Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
O, Azərbaycan xalqının yetirdiyi və adını hər zaman qürurla çəkdiyimiz böyük sənətkardır: Əbdülmüslüm Məhəmməd oğlu Maqomayev. Onun operaları, simfonik əsərləri, mahnıları, kino və dram teatrları üçün yazdığı musiqilər milli bədii irsimizin parlaq səhifələrini təşkil edir. Bəstəkar ömrünün 30 ildən çoxunu Azərbaycan musiqi sənətinin inkişafına həsr etmişdir.
Qabaqcıl fikirlərlə yaşayan bu böyük sənətkar həmişə zəmanəsi ilə bağlı olmuş, xalqın həyatını, mübarizəsini əks etdirməyə çalışmışdır. O, daim güclü və düşünən qəhrəmanlar axtarışında idi. Elə qəhrəmanlar ki, bu insanlar həqiqət, yüksək ideal, saf məhəbbət naminə amansız mühitlə, qəddar cəmiyyətlə mübarizəyə girməkdən qorxmamış, ölüm qarşısında belə diz çökməmiş, əqidə və düşüncələrində güzəştə belə getməmişdilər.
Müslüm Maqomayev bəstəkar, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim, Azərbaycan klassik musiqisinin təsisçilərindən biri, milli musiqimizdə Avropa üslubunda ilk operanın - 1935-ci ildə yazılmış "Nərgiz" operasının müəllifi, Əməkdar incəsənət xadimi idi. O, professional musiqiyə dostu və qohumu dahi bəstəkar Üzeyir bəy Hacıbəyli ilə birlikdə XX əsrin əvvəllərində, incəsənətin, o cümlədən musiqi teatrının ən fəal inkişafı dövründə gəlmişdir. Yaşadığı 52 illik ömür çərçivəsində Üzeyir bəyin yaratdığı teatr truppasının rəhbəri olmuş, "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şeyx Sənan" operalarına, "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarına dirijorluq etmişdir. Müslüm Maqomayev 1916-cı ildə ilk irihəcmli musiqi əsərini - "Şah İsmayıl" operasını yazmışdır.
Sonra "Nərgiz" operasını, "Azərbaycan çöllərində", "Azad olunmuş Azərbaycan qadınının rəqsi", "Dərviş", "Şəlalə", radio marşı kimi simfonik əsərlərini bəstələmiş, "Ceyranı", "Turacı", "Çeçen rəqsi" oyun havalarını, "Bahar", "Bizim kənd", "Mazut ordusu" kimi mahnılarına həyat vermişdir.
Böyük bəstəkarın 110 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir. Ümummilli Lider Heydər Əliyev 1995-ci ildə xüsusi sərəncam imzalamış, bir il sonra - 1996-cı ildə təntənəli yubiley tədbiri keçirilmişdir. Ulu Öndər Heydər Əliyev həmin tədbirdə iştirak etmiş və "böyük bəstəkarın xatirəsi qəlblərdə əbədi yaşayacaqdır" kimi fikirlərlə bu şəxsiyyətin yaradıcı irsinə yüksək dəyər vermişdir. On ildən sonra, 2005-ci il sentyabrın 20-də Prezident İlham Əliyev görkəmli musiqi xadiminin 120 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncam vermişdir. Həmin dövrdə bəstəkarın irsi geniş şəkildə öyrənilmiş, silsilə məqalələr, dissertasiyalar yazılmış, sistemli yanaşmaların nümunəsi olan kitablar çap olunmuşdur.
İllər, uğurlar: Sənətə sonsuz sevgi
…Əbdülmüslüm Məhəmməd oğlu Maqomayev 1885-ci ildə Qroznı şəhərində dünyaya gəlmişdi. Atası Məhəmməd əslən Qax rayonunun İlisu kəndindən idi, bəzi mənbələrə görə, İlisudakı qədim İçəribazar məhəlləsində dəmirçiliklə məşğul olardı. Sonralar ailəsi ilə Qroznıya köçmüşdü. Sənətini orada davam etdirməyə başlamışdı.
