13 May 2022 22:22
680
PARLAMENT

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb 

Mayın 13-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan parlamentin sədri Sahibə Qafarova, əvvəlcə Milli Məclisin nümayəndə heyətinin İsveçrə Konfederasiyasına mayın 9-dan 11-dək davam etmiş rəsmi səfəri barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası İsveçrə Konfederasiyası ilə ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi dialoq Davosda keçirilən Dünya İqtisadi Forumunun illik toplantıları gedişində dövlət başçılarının müntəzəm görüşləri, habelə parlament ölçüsü çərçivəsində, ayrı-ayrı nazirliklər səviyyəsində ikitərəfli təmaslar vasitəsilə təmin edilir.

Sahibə Qafarova diqqətə çatdırıb ki, mayın 10-da Milli Məclisin nümayəndə heyəti Azərbaycanın İsveçrədəki səfirliyində olub. Ənənəvi olaraq, səfirliyin binasında xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb və onun əziz xatirəsi ehtiramla anılıb.

Həmin tədbir zamanı qeyd olunub ki, mayın 10-da böyük siyasi və dövlət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü tamam olur. Ulu Öndərin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri dövlətçilik tariximizin ən parlaq səhifələrini təşkil edir. Bildirilib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi inkişaf strategiyası onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Elə həmin gün İsveçrə Federal Məclisi Milli Şurasının sədri xanım İren Kalin, Kantonlar Şurasının sədri Tomas Hefti, mayın 11-də isə İsveçrə Konfederasiyasının vitse-prezidenti Alan Berset ilə ayrı-ayrı görüşlər olub.

Aparılan söhbətlərdə ölkələrimizin siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edilib. İsveçrənin ali vəzifəli şəxsləri öz ölkələrinin Azərbaycana mühüm tərəfdaş kimi yanaşdığını nəzərə çatdıraraq, dövlətimizin ərazi bütövlüyünü hər zaman dəstəklədiyini xüsusi vurğulayıblar.

Görüşlər zamanı Sahibə Qafarova Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal enerji və nəqliyyat layihələri haqqında məlumat verərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu qeyd edib, Azərbaycanın mühüm nəqliyyat qovşağına çevrildiyini diqqətə çatdırıb. O, İsveçrə ilə Azərbaycan arasında oxşar cəhətlərdən danışarkən ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq mühiti haqqında məlumat verib. Bildirib ki, multikulturalizmi dövlət siyasəti elan edən Azərbaycan bütün dünyada mədəniyyətlərarası dialoqu, sülh və əməkdaşlığı təşviq edir.

Görüşlər zamanı Azərbaycan ilə İsveçrənin qanunvericilik orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, hazırda parlamentlərimiz arasında səmərəli iş birliyi mövcuddur. Müntəzəm təmaslar və fikir mübadiləsi əlaqələrin daha da genişlənməsinə xidmət edir. Parlament komitələrinin qanunvericilik fəaliyyəti sahəsində təcrübə mübadiləsinin ikitərəfli münasibətlərin daha da dərinləşməsi üçün yeni imkanlar yarada biləcəyi də qeyd olunub.

Milli Məclisin sədri xarici ölkələrə bütün səfərlərində olduğu kimi, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Qələbə haqqında məlumat verib. İşğal dövründə vandallar tərəfindən törədilmiş kütləvi dağıntılar, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı həyata keçirilən genişmiqyaslı layihələr haqqında danışıb.

Münaqişənin həllindən sonra regionda yeni reallıqların və imkanların yarandığı bildirilib, daimi sülh, təhlükəsizlik və əməkdaşlığa nail olmaq üçün Azərbaycanın irəli sürdüyü təkliflər barəsində də məlumat verilib. Qeyd edilib ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Çıxışının sonunda Milli Məclisin sədri səfərin uğurlu keçdiyini deyib və nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirib.

Sonra iclasda cari məsələlərin müzakirəsinə başlanıb.

