğu texnologiyalar sayəsində dünyanın iqtisadi mənzərəsi dəyişir. Elm tutumlu sahələr ayrı-ayrı ölkələrin iqtisadiyyatında aparıcı rol oynayır. Bu gün dünyanın ən zəngin ölkələri heç də böyük təbii resurslara malik ölkələr deyil, elmi ideyalar yaradan və bu ideyaları məhsula çevirib satmağı bacaran ölkələr sayılır. Bu zəncirvari proses belə baş verir: alimlər laboratoriyalarda elmi ideyalar üzərində çalışır, müxtəlif eksperimentlərin, sınaqların, təcrübələrin köməyi ilə hər hansısa elmi ideyanı nəzəri cəhətdən formalaşdırıb əsaslandırır, texnoloqlar həmin ideya əsasında məhsul prototipini yaradır, biznes qurumları isə bu məhsulun kütləvi istehsalını və satışını həyata keçirərək iqtisadi dəyər yaradırlar. Beləliklə, hər üç tərəf bu prosesdən qazanmış olur.

 

Vəziyyət müsbətə doğru dəyişəcək

 

Azərbaycanda çox güclü elmi ənənələr var. Bu gün dünyanın tanınmış elmi mərkəzlərində, universitetlərində çalışan azərbaycanlı alimlərin xoş sorağı, mühüm elmi nailiyyətlərdə imzalarının görünməsi bu ənənələrin davam etdiyini göstərir. Amma razılaşaq ki, bu gün qapılarını mütərəqqi qlobal yeniliklərə açmış Azərbaycanın elmi mərkəzlərinin dünya elminə fəal şəkildə inteqrasiyasına daha çox ehtiyac var. Kommunikasiya imkanlarının genişlənməsi, dünyanın mobilləşməsi, əldə olunmuş elmi nəticələri yüksək reytinqli elmi nəşrlərdə təqdim etmək imkanları, ayrı-ayrı qlobal layihələrə qoşularaq xaricdəki həmkarlarla müştərək araşdırmalar aparmaq fürsəti buna əlverişli şərait yaradır. Nəzərə almaq lazımdır ki, elm, xüsusilə də tətbiqi elmlər məhəlli xarakterdən uzaqdır. Mühüm elmi nailiyyətlər haqqında yalnız o zaman söhbət açmaq mümkündür ki, bu nailiyyətlər qlobal çevrədə maraq və fayda yaratsın.

Son illər Azərbaycan alimlərinin qlobal indeksli jurnallarda çap olunmaları, xarici elmi mərkəzlərin layihələrində iştirakı sahəsində müəyyən irəliləyişlər nəzərə çarpsa da, belə az sayda istisnalar ümumi mənzərəni dəyişmirdi. AMEA-nın elmi-tədqiqat mərkəzlərində ümumi ətalət ruhunun olması isə bir reallıq idi. Bunun da müxtəlif səbəbləri var. AMEA bir təşkilat olaraq ötən əsrin 40-cı illərində, o dövrün tarixi şəraitində, mövcud şərtləri daxilində yaradılmış bir təsisatdır. Uzun illər ərzində bu təşkilat üzərinə düşən vəzifələri şərəflə yerinə yetirib. Azərbaycan elminin, mədəniyyətinin tərəqqisində, cəmiyyətin sosial-iqtisadi inkişafının nəzəri əsaslarının, milli dövlətçilik ideologiyasının formalaşmasında əhəmiyyətli rol oynayıb, böyük bir alim nəslinin yetişməsinə kömək göstərib. Amma AMEA-nın mövcud strukturunun dövrün tələblərinə artıq cavab verməsi, ölkəmizin ümumi inkişaf ahəngi ilə ayaqlaşa bilməsi hər şeyin düzgün, optimal şəkildə qurulmuş strukturdan, səmərəli, şəffaf idarəetmədən, resurslardan effektiv şəkildə faydalana bilməkdən başlanır. AMEA-nın mövcud strukturu bütün bu tələblərə, dövrün inkişaf prioritetlərinə uyğun gəlmirdi. Dövlət rəhbərimizin müvafiq fərmanı bu istiqamətdə vəziyyəti müsbətə doğru dəyişəcək.

