27 Dekabr 2021 20:51
646
PARLAMENT
A- A+

Milli Məclisdə gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2020-ci il üzrə məlumat dinlənilib

 

Dekabrın 27-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasda gündəliyin təsdiqindən sonra cari məsələlərin müzakirəsinə başlanıb.

AZƏRTAC xəbər verir ki, cari məsələlərdə deputatlar Əli Məsimli, Aqil Abbas, Razi Nurullayev, Etibar Əliyev, Aqiyə Naxçıvanlı, Soltan Məmmədov, Müşfiq Cəfərov, Müşfiq Məmmədli, Ramil Həsən, Bəhruz Məhərrəmov çıxış ediblər. Deputatlar təmsil etdikləri dairələrdə seçiciləri düşündürən və gündəmdə olan bəzi aktual məsələlərə dair fikirlərini səsləndirib, təkliflərini irəli sürüblər.

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başlayıb.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin birinci məsələsinin gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı haqqında olduğunu bildirib.

Məlumatı təqdim edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova çıxışında gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2020-ci ildə görülən işlərdən danışaraq bu ilin ölkəmizin və xalqımızın həyatına erməni faşizmi üzərində qazanılmış tarixi Qələbə ili kimi daxil olduğunu vurğulayıb. Qazanılan böyük Qələbə, həm də COVID-19-un cilovlanması istiqamətində əldə edilən nailiyyətlər ilə yanaşı, müharibə və pandemiyanın təsirinə məruz qalmış minlərlə soydaşımızın müxtəlif problemlərlə üzləşdiyini, ailələrdə və cəmiyyətdə narahatlıq doğuran bəzi halların baş verdiyini diqqətə çatdırıb.

Komitə sədri 2020-ci ildə Azərbaycanda gender bərabərliyinin təmin edilməsinə yönəlik zəruri alət və mexanizmlərin inkişafı istiqamətində atılan mühüm addımlar barədə danışıb, normativ hüquqi bazanın təkmilləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verib.

Vurğulanıb ki, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilməsi bu sahədə mübarizəni daha geniş miqyasda və əsaslı olaraq aparılması üçün yeni bir mərhələyə keçidə imkan yaradıb.

Komitə sədri çıxışında gender bərabərliyinin təmin edilməsi istiqamətində hesabat dövrü ərzində beynəlxalq təşkilatlarla əməkdaşlıq, müvafiq mövzularda təlim kurslarının, seminarların, vebinarların təşkil olunması, təlimat və tövsiyələrin hazırlanması işləri barədə məlumat verib.

2020-ci ildə də institusional mexanizmlərin gücləndirilməsi istiqamətində Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM-nin) geniş fəaliyyətindən bəhs olunub. Qeyd edilib ki, UADM-in fəaliyyətindən ötən il 25 min 023 nəfər (9876 ailə) bəhrələnib. Bildirilib ki, respublikanın 15 rayon və şəhərində bələdiyyələrdə Gender Komissiyalarının yaradılmasına dəstək verilib, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün 3 yardım mərkəzi yaradılıb. Həmçinin Qadın Resurs Mərkəzləri tərəfindən COVID-19 pandemiyası dövründə 880 ailəyə psixoloji və 440 ailəyə ehtiyaclarına uyğun yardımlar göstərilib. Bundan başqa, 2020-ci il dekabrın 1-dən komitədə 860 nömrəli qaynar xətt fəaliyyət göstərməkdədir.

