16 Sentyabr 2022 01:23
737
İDMAN
A- A+

MÖHTƏŞƏM OYUN, TARİXİ QƏLƏBƏ

 

Ağdamın "Qarabağ" komandası Fransa "Nant"ını evinə əliboş göndərdi

 

UEFA Avropa Liqası
G qrupu, 2-ci tur

 
"Qarabağ" (Azərbaycan) - 
"Nant" (Fransa) - 3:0 
Qol: Ovusu Kvabena, 59, Abduallah Zubir, 65, Marko Yankoviç, 72
Baş hakim: Enea Jorgji (Albaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Futbolda taxtika, oyun planı və s. çox vacib məsələlərdəndir. Ancaq əzmkarlıq, ruh yüksəkliyi, qələbə qazanmaq inadkarlığı komandaları qarşılaşmaya daha fərqli motivasiya edir. Məhz dünən "Qarabağ" - "Nant" matçında bunun şahidi olduq. Ağdam klubu matçın 70 dəqiqəsini meydançanın fransızlara aid hissəsində tətbiq etdiyi pressinqlə qonaqların oyun qurmasına imkan vermədi. Qısa ötürmələrlə oyunu meydançanın rəqibə aid olan hissəsində keçirən ağdamlılar itirilən hər topdan sonra demək olar ki, Fransa təmsilçisinə boş zona buraxmadılar.
Doğma divarlar arasında 4-3-3 oyun formatı ilə meydançaya çıxan Ağdam klubu müdafiənin arxasına atılan toplarda və standart vəziyyətlərdə çox diqqətli oldu.  İlk 20 dəqiqədə topu rəqibə verən komandamız qapısı qarşısında təhlükəli epizodlar yaşadı. Lakin ilk hissənin 25-ci dəqiqəsindən etibarən ənənəvi oyun planına dönən "Qarabağ" daha çox qısa ötürmələrə üstünlük verərək meydançanın mərkəzində "Nant"lı futbolçuları yormağı bacardı. Bununla da matç tempini tədricən artıraraq oyuna nəzarəti tam ələ aldı. Qurban Qurbanovun komandası həm toplu, həm də topsuz oyunda hazırlıqlı, ötürmələrdə daha sürətli idi. 
"Qarabağ"da Qara Qarayev və Marko Yankoviç boş zonaları çox yaxşı bağladılar. Xüsusilə Yankoviç 1-ci və 3-cü zona arasında əlaqəni, balansı yaxşı qorudu. Bəli, Qara Qarayevlə Yankoviç bir-birilərini çox yaxşı idarə etdilər. Meydanda dağıdıcı funksiyanı yerinə yetirən Qara qazandığı topu tez bir zamanda Ozobiç və ya Yankoviçə çatdırdı. Monteneqrolu yarımmüdafiəçinin meydanda olması 3-cü zonada həm Kadi, həm də Zubir üçün əlavə üstünlüklər qazandırdı. Belə ki, top rəqibdə olarkən 1-ci və ya 2-ci zonada bu oyunçuların üzərilərinə çox da yük düşmədi.
Hücum xəttində yer alan  Ovusu həm hücumda, həm də geri dönüşlərdə boş zonalara vaxtında düşməklə mühüm işlər gördü. İkili mübarizələrdə rəqibə çətin anlar yaşatdı. Xüsusilə cinah ötürmələrinə üstünlük verən komandamız ikili mübarizələrdə də Fransa klubundan daha güclü idi. Qapıya uzaqdan vurulan zərbələrdən sonra geri qayıdan topların hamısına "Qarabağ" futbolçuları yiyələndilər. 
Top rəqibdə olarkən komanda  şəklində topun olduğu zonaya çəkilməsi nəticəsində cinahlar boş qaldı. Bundan istifadə etməklə uzun diaqonal ötürmələrlə "Nant"ı azlıqda yaxalamaq olardı. Xüsusilə komandamızın heyətində Marko Yankoviçin diaqonal ötürmələri və bu keçid oyunlarında möhtəşəm performansı sayəsində Zubir və Kadiyə yaxşı fürsətlər yarandı. 
Bir sözlə, "Qarabağ" meydançanın bütün zonalarında sona qədər mübarizə apardı. Bunun ardınca gələn qollar sayəsində qazanılan 3:0 hesablı qalibiyyət ölkəmizin bu həssas dönəmində azarkeşlərə təsəlli oldu. Bununla da cari mövsümdə qrup mərhələsində komandamız ilk 3 xalını qazandı. 
Qeyd edək ki, G qrupunun digər matçında isə Yunanıstan "Olimpiakos"u evdə "Frayburq"a (Almaniya) 0:3 hesabı ilə uduzub. 
Qarşılaşmadan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qələbəni ordumuza və şəhidlərimizə həsr etdiklərini deyib: "Oyun haqqında çox danışmaq olar. Çünki fərqli hissələr oldu. Bizim üçün çox vacib idi ki, ilk hissədə intizamlı oynayaq. Rəqibin yaxşı hücumları var idi. Ehtiyatlı olmalı idik. Çünki rəqibin bacarıqlı oyunçuları var. Onlar ustalıqlarından istifadə edirdilər. Hər bir halda çox maraqlı bir qələbə oldu. Çünki belə böyük komandaya 3:0 hesabı ilə qalib gəlmək azarkeşləri həvəsləndirir. Hamını təbrik edirəm. İkinci hissədə sürəti artırmaq istəyirdik. Ramil oyuna sonradan çıxanda aktiv olur. Buna ehtiyac var idi. 2-ci hissədə sürətin artması vacib idi. Ona görə də ikinci hissədə Ozobiçlə Ramili əvəzlədik. Qələbəni ordumuza və şəhidlərimizə həsr edirik. Günorta saatlarında çox üzüldük. Daha 21 şəhidimizin olduğu barədə xəbər aldıq. Bəlkə də, bu, oyunda da hiss olunurdu. Hamı qalib gəlmək istəyirdi. Hamı qorxurdu ki, birdən səhv edərik. Allah ordumuzu qorusun!"
Təbriklər, "Qarabağ"!

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video