24 Sentyabr 2022 00:46
820
Səhiyyə
A- A+

Mövsümi qriplərdən necə qorunaq?

 

Payız aylarında qrip və kəskin respirator virus infeksiyalarına yoluxma hallarında artımın baş verməsi təbiidir. 
Bəs mövsümi xəstəliklərdən necə qorunmaq olar? Vaksinasiya respirator xəstəliklərindən insanları nə dərəcədə qoruyur? Mövzu ilə bağlı suallarımıza Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Aişə Kərimova aydınlıq gətirdi.

 

Kəskin respirator virus infeksiyaları ən çox yayılan və epidemiyaya meyilli xəstəliklərdəndir

 

Həkimin sözlərinə görə, hər il payız və qış mövsümündə mütəmadi olaraq kəskin respirator virus infeksiyalarına yoluxma hallarında artım tendensiyası müşahidə edilir. Ölkəmizdə pandemiya dövründə vəziyyət məqbul idi, xəstə sayında ötən illərlə müqayisədə azalma var idi: "Bunun başlıca səbəbi pandemiya ilə əlaqədar tibbi maskadan istifadə, gigiyena-sanitariya qaydalarına və sosial məsafəyə riayət edilməsi idi".
İnfeksionist qeyd etdi ki, kəskin respirator virus infeksiyaları, əsasən, hava-damcı yolu ilə ötürülür və tənəffüs yollarının iltihablaşması ilə nəticələnir. Kəskin respirator virus infeksiyaları Yer üzərində ən çox yayılan və epidemiyaya meyilli xəstəliklərdəndir. 
Bu qrup xəstəliklərə: qrip, paraqrip, adenovirus və rinovirusların törətdiyi xəstəliklər aiddir. Xüsusilə A, B, C tipli qrip viruslarına daha çox rast gəlinir. Onlar epidemiyaya çevrilərək yoluxma ehtimalını artırırlar. Bu viruslar 6-8 həftəlik bir müddəti əhatə edir. 
Bütün kəskin respirator virus infeksiyaları üçün xəstəliyin ilkin əlamətləri demək olar ki, eynidir: hərarətin tədricən qalxması, baş və boğaz ağrıları, asqırma, öskürmə, iştahanın azalması, yuxunun pozulması və s. Viruslara yoluxma  asqırma, öskürmə zamanı milyonlarla virusun ətrafa yayılması nəticəsində baş verir. Bu zaman digər xəstəliklər də (anginalar, uşaq serebral iflici, vərəm, böyrək xəstəlikləri və s.)  kəskinləşir.

 

Həkimlər virusa yoluxmamaq üçün vaksinasiyanı vacib hesab edir

 

Qripin əsas profilaktik metodu vaksinasiya hesab edilir. Vaksin orqanizmin immunitetini artırır və əhalinin sağlamlığının qorunmasına yardım edir. Bununla bağlı infeksionist bildirir ki, risk qrupuna ağır xroniki xəstəliklərdən əziyyət çəkənlər, 65 yaşdan yuxarı şəxslər, hamilə və süd verən qadınlar, onkoloji xəstələr, xüsusilə də xəstəxana və baxım evlərində çalışan personal daxildir. Vaksinasiya olunmayan  bu şəxslər qripi daha ağır keçirəcəklər.
Həkim bildirir ki, vaksinlərin qoruyuculuğu bir il olur. Ondan sonra növbəti ilin ştamına uyğun peyvənd hazırlanır və əsasən oktyabr-noyabr aylarında tətbiq olunmağa başlanılır. Bunun sayəsində immunitet 14 gündən sonra bərpa olunur. Təqribən vaksin olunmuş hər 10 şəxsdən 7-8-i immunitet qazanır. Peyvənddən sonra cüzi əzələ ağrısı, hərarətin bir az qalxması müşahidə edilsə də, ağır simptomlar yaşanmır.
A.Kərimova söyləyir ki, viruslardan qorunmaq üçün tibbi maska taxmaq, şəxsi gigiyena qaydalarına əməl etmək, əlləri tez-tez sabunla yumaq və ya dezinfeksiya etmək lazımdır. Xəstəliyə yoluxmuş şəxslər isə mütləq qaydada birdəfəlik tibbi maskalar taxmalı və onları 4-6 saatdan-bir dəyişməlidirlər.
Mövsümi qriplər koronavirusdan kəskin fərqlənmir. Qripə tutulma zamanı asqırma, göz və burunətrafı nahiyələrin qızarması, burun axma şikayətlərinin daha ön planda olması, şiddətli baş ağrıları müşahidə edilir. Hər iki halda xəstə özünü ətrafdakılardan təcrid etməlidir. Narahatlıqları artarsa, mütəxəssislərə müraciət edib diaqnostik dəqiqləşdirmə aparılmasına ehtiyac var.
 

Viruslarla mübarizədə düzgün qidalanma da önəmlidir

 

Mütəxəssislər bildirirlər ki, balanslaşdırılmamış və yetərsiz qidalanma  immuniteti zəiflədərək orqanizmi müdafiəsizləşdirir, xəstəliklərə yoluxma riskini artırır və onun gedişatını ağırlaşdırır.
Buna görə də xəstəlik zamanı əsas məqsəd maye və mineral balansını təmin etməkdir. Xüsusilə də rotavirus, adenovirus zamanı qida rasionlarından ətli, yağlı, qızarmış və çətin həzm edilən qidalar çıxarılmalıdır. Buğda unundan hazırlanmış çörək, yağsız ət, qatıq, meyvə və tərəvəz kimi əlavə şəkər qatqısı olmayan yumşaq qidalara üstünlük verilməlidir.
Bədən temperaturunun sabit saxlanılması və infeksion toksinlərin orqanizmdən xaric olunması üçün 1.5-2 litr maye qəbulu olmalıdır. Temperaturun qalxdığı dövrlərdə maye qəbulu artırılmalı və bədən yetərli enerji ilə təmin olunmalıdır. Enerji qaynağı kimi bəsit karbohidratlar olan rafinə edilmiş şəkər və şəkərli qidaların yerinə taxıl məhsullarına daha çox üstünlük verilməlidir.
Kəskin respirator virus infeksiyalarının profilaktikası zamanı məktəb, universitet və digər qapalı ictimai məkanlarda dezinfeksiya tədbirləri aparılmalı, otaqların havası mütəmadi olaraq dəyişilməli, qapı dəstəkləri tez-tez silinməlidir.
Ümumiyyətlə, hər bir xəstəlikdən, eləcə də kəskin respirator virus infeksiyaları və qripdən qorunmağın ən yaxşı yolu  vaxtında aparılan profilaktik tədbirlər və peyvəndlərin vurulmasıdır.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video