14 May 2022 00:57
155
Mədəniyyət

Milyonlarla sovrulanlar

 

Müəmmalı şəkildə yoxa çıxan ilk bədii filmimiz - 106 yaşlı "Neft və milyonlar səltənətində"

 

"...Hamı yanğını söndürməyə səy edirdi. Yanğınsöndürən arabalar bir-birini əvəz edir, adamlar torpaq dolu kisələri çox da enli olmayan taxtalar üzərindən keçirərək aparıb yanan buruğun üstünə atırdılar. Alov ətrafı yalayırdı… İsti adamın üzünə, boynuna vururdu. Kənarda bir qrup aparatla şəkil çəkirdi. Mən belə şəkilçəkən aparat birinci dəfə idi ki, görürdüm… Yanğın söndürüləndən sonra yoldaşlardan öyrəndim ki, həmin aparatla kino çəkirlərmiş. Sonra elanlardan birində oxudum ki, "Neft və milyonlar səltənətində" filmi nümayiş etdirilir. Mən bu filmə Parapet bağının yanında Azadov və İsgəndərovun evlərinin birinci mərtəbəsində yerləşən kino zalında tamaşa etdim. Yadımdadır, kino başlanmamışdan ekranın qabağında tarzən Bala Məlikov tar çalırdı, xanəndə Ələsgər də oxuyurdu. Film başlandı: şəhərin küçələri, tanış hadisələr, adamlar - hər şey çox maraqlı idi. Binəqədidəki yanğın və yanğınsöndürənlər də kinoya düşmüşdülər. Orada mən özümü də gördüm… Taxta körpü ilə boynumu istidən qoruyaraq gedirdim".

Bu, düz bir əsr əvvəl çəkilmiş və adı kino tariximizə ilk tammetrajlı film kimi düşmüş "Neft və milyonlar səltənətində" filmində təsvir olunan yanğınla bağlı mərdəkanlı M.Ağayevin vaxtilə yazıb sənətşünas Nazim Sadıxova verdiyi qiymətli xatirəsindən bir parçadır.

Bu məlumat həm də o baxımdan bizim üçün çox dəyərlidir ki, adını eşitdiyimiz, haqqında bildiyimiz, amma seyr etmək qismətimiz olmayan ilk bədii filmimizin çəkilişlərinə canlı şahidlik etmiş və tamaşaçısı olmuş bir şəxsin əvəzolunmaz təəssüratlarıdır.  

 

Bakıda neft bumu XIX əsrin sonu, XX ə

srin əvvəllərində Bakı...

 

Bu qədim Azərbaycan şəhəri dünyanın dörd bir tərəfindən neft qoxusuna gələn əcnəbilərlə, xarici sərmayədarlarla dolub-daşırdı...

Saysız-hesabsız buruqlardan çıxarılan "qara qızıl" sürətlə maliyyə kapitalına çevrilir, şəhər iqtisadi cəhətdən görülməmiş sürətlə inkişaf edir, sənaye və maliyyə mərkəzinə dönürdü...

Neft bumunun yaşandığı Bakı, həm də o dövrdə təkcə iri kapitallı neft aşiqlərinin deyil, müxtəlif sənət sahələri ilə məşğul olan şəxslərin də diqqətini cəlb edir, uğurlu iş quracaqları yer kimi cazibəsinə salırdı. Şərqin parlayan ulduzuna çevrilən Bakıya müxtəlif ölkələrdən sənətkarlar, ayrı-ayrı peşə sahibləri, adi fəhlələr axışıb gəlirdi.

1915-ci ildə tanınmış neft sənayeçiləri olan Pirone qardaşları da Bakının mərkəzində - Birja küçəsi 3 saylı binada (indiki Ü.Hacıbəyli küç.) yerləşən "Filma" Səhmdar Cəmiyyətini yaratmışdılar və cəmiyyət 1915-1916-cı illər ərzində bir neçə bədii film çəkmişdi. Eyni zamanda "Filma" ilk Azərbaycan bədii filminin də çəkilişinə başlamışdı və heç təsadüfi olmamışdı ki, filmin adı da, mövzusu da elə Bakı və onun şanlı-şöhrətli neftinə həsr olunmuş, yazıçı İbrahim bəy Musabəyovun inqilaba qədər Azərbaycan bədii nəsrində neft sənayesi sahiblərinin və burjua əxlaqının, pul hakimiyyətinin ifşasına həsr olunmuş əsərlər içərisində xüsusi yer tutan "Neft və milyonlar səltənətində" povesti əsasında eyniadlı film çəkilmişdi.