Cari məsələlərin müzakirəsində Milli Məclisin komitə sədrləri Tahir Rzayev, Zahid Oruc, deputatlar Cavid Osmanov, Aqil Məmmədov, Aqil Abbas, Şahin İsmayılov, Elman Nəsirov, Vahid Əhmədov, Jalə Əliyeva, Fazil Mustafa gündəmdə olan bəzi mövzular barədə danışıblar, seçiciləri maraqlandıran məsələləri diqqətə çatdırıblar. Deputatlar ulu öndər Heydər Əliyevin işıqlı xatirəsinin anıldığı ərəfədə azad Şuşada və digər azad olunmuş torpaqlarımızda bir-birindən möhtəşəm tədbirlərin, yarışların keçirilməsinin əhəmiyyətindən danışıblar, bu gün Ulu Öndərin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin arzularının gerçəkliyə çevrilməsinin yaratdığı qürur və sevinc hisslərini bölüşüblər.

Cari məsələlərdən sonra gündəliyin müzakirəsi başlayıb.

Sahibə Qafarova bildirib ki, iclasın gündəliyinə 20 məsələ daxil edilib. 1-ci və 2-ci məsələlər mahiyyətcə bir-birinə yaxın olduğu üçün o, hər iki məsələnin birgə müzakirəsini təklif edib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) haqqında məlumat verərək bildirib ki, sənəd birinci və ikinci oxunuşda ətraflı müzakirə edilib, qaldırılan məsələlər cavablandırılıb. Layihə ilə bağlı komitəyə heç bir təklif və rəy daxil olmayıb.

Əli Hüseynli Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı bildirib ki, sənəd "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Qanuna uyğunlaşdırma məqsədilə hazırlanıb və məsələ ilə bağlı komitənin rəyi müsbətdir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Mədəniyyət komitəsi sədrinin müavini Fazil Mustafa, Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov bu komitələrdə sənədin dəstəkləndiyini bildiriblər.

Təqdim olunan hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə bildirib ki, həm birinci, həm ikinci oxunuşlarda sənədlə bağlı ətraflı məlumat verilib, eyni zamanda, qaldırılan məsələlər hər iki oxunuşda cavablandırılıb və ikinci oxunuşdan sonra komitəyə hər hansı bir qeyd və ya irad daxil olmayıb.

Deputat Qüdrət Həsənquliyevin mövsümi işlərlə əlaqədar bölgələrdə bağlanan əmək müqavilələrinə nəzarətin gücləndirilməsi ilə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti 4 məsələsi Prezidentin bir məktubu ilə daxil olub və mahiyyətcə bir-birinə yaxın qanun layihələridir.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) haqqında məlumat verərək, sənədin əvvəlki oxunuşunda deputatların layihə ilə bağlı çıxışlarında səsləndirdikləri qeyd və fikirlərini şərh edib.

Musa Quliyev bildirib ki, səslənən bütün təkliflər qanun layihəsinin subyektinə göndərilib və hazırda öyrənilməkdədir. O, uyğun bilinən təkliflərin müvafiq qanunlara növbəti dəyişikliklərdə, eləcə də hazırlanmaqda olan “2022-2030-cu illər üzrə pensiya islahatları konsepsiyası”nda nəzərə alına biləcəyini qeyd edib. Komitə sədri bildirib ki, müzakirədə olan qanun layihəsinin dəyişiklik təklif olunan maddələri ilə bağlı heç bir etiraz daxil olmayıb.

“Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı komitə sədri Musa Quliyev diqqətə çatdırıb ki, sənəd “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğunlaşdırma məqsədilə hazırlanıb.

Əvvəlki iki oxunuş zamanı qanun layihəsinə dair heç bir irad və etirazın bildirilmədiyini qeyd edən komitə sədri deputatları təklif olunan dəyişiklikləri 3-cü oxunuşda da dəstəkləməyə səsləyib.

Sonra Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) haqqında məlumat verib.

Bildirib ki, layihə "Əmək pensiyaları haqqında" və "Sosial müavinətlər haqqında" qanunlarda dəyişiklik edilməsi barədə layihələrə uyğunlaşdırma xarakteri daşıyır və sənədin səsə qoyulmasını təklif edib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə əlaqədar məlumat verib. Bildirilib ki, sənəd "Əmək pensiyaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin qəbulu ilə əlaqədar qanunvericiliyin uyğunlaşdırılması məqsədilə hazırlanıb və komitənin rəyi müsbətdir.

