09 Avqust 2022 01:10
982
SİYASƏT

Məşğulluğun təminatı dövlətin sosial siyasətinin ana xəttidir

 

Azərbaycanda əhalinin məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində  olan məsələdir. Bu, Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin, eləcə də həyata keçirilən  sosial islahatların ayrılmaz hissəsini təşkil edir. 2004-cü ildə  regionların sosial-iqtisadi inkişafına yönəldilən I Dövlət Proqramının icrasına start veriləndən üzübəri həyata keçirilən ardıcıl tədbirlər nəticəsində ölkədə çoxsaylı iş yerləri açılıb.

Buna ilk növbədə qeyri neft-qaz sektorunun getdikcə irəliləməsi, iqtisadiyyatın diversifikasiyası və prioritet sahələrə irihəcmli investisiyaların yatırılması sayəsində yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması zəmin yaradıb. Əmək qabiliyyətli insanların işlə təmin edilməsi üçün eləcə də yeni yollar axtarılır, məşğulluğun yeni formaları tapılır, bu məqsədlə  daxili ehtiyat mənbələrindən geniş istifadə olunur.      

Əhalinin işlə təminatının daim diqqət mərkəzində olmasını Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəqəmlər də təsdiqləyir. Təkcə keçən il Azərbaycanda 69 min yeni iş yeri açılıb. Bu da onu göstərir ki, əhalinin məşğulluğunun təmin edilməsi dövlətin prioritetləri sırasında qalmaqdadır.

Yeni iş yerləri həm mövcud, həm də yeni yaradılmış və fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda açılıb. Bu müəssisə və təşkilatlarda onların payı müvafiq olaraq belədir: 87,2 faiz, 10,1 faiz və 0,6 faiz. Yeni iş yerlərinin qalan 2,1 faizi digər tədbirlər üzrə yaradılıb. İş yerlərinin açılması zamanı mütləq coğrafiya da nəzərə alınır. Belə ki, iş yerləri təkcə paytaxtda və iri şəhərlərdə deyil, bütün bölgələrdə açılır. Bu bölgünü göstərən rəqəmlər də maraq doğurur. Məsələn, ötənilki yeni iş yerlərinin 77,1 faizi Bakı şəhərinin payına düşsə də, 0,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,3 faizi digər regionlarda yaradılıb. Regionlarda açılan iş yerlərinin 4,7 faizi Abşeron-Xızı, 3,8 faizi Gəncə-Daşkəsən, 2,3 faizi Lənkəran-Astara, 2,2 faizi Quba-Xaçmaz, 2 faizi Şəki-Zaqatala, 1,5 faizi Qazax-Tovuz, 1,4 faizi Şirvan-Salyan, 1,3 faizi Mərkəzi Aran, 1 faizi Qarabağ, 1 faizi Mil-Muğan, 0,8 faizi Dağlıq Şirvan, 0,3 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarındadır.

Yaradılan iş yerləri iqtisadiyyatın və sosial sferanın müxtəlif sahələrini əhatə edir. Belə ki, yeni iş yerlərinin 88,8 faizi qeyri-neft sektorunda açılıb.

Bu il  iyulun 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 334,3 min nəfər olub. Onlardan 5 milyon 26,1 min nəfərini məşğul əhali təşkil edib. İyunun 1-i vəziyyətinə müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin sayı 1 milyon 706 min nəfər olub. O cümlədən,  iqtisadiyyatın dövlət sektorunda 903,5 min, qeyri-dövlət sektorunda 802,5 min nəfər çalışıb. Neft-qaz sektorunda 30,9 min, qeyri neft-qaz sektorunda isə 1milyon 675,1 min nəfər cəmləşib.

Ölkədə istifadəyə verilən, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən yeni müəssisələr məşğulluq  məsələsinin həllinə töhfələrini verməkdədir. Məsələn, Sumqayıt Kimya Sənaye Parkında 6 mindən çox insan daimi işlə təmin edilib. Prezident İlham Əliyev cari il iyulun 20-də Sumqayıt şəhərinin sənaye parkında yeni istehsal müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirak edərkən bu fakt bir daha xatırlanıb. Buradakı "Glassica" Qapalı Səhmdar Cəmiyyətinin yeni şüşə tara məhsullarının istehsalı müəssisəsində 160 nəfər daimi işlə təmin ediləcək. "Azərsulfat" Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni inşa edilmiş sulfat turşusu istehsalı müəssisəsində hələlik 34 nəfər Sumqayıt sakini işləyəcək. Onların arasında Vətən müharibəsi iştirakçıları da var.

Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri də "Az-Tex-Import" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bu müəssisədə 90 nəfər daimi işlə təmin olunacaq. Dövlət başçısının Sumqayıtda təməlini qoyduğu "Azərbaycan Vanhong Ceramics Co" Məhdud Məsuliyyətli Cəmiyyətinin keramik plitələr istehsalı müəssisəsində isə 400 nəfər işləyərək yüksək maaş alacaq.

Xatırladaq ki, sənaye zonalarında idarəetmənin təkmilləşdirilməsi üçün  Prezidentin 22 yanvar 2021-ci il tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb. Agentlik 6 sənaye parkının (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları), 4 sənaye məhəlləsinin (Sabirabad, Masallı, Neftçala, Hacıqabul sənaye məhəllələri) və 51 aqroparkın fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayır və həyata keçirilməsini təmin edir. Sənaye zonaları üzrə indiyədək 108 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 58-i istehsal fəaliyyətinə başlayıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 450 milyon manatdan çox investisiyanın yatırılması və 4500-dən artıq yeni iş yerinin açılması nəzərdə tutulur.

Beləliklə, iqtisadiyyatın şaxələndirilməsi, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulan prioritetlər uğurla həllini tapır. Eyni zamanda qeyri-neft sektorunda kənd təsərrüfatı məhsullarının payı artır. Nəticədə həm də emal müəssisələri çoxalır. Bu isə ərzaq təhlükəsizliyinin təmin olunması və idxaldan asılılığın aradan qaldırılması ilə yanaşı, həm də yeni iş yerləri deməkdir. Məsələn, bu yaxınlarda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fəaliyyəti ilə tanış olduqları "Grand-Agro İnvitro" Məhdud Məsuliyyətli Cəmiyyətinin müəssisəsi və açılışını etdikləri  "Azbadam" Məhdud Məsuliyyətli Cəmiyyətinin badam emalı zavodunda onlarla insanın məşğulluq problemi həllini tapacaq.

Əhalinin işlə təmin olunması sahəsində özünüməşğulluq da özünə geniş yer alır. Prezidentin tapşırığı ilə bu proqramın icrası zamanı şəhid ailələrinə və qazilərə üstünlük verilir.

Azərbaycan Respublikasının "Məşğulluq haqqında" qanununda  qeyd olunduğu kimi, özünüməşğulluq şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi deməkdir. Aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır. Bu proqram  Prezidentin 7 aprel 2016-cı il tarixli  "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" sərəncamına əsasən  həyata keçirilir. Proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərilir. Ailə təqdim etdiyi biznes plana uyğun şəkildə istehsal və ya xidmət avadanlıqları ilə təmin olunur.  Bu, dövlət özünüməşğulluq proqramını digər ölkələrdəki təcrübədən fərqləndirən cəhətdir.

Özünüməşğulluq  vətəndaşlar üçün əlverişli qazanc formasıdır. Belə ki, hər ailənin öz büdcəsi olur, bunun sayəsində də insanlar müəyyən iş qura bilirlər. Əlbəttə, dövlətin köməyi ilə. Bu proqram insanların dolanışığını yaxşılaşdırmaqla yanaşı, iqtisadi inkişafa təkan verir. Əhalinin məşğulluğunun təmin olunması istiqamətində atılan uğurlu addımlardan biri də ictimai iş yerlərinin yaradılmasıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən aktiv məşğulluq proqramları ildən-ilə genişlənir. 2018-2022-ci illərdə agentlik 346 min şəxsi işlə təmin edib. Bu dövrdə 52 min şəxs özünüməşğulluq proqramına, 9 mindən çox şəxs peşə hazırlığına cəlb edilib. İşsiz və işaxtaran şəxslərə peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi, işsizlikdən sığorta ödənişinin təyin edilməsi və digər istiqamətlərdə də dəstək göstərilir. 

Bir sözlə, Azərbaycanda əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır. Bunların da mühüm bir hissəsini yeni iş yerlərinin açılması təşkil edir.

 

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video