O zaman neft sahibkarlarının köməkliyi ilə ərsəyə gələn filmi çəkmək üçün Peterburqdan rejissor Boris Svetlov və operator Qriqori Lemberq dəvət edilmişdi.

 

"Kinonun mənzərə hissələri Bakı şəhərində, neft mədənləri isə Balaxanı kəndində çəkiləcək"

 

Film XIX əsrin sonu, XX əsrin əvvəllərindəki Bakını, neftxudaların həyat tərzini, bir tikə çörək qazanmaq üçün mədənlərdə ağır şəraitdə işləyən fəhlələrin, sözün həqiq mənasında yaşam mücadiləsini ekrana daşıyırdı.

"Neft və milyonlar səltənətində" filmində çəkilən kinorejissor Məmməd Əlili kino ilə bağlı xatirələrində belə yazıb: "1915-ci il idi. Bir gün dostum Cəfər Cabbarlı mənə dedi: "Məmməd ağa, artist Murad Muradov mənə deyib ki, Peterburqdan kino çəkmək üçün Bakıya bir dəstə gələcək. Elə də oldu. Bakıda rejissor Boris Svetlov olmaqla kino çəkən dəstə artist M. Muradovun məsləhəti ilə istedadlı tragik Hüseyn Ərəblinskini baş rolda çəkilməyə dəvət etdi. Filmin adı "Neft və milyonlar səltənətində" idi. Cəfər mənə dedi ki, kinonun mənzərə hissələri Bakı şəhərində, neft mədənləri isə Balaxanı kəndində çəkiləcək. Sən Balaxanıda oxumusan, o yerləri yaxşı bilirsən. Onlara çox köməyin dəyə bilər. Əminəm ki, onlar sizin də mollaxanaya gələcəklər. Çalış səni də filmə çəksinlər. Bir neçə gündən sonra artist M.Muradov filmi çəkən rejissor B.Svetlovla bizim mollaxanaya gəldilər. Sınaq çəkilişləri üçün beş nəfər uşaq seçdilər. Artıq yaşım ötdüyü üçün Cəlilin uşaqlıq roluna yaramadım. Amma kütləvi səhnədə çəkildim. Maraqlısı odur ki, filmin çəkilişinin axırına kimi mən bir növ qeyri-rəsmi rejissor köməkçisi işlədim".

 

İlk azərbaycanlı kino artisti H.Ərəblinskinin çəkildiyi ilk və son film

 

"Neft və milyonlar səltənətində" filmi Azərbaycan kino tarixində ilk tammetrajlı bədii filmi olması kimi mühüm statusu ilə yanaşı, əsas rollardan birini (Lütfəli bəy rolunu) görkəmli teatr və kino xadimi Hüseyn Ərəblinskinin ifa etməsi baxımından da əhəmiyyətli yer tutur. Onu da qeyd edək ki, bu film həm də ilk azərbaycanlı kino artisti hesab olunan H.Ərəblinskinin çəkildiyi ilk və son filmdir.

Bu filmdə digər rolları yerli və gəlmə aktyorlardan V.Lenin (Cəlil), K.Piontkovskaya (Şəfiqə), R.Lazareva (Olqa, sirkdə atçapan), Y.Muromski (Qurban), Y.Orlitskaya (Cəlilin anası), Y.İvanovski (Şəfiqənin atası), V.Vyazemski (dükançı Həsən), N.Dobrınin (həkim), Məmməd Əlili (mollaxana şagirdi), Cabbar Qaryağdıoğlu (xanəndə), Qurban Pirimov (tarzən), Məşədi Qulu (kamançaçı), Mədətov (rəqqas) və başqaları canlandırıblar.