Bahar Muradova 2020-ci ildə dövlət komitəsinə daxil olan müraciətlərin təhlilini diqqətə çatdırıb. Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməsi ilə bağlı ən geniş yayılmış halların özəl sektorda hamilə və himayəsində azyaşlı uşağı olan analarla əmək müqaviləsinə xitam verilməsi, işə qəbul zamanı əks cinsin nümayəndələrinə üstünlüyün verilməsi, işləyən analar üçün nəzərdə tutulmuş güzəştlərin nəzərə alınmaması və digər məsələlərlə bağlı olduğunu bildirib. Məişət zorakılığı ilə bağlı cinayətlərin sayında azalma müşahidə olunsa da, bu kimi halların hələ də ciddi qınaq obyektinə çevrilmədiyini qeyd edib. Bildirilib ki, erkən nikah hallarının dinamikasında azalma qeydə alınsa da, onun tamamilə aradan qaldırılması hələ ki, mümkün olmayıb. 2020-ci ildə cins seçimi məsələsi də aktual olaraq qalıb. Doğulan uşaqlar arasında cins nisbətində bioloji norma pozulub. Çıxışında dövlətin idarə olunmasında və qərarların qəbul edilməsində qadın iştirakçılığının əvvəlki illərlə müqayisədə artmaq üzrə olduğunu bildirən Bahar Muradova hakimiyyət orqanlarında qadınların təmsilçiliyi ilə bağlı statistik rəqəmləri açıqlayıb.

Sonra komitə sədri əmək hüquqlarının həyata keçirilməsində gender bərabərliyi ilə bağlı problemlərə toxunub, bu sahədə kişilərlə qadınların say nisbətlərini diqqətə çatdırıb, qadınlar arasında özünüməşğulluğun və sahibkarlığın inkişafı istiqamətində dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.

Təhsil hüquqlarının həyata keçirilməsində bərabər imkanların təmin edilməsinin Azərbaycan hökumətinin əsas prioritetlərdən biri olduğunu qeyd edən Bahar Muradova bir qayda olaraq, ali və orta ixtisas təhsili müəssisələri, eləcə də ilk-peşə ixtisas təhsili müəssisələrinin işçiləri arasında qadınların üstünlük təşkil etdiyini açıqlayıb. Rəhbər vəzifələrdə çalışanlar arasında isə orta ixtisas təhsili müəssisələri istisna olmaqla, kişilər böyük üstünlüyə malikdir.

Bildirilib ki, qızların təhsildən yayındırılmasının qarşısının alınması, tədrisin məzmununda gender stereotiplərinin aradan qaldırılması diqqətdə saxlanılıb.

Bahar Muradova komitənin ötəndəfəki məlumatın müzakirəsində deputatların qaldırdıqları məsələləri diqqətdə saxladığını və onların həlli istiqamətində müvafiq işləri həyata keçirdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, ilk növbədə, maddi və mənəvi təməllər üzərində inkişaf edən, gender rolları düzgün müəyyənləşdirilmiş, qarşılıqlı öhdəlikləri və məsuliyyətləri bərabər bölünmüş bir cəmiyyət qurmağa nail olmaq hamımızın hədəfidir.

Sonra Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2020-ci il üzrə fəaliyyəti haqqında parlamentə təqdim olunan illik məlumat 52 səhifədən, giriş və gender bərabərliyinin təmin edilməsi ilə bağlı istiqamətləri özündə ehtiva edən 4 hissədən ibarətdir. Sənəd bütövlükdə Azərbaycan dövlətinin gender bərabərliyinin təmini üzrə həyata keçirdiyi siyasətin yerinə yetirildiyini təsdiqləyir və qənaətbəxşdir. Bildirilib ki, mövcud pandemiya, müharibə və post müharibə şəraitinə baxmayaraq, komitə bir sıra yeni layihələr həyata keçirib, qanunvericiliyin təkmilləşdirilməsi sahəsində mühüm sənədlər hazırlayıb.

Qadınların ictimai həyatın bütün sahələrində iştirakı olmadan güclü, sabit dövləti təsəvvür etməyin mümkün olmadığını vurğulayan komitə sədri bildirib ki, bu səbəbdən də qlobal gündəlikdə dayanan məsələlər ayrı-ayrı ölkələrin məqsədləri ilə üst-üstə düşür.

