13 Iyun 2022 21:55
809
PARLAMENT
A- A+

Milli Məclisin sədri Sahibə Qafarova slovakiyalı həmkarı ilə görüşüb

İyunun 13-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kolların başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Əvvəlcə, slovakiyalı qonaqla təkbətək görüş olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz və qanunverici orqanlarımız arasında əlaqələrə dair fikir mübadiləsi aparılıb.

Sonra görüş geniş tərkibdə davam etdirilib.

Parlamentin sədri qonaqları səmimiyyətlə salamlayaraq, bu səfəri ölkələrimiz arasında dostluq münasibətlərinin təzahürü kimi dəyərləndirib. Sahibə Qafarova ötən il Slovakiyaya səfərini xatırlayaraq, bu ölkənin rəsmi şəxsləri ilə keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. O, ümidvar olduğunu bildirib ki, Slovakiya Milli Şurasının sədrinin Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlər münasibətlərimizin daha da dərinləşməsinə və genişləndirilməsinə töhfə verəcək. Bildirilib ki, yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri zamanı aparılan danışıqlar əlaqələrimizin inkişafında mühüm rol oynayır. Bu gün Azərbaycanla Slovakiya arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələri əhatə edən bir sıra sənədlər imzalanıb. Bu sənədlər münasibətlərimizin hüquqi bazasını təşkil edir.

Sahibə Qafarova Slovakiya nümayəndə heyətinin ölkəmizə səfəri zamanı Azərbaycanın bölgələrini ziyarət etməsini ölkəmizlə tanışlıq baxımından əhəmiyyətli hesab edib. Bildirilib ki, Azərbaycan çoxmədəniyyətli, multikultural ölkədir. Müxtəlif mədəniyyətlərə, dinlərə və irqlərə hörmət Azərbaycan xalqının mənəvi dəyərlərinin tərkib hissəsidir. Müxtəlif dini və etnik qruplar əsrlər boyu burada sülh və dostluq şəraitində yaşayıblar. Milli Məclisin sədri deyib ki, səfər çərçivəsində qonaqlar Bakıda və Azərbaycanın bölgələrində müxtəlif dini və mədəni abidələrin – katolik, pravoslav kilsələrinin, sinaqoqların və məscidlərin yan-yana fəaliyyət göstərdiyinin şahid olublar.

Dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolunu vurğulayan Sahibə Qafarova parlament sədrlərinin və deputatların qarşılıqlı səfərlərini əməkdaşlığımızın inkişafı baxımından önəmli hesab edib. O, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib, bunun təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb.

Sədr AŞPA, ATƏT PA, NATO PA, Parlamentlərarası İttifaq kimi beynəlxalq təşkilatlarda əməkdaşlığımızın səviyyəsini daha da artırmaq üçün yaxşı imkanlar olduğunu deyib.

Sahibə Qafarova qonaqların Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtımız Şuşaya səfərlərinə toxunaraq qeyd edib ki, Ermənistan işğal dövründə bu ərazilərdəki bütün şəhər və kəndləri bilərəkdən dağıtmış, mədəni, dini obyektləri vandalizmə məruz qoymuşdur. Azərbaycan öz ərazilərini azad etdikdən sonra həmin bölgələrdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlayıb. Hazırda işğaldan azad olunmuş ərazilərdəki bütün infrastruktur bərpa edilir. “Yaşıl enerji” zonası elan edilən Qarabağda və Şərqi Zəngəzurda yeni şəhərlər, kəndlər tikilir. Ancaq Ermənistan tərəfindən həmin ərazilərin minalanması bu işlərin həyata keçirilməsinə və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasına böyük maneə törədir.

“Azərbaycan regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirir. Biz sülhdən danışmaq istəyirik. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında üçüncü üçtərəfli görüş keçirilib. Azərbaycan tərəfindən Sülh sazişinin imzalanması üçün məqsədyönlü addımlar atılır. Ümidvarıq ki, Ermənistan da öz öhdəliklərini yerinə yetirəcək, konstruktiv yanaşma nümayiş etdirəcəkdir. Postmünaqişə dövründə Cənubi Qafqazda əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Zəngəzur dəhlizi, əldə edilmiş razılaşmalara uyğun açılacaq yeni nəqliyyat infrastrukturu bölgənin simasını tamam dəyişəcək. Avropa ölkələri, o cümlədən Slovakiya bu nəqliyyat infrastrukturundan faydalana bilər və yeni bazarlara çıxış əldə edə bilərlər”, - deyə Sahibə Qafarova vurğulayıb.

O, bir daha qeyd edib ki, Slovakiya nümayəndə heyətinin bu səfəri parlamentlərarası münasibətlərimizin inkişafında yeni bir səhifə açacaq.

Göstərilən yüksək qonaqpərvərliyə və səmimi görüşə görə minnətdarlığını bildirən Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O, Slovakiyanın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb. Bildirilib ki, siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrimizin daha da inkişafı ümumi mənafelərimizə xidmət edir. Parlamentlər səviyyəsində əlaqələrin daha da dərinləşməsi həyatın digər sahələrində əməkdaşlığa da öz müsbət təsirini göstərəcək.

Slovakiyalı qonaq ölkəmizə səfəri çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən Şuşa şəhərinə səfər etdiklərini bildirərək, səfər təəssüratları haqqında öz yüksək fikirlərini bölüşüb, bu ərazilərdə aparılan quruculuq, bərpa işlərini təqdir edib. Boris Kollar aparılan bərpa işləri çərçivəsində bu torpaqların minalardan təmizlənməsi məsələsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün mövcud imkanlardan xalqlarımızın rifahı naminə istifadə olunmalıdır.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər haqqında da danışılıb.

Görüşdə Slovakiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov, qrupun üzvləri Sədaqət Vəliyeva, Arzu Nağıyev, Malik Həsənov, ölkəmizin Slovakiyadakı səfiri Rövşən Sadıqbəyli, Slovakiyanın Azərbaycandakı səfiri Milan Layçak və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video