Tarixi günlər heç vaxt unudulmur, yaddan çıxmır. Əbədi olaraq yaddaşımıza yazılmış həmin günləri böyük iftixarla, sevinclə xatırlayırıq. Noyabrın 8-i Zəfər Günü də yaddaşımıza əbədi olaraq yazılmış günlərdəndir. Həmin gün Bakı şəhərində keçirilmiş Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş Hərbi paradı izlədikcə qürur hissləri keçirdik. Düşündük ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Bu uğur, bu zəfər hamımızı sevindirir. Xalqımıza iftixar hissləri yaşadan bu uğurun bünövrəsini Ümummilli Liderimiz Heydər Əliyev qoyub. Ulu Öndərin əsasını qoyduğu nizami və güclü ordu quruculuğu siyasətini Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev uğurla davam etdirib.
Ümummilli Lider Heydər Əliyev hələ sovet dövründə respublikamızda hərbi təhsilin inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm addımlar atmışdı. Cəmşid Naxçıvanski adına hərbi məktəbin keçmiş ittifaq illərində Bakıda açılması Ulu Öndər Heydər Əliyevin böyük xidmətlərinin nəticəsi idi.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində sistemli ordu quruculuğu prosesi yeni keyfiyyət mərhələsinə yüksəldi. Görülən bütün bu tədbirlər nəticəsində Azərbaycan Ordusu, Silahlı Qüvvələrimizin tərkibindəki bütün qoşun hissələri yüksək döyüş hazırlığına gətirildi. Buna görə də qarşısına qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadir və hazırdır. Noyabrın 8-də keçirilən Zəfər paradı da göstərdi ki, ordumuz ən müasir texnika və silahlarla təmin olunub.
Onu da xüsusilə qeyd edək ki, ölkəmizin hərbi sənaye kompleksi də dayanmadan inkişaf edir. Müdafiə Sənayesi Nazirliyi xeyli adda hərbi məhsullar istehsal edir. Bu həm Silahlı Qüvvələrimizin təchizatında böyük rol oynayır, həm də beynəlxalq müstəvidə hərbi sənaye kompleksimizə, istehsal olunan silahlara və digər məhsullara marağı gündən-günə artırır.
Azərbaycan Ordusunun döyüş imkanlarının artırılmasını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev demişdir: "Güclü ordu quruculuğu. Bu da Ulu Öndərin bizə olan vəsiyyəti idi. Bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib, cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa edib, xalqımızın qürurunu bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır. Biz ordu quruculuğuna həmişə çox böyük diqqət göstərmişik. Bəzi işlər ictimai diqqətə də təqdim edilirdi, bəzi işləri biz daha çox konfidensial, yəni məxfi şəraitdə aparırdıq, bu da başadüşüləndir. Amma nəticə etibarilə elə bir qəhrəmanlıq, elə bir peşəkarlıq göstərdik ki, bu, bu gün bir çoxları üçün nümunədir".
Böyük Zəfərimizin 5-ci ildönümündə ölkəmizin paytaxtında keçirilən möhtəşəm hərbi paradda qüdrətli Azərbaycan Ordusu gücünü, qüdrətini, İkinci Qarabağ müharibəsindəki rəşadətini, göstərdiyi hünərin qürurunu xalqımıza yenidən yaşatdı. Bir-birini əvəzləyən hərbi birləşmələr, nümayiş etdirilən İce breaker kimi super sonic raketlər, müxtəlif artilleriya qurğuları, DİTA strateji çəkindirici vasitələr və digərləri ordumuzun regionda sülhün və təhlükəsizliyin təminatçısı olduğunu dünyaya göstərdi. Əlbəttə ki, Zəfər paradında nümayiş etdirilən bu silahları bizi istəməyənlər də görür və nəticə çıxarırlar.
Paradda nizamla addımlayan heyətlərin arasında Xüsusi Təyinatlı Qüvvələrin keçidini də qürurla izlədik. Təbiidir ki, bu, yalnız o qüvvələrin bir hissəsi idi. Nümayiş etdirilən müasir aviasiya və hava hücümundan müdafiə sistemləri, uzaq mənzilli raket kompleksləri, yeni yaradılmış hərbi birləşmələr göstərir ki, Silahlı Qüvvələrimiz qüdrətini Vətən müharibəsindən ötən dövrdə daha da artırıb. Sevindirici haldır ki, dünya mediası da Zəfər paradı haqqında xoş sözlər yazıb, Azərbaycan Ordusunun inkişafının, tərəqqisinin göz qarşısında olduğunu vurğulayıb. Bütün bunlar hər bir azərbaycanlı üçün olduqca qürurvericidir.