Bu sahədə qlobal təşəbbüslərin daha da artdığını qeyd edən Hicran Hüseynova cari il oktyabrın 13-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Üçüncü Avrasiya Qadın Forumunda Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin plenar iclasda və ayrı-ayrı sessiyalarda iştirak edərək Azərbaycan qadınlarının uğurları və dünya qadın hərəkatına verdiyi töhfələri barədə məruzə və təqdimatlarını qeyd edib. Bir daha təsdiq edilib ki, gender bərabərliyinin təmin olunması üçün iqtisadi resurslara, texnologiya və maliyyə xidmətlərinə, məşğulluq, təhsil üçün imkanlara təhlükəsiz və bərabər çıxış şəraiti yaradılmalıdır. Hicran Hüseynova vurğulayıb ki, ölkədə gender bərabərliyinin təmin olunması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqətindədir.

Sənədin müzakirələrində deputatlar Fazil Mustafa, Etibar Əliyev, Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Elman Nəsirov, Rəşad Mahmudov, Nigar Arpadarai, Səbinə Xasayeva, Razi Nurullayev, Erkin Qədirli çıxış ediblər. Deputatlar gender bərabərsizliyi, erkən nikah, qız uşaqlarının təhsildən yayınması, doğulan uşaqlar arasında cins balansının pozulması kimi halları gender mədəniyyəti ilə bağlayıblar. Deputatlar ölkədə gender mədəniyyətinin yüksəldilməsi üçün gender sahəsində fəaliyyət göstərən qurumların, maarifləndirmə işlərinin effektivliyinin artırılması, qanunvericiliyin və xüsusən də onların icrasının təkmilləşdirilməsi ilə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.

AQUPDK-nin sədri Bahar Muradova deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, onları narahat edən istiqamətlər üzrə hökumətin mövqeyi, gördüyü işlər və gələcək perspektivlər barədə məlumat verib. Müzakirələrin sonunda Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı nəzərə alınıb.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Turizm haqqında” qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Bildirilib ki, layihənin ikinci oxunuşda müzakirəsi zamanı deputatlar çıxış edərək bütövlükdə qanun layihəsini dəstəklədiklərini ifadə ediblər və sənədin təkmilləşdirilməsinə dair bəzi təkliflər səsləndiriblər. Diqqətə çatdırılıb ki, sənədin üçüncü oxunuşu ilə bağlı komitənin genişləndirilmiş iclası keçirilib və qaldırılan məsələlər layihənin müəllifləri ilə ətraflı müzakirə olunub. Diqqətə çatdırılıb ki, məsələlərin bir çoxu turizmlə bağlı ümumi problemləri əhatə edir, digər hissəsi qanunun qəbulundan sonra icrası ilə bağlı tövsiyələrdir. Turizm Agentliyi belə qərar verib ki, qaldırılan bütün məsələlər Qanunun qəbulundan sonra müvafiq sənədlərin hazırlanması zamanı nəzərə alınacaq. Komitə sədri onu da bildirib ki, sənəddə deputatların dörd istiqamətdə təklifləri nəzərə alınıb və qanunun müvafiq maddələrinə dəyişikliklər edilib.

Yeni qanun layihəsi ölkəmizdə turizmin dayanıqlı inkişafını təmin etmək məqsədilə turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını və turizm sahəsinin maliyyələşdirilmə mənbələrini müəyyən edir.

Sonra deputatlar Məzahir Əfəndiyev İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Fazil Mustafa Mədəniyyət komitəsinin sənədə dair müsbət rəylərini diqqətə çatdırıblar.

“Turizm haqqında” qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib. Layihəyə əsasən, Məcəlləyə turizm haqqında qanunvericiliyin pozulması ilə əlaqədar yeni 428-1-ci maddə əlavə olunur.