Elmi fəaliyyət hər nə qədər mənəvi zövq olsa belə, alimin də layiqli həyata, yüksək maddi təminata ehtiyacı var. Elm adamları cəmiyyətin yüksək sosial statusa malik zümrəsidir, onların həyat və məişəti, dolanışıq səviyyəsi bunu tamamlamalıdır.

Ən narahatedici məqamlardan biri isə yüksəkpotensiallı gənclərin elmdən uzaq düşmələri idi. Elmi fəaliyyətə maraq göstərən gənclər, adətən, bilik və bacarıqlarına, yüksək hazırlıqlarına, yaradıcılıq qabiliyyətlərinə, xarici dil biliklərinə görə ali məktəblərin ən uğurlu, hazırlıqlı, seçilmiş, ümidverən məzunları olur. Onlar maddi amillərə görə arzuladıqları həyatı qura bilməyəcəklərini görəndə başqa sahələrə üz tuturdular. Əmək bazarında belə gəncləri "əldə çıraqla axtaran" özəl şirkətlər isə yüksək əməkhaqqı təklifi ilə onları dərhal işə götürüb potensiallarından istifadə etməyə başlayırdılar. İtirən yenə də elmimiz olurdu, bu sahədə nəsillərin yenilənməsi baş vermir və qeyri-normal vəziyyət yaranırdı.

Son vaxtlar AMEA-da və ümumən Azərbaycan elmində islahatlarla bağlı səsləndirilən mütəmadi çağırışlar çoxsaylı suallarla üzləşirdi: islahatların hansı səmtdə aparılması, vəziyyəti müsbətə doğru dəyişmək üçün nələrin edilməli olması, hansı addımların atılması çoxlarına aydın deyildi. Azərbaycan Prezidentinin müvafiq fərmanı isə mükəmməl bir islahat modeli ortaya qoyaraq bütün bu suallara cavab verdi. Bu mühüm dövlət sənədinin məzmunu, müəyyən etdiyi istiqamətlər ilk növbədə xarici təcrübənin diqqətlə öyrənildiyini, bütün detalların nəzərə alındığını, ən mütərəqqi təcrübələrin tətbiq olunduğunu göstərir.

 

Elm və təhsilin vəhdəti

 

Dünyanın bütün inkişaf etmiş ölkələrində elmlə təhsil vəhdətdədir. Əksər aparıcı universitetlərin elmi mərkəzləri var və bu mərkəzlərdə mühüm elmi nəticələr ortaya qoyulur.

Azərbaycanda Elm və Təhsil Nazirliyinin yaradılması, AMEA-nın bir çox elmi müəssisələrinin bu nazirliyin tabeliyinə verilməsi belə bir təcrübənin ölkəmizdə də öz yerini tutmasına şərait yaradacaq. İstedadlı gənclər hələ tələbə ikən elmi fəaliyyətə cəlb olunacaq. Müxtəlif layihələrdə onların potensialından, bilik və bacarıqlarından istifadə ediləcək. Xarici elmi mərkəzlərlə əlaqələr genişlənəcək, birgə layihələr üzərində elmi tədqiqatlar aparılacaq. Fərman, yeni idarəetmə modelinin tətbiqi əsl alimlərin fədakar əməyinin layiqincə qiymətləndirilməsinə imkan verəcək.

Eyni zamanda humanitaryönümlü bir sıra elmi müəssisələrin öz fəaliyyətini AMEA tərkibində yeni inkişaf prioritetlərinə uyğun davam etdirməsi xalqımızın milli-mənəvi dəyərlərinin, tariximizin, mədəniyyətimizin, milli ideologiyamızın fundamental şəkildə işlənməsinə şərait yaradacaq. AMEA-da seçki ənənələrinin saxlanması, əlaqələndirmə və problem şuralarına rəhbərlik mütərəqqi təcrübələrin də qorunmasına, bu sahədə işlərin koordinasiya edilməsinə kömək göstərəcək.

Azərbaycan Prezidentinin müvafiq fərmanı hər cəhətdən elmimizin inkişafında yeni bir mərhələnin əsasını qoyur. Yüksək keyfiyyət meyarı bu mərhələnin əsas göstəricisi olacaqdır.

 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video