25 May 2022 00:49
551
Elm və texnika
A- A+

Laborantlıqdan akademikliyə

 

Elmi özlərinə həyat amalı seçənlər həm də bəşəri dəyərlərin zənginləşməsində əvəzsiz xidmətlər göstərirlər. Bu insanlar yaşadıqları mühitin hüdudlarına sığmır, hamı tərəfindən sevilir, böyük hörmət və ehtiramla qarşılanır, əsl ziyalı, vətəndaş vəzifəsini son dərəcə məsuliyyətlə yerinə yetirirlər.

Azərbaycan elminin görkəmli nümayəndəsi, prinsipial mövqeyi, dərin məntiqi, dəst-xətti ilə tanınan AMEA-nın Rəyasət Heyətinin üzvü və vitse-prezidenti, akademik İbrahim Said oğlu Quliyev məhz belə - xalqına daim hörmət qazandıran, onun şərəfini yüksəklərə qaldıran alimlərimizdəndir. Bütün rahatlığını elmdə tapan, bu illər ərzində yalnız elmi ictimai fəaliyyəti ilə deyil, həm də xoş ünsiyyəti, təvazökarlığı, xeyirxahlığı ilə seçilən İ.Quliyevin həyatda tutduğu yol - neçə-neçə nəslə elmin sirlərini öyrətmək, mənəviyyatımızın saflığını, zənginliyini qorumaq yoludur. O, görkəmli alim, əvəzsiz tədqiqatçıdır.

İbrahim Quliyev 1947-ci il may ayının 23-də Qırğızıstan Respublikasının Bazar-Kurqan kəndində Azərbaycan Tibb İnstitutunun ilk məzunlarından olmuş həkim ailəsində dunyaya göz açmışdır. 1954-1965-ci illərdə  Bakıdakı 15 nömrəli orta məktəbdə təhsil aldıqdan sonra indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. 1970-ci ildə dağ mühəndisi-geofizik ixtisasına yiyələnən gənc ali təhsilini başa vurub göndərişlə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) böyük laborant vəzifəsinə işə qəbul edilmişdir. 1970-ci ildən böyük laborant, mühəndis, kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır. Qısa zamanda neft və qaz geologiyası və geokimyası sahəsində gənc mütəxəssisdən yüksəkixtisaslı alimə çevrilmiş İbrahim Quliyev 1985-2013-cü illərdə AMEA-nın Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, 2016-2020-ci ilə qədər isə AMEA-nın Neft və Qaz İnstitutunun direktoru vəzifələrində çalışmışdır. O, 2013-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvü və vitse-prezidentidir.

İ.Quliyev 1978-ci ildə Moskvada "Faydalı qazıntı yataqlarının geokimyəvi axtarış üsulları" ixtisası üzrə geologiya-mineralogiya elmləri üzrə namizədlik, 1989-cu ildə Moskva Universitetində "Neft-qaz yataqlarının geologiyası, kəşfiyyatı və axtarışı" ixtisası üzrə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1999-cu ildə professor olmuşdur. 2001-ci ildə "Neft-qaz yataqlarının geologiyası və geokimyası" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə "Geologiya" ixtisası üzrə həqiqi üzvü seçilmiş, akademik İbrahim Quliyevin elmi fəaliyyətinin nəticələri həm ölkəmizdə, həm də xaricdə yüksək qiymətləndirilmişdir. O, təbii qazların geologiyası və geokimyası, neft-qaz yataqlarının geologiyası və palçıq vulkanizmi sahələrində tanınmış alimdir. Akademikin rəhbərliyi və iştirakı ilə qırışıq zonalarının qaz rejiminin öyrənilməsi üçün orijinal tədqiqatlar aparılmış, karbon tərkibli qazın çıxma həcmi dəyərləndirilmiş və atmosferin aşağı qatlarında paylanması öyrənilmişdir. O, AMEA-nın Geologiya və Almaniyanın Təbii Resurslar institutlarından olan həmkarları ilə birlikdə dünyada ilk dəfə Azərbaycan palçıq vulkanlarından qazın çıxmasının monitorinqinin elmi-texnoloji prinsiplərini şərh etmiş və yer qazlarının həcmində kosmik və geoloji amillərdən asılı olan dövri dəyişmələrin olduğunu göstərmişdir.

