26 May 2022 00:33
582
Səhiyyə
A- A+

Meymunçiçəyi yayılmaqda davam edir

 

Qorxulu olsa da, xəstəliyin ölüm riski azdır

 

Koronavirus bəlası tam bitməmiş başqa bir yoluxucu xəstəlik insanları təşvişə salıb. Bu dəfə insanları təhdid altına alan meymunçiçəyi virusunun həyəcan təbili çalınır.

Ümumdünya Səhiyyə Təşkilatı hazırda bu virusun müşahidə edildiyi 19 ölkədə 131  yoluxma halının və 100-dən artıq şübhəli faktın olduğunu bildirib.

 

İngiltərədə qeydə alınan virus 19 ölkəyə yayılıb

 

Avropada ilk dəfə mayın 7-də İngiltərədə müşahidə edilən xəstəlik Nigeriyaya səfərindən sonra ölkəsinə qayıdan şəxsdə qeydə alınıb. Virusa Nigeriyada yoluxduğu güman edilən şəxsdən sonra Böyük Britaniyada indiyə qədər 20 nəfərdə meymunçiçəyi aşkarlanıb.

İngiltərənin ardından Avstraliyada bu xəstəlik qeydə alınıb. Böyük Britaniyadan səfərdən qayıdan bir kişidə müşahidə edilən vəziyyət araşdırıldıqdan sonra məlum olub ki, o, meymunçiçəyinə ölkəyə gəlməzdən öncə yoluxubmuş.

Bir aya yaxındır ki, meymunçiçəyi virusuna yoluxanların sayı artmaqdadır. Hazırda bu virusa daha çox Mərkəzi və Qərbi Afrikada rast gəlinsə də, xəstəliyin yayıldığı ölkələr arasında ABŞ, Kanada, İspaniya, Portuqaliya, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, Avstriya, Avstraliya və s. yer alır. Yoluxma statistikasının ilk iki pilləsində isə İspaniya (40 nəfər) və Portuqaliya (37 nəfər) qərarlaşıb. Virusun yayıldığı ölkələrdə hələ ki, ölüm faktı qeydə alınmayıb.

 

Meymunçiçəyinin yoluxuculuğu daha azdır

 

Meymunçiçəyi təbiətdə dövr edən sonsuz sayda virusdan biridir. Suçiçəyi virusu ilə bənzərlik təşkil etsə də, ölüm nisbəti daha azdır. Virusun mutasiyaya uğraması ilə bağlı dəqiq məlumatlar olmasa da, dəyişkənliyə meyilli olduğu qeyd edilir. Həmçinin o da bildirilir ki, çiçək vaksini meymunçiçəyi virusuna qarşı 85 faiz təsirlidir. Lakin hər kəsin bu vaksini vurdurmasına ehtiyac yoxdur.

Meymunçiçəyinin xarakterik simptomlarına qızdırma, başağrısı, limfa düyünlərində şişkinlik, kürək, bel və əzələ ağrısı aid edilir. Qızdırmadan sonra əvvəlcə üzdə, sonra bədənin digər nahiyyələrində, əsasən də ovuc və ayaq altında kəskin səpkilər yaranır. Qaşınan və ağrılı olan bu səpkilərin sonrakı sağalma mərhələsində rəngi solğunlaşır, üzəri qabıq bağlayır və düşür. İnfeksiya, adətən, öz-özünə keçir və sağalma müddəti 14-21 gün təşkil edir. Virus fiziki təmasla yayılır.

 

Azərbaycanda zəruri tədbirlərin görülməsinə hələlik ehtiyac yoxdur

 

Mütəxəssislər ölkəmizdə hazırda bu vəziyyətlə bağlı xüsusi tədbirlərin görülməsinə ehtiyac olmadığını, lakin virusun daim diqqətdə saxlanılmasının və insanların da bunu nəzərə almalarının vacibliyini vurğulayırlar.

Eyni zamanda əhali bu mövzu ilə bağlı maarifləndirilməli, belə vəziyyətin qeydə alındığı təqdirdə həkimə müraciət edilməlidir. Həmçinin bütün virusların başlıca yayılma mexanizmi fiziki təmas olduğundan daim gigiyenik qaydalara lazımi formada əməl olunmalıdır. Meymunçiçəyi ilə bağlı böyük təşvişə gərək yoxdur. Ancaq nəzərə alınmalıdır ki, bəzi hallarda uşaqlarda, hamilə qadınlarda və ya digər immuniteti zəif olan şəxslərdə simptomlar ağır müşahidə edilə bilər.

Dünya COVID-19 pandemiyasının təsirindən qismən yeni-yeni çıxarkən, fərqli bir xəstəliyin meydana çıxması və yayılması bir çox insanı qorxuya salıb. Yeni bir virus müşahidə edildiyi andan yenidən qapanmaların olacağı, ölüm hallarının qeydə alınacağı, təcrid olunmuş formada yaşamın davam etdiriləcəyi hər kəsi narahat edir. Nəzərə alınmalıdır ki, hər hansı bir xəstəliyə qalib gəlməyin başlıca yolu sağlam psixologiyadan və ruh yüksəkliyindən keçir. İstənilən virusa qarşı isə qorunma tədbirlərini yerinə yetirmək, tövsiyələrə əməl edib doğru davranışlar sərgiləmək ən effektiv variantdır.

 

Aydan XƏLİLOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video