Hərbi paradı izlədikcə ordumuzun yeni yaradılmağa başladığı 1993-cü ildəki dövrünü xatırladıq. İnkişaf və dəyişiklik həqiqətən müqayisəyəgəlməzdir. Bu mənada hərbi parad Birinci Qarabağ müharibəsi ilə Vətən müharibəsinin fərqini gözlər önünə sərdi. Bu gün Azərbaycan Silahlı Qüvvələri ən müasir silah və texnikaya, ən modern döyüş imkanlarına malik bir hərbi gücə sahibdir. Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrimizi hətta 5 il əvvəllə müqayisədə əhəmiyyətli dərəcədə gücləndirib. Azərbaycan Ordusunun Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, döyüş hazırlığı və təcrübəsi yüksək olan zabit, əsgər həmişə savaşda qalib gəlir, iştirakçısı olduğu əməliyyatlardan qələbə ilə çıxır.
Prezident İlham Əliyev ordumuzun gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışarkən demişdir: "Əlbəttə, müharibədə uğur qazanmaq üçün biz çox önəmli layihələri icra etməli idik və etdik. Bu gün dünyanın və bizim bölgəmizin enerji-nəqliyyat xəritələrinə baxmaq kifayətdir ki, hər kəs görsün bizim təşəbbüsümüzlə icra edilən layihələr həm ölkəmizə, həm də bizim tərəfdaşlarımıza nə qədər böyük fayda gətirib. Bizim təşəbbüsümüzlə nəqliyyat və enerji layihələrində iştirak edən ölkələrin sayı onlarla ölçülür. Hələ indiki mərhələdə daha geniş vüsət alacaq və bütün bu ölkələr bizim təbii dostlarımızdır, müttəfiqlərimizdır. Eyni zamanda bu layihələr bizə əlavə maliyyə imkanı yaratdı. Biz ilk növbədə bu maliyyə imkanlarını hərbi potensialın gücləndirilməsinə yönəltdik. Mənim prezidentlik dövrümdə əgər dövlət büdcəsinin xərclərinə nəzər salsaq, görərik ki, birinci yerdə hərbi xərclərdir, birinci yerdə. Halbuki ölkənin başqa ehtiyacları var. Bir milyona yaxın məcburi köçkünün də problemlərini biz həll edirdik, onları da biz yeni evlərlə təmin edirdik. Sosial problem, maaşlar, pensiyalar, bunları da biz artırmalı idik və artırırdıq. Daha çox artırmaq istəyirdik və istəyirik. Ancaq ilk növbədə orduya, ilk növbədə Qələbəyə aparan yola daha böyük maliyyə dəstəyi verirdik. Bu gün də belədir".
Dövlət başçısı Zəfər paradında çıxışı zamanı İkinci Qarabağ müharibəsində qazandığımız uğurlardan bəhs edərkən bildirmişdir ki, 44 gün ərzində bizim şanlı Silahlı Qüvvələrimiz hər gün irəli gedirdi, bir gün bir addım geriyə atmamışdır: "Biz bütün dünyaya güclü dövlət və müzəffər xalq kimi özümüzü göstərmişik. Bunu döyüş meydanında sübut etmişik. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd düşmənlərdən azad edildi. Biz düşməni qova-qova irəliyə gedirdik və azad edilmiş hər şəhər və kənd, orada qaldırılan Azərbaycan bayrağı bizim Ordumuzu, xalqımızı daha da ruhlandırırdı. Nəhayət, noyabrın 8-də "alınmaz qala" sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edilmişdir. Bizim şanlı Zəfər yürüşümüz 27 sentyabrdan 8 noyabra qədər uğurla davam edirdi. Biz dağlardan, çaylardan, dərələrdən keçərək, sıldırım qayalara dırmaşaraq şanlı Zəfərə doğru gedirdik. Şuşanın düz beş il bundan əvvəl azad edilməsi Ermənistan ordusunun belini qırdı və ondan sonra onlar təslim oldular. Ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan rəsmən təslim olaraq kapitulyasiya aktına imza atdı. Beləliklə, ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi biz özümüz bərpa etdik".
Böyük Zəfərimizin 5-ci ildönümü münasibətilə keçirilən Hərbi paradı xalqımız sevinclə izlədi. Hamımız Silahlı Qüvvələrimizin uğurlarından qürur duyduq, şəhidlərimizi ehtiramla andıq.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"