13 Avqust 2022 01:56
346
Səhiyyə

Koronavirusun yayılma sürəti böyüyür, çoğrafiyası genişlənir

 

Dünyada bu virusa yoluxma hallarının sayı 3 faiz artıb

 

İki ildən çoxdur ki, dünyanı ağuşuna alan COVID-19 və onun müxtəlif təhlükəli ştamları qarşısında dünya acizdir. Əgər 2020-ci ilin əvvəlində Çin, Hindistan və digər ölkələr pandemiya şəraitində səfərlər üçün təhlükəli hesab edilirdilərsə, son aylar bu siyahı tamamilə yenilənib. İndi artıq başqa ölkələr pandemiya dövründə təhlükəli hesab edilirlər. Hələ üstəlik, meymunçiçəyini bura əlavə etsək, bəzi ölkələrdə pandemik və epidemik vəziyyətin nə qədər ağır olduğunu təsəvvür etmək çətin olmaz.
Son bir həftə ərzində 6,9 milyondan çox insan koronavirusa yoluxub, 14,5 mindən çox insan dünyasını dəyişib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, əvvəlki həftələrlə müqayisədə dünyada yoluxma hallarının sayı 3 faiz artıb, ölüm hallarının sayı isə 9 faiz azalıb.
Statistik göstəricilər sübut edir ki, hazırda COVID-19 baxımından səfər üçün ən təhlükəli ölkə Yaponiyadır. Burada son sutkada 200 minə yaxın insan koronavirusa yoluxub, 300-dən çoxu isə dünyasını dəyişib. Bununla da Yaponiyada koronavirusa yoluxanların sayı 15 milyona, ölənlərin sayı isə 35 minə çatıb. 
Artıq uzun müddətdir koronavirusa ümumi yoluxma və ölüm sayına görə dünyada birinci olan ABŞ-da ötən gün 27 min insanda COVID-19 aşkarlanıb. ABŞ hökumətinin meymunçiçəyi ilə əlaqədar fövqəladə vəziyyət elan etdiyini də nəzərə alsaq, vəziyyətin nə qədər ağır olduğunu təsəvvür etmək mümkündür. 
İtaliya, Avstraliya, Meksika, İran, Fransa, Macarıstan, Rusiya, Cənubi Koreya, Tayland, Polşa, Rumıniya və Filippin kimi ölkələrdə də vəziyyət olduqca gərgindir.
Koronavirusla mübarizədə hələ də ən təsirli müdafiə üsulu peyvənd hesab edilir. COVID-19-un mutasiyaya uğraması, yeni altnövlərin əmələ gəlməsi peyvəndlərin virusa qarşı effektliyini azaldır. Buna görə mütəxəssislər yeni peyvəndlər üzərində çalışırlar. Rusiyanın Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat Mərkəzinin alimləri "Omikron" ştamı ilə mübarizə üçün yeni peyvənd hazırlayıblar. Məlumata görə, o, orqanizmi yeni mutasiyalardan daha effektiv qorumağa imkan verəcək.
Koronavirus müayinəsi zamanı PZR (polimerazalı zəncirvari reaksiya) və antigen testlərdən istifadə olunur.  Hər iki üsulun həssaslığı və spesifikliyi fərqlidir. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Yavər Hacısoy bildirir ki, xəstədən götürülmüş nümunədə PZR metodu istifadə olunaraq, nuklein turşusu amplifikasiyası yolu ilə koronavirusun RNT-si təyin olunur: "COVID-19 diaqnozunu təsdiqləyici test 3-8 saat ərzində nəticə verən PZR yaxmadır. Antigen testləri bu infeksiyanın təyinində kifayət qədər geniş istifadə olunur".
ÜST bildirir ki, PZR üsulu COVID-19-un təyinində əsas təsdiqedici test hesab olunur. SARS-CoV-2 antigen testi üçün burun-udlaqdan götürülmüş yaxma nümunəsindən istifadə olunur. Mütəxəssis deyir ki, bu müayinə metodunun prinsipi virusun birbaşa hər hansı bir zülalının müəyyən olunmasına əsaslanır: "Götürülmüş nümunədə virusa aid antigen (hissəcik) varsa, istifadə olunan ekspres testin daxilindəki karta hopdurulmuş monoklonal anticisimlər ilə birləşir və pozitiv anlamına gələn rəngli xətt əmələ gətirir. PZR testi üçün isə burun, burun-udlaq, əsnək (orofaringel), ağız suyu və bəlğəm nümunələrinin hər hansı biri istifadə oluna bilər".
Koronavirus ştamları genetik müayinə ilə təyin olunur. Bunun üçün ilkin olaraq götürülmüş nümunədə SARS-CoV-2 PZR testinin nəticəsi pozitiv olmalıdır. Bundan sonra virusun sekvenləşdirmə ilə aminturşu ardıcıllığı və virusun hansı ştama aid olduğu müəyyən edilir. Onu da xüsusilə vurğulamaq lazımdır ki, bu analizlərin aparılması üçün yüksək texnologiyaya sahib xüsusi avadanlığa ehtiyac duyulur.
Pandemiyanın ilk günlərindən ölkəmizdə qəbul edilən qərarlar və ehtiyat tədbirləri sayəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Peyvəndləmə sahəsində də dövlətimiz uğurlu və məqsədyönlü siyasəti ilə bir çox  ölkələrə nümunə oldu. Azərbaycan Cənubi Qafqazda peyvəndin tətbiq edildiyi ilk ölkədir. 
Ölkəmizdə peyvəndləmə prosesi sürətini azaltmadan bu gün də uğurla davam etdirilir. Statistikaya nəzər yetirdikdə deyə bilərik ki, son həftələr gün ərzində 2 minə yaxın insan peyvənd olunur. İnfeksiyaya yoluxma sayındakı kəskin artım əhalidə narahatlıq doğursa da, Səhiyyə Nazirliyi bildirir ki, vəziyyət nəzarət altındadır.
COVID-19-un yayılmasının qarşısını yalnız məsuliyyətimizi dərk edərək, üzərimizə düşən vəzifələri yerinə yetirərək ala bilərik. Məlumdur ki, virusun yayılmasının əsas yollarından biri hava yolu ilə keçən tənəffüs damcılarıdır. Bu, fiziki məsafə saxlamağın nə üçün vacib olduğunun səbəblərindən biridir. İzdihamlı yerlərdən uzaq durmağa çalışmalıyıq. Buna müvəffəq olmadığımız təqdirdə tibbi maskadan istifadə vacib hesab edilir. Yeri gəlmişkən onu da vurğulamalıyıq ki, tibbi maska ehtiyatımız kifayət qədərdir. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 17,1 milyon maska istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazır məhsul ehtiyatı 6,1 milyon ədəddir.
Tibbi maskadan düzgün istifadə də mühüm amillərdəndir. Tibbi maska ağız və burnu tam örtməlidir. Onların istifadə müddəti isə iki saatdan artıq olmamalıdır. Maskanın ağızla təmasda olan hissəsinə toxunulmamalı, çıxararkən isə iplərinin arxa hissəsindən tutmaq lazımdır. Çıxardıqdan sonra, habelə gün ərzində bir neçə dəfə əllərimizi antiseptiklə dezinfeksiya etməli və ya sabunla yumalıyıq.
Mütəxəssislər koronavirus infeksiyasının qlobal pandemiya olduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, vətəndaşları diqqətli  və tədbirli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə çağırırlar. COVID-19-a yalnız birlikdə qalib gələ bilərik.

Ülkər XASPOLADOVA,
 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video