Ailədə musiqiyə çox böyük maraq vardı. Əbdülmüslümün böyük qardaşı da musiqi ilə məşğul olardı. Kiçik qardaş ilk musiqi dərslərini məhz ondan almışdı. M.Maqomayev 1900-cü ildə məktəbi bitirib Qori Müəllimlər Seminariyasına qəbul olunmuşdu. Elə Üzeyir bəy Hacıbəyli ilə sonradan heç zaman qırılmayan dostluq əlaqələrinin təməli də burada qoyulmuşdu. Yollar və arzular eyni məkanda birləşdirmişdi onları, burada dostlaşmış, bir-birinə inanmış, fikir və əqidə qardaşlarına çevrilmişdilər. Dörd il eyni seminariyada eyni duyğularla sənətə, musiqiyə sonsuz sevginin əsiri olmuşdular. Hər ikisi eyni ilin eyni günündə dünyaya göz açmışdı - 18 sentyabr 1885-ci ildə. Azərbaycan opera xorunun banilərindən sayılan Hənəfi Terequlov xatirələrində yazırdı: "Avazla oxumaq və skripkada çalmaq dərsləri Üzeyir bəy Hacıbəyovun, Müslüm Maqomayevin, mənim və bir sıra başqa yoldaşlarımızın xüsusilə xoşuna gəlirdi. Biz təkcə skripka ilə kifayətlənməyib, nəfəs alətlərində də çalmağı öyrənmək qərarına gəldik. Üzeyir baritonu seçdi, Müslüm klarneti. Bizim məşğələlərimiz müvəffəqiyyətlə keçdi. Altı-yeddi aydan sonra bizi seminariyanın orkestrinə qəbul etdilər".
1909-cu ildə Müslüm Maqomayev Tiflis Pedaqoji İnstitutunda müvəffəqiyyətlə imtahan verərək şəhər məktəblərində müəllimlik etmək hüququ alır. İki il sonra Bakıya köçərək 1911-ci ildə Sabunçudakı şəhər kollecində işə başlayır. Bakı həyatı ona həmin vaxtlarda Üzeyir bəy Hacıbəylinin rəhbərliyi altında fəaliyyət göstərən müsəlman opera truppası ilə əməkdaşlıq imkanı verir. Azərbaycan musiqili teatrının orkestrində skripkada ifa etməyə başlayır.
"Şah İsmayıl"
1913-cü ildə Müslüm Maqomayev "Məhəbbət" və "Şah İsmayıl" operalarını yazmağa başlayır. "Məhəbbət" operası bitməmiş qaldığından 1916-cı ildə tamamladığı "Şah İsmayıl" operası görkəmli bəstəkarın ilk səhnə əsəri sayılır.
Belə bir əsərin yazılmasının da maraqlı tarixçəsi var. Sabunçuda müəllim işləyərkən qaynı Hənəfi Terequlov ona Mikayıl Müşfiqin ara-sıra şeirlər yazan atası Mirzə Qədir İsmayılzadənin opera yazmaq həvəsindən danışır. Mirzə Qədir Bakıdakı "Səadət" məktəbinin müəllimi idi. "Vüsaqi" təxəllüsü ilə gözəl şeirlər yazırdı. Hənəfi Terequlov Mirzə Qədirlə Müslüm Maqomayevi tanış edir və bəstəkar "Şah İsmayıl" operasını Mirzə Qədirin eyniadlı poeması əsasında yaradır. Amma əsərin səhnə taleyi o qədər də rəvan olmur. Operanın premyerası ərəfəsində Tağıyev teatrı yandırılır. Bundan bir müddət sonra təşkil edilən ikinci premyerada isə rejissor Hüseyn Ərəblinski öldürülür.
