19 Iyul 2022 17:53
1691
PARLAMENT
A- A+

Milli Məclisin sədri Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri ilə görüşüb

İyulun 19-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, parlamentin sədri qonaqları salamlayaraq, bu səfərin və səfər çərçivəsində aparılacaq müzakirələrin Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında, eləcə də Avropa Parlamenti ilə Milli Məclis arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə inamını ifadə edib.

Sahibə Qafarova bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır. Aİ ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir.

Yüksək səviyyəli səfərlər və görüşlər ikitərəfli münasibətlərin inkişafında müstəsna rol oynayır. S.Qafarova bu kontekstdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin 2021-ci ilin iyulunda Azərbaycana səfərini xatırlayıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ilin dekabrında Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə 6-cı Zirvə Toplantısında iştirakı, həmçinin dövlətimizin başçısının bu ilin aprel və may aylarında Brüsselə səfərləri Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin xarakterini nümayiş etdirir.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Avropa İttifaqı ilə Azərbaycan arasında bir sıra mühüm sənədlər imzalanıb. Hazırda biz Avropa İttifaqı ilə tərəfdaşlıq haqqında yeni sazişin imzalanması üzrə danışıqların yekun mərhələsindəyik. Bundan başqa, Azərbaycan Avropa İttifaqının doqquz üzvü ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb ki, bu da üzv dövlətlərin üçdəbirini təşkil edir.

Sahibə Qafarova qeyd edib ki, Azərbaycan neftlə yanaşı, Avropanın etibarlı təbii qaz təchizatçısına çevrilib. Dünən isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenlə “Azərbaycan ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalayıblar.

Söhbət zamanı parlamentin sədri qonaqlara Milli Məclisin strukturu və fəaliyyəti barədə məlumat verib, onların suallarını cavablandırıb.

Sonra S.Qafarova bildirib ki, Azərbaycan 30 il Ermənistanın işğalı altında olmuş ərazilərini 2020-ci ildə Vətən müharibəsi nəticəsində azad edib. Bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi 4 qətnaməsinin icrasını özü təmin edib. Azərbaycan öz ərazilərini azad etdikdən sonra həmin bölgələrdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlayıb. Hazırda işğaldan azad olunmuş ərazilərdəki bütün infrastruktur bərpa edilir. Milli Məclisin sədri xatırladıb ki, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı bütün şəhər və rayonlarımızı dağıdıb, mədəni, tarixi irsimizi məhv edib, dini abidələrimizi təhqir edib. Həmin ərazilərə səfər edən Avropanın bəzi ölkələrinin parlament sədrləri, beynəlxalq təşkilatların təmsilçiləri, diplomatik korpusun nümayəndələri, jurnalistlər, xarici ölkədən olan digər qonaqlar orada Ermənistan tərəfindən törədilən vandalizmin şahidi olurlar. Sahibə Qafarova buna baxmayaraq, bu ilin mart ayında Avropa Parlamentinin guya Qarabağda erməni irsinin dağıdılması haqqında qətnamə qəbul etməsinin ədalətsiz olduğunu bildirib. Qeyd edib ki, həmin qətnamədə irəli sürülən iddialar tamamilə yalandır, böhtan xarakterlidir.

Milli Məclisin sədri qeyd edib: “Biz Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında keçirilmiş üçtərəfli görüşləri təqdir edirik. Azərbaycan sülh tərəfdarıdır və regionda uzunmüddətli sülhün, sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirir. Ölkəmiz Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində təkliflərini irəli sürüb. İnanırıq ki, tezliklə iki ölkə arasında sülh müqaviləsi imzalanacaq”.

Göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlister bu gün Prezident İlham Əliyevlə keçirdiyi görüşü barədə təəssüratlarını bölüşüb, müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb. Bildirib ki, onların ölkəmizə bu səfəri Aİ-Azərbaycan əməkdaşlığının önəmindən xəbər verir. Qonaq Azərbaycanın Aİ-nin mühüm tərəfdaşı olduğunu və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını istədiklərini diqqətə çatdırıb. O, bu baxımdan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında keçirilmiş üçtərəfli görüşləri yüksək qiymətləndirdiklərini deyib.

Söhbət zamanı qonaq Aİ-Azərbaycan əlaqələri, enerji sahəsində əməkdaşlıq, parlament diplomatiyasının inkişafı və digər məsələlər barədə fikirlərini bölüşüb.

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində Milli Məclisin nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video