Qanun layihələrinin müzakirəsində deputatlardan Vahid Əhmədov, Asim Mollazadə, Cavid Osmanov, Fəzail Ağamalı çıxış edərək fikirlərini bildiriblər, suallarını səsləndiriblər. Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qaldırılan məsələlərə aydınlıq gətirib, sualları cavablandırdıqdan sonra təqdim olunan hər 4 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verərək layihə ilə bağlı heç bir irad daxil olmadığı üçün sənədin səsə qoyulmasını təklif edib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin 9-cu və 10-cu məsələləri təhsil qanunvericiliyinə dəyişikliklərlə bağlıdır və mahiyyətcə bir-birinə yaxındır.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev mahiyyətcə bir-birinə yaxın olan “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) haqqında məlumat verib.

Bəxtiyar Əliyev birinci və ikinci oxunuşlarda Milli Məclisin deputatlarının qanun layihələrini dəstəklədiklərini qeyd edərək, sənədlərlə bağlı aparılan müzakirələrdə deputatlar tərəfindən qaldırılan məsələlərə aydınlıq gətirib.

Komitə sədri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev təhsilə, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb edilməsinə xüsusi diqqətlə yanaşır və bu istiqamətdə dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilir. O, diqqətə çatdırıb ki, bütövlükdə təklif edilən dəyişikliklərin əsas məqsədi, sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən ibarətdir.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Sahibə Qafarova bildirib ki, bununla da gündəlikdə üçüncü oxunuşda olan qanun layihələri başa çatıb və növbəti 7 məsələ ikinci oxunuşda olan qanun layihələridir.

Gündəliyin 11-ci məsələsi olan “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov təqdim edib. O, layihənin əvvəlki oxunuşlarında ətraflı məlumat verildiyini, sənədlə bağlı heç bir təklifin daxil olmadığını bildirib və səsə qoyulmasını xahiş edib.

Layihə ilə bağlı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun, deputatlar Aydın Mirzəzadənin və Sabir Rüstəmxanlının qeydləri və fikirləri dinlənildikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. Bildirilib ki, qanun layihəsində təklif edilən dəyişiklik inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı məhkəməyə verilən şikayətlər üçün iddia müddətinin axımının dayandırılması müddəası ilə bağlıdır. Bu qanun layihəsi də ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Növbəti məsələ olan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) İnsan hüquqları komitəsinin sədri Zahid Oruc təqdim edib. O bildirib ki, birinci oxunuşda layihə barədə ətraflı məlumat verilib və parlament sədrinin də tapşırığına əsasən, genişləndirilmiş formada müzakirələri keçirilib. Komitə sədri müzakirələrdə deputatların qanun layihəsini dəstəklədiklərini bildirib, onların müzakirələrdə qaldırdıqları məsələlərə münasibət bildirib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsi barədə komitənin rəyini diqqətə çatdıraraq deyib ki, layihəni iqtisadi təhlükəsizlik üçün faydalı hesab edirlər.

Sənədin müzakirələrində deputatlar Musa Qasımlı, Sahib Alıyev, Etibar Əliyev, Bəhruz Məhərrəmov çıxış ediblər. Deputatlar sənədin informasiya sistemlərinin, informasiya-kommunikasiya şəbəkələrinin, bütövlükdə kibertəhlükəsizliyin təmin edilməsi üçün əhəmiyyətini vurğulayıblar, bu istiqamətdə fikirlərini bildiriblər. Komitə sədrləri Tahir Mirkişili və Zahid Oruc səsləndirilən fikirlərə aydınlıq gətirəndən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyin 14-cü məsələsi - İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verərkən bildirib ki, bu dəyişiklikdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun tələblərinin pozulması zamanı yaranan inzibati məsuliyyət nəzərdə tutulub.

Komitə sədrləri Zahid Oruc və Tahir Mirkişili İnsan hüquqları komitəsinin və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sənədlə bağlı müsbət rəylərini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gündəliyin 15-ci məsələsi olan “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov təqdim edib.