Kinoda baş verən bütün əhvalatlar əsərin qəhrəmanı Cəlilin taleyi fonunda göstərilir. Cəlil kasıbçılıqdan, sahib olduqları bir parça torpaqda neft quyusunun fontan vurması ilə qurtulan, milyonçuya çevrilən və elə sahib olduğu var-dövlətdən başı gicəllənərək müflisləşən və uçuruma yuvarlanan, o dövrün bir çox neftxudalarının ümumiləşdirilmiş obrazı kimi verilir.

 

Buruqlar fontan vurur, var-dövlət aşıb-daşır, həyatlar puç olur...

 

...Filmdə göstərilir ki, Bakı şəhərinin yaxınlığında yaşayan yoxsul bir dul qadın başqalarının yanında qulluqçuluq etməklə ailəsini güclə dolandırır. Ana məktəb yaşına çatmış oğlunu mədrəsəyə qoyur. Lakin az sonra onu mədrəsədən çıxarırlar. Əlacsız qalan qadın oğlunu tacir Həsənin yanında işə düzəldir. Bir neçə ildən sonra Cəlilin anası vəfat edir. Cəlil evə qayıdır. Cəlilgilin kasıb evi və bir parça torpağı varlı Lütfəli bəyin geniş malikanəsinin yanında yerləşirdi.

Bir neçə il gəlib keçir, Abşeron torpağının hər yerində neft buruqları getdikcə artır… Buruqlar fontan vurur, sahibkarlara ağlagəlməz dərəcədə var-dövlət gətirir. Uzun danışıqlardan sonra Lütfəli bəylə Cəlil şərik olub, ikincinin həyətində bir neft quyusu qazdırırlar. Tezliklə yeni quyu fontan vurur, Cəlil varlanır; mülklər alır, gəmilər, mədənlər sahibi olur.

Qonşusu qocanın ölüm xəbərini eşidən Cəlil mərhumun evinə baş çəkir; qocanın qızı, onun uşaqlıq dostu Şəfiqəyə başsağlığı verməyə gedir… Şəfiqə böyümüş, gözəl bir qız olmuşdur… Cəlil və Şəfiqə evlənirlər.

Cəlil ata-baba adətinə zidd olaraq öz gənc yoldaşını başqalarından gizlətmir. Lütfəli bəy Şəfiqənin gözəlliyinə heyrandır. O, münasib vaxt tapıb öz məhəbbətini açır. Lakin Şəfiqə ona qapını göstərir. Lütfəli bəy intiqam tələsi qurmağa başlayır; o, Cəlili məhv etməyi qət edir. Lütfəli bəyin təsiri nəticəsində Cəlil sərxoşluğa, qumara və daha başqa pis əməllərə qurşanır, sirkdə atçapan gözəl qadınla tanış olur, ona külli miqdarda pul xərcləyir. Lütfəli bəylə əlbir olan atçapan qadın Cəlillə birlikdə səyahətə çıxır və onun pullarını götürüb qaçır. Cəlil ayılıb özünü müflis görür.

Bu müddət ərzində Lütfəli bəy Cəlilin evini əlinə keçirir, Şəfiqəni qovur. Şəfiqə bir zamanlar əri ilə tacir Həsənin yanında qulluq edən qoca Qurbanın evində özünə sığınacaq tapır. Cəlil Bakıya qayıdır. O, qadınını və oğlunu tapır. Lakin ailəsinin ağır günlərinə dözə bilməyən Cəlilin ürəyi partlayır. Cəlilin ölümündən xəbər tutan hiyləgər Lütfəli bəy Şəfiqəyə evlənməyi təklif edir. Şəfiqə bu təklifi eşitcək səbri tükənir; bıçağı Lütfəli bəyin sinəsinə sancır…

 

"Yeni iqbal" qəzeti: "Mədənlərdə vaqe olmuş böyük yanğın dəxi göstəriləcəkdir"

 

