30 Sentyabr 2022 00:43
577
CƏMİYYƏT
A- A+

Laçında möhtəşəm quruculuq başlayır

 

Mənfur ermənilərin xarabazara çevirdiyi Laçının da, bu dağlar şəhərinin azadlığı uğrunda döyüşüb həlak olmuş nakam taleli şəhid ruhlarının da, hər il doğma ocaqlarına dönəcəyi günü səbirsizliklə gözləyən bütün laçınlıların da ən sevincli, fərəhli günləridir. 
Çoxdan idi ki, Laçın və laçınlılar bu şərəfli, qürurlu günün həsrətindəydilər. Hamı Müzəffər Ali Baş Komandanın müqəddəs bayrağımızı Laçın şəhərində  qaldıracağı günü gözləyirdi. 
Bu hadisəni 44 günlük zəfər müharibəsindən sonra siyasi qələbəmizin təntənəsi də hesab etmək olar. Ermənistan üçün dəhliz deyib hay-haray saldıqları Laçın şəhəri, Sus və Zabux kəndləri onların kül halında közərən son ümid yerləri idi. Bu yerlər "bəlkə də qaytardılar" xülyasının nüvəsi idi. Amma bir güllə atmadan bu ərazilərimizi də mənfur düşməndən geri aldıq. Laçın şəhərində Azərbaycan bayrağının Müzəffər Ali Baş Komandan tərəfindən ucaldılması, xilaskar Prezidentimizin "Fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi olaraq dalğalanacaq! Biz burada əbədi olaraq yaşayacağıq. Yaşasın Laçın! Yaşasın Azərbaycan!" kəlmələri laçınlıların dillərində əzbər, ürəklərində təpər oldu. Bu hadisənin sevincini yaşayan, doğma torpaqlarına qayıdacağı günü həsrətlə gözləyən bir qrup laçınlı sevincini bizimlə bölüşərək Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. 
Zabux kənd sakini Tahir Sabir oğlu Hüseynov öz sevincini belə ifadə etdi:
- Müzəffər Ali Baş Komandan İlham Əliyevin Laçının küçələri ilə gəzdiyini görəndə, üçrəngli bayrağımızı Laçın şəhərində ucaldanda gözyaşıma hakim ola bilmədim. Hönkür-hönkür ağladım. Gözlərim önündə bir anlığa 1992-ci ilin məşum may günləri canlandı. O zaman canımızı götürüb o doğma torpaqlardan, gözəl diyarımızdan qaçırdıq. Gözümüz onda da yaşlı idi. Acizliyimizdən, yiyəsizliyimizdən utanıb ağlayırdıq. Arzularımız, xəyallarımız tar-mar olmuşdu. İndi isə sevincdən, fərəhdən, dövlətimin gücünü, qüdrətini, Prezidentimin hünərini, qətiyyətini görərək gözlərim yaşarır. Həsrətə son qoyulduğunu, o doğma torpaqlara qayıdışın anbaan yaxınlaşdığını görüb duyğulanıram. Mən bir an da olsun o torpaqlara qayıdacağımıza şübhə etmirdim. Ümidlə yaşayırdım. Prezidentimizin apardığı siyasətə inanırdım, güvənirdim. Bilirdim ki, nə vaxtsa geri qayıdacağıq. Bircə arzum var: tezliklə doğma torpaqlarda abadlıq-quruculuq işlərində qalib ölkənin vətəndaşı olaraq iştirak etmək.
Laçın rayon sakini Aslan Haqverdi oğlu İsgəndərov da sevincini bizimlə bölüşərkən dedi:
- Çoxdan bəri həsrətlə gözlədiyimiz günü - Müzəffər Ali Baş Komandanın bayrağımızı Laçın şəhərində yüksəltdiyi məqamı seyr etdiyim anlar həyatımın ən qürurlu, yaddaqalan anları oldu. Özümü dünyanın ən xoşbəxt bəndələrindən hesab etdim. İndi doğulub, boyüdüyüm torpaqlarda mənim müqəddəs bayrağım dalğalanır. Düşmənin ayağı birdəfəlik Laçından kəsildi. Bu, möhtəşəmdir. Min illərdir ki, murdar düşmən Laçın torpağının, Susun, Zabuxun, Laçın şəhərinin bağrını yağır etmişdi. Bəd niyyətlərini həyata keçirmək üçün bizim torpaqlardan gəlib keçirdilər. İnanıram ki, tezliklə Laçın gülüstana çevriləcək. Mən dövlətdən nə ev, nə iş istəyirəm. Bircə tezliklə o torpaqlara qayıtmağımızı gözləyirəm. Bizə bu sevinci yaşadan, 30 illik düşmən tapdağı altında olan torpaqları qansız, qadasız qaytaran xilaskar Prezidentimizə minnətdaram.
Laçın şəhər sakini Gülnar Ağalar qızı Hüseynova isə bizimlə söhbət zamanı gözyaşlarına hakim ola bilmədi:
- Ömrümün ən fərəhli günlərini yaşayıram. Prezidentimizin Laçın şəhərində bayrağımızı qaldırdığını efirdə görəndə öz-özümə dedim ki, bundan sonra daha yaşamasam da olar. Ermənidən qısasımızı aldıq, torpaqlarımız uğrunda döyüşüb şəhid olanların qanı yerdə qalmadı, bu, mənə bəsdir. Laçında ucalan bayraq Azərbaycan Ordusunun qüdrətinin, Azərbaycan Prezidentinin qətiyyətinin təcəssümüdür.  Ermənilərin o torpaqlardan könüllü çıxmaq istəmədiyini yaxşı bilirdik. Onlar sərhədlərimizdə, Laçında, Kəlbəcərdə müxtəlif vaxtlarda təxribat törətməklə "hələ ölməmişik, varıq" demək istəyirlər. Azərbaycan Ordusu onları bir daha əzdi. Onları Laçın şəhərini, Sus və Zabux kəndlərini boşaltmağa da məcbur etdik. Çox qürurluyam. Ordumuzla, bu ordunu formalaşdıran, onu qələbəyə aparan Ali Baş Komandan İlham Əliyevlə fəxr edirəm. Dövlətimin gücünü, qüdrətini görüb iftixar duyuram. 
Zabux kənd sakini, ömrünün 73-cü ilini yaşayan Saday İsa oğlu Hüseynov bizimlə söhbəti zamanı dedi:
- Laçından çıxanda fikirləşirdim ki, bir də bu torpaqlara qayıda bilməyəcəyik. Düşünürdüm ki, bizi evsizlik, qaçqınlıq öldürməsə də, yurd həsrəti, üstümüzdəki "məğlub" damğasının acısı öldürəcək. Amma yanılmışdıq. Doğma yurdumuzun düşməndən azad olunduğu günü gördük. Çox şükürlər olsun, xilaskar Prezidentimiz, Müzəffər Ali Baş Komandan bizə bu sevinci də yaşatdı. Doğma torpaqlarımıza dönüb yenidən orada yaşayacaq, qurub-yaradacağıq. Qələbəmizin sevinci, ordumuzun qüdrəti, iftixar duyulacaq görülən işlər mənə  yeni həyat verdi. Mən bizə bu sevinci yaşadan əsgərlərimizə, bu fərəhli anları bağışlayan Prezidentimizə minnətdaram. 
Zabux kənd sakini Elsevər Allahverdi oğlu Əliyev Laçın şəhərində müqəddəs bayrağımızın ucaldılmasına belə münasibət bildirdi:
- Müzəffər Ali Baş Komandan Laçın şəhərində bayrağımızı ucaldanda elə zənn etdim ki, bu həm də bizim arzularımızın, Laçında qoyub gəldiyimiz xəyallarımızın, Laçınsız keçən itirilmiş illərimizin qaytarılmasıdır. Prezidentimiz indi öz əlləri ilə onları bizə qaytarır. Bütün zabuxlular kimi, mən də həsrətlə doğma torpaqlara qayıdacağım günü gözləyirəm. Bizə keçmişimizi qaytaran, işıqlı, xoşbəxt gələcəyimizi bəxş edən qalib Azərbaycan Ordusunun qurucusu, Müzəffər Ali Baş Komandana minnətdarlığımızı bildirirəm.

Elşən QƏNİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video