Xalq yazıçısı Anar yazır: "Musiqi tariximizin görkəmli xadimi mövqeyində dayanan Müslüm Maqomayev bəstəkar, dirijor, şəxsiyyət, fərd, insan kimi - yaşadığı illərin, dövrün məhsuludur, bəhrəsidir. Həm də bu dövr - uçurumla aralanmış iki parçaya bölünüb - inqilabdan əvvəlki və sonrakı illər. Müslüm Maqomayev ömrünün inqilabdan qabaqkı səhifələri - Qori Seminariyası, Üzeyir bəy Hacıbəyli ilə tanışlıq, dostluq. Əyalətdə müəllimlik, Bakıya gəlib qəti surətdə musiqi aləminə daxil olması, dirijorluq fəaliyyəti və nəhayət, bir bəstəkar kimi başıbəlalı debütü - "Şah İsmayıl". "Şah İsmayıl"lın daşdan çıxan, daha doğrusu, yanğının odundan - alovundan çıxan, sonralarsa Ərəblinskinin ölüm günü ilə qovuşan premyerası…"
Tamaşanın premyerası ləğv edilmir... Premyera başlar-başlamaz bir nəfər səhnəyə çıxıb deyir: "Ağalar, rica edirəm ayağa qalxıb böyük aktyorumuz Hüseyn Ərəblinskinin xatirəsini birdəqiqəlik sükutla yad edək".
Akademik Rafael Hüseynov "Yaşıl yarpaq" əsərində yazır ki, bütün salon qalxır ayağa: "Müslüm onsuz da ayaq üstədir; pult arxasında dayanıb. Martın 7-dir. Bu gün Hüseyn Ərəblinskini torpağa tapşırıblar. Bu gün "Şah İsmayıl"ın premyerasıdır". Müslüm Maqomayev irsinin tədqiqatçıları akademik Z.Səfərova, musiqişünas Q.İsmayılova, ədəbiyyatşünas E.Akimova qeyd edirlər ki, Müslüm bəy özünün yaratdığı "Şah İsmayıl"a hədsiz dərəcədə vurğun imiş. Çox sevirmiş bu əsəri və həmişə özü bu əsərə dirijorluq edərmiş. Üzeyir bəy M.Maqomayevin "Şah İsmayıl" operasından bəhs edərkən göstərirdi ki, gözəl musiqi materialı və süjetin dramatik ifadəliliyi əsərin böyük şöhrət qazanmasına səbəb olmuşdur: "Şah İsmayıl" Azərbaycanın ozamankı musiqi həyatında improvizə olunmuş milli operanı Avropa operasının texniki cəhətdən inkişaf etmiş formaları ilə əlaqələndirmək sahəsində ilk təşəbbüsdür".
Müslüm Maqomayevin "Şah İsmayıl" operası xalq əfsanəsinə əsaslanır. Burada milli folklor nümunələrindən geniş istifadə edilib. Operanın ilk nəşrində çoxsaylı dialoq epizodları vardı, musiqi isə daha çox improvizasiya və muğam prinsiplərinə əsaslanırdı. Sonradan isə bəstəkar öz əsərini bir neçə dəfə redaktə edir. Hər redaktəsində də improvizasiya üsulundan mümkün qədər uzaqlaşaraq bura xor ifaları, ariyalar, rəqslər əlavə edirdi. Bu da onun bir daha klassik opera formasına uyğunlaşmasına imkan yaradırdı.
"Şah İsmayıl" operası 1919-cu ildən bəri təqribən 400 dəfə oynanılıb.
Əsl mücadilə
Böyük sənətkar həmişə mücadilənin önündə idi, daha ciddi əzmkarlıqla çalışırdı. "Şah İsmayıl" operasının mərhələli şəkildə təxminən on ilədək çəkən redaktəsi dövründə Müslüm Maqomayev Üzeyir bəy Hacıbəyli və Zülfüqar Hacıbəyovla birlikdə bir sıra Azərbaycan xalq mahnılarının nota salınaraq işlənməsi ilə məşğul olur. 1927-ci ildə Maqomayevin redaktəsi ilə "Talış xalq mahnıları"nın ilk məcmuəsi çıxır. Bu məcmuəni Üzeyir bəy Hacıbəyli tərtib etmişdi. Üç yüzdən artıq Azərbaycan xalq mahnı və rəqsinin simfonik işlənməsi isə Müslümə aiddir.