Təbiət mənzərələri Bakı və ətrafında - Balaxanı, Binəqədi, Zığ və sahil kənarında, pavilyonla bağlı səhnələri isə Tiflisdə canlandırılan filmlə bağlı M.Əlili xatirələrində onu da məlumat verir ki, Murad Muradovun, xüsusilə Cəfər Cabbarlının filmi çəkən dəstəyə çox köməyi olub: "Filmin ən inandırıcı səhnələrindən biri Bayıl tərəfdə çəkilmişdir. C. Cabbarlının məsləhəti ilə yuxarı məhəllənin arvad-uşaqlarını xalça-palaz yumaq üçün Bayıla gətirtdirirdim. O vaxtlar hələ Bakıya çəkilən Şollar suyu gəlmədiyindən əhali quyulardan istifadə edirdi və bu suyu səhənglərdə evlərə daşıyırdılar. Bu səhnələr filmdə çox inandırıcı çıxmışdı. Filmi çox qısa müddətə - dörd aya çəkib başa vurdular".

Beləliklə, filmin çəkilişləri başa çatır və yayımlanmağa hazır olur. Bu barədə dövrün qəzetlərində elanlar verilir. Məsələn, "Baku" qəzetinin 14 may 1916-cı il sayında belə bir elan dərc edilir: "Bu il mayın 14-dən "Neft və milyonlar səltənətində" filminin 1-ci seriyası nümayiş etdiriləcək. Kinodram İbrahim bəy Musabəyovun romanı əsasında çəkilib... Film tammetrajlı olduğuna görə hər axşam yalnız üç seans göstəriləcək".

"Yeni iqbal" qəzetinin 1916-cı il 7 iyul tarixli nömrəsində də elan verilir: "Elektroteatr "Edisson"un ekranında öz dostlarınızı və tanışlarınızı görəcəksiniz...", "Müsəlman artistlərindən Hüseyn Ərəblinski cənabları və qeyriləri iştirak edəcəkdirlər", "Görməyə təcil ediniz", "Ancaq dörd gündür", "Mədənlərdə vaqe olmuş böyük yanğın dəxi göstəriləcəkdir"...

 

"Lütfəli bəyin obrazı Ərəblinskiyə çox yaraşırdı"

 

"Yeni iqbal" qəzetində verilən elanın sonuncu cümləsindən də məlum olur ki, o dövrdə neft mövzusu hər kəs üçün çox diqqətçəkən mövzu olduğu üçün "Neft və milyonlar səltənətində" filminin nümayişi ilə bağlı qəzetlərdə gedən elanlarda da neftlə bağlı məsələlər xüsusilə vurğulanırdı.

Qeyd edək ki, filmdə rejissor Boris Svetlov və operator Qriqori Lemberq sənədli kadrlardan da istifadə edərək, çəkilişlər aparılan günlərdə Binəqədidə neft mədənində fontan üzündən baş verən yanğın zamanı çəkilən kadrları da ora salmışdılar.

"Neft və milyonlar səltənətində" filmi ilk dəfə Hacı Zeynalabdin Tağıyevin pasajında "Fransız Elektrobioqrafı"nda (indiki "Köhnə univermaq") göstərilib. İkihissəli səssiz və ağ-qara bədii filmin 1-ci seriyası 1916-cı il mayın 14-də, 2-ci seriyası mayın 27-də ekranlara buraxılıb.

Sənətşünas N.Sadıxovun tarzən Qurban Pirimovla şəxsi söhbəti zamanı görkəmli musiqiçi filmlə bağlı fikirlərini belə dilə gətirib: "Neft və milyonlar səltənətində" filmi o zaman bir çox kinoteatrlarda nümayiş etdirildi. Filmin "Toy" və "Kazinoda şənlik" epizodlarında xanəndə Cabbar ilə mən də çəkilmişdim. Mən çalırdım, Cabbar oxuyurdu. Hüseyn Ərəblinskinin oynaması mənim çox xoşuma gəlirdi. Lütfəli bəyin par-par parıldayan faytondan düşməsi indiki kimi yadımdadır. Onun iti baxışları elə bil gözümün qabağındadır. Lütfəli bəyin obrazı Ərəblinskiyə çox yaraşırdı".