Komitə sədri Musa Quliyev Əmək və sosial siyasət, deputatlar Fazil Mustafa Mədəniyyət və Məzahir Əfəndiyev İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin Məcəlləyə edilən dəyişikliyi dəstəklədiklərini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin 4-cü məsələsindən 17-ci məsələsinədək bir məktubda parlamentə daxil olan və mahiyyətcə bir-birinə yaxın qanun layihələridir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili həmin məsələlər barədə üçüncü oxunuşda ümumi məlumat verib. Bildirilib ki, ikinci oxunuşda deputatlar tərəfindən bir sıra məsələlər qaldırılıb və bəzi dəqiqləşdirmələr aparılıb. Bununla bağlı “Lotereyalar haqqında”, “Dövlət satınalmaları haqqında”, “Telekommunikasiya haqqında” qanunlarda və Vergi Məcəlləsində bir sıra texniki xarakterli düzəlişlər edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə ediləcək dəyişikliklərlə bağlı məlumat verib. O, komitə tərəfindən irəli sürülən təkliflərin qanunvericilik təşəbbüsü subyekti ilə müzakirələr zamanı nəzərə alındığını diqqətə çatdırıb. Təklifə əsasən, qumar oyunlarının təşkili və keçirilməsi ilə bağlı məsuliyyət Cinayət Məcəlləsinin iqtisadi fəaliyyət sahəsində törədilən cinayətlər fəslinə deyil, ictimai mənəviyyat əleyhinə cinayətlər fəslinə aid olmalıdır. Bu nəzərə alınaraq, 244-1-ci maddə yeni redaksiyada təqdim edilib.

Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində isə qumar oyunlarının təşkili və keçirilməsini nəzərdə tutmayan digər əməllər dəqiq sadalanıb və inzibati məsuliyyət müəyyən edilib. Maddənin qeyd hissəsində deyilir ki, qumar oyunlarının təşkili və keçirilməsi cinayət məsuliyyətinə səbəb olur.

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev bildirib ki, onun rəhbərlik etdiyi komitənin üzvlərinin verdiyi təkliflər nəzərə alınıb və komitə təqdim olunan qanun layihələrini dəstəkləyir.

Sonra Tahir Rzayev və Zahid Oruc çıxış edərək, rəhbərlik etdikləri Aqrar siyasət komitəsinin və İnsan hüquqları komitəsinin layihələri dəstəklədiklərini bildiriblər.

İclasda Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov və deputat Tahir Kərimli də öz fikirlərini açıqlayıblar.

Sonra “Lotereyalar haqqında” qanunda, İnzibati Xətalar, Mülki, Cinayət, Vergi məcəllələrində, “Bədən tərbiyəsi və idman haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Atçılıq haqqında”, “Reklam haqqında”, “Dövlət satınalmaları haqqında”, “Telekommunikasiya haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlarda və Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihələri ayrı-ayrılıqda səsə qoyulub və üçüncü oxunuşda qəbul edilib.

İclasda Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini üçüncü oxunuşda təqdim edib.

Bildirib ki, qanun layihəsi Prezidentin "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında" 23 sentyabr 2020-ci il tarixli fərmanına əsasən hazırlanıb. Təklif edilən dəyişiklik və əlavələr vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində fəaliyyətin təkmilləşdirilməsinə, vətəndaş məmnunluğunun, operativliyin və əlçatanlığın təmin edilməsinə xidmət edəcək.

Deputat Hikmət Məmmədov bəzi məsələlərlə bağlı fikirlərini bildirdikdən sonra Ailə Məcəlləsinə edilən dəyişikliklər səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə danışıb.

Məlum olduğu kimi, xarici ölkələrdə Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanda daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslə bağlı doğumun və ölümün qeydiyyatı həmin ölkədə verilmiş təsdiqedici tibbi sənədlər əsasında konsulluqlar tərəfindən aparılır və bu barədə məlumat Əhalinin Dövlət Reyestrində yerləşdirilir. Bununla əlaqədar Konsul Nizamnaməsində müvafiq dəyişikliklərin edilməsi təklif olunur.

Komitə sədri Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsində də bu məsələyə baxıldığını və müsbət rəy verildiyini söyləyib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Bununla Milli Məclisin bugünkü iclası başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video