29 Sentyabr 2022 00:56
629
İQTİSADİYYAT
A- A+

Milli valyutada olan əmanətlərin həcmi artır

 

Əhalinin manata inamı yüksəkdir

 

Artıq beş ildir ki, ölkədə manatın məzənnəsində sabitlik müşahidə edilir, vətəndaşların banklarda milli valyuta ilə saxladığı əmanətlərin həcmi artır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 25,7 faiz artaraq avqustun 1-nə milli valyuta ekvivalentində 10 milyard 817,1 milyon manat təşkil edib.
Mərkəzi Bankdan qəzetimizə bildirilib ki, əhalinin banklardakı əmanətlərinin 58,8 faizi milli, 41,2 faizi xarici valyutada qoyulub. Milli valyutada olan əmanətlərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31,4 faiz, xarici valyutada olan əmanətlərin həcmi isə 12,1 faiz artıb. Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə banklardakı əmanətlərin 63 faizi xarici, 37 faizi milli valyutada olub. 
Valyuta bazarında sabitliyin və milli valyuta məzənnəsinin qorunması ölkə iqtisadiyyatı üçün vacib amildir. Əhalinin banklardakı yığımının əsas hissəsinin milli valyutada saxlanılması manata inamın artdığını sübut edir. Belə olan halda, manatın banklardakı payının artımına hansı amillərin səbəb olduğu maraq doğurur.

 

Əhali pulunu niyə manatla saxlayır? 

 

Mövzu ilə bağlı suallarımızı cavablandıran Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, milli valyutada yığımların artması 2017-ci ildən etibarən Azərbaycan manatının stabilliyini qoruması ilə əlaqədardır. Həmin ildən sonra milli valyuta məzənnəsinin stabilləşməsi əhali arasında əmanətlərin manatla saxlanılmasına marağın yüksəlməsinə səbəb olub. 
V.Bayramov bildirib ki, xarici valyuta ilə müqayisədə manatla depozitlərə verilən faizlər daha yüksəkdir. Vətəndaş əmanətlərini banklara manatla yerləşdirdikdə daha çox depozit faizi əldə edir. Manatla depozitlərdə orta faiz göstəricisi 12 faiz, xarici valyutalarda isə 2,5 faizdir. Dövlət tərəfindən sığortalanan əmanətlərdə milli valyuta üçün daha yüksək faiz dərəcəsinin tətbiq olunması əhalini manatla əmanət yerləşdirməyə stimullaşdırır. Manatla olan hesabların artması da nağdsız hesablaşmaların həcminin yüksəlməsi ilə bağlıdır. Çünki nağdsız hesablaşmalarda müşahidə edilən artım nəticə etibarilə manatla olan kart hesabatlarına da təsir göstərir. Qısası, banklarda milli valyuta ilə əmanətlərin həcminin, eləcə də payının artmasının əsas səbəbi həm milli valyutanın stabilliyi, həm də depozitlərin daha yüksək faizlə ödənilməsidir.

 

Manatla əmanətlərin artımı pul-kredit siyasətinin effektivliyini gücləndirir

 

Milli valyutada əmanətlərin artması ölkə iqtisadiyyatı və bank sistemi üçün əhəmiyyətlidir. Çünki manat yığımları az olduğu təqdirdə borc alanlar kreditləri xarici valyutada götürməyə məcbur qala, bu isə əlavə risklərin yaranmasına səbəb ola bilər. 
İqtisadçı Cəfər İbrahimlinin sözlərinə görə, milli valyutaya dəstək vermək ölkə iqtisadiyyatı üçün uğurlu nəticələrə səbəb olur. O qeyd edir ki, dollarlaşmanın həddindən çox olması həmin xarici valyutaya olan tələbatı artırır: "Bu, manatın dəyər itirməsinə risk yaradır. Yəni ölkədə xarici valyutaya, habelə dollara tələbatın azalması müsbət tendensiyadır. Bu, o deməkdir ki, ölkə əhalisi manata inanır və yaxın gələcək üçün hansısa təhlükə görmür".
C.İbrahimli bildirir ki, bankların artıq uzun müddətdir ki, əvvəlki illərlə müqayisədə dollarla daha az kredit verdikləri üçün həmin valyutaya ehtiyacları yoxdur. Ona görə də əhalidən xarici valyuta cəlb edəndə aşağı faiz tətbiq edilir. Beləliklə, xarici valyutada mövqe tutanlar ciddi gəlir əldə edə bilmədikləri üçün manatla yığıma daha çox üstünlük verirlər. Manatla əmanətlərin artması Mərkəzi Bankın pul-kredit siyasətinin effektivliyinin də güclənməsinə imkan yaradır. Dolayısı ilə, bu, bir tərəfdən iqtisadiyyatımızın inkişafı baxımından faydalıdır, digər tərəfdən də iqtisadiyyatın dinamik inkişafı öz növbəsində maliyyə imkanlarının genişlənməsi deməkdir. 
Dünyanın inkişaf etmiş ölkələrində əhali əsasən öz valyutasının stabilliyinin qorunmasına dəstək verir. Azərbaycanda da manata olan inamın ilbəil artması ölkə iqtisadiyyatının inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. 
Nəzərə almaq lazımdır ki,  Azərbaycan iqtisadiyyatda dayanıqlı inkişaf modelini yaradan ölkələr sırasındadır. Əhalinin milli valyutada olan əmanətlərində hər il müşahidə edilən artım da manatın uzun müddət sabit qalacağına əminliyi artırır. Bir daha sübut olunur ki, dövlət-vətəndaş həmrəyliyi ölkə iqtisadiyyatının inkişafına ciddi töhfə verir. 

Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video