1920-1930-cu illərdə görkəmli musiqi xadimi "Azərbaycan incəsənəti", "Raport veririk" kinofilmlərinə, Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "1905-ci ildə" dram tamaşalarına və digər əsərlərə də musiqi bəstələyir. Bundan başqa, simfonik orkestr üçün "Azərbaycan çöllərində", "Ceyran", "Turacı", "Şüştər dəramədi", "Çeçen rəqsi" və s. bu kimi əsərlərini yazır. Eyni zamanda vokal musiqisi sahəsində də fəaliyyətini davam etdirir. "Bahar", "Tarla", "Bizim kənd" kimi bir-birindən gözəl, milli koloritli mahnılar bu dövrün məhsuludur.
Müslüm Maqomayevin "Koroğlu" dastanı əsasında opera yazmaq niyyəti də vardı. Hətta 1932-ci ildə bu işə başlamışdı. Amma sonra Üzeyir bəy Hacıbəylinin də eyni mövzuda əsər üzərində işlədiyini öyrəndiyindən onu yarıda saxlamışdı. Nəhayət, Maqomayev və M.S.Ordubadi Dövlət Opera teatrı üçün türk dilində "Nərgiz" operası yazmağı öhdələrinə götürmüşlər.
"Nərgiz" operası
O, bu əsəri Hüseyn Cavidin "Çobanlar" radiopyesinin süjeti əsasında yazır. Librettonun müəllifi Məmməd Səid Ordubadidir. Bəstəkar "Nərgiz" operasında improvizasiya üsulundan mümkün qədər uzaqlaşır. Operanın melodik quruluşunda milli musiqi nümunələrinə intensiv müraciət etməklə yanaşı, çoxsəsli xora da üstünlük verir. Bu operanın uğurunda Müslüm Maqomayevlə yanaşı, tanınmış bəstəkar həmkarı R.M.Qliyerin də müəyyən rolu olur.
Müəllif əsəri 1935-ci ildə yazsa da, ağır xəstəliyinə görə opera üzərində işləri tam başa çatdıra bilmir. Bunu R.M.Qliyer öz üzərinə götürür, onu səhnə həlli üçün hazırlayır. 1935-ci ilin 24 dekabrında A.Tuqanovun rejissorluğu və dirijorluğu ilə "Nərgiz" operasının premyerası olur. Opera elə böyük rəğbət qazanır ki, Müslüm Maqomayev bu əsərinə görə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülür. Xalq artisti Kərim Kərimov yazırdı ki, "Nərgiz" operasının musiqisi parlaq melodiyaların sonsuz axınıdır. Bütün əngəllərə baxmayaraq, "Nərgiz" səhnədəydi, səsi, sədası çox uzaqlara yayılırdı. Tədqiqatçıların yazdığına görə, o, milli operanın inkişafında yeni dövrə keçidə işarə vermiş, ümumiyyətlə, milli musiqinin artan kamilliyini, bəstəkar yaradıcılığının ən mürəkkəb formalarını mənimsəmək iqtidarında olmasını təsdiq etmişdir... "Nərgiz" operası ümumi təkamül yoluna cəlb olunmuşdur. Belə ki, Maqomayevin niyyətlərinin varislik axarı F.Əmirovun "Sevil" operasına aparıb çıxarır.
Müslüm Maqomayevin ən böyük arzularından biri isə görkəmli şairimiz Hüseyn Cavidin "İblis" faciəsinə opera yazmaq idi. Əfsus ki, bu arzusunu reallaşdıra bilmədi. M.Maqomayevin "Məhəbbət" operasından başqa, sona çatmamış "Dəli Muxtar" baleti və "Xoruz bəy" adlı musiqili komediyası da var.
Görkəmli musiqi xadimi ictimai işlərdə kifayət qədər fəal idi. 1920-ci ildə