Bildirilib ki, sənəd "Nağdsız hesablaşmalar haqqında" Qanuna uyğunlaşdırmanın həyata keçirilməsini təmin etmək üçün hazırlanıb. Layihə ikinci oxunuşda komitədə baxılıb və deputatlar tərəfindən müsbət rəy verilib.

Eyni zamanda, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və Gənclər və idman komitəsi sədrinin müavini Şahin İsmayılov bu komitələrin sənədlə bağlı müsbət rəy verdiklərini bildiriblər.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun, deputat Qüdrət Həsənquliyevin səhiyyə məsələləri ilə bağlı fikirlərinə Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudovun və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin şərhləri dinlənildikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Daha sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumatında bildirib ki, təklif olunan dəyişikliklər qanunun təkmilləşdirilməsi və bir sıra müddəalarının dəqiqləşdirilməsi məqsədi daşıyır. Sənədin müzakirəsində deputat Vüqar Bayramov fikirlərini səsləndirəndən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Gündəliyin 17-ci məsələsi olan Şəhərsalma və Tikinti Məcəlləsində, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.

Bildirilib ki, qanun layihəsi "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının 9 iyul 2021-ci il tarixli qanununun tətbiqi ilə əlaqədar hazırlanıb, uyğunlaşdırma və terminlərin dəqiqləşdirilməsi məqsədi daşıyır.

Məsələ ilə bağlı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müsbət rəyləri də bildirilib və qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri bildirib ki, bundan sonrakı üç məsələ mahiyyətcə bir birinə yaxın qanun layihələridir və Prezidentin bir məktubu ilə daxil olub. Təklif edib ki, qanun layihələrinin təqdimatları ayri-ayrılıqda, müzakirələri isə birgə keçirilsin.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. İltizam Yusifov bildirib ki, qanun layihəsi əsasən təkmilləşdirmə xarakteri daşıyır və Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Kommunal xidmətlərin inkişafına dair Strateji Yol xəritəsi”ndə nəzərdə tutulmuş istilik təchizatı sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi tədbirlərinin icrası, o cümlədən istilik enerjisi istehsalı, ötürülməsi, paylanması və istehlakının tənzimlənməsi məqsədilə hazırlanıb.

Qanun layihəsi bu sahədə istehlakçı və istehsalçı münasibətlərinin hüquqi müstəvidə formalaşmasını təmin edəcək, o cümlədən istilik enerjisindən istifadədə göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək və yaranan münasibətlərin hüquqi müstəvidə tənzimlənməsi imkanlarını da artıracaq.

Gündəliyin 19-cu məsələsi olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Komitə sədri bildirib ki, istilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı Prezident 29 aprel 2022-ci il tarixli ayrıca Sərəncam imzalayıb və burada “İstilik təchizatı haqqında” Qanun layihəsinin hazırlanması ilə bağlı tapşırıq öz əksini tapıb. Bu qanun layihəsinin hazırlanması ilə istilik təchizatı sahəsinin bir çox məsələlərinə aydınlıq gətiriləcəyini qeyd edən komitə sədri təklif edilən dəyişikliklərin əhəmiyyətini vurğulayıb. Bildirib ki, qanun layihəsi sahibkarlıq sahəsində yoxlamalarla bağlı istilik enerjisinə münasibətdə digər enerji və kommunal xidmətlərlə eyni hüquqi rejimin tətbiq olunmasını, yoxlamaların dayandırıldığı müddətdə sahibkarlıq subyektlərinin istilik sayğaclarına müdaxilə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma halları aşkarlanarsa, digər enerji və kommunal xidmətlərdə olduğu kimi, yoxlamaların keçirilməsinə hüquqi əsasın təsbit edilməsini müəyyən edir.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov məsələyə komitədə baxıldığını və müsbət rəy verildiyini deyib.

Sonra İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin məlumatı dinlənilib. Əli Hüseynli bildirib ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə “istilik enerjisi” ifadəsi gətirilməklə, bu sahədə də törədilə biləcək inzibati xətalara görə inzibati məsuliyyət müəyyən edilib.

Müzakirələrdə deputatlar Razi Nurullayev və Sədaqət Vəliyevanın fikirləri dinlənildikdən sonra hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin 2022-ci ilin yaz sessiyasında növbəti iclası başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video