 

İlk Azərbaycan filminin son aqibəti

 

Təəssüf ki, hazırda 106 yaşını qeyd etdiyimiz ilk səssiz bədii filmimizin sonrakı aqibəti barədə dəqiq məlumat yoxdur və bu haqda sadəcə bəzi fərziyyələr mövcuddur. Bir versiyaya görə, 1918-ci il hadisələri vaxtı Tağıyev teatrı növbəti dəfə yananda teatrda olan "Neft və milyonlar səltənətində" filmi də yanıb külə dönür.

Amma elə bu yazıda da filmlə bağlı araşdırma məlumatlarından istifadə etdiyimiz kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə bu ehtimalı təkzib edərək öz fikrini bu cür əsaslandırır: ""Filma" şirkətinin öz ofisi varkən filmi niyə teatrda saxlamalıydı ki? Ola bilsin ki, film Rusiyanın kino arxivində olub. Sonralar yararsız hala düşdüyündən, atılıb. Hazırda orda yoxdur".

Bir haşiyə çıxaq ki, dünyanın bəzi kino tarixçiləri də bildirirlər ki, səs kinoya gəlməzdən əvvəlki illərdə minlərlə səssiz film çəkilib, lakin bu filmlərin çoxu itib. Çünki onların çəkilməsində qeyri-sabit və alışqan olan nitrat əsaslı film çarxları istifadə olunub. Buna görə də, bu filmlər zamanla xarab olmamaq üçün diqqətlə qorunmalı idilər. Lakin səssiz filmlərin çoxu kinoteatrlarda nümayiş olunduqdan sonra heç bir kommersiya dəyərinin qalmadığı üçün ya heç qorunub saxlanmayıb, ya da pis vəziyyətdə qalıb. Buna görə də son onilliklər ərzində çoxları köhnəlib və toza çevrilib.

 

"Neft və milyonlar səltənətində" "Qızıl uçurum" adı ilə yenidən həyat qazanıb

 

Ehtimal ki, elə "Neft və milyonlar səltənətində" filmi də yuxarıda sadalanan məsələlərin birindən qaynaqlanan səbəblə bu günümüzə gəlib çatmayıb.

Sadəcə bu filmin bukleti M.F.Axundov adına Respublika Kitabxanasının nadir nüsxələr şöbəsində saxlanılır. Bukletdə filmin məzmunu Azərbaycan və rus dillərində yazılmış, filmdən fotoşəkillər çap olunub.

"Neft və milyonlar səltənətində" povestinin motivləri əsasında çəkilmiş filmin ikinci variantı isə 1980-ci ildə "Qızıl uçurum" adı ilə yenidən ekranlarda nümayiş etdirilib. Quruluşçu rejissoru Fikrət Əliyev olan bu filmdə Cəlil rolunda Əlabbas Qədirov, Lütfəli bəy rolunda Hamlet Xanızadə, Şəfiqə rolunda isə Həmidə Ömərova çəkilib.

1983-cü ildə Leninqradda XIV Ümumittifaq kinofestivalında rejissor Fikrət Əliyevə uğurlu debütə görə mükafat verilib.

 

106 ilin heyranlığı

 

Bu da ilk filmimizin yaranma tarixi, ovaxtkı neft Bakısının həyatını işıqlandıran maraqlı süjet xətti və səssiz-sədasız yoxa çıxma taleyi ilə bağlı hekayət idi. Təəssüf ki, haqqında bir çox məlumatın olduğu, araşdırmaların aparıldığı ilk səssiz filmimizlə bağlı bu gün əlimizdə baxa biləcəyimiz ekran işi yoxdur.

Amma "Neft və milyonlar səltənətində" filmi, sanki elə tamaşaçısı olmuşuq, seyr etmişik kimi hər birimizin adını, süjetini əzbər bildiyimiz xoşbəxt filmlərdən olmağı bacarıb. Və elə 106 il əvvəl olduğu kimi, indi də böyük heyranlıq və maraqla "Qızıl uçurum" olaraq izlənilir...

 

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video