Bu elmi tədqiqatlar "greenhouse effecti" mexanizminin öyrənilməsində əsas rol oynayır. O, həmkarları ilə birlikdə palçıq vulkanlarının püskürmə məhsullarının, süxurların, neftin, qazın və suyun izotop-geokimyəvi tərkibinin öyrənilməsi üçün ilk dəfə olaraq klassik tədqiqatlar aparmış, palçıq vulkanizminin ən güclü və böyük paroksizmlər müfəssəl surətdə şərh edilən püskürmə kataloqunu tərtib etmişdir. Bu tədqiqatlar çöküntü süxurlarının spontan həyəcanlanması və sıxlıq azalmasının modelini vermiş, seysmik məlumatlar əsasında Cənubi Xəzər hövzəsində böyük dərinlikdə sıxlıq azalma zonasının olduğunu göstərmişdir. Mövcud məlumatların nəzəri tədqiqatı əsasında palçıq vulkanının beynəlxalq elmi ictimaiyyət tərəfindən qəbul edilən orijinal fiziki-kimyəvi modelini hazırlamışdır. Xəzər dənizində subdəniz palçıq vulkanlarının, palçıq vulkanı qaz-hidratlarının tapılması və geoloji-geokimyəvi öyrənilməsinin dünya prioriteti İbrahim Quliyevə və onun AMEA Geologiya və ÜETİOkeanologiya (Rusiya) İnstitutlarından olan həmkarlarına məxsusdur. Görkəmli alim İ.Quliyevin önəmli praktik əhəmiyyəti olan tədqiqatlarından biri də Cənubi Xəzər hövzəsi timsalında sürətlə çökən hövzələrin karbohidrogen sistemlərinin öyrənilməsidir.

İbrahim Quliyev dünya elmi mərkəzləri ilə geniş beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfələr vermişdir. Təbii qazların, neft-qaz yataqlarının, palçıq vulkanlarının  geologiya və geokimyası sahəsində əldə etdiyi nailiyyətləri və təbiət elminin inkişafına göstərdiyi xidmətləri nəzərə alınaraq Rusiya Təbiət Elmləri Akademiyasının Rəyasət Heyətinin qərarı ilə akademik İ.Quliyev 2014-cü ildə bu elm məbədinin "Yer təkinin sistemli tədqiqatı" seksiyası üzrə xarici üzvü seçilmişdir. 2015-ci ildə isə akademik İ.Quliyev Rusiya Təbiət Elmləri Akademiyasının "Elm və incəsənət cəngavəri" fəxri nişanı ilə təltif edilmişdir. O, 2019-cu ildən  Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyasının (MAAN) "Xəzər Dənizi regionunun tədqiqi"  adlı elmi şurasına rəhbərlik edir.

Görkəmli alim bir sıra aparıcı elmi jurnalların redaksiya heyətinin üzvü, SOCAR-ın "Azərbaycan Neft Təsərrüfatı" elmi-texniki jurnalının baş redaktorudur. Akademik İbrahim Quliyev 222 elmi əsərin, 10 monoqrafiya, o cümlədən xaricdə 114 əsərin müəllifidir. Alimin əsərlərinə xarici jurnallarda çox sayda istinad olunur.

İ.Quliyev Amerika Neftçi-Geoloqlar Assosiasiyasının Azərbaycan bölməsinin prezidentidir. O, RDU-nun (Moskva) Neft və qaz kafedrasında, Azərbaycan Neft Akademiyasının geoloji-kəşfiyyat fakültəsində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Geoloqlarının Milli Komitəsinin, Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Beynəlxalq Geodeziya və Geofizika İttifaqının Milli Komitəsinin prezidentidir. Akademik 2015-ci ildə ÇXR-in Siçuan Universitetinin fəxri professoru seçilmiş və onun bu universitetdə dərs vermək hüququ tanınmışdır.

Rəhbərliyi altında 18 fəlsəfə və 4 elmlər doktorluğu üzrə dissertasiya müdafiə edilmiş akademik İbrahim Quliyev səmərəli elmi-təşkilati fəaliyyətinə görə 2008-ci ildə Azərbaycan Respublikasının Əməkdar elm xadimi, 2010-cu ildə Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neftqazlılığının öyrənilməsi üzrə silsilə işlərinə görə (bir qrup alimlərlə)  Azərbaycan Respublikasının ilk Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. O həmçinin 2014-cü ildə Rusiya Təbiət Elmləri Akademiyasının "Na blaqo Oteçestva" fəxri medalı, 2017-ci ildə Azərbaycan Respublikasının "Şöhrət" ordeni, 2019-cu ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı və EcoWorld  müsabiqəsinin ordeni ilə təltif edilmişdir.

Akademikin tükənməyən yeni ideyaları və bu ideyaların həyata keçirilməsində göstərdiyi əzmkarlıq, elmi-praktik  problemlərin analizində və həllində kompleks və strateji yanaşmaları tətbiq etməsi onu  fərqləndirən əsas cəhətlərdir.

İbrahim Quliyev bütün elmi fəaliyyəti ərzində həmkar və dostlarına, tələbələrə münasibətdə həmişə xeyirxah və diqqətli olmuşdur. O, hər zaman öz bilik və bacarığını Azərbaycan geologiya elminin inkişafı naminə gənc geoloqların yetişməsinə həsr etmiş və həmin münasibət bu gün də davam edir. İ.Quliyevin AMEA-nın inkişafı və dünya elminə inteqrasiyası naminə aparılan islahatlarda fəal rolu vardır.

 

Fəxrəddin QƏDİROV,

AMEA Yer Elmləri Bölməsi elmi şurasının sədr müavini, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video