24 Oktyabr 2025 19:29
3181
PARLAMENT
A- A+
Milli Məclisdə 17 məsələ müzakirə olunub YENİLƏNİB  

Milli Məclisdə 17 məsələ müzakirə olunub YENİLƏNİB  


Oktyabrın 24-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Sahibə Qafarova Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyətinin oktyabrın 19-dan 21-dək İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfəri barədə məlumat verib.

Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyə 17 məsələ daxil edilib və ilk 5 məsələ möhtərəm Prezidentin təqdimatları əsasında bir sıra məhkəmələrin hakimlərinin təyin və vəzifədən azad edilməsi ilə bağlıdır. Parlamentin sədri bu məsələlərin müzakirəsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Çingiz Əsgərovun, Məhkəmə Hüquq Şurası Aparatının rəhbəri Kərəm Mansurovun və hakimliyə namizədlərin iclasda iştirak etdiyini bildirib.

Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, F.M.Abbasovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi, Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi, R.A.Xəlilovun Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələlər barədə məlumat verib.

Nizami Səfərov bildirib ki, dövlət başçısının müvafiq təqdimatlarına əsasən, 11 hakim barəsində məsələlərin müzakirə nəzərdə tutulub. Belə ki, hakim korpusunu təmsil edən 2 nəfərin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri, 5 nəfərin Bakı Apellyasiya Məhkəməsinin hakimləri, 2 nəfərin Gəncə Apellyasiya Məhkəməsinin hakimləri, 1 nəfərin Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi, 1 nəfərin isə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi təklif olunur.

Komitə sədri Siyavuş Novruzov, deputat Aydın Mirzəzadə öz fikirlərini səsləndirdikdən sonra təqdim olunan 5 məsələ üzrə Milli Məclisin qərar layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

İclasda çıxış edən Ali Məhkəmənin sədr müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Çingiz Əsgərov Şura tərəfindən aparılan islahatlar nəticəsində hakimlərin seçilməsi prosesinin sürətləndirildiyini, Şura nəzdində fəaliyyət göstərən Hakimlərin Qiymətləndirilməsi Komitəsinin müvafiq qaydalara uyğun olaraq hakimlərin peşəkarlıq səviyyəsinin müəyyən etdiyini söyləyib.

Parlamentin spikeri gündəliyin növbəti məsələsinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin olduğunu və layihənin bir oxunuşda baxılaraq qəbul ediləcəyini bildirib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev həmin qanun layihəsinin mahiyyətindən danışıb. O, sənəddə təklif olunan dəyişikliyin dəqiqləşdirmə xarakteri daşıdığını deyib.

Məsələ ilə bağlı müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova növbəti iki məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu deyib.

İclasda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.

Komitə sədri bildirib ki, sənəddə sənaye parkının rezidentlərinə verilən güzəştlərin müddətinin uzadılması nəzərdə tutulur. O, bu müddətin 2030-cu ilədək davam edəcəyini qeyd edib.

Qanun layihələri ayrı-ayrılıqsa səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sahibə Qafarova gündəliyin növbəti beş məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Dövlət xidmətləri haqqında” qanun layihəsi (ikinci oxunuş) barədə məlumatı təqdim edib.

5 fəsil və 20 maddədən ibarət qanun layihəsi dövlət xidmətləri sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində münasibətləri tənzimləyir. Sənəddə dövlət xidmətlərinin göstərilməsinin əsas prinsipləri, xidmət istifadəçilərinin və xidmət təminatçılarının hüquq və vəzifələri müəyyən edilir. Habelə dövlət xidmətlərinin formalaşdırılması, təşkili və təkmilləşdirilməsinə dair müddəalar öz əksini tapıb. Bununla yanaşı, Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması, xidmət istifadəçilərinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi ilə bağlı tələblər, dövlət xidmətlərinin formaları, onların qiymətləndirilməsi və keyfiyyətinə nəzarətlə bağlı məsələlər təsbit olunur.

Daha sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb.

Qanun layihəsi müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, onların quraşdırılması və idarə olunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb və bununla bağlı vahid səlahiyyətli qurumun müəyyən edilməsini nəzərdə tutur.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəllədə, Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini təqdim edib.

Millət vəkili müzakirəyə çıxarılan layihənin Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edildiyini, Vəkillər Kollegiyasının fəaliyyətinin əsaslarını təkmilləşdirmək məqsədilə hazırlandığını nəzərə çatdırıb.

Sonra komitə sədri Azər Əmiraslanov “İpoteka haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verib. Layihə ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O diqqətə çatdırıb ki, qanun layihəsi Rəqabət Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar hazırlanıb.

Müzakirələrdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Fasilədən sonra iclas öz işini davam etdirib.

Parlamentin sədri Sahibə Qafarova gündəliyin qalan 4 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib. O, növbəti iki məsələnin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil edildiyini və mahiyyətcə bir-birinə bağlı olduğunu söyləyib. Qeyd edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Elmin Məmmədov iclasda iştirak edir.

Sonra komitə sədri Azər Əmiraslanov “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edib.

O bildirib ki, qanun layihəsi Azərbaycan Respublikasının ərazisində nəqliyyat-ekspedisiya fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanlarının, habelə hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin və fərdi sahibkarların fəaliyyətini, həmçinin onlar arasında yaranan münasibətləri tənzimləyir. Layihədə müvafiq anlayışlar, sahə üzrə dövlət tənzimlənməsi çərçivəsində görüləcək tədbirlər, ekspeditora qarşı pretenziya və iddia verilməsi qaydaları, sahəvi ictimai birliklərin yaradılması ilə bağlı məsələlər əks olunur.

Sonra Azər Əmiraslanov Mülki Məcəllədə, Ticarət Gəmiçiliyi Məcəlləsində, “Nəqliyyat haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verərək, bu sənədin “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" qanun layihəsindən irəli gələrək hazırlandığını söyləyib.

Parlamentin komitə sədri Tahir Rzayev məsələ barədə öz fikirlərini söylədikdən sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Gündəliyin on altıncı məsələsi olan “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda müzakirəyə təqdim edən Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov bildirib ki, layihədə qanunun 27-ci maddəsinə 27.4-cü bəndin əlavə olunması təklif edilib.

Müzakirədə Milli Məclis sədrinin müavini Musa Qasımlı, komitə sədri Fazil Mustafa, deputatlar Vüqar Bayramov, Ceyhun Məmmədov, Aydın Hüseynov, Qüdrət Həsənquliyev, Gülşən Paşayeva çıxış edərək təklif olunan dəyişiklik və təhsil sahəsinin bəzi aktual məsələləri ilə bağlı qeydlərini, suallarını səsləndiriblər.

Elm və təhsil nazirinin müavini İdris İsayev qaldırılan məsələlərə aydınlıq gətirəndən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Əmək Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Mənzil Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Ümumi təhsil haqqında”, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məlumat verib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov və Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov sənədlə bağlı rəhbərlik etdikləri komitələrin müsbət rəylərini diqqətə çatdırandan sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!