Tarixin dərinliklərindən süzülüb gələn, mədəni irsimizin nadir nümunələrindən olan misgərlik sənəti həm estetik gözəlliyi, həm də zəhmət və bacarıq tələb edən mürəkkəb texnikası ilə seçilir. Bu sənət təkcə bir peşə deyil, həm də xalqımızın zəngin keçmişinin, zövqünün, əllərinin qüdrətinin əyani göstəricisidir.
Qədim Dəmir dövrünə qədər gedib çıxan misgərlik sənəti əsrlər boyu nəsildən-nəslə ötürülərək bu günümüzə qədər gəlib çatıb. Misgərlərin hazırladıqları qazan, məcməyi, tava, teşt və digər məişət əşyaları, habelə dekorativ suvenirlər həm funksional, həm də estetik baxımdan dəyərli hesab olunur.
Misgərlik göründüyü qədər sadə olmayan, incəlik və yüksək diqqət tələb edən bir sənətdir. Bu sənətə yiyələnmək üçün yalnız texniki bilik yox, həm də səbir, dəqiqlik və yaradıcılıq vacibdir.
Müasir dövrdə plastik və digər sintetik materiallardan hazırlanmış əşyalar bir müddət mis məmulatların yerini alsa da, bu gün insanlar yenidən təbiiliyə, sağlamlığa və estetikaya üz tutur.
Misgərliyin yaşadılmasında və gələcək nəsillərə ötürülməsində fədakar sənətkarlarımızın rolu danılmazdır. Belə sənətkarlardan biri də əslən İsmayıllının Lahıc qəsəbəsindən olan Taleh Ağayevdir. Onun ailəsi təxminən 50 il öncə Masallının Boradigah qəsəbəsinə köç edib və burada misgərlik sənəti ilə məşğul olmağa başlayıb.
Talehin atası, mərhum Nurəddin kişi bu sənətlə təkcə ailəsinin dolanışığını təmin etməyib, həm də misgərliyin incəliklərini övladlarına öyrədib. Zamanla digər qardaşlar bu sənətdən uzaqlaşsalar da, Taleh ata-baba mirasına sadiq qalaraq onu qoruyub saxlayıb, ustad sənətkar kimi yetişib. Onun əl işləri təkcə Masallıda deyil, ölkəmizin müxtəlif regionlarında keçirilən sərgi və tədbirlərdə nümayiş olunur, maraq və rəğbətlə qarşılanır. Bu gün Taleh ustanın məmulatlarına hətta İran, Rusiya, Türkiyə və Almaniya kimi ölkələrdən də sifarişlər verilir. Bu onun sənətinə olan marağın və dəyərin göstəricisidir.
Misgərlik yalnız bir əşya düzəltmək deyil, tarixi yaşatmaq, mədəniyyəti qorumaq, estetik duyğunu oyatmaq və millətin kimliyini ifadə etmək deməkdir. Taleh Ağayev kimi sənətkarların fəaliyyəti isə bu qədim sənətin gələcək nəsillərə ötürülməsi baxımından misilsiz əhəmiyyət daşıyır.
Seyran CAVADOV,
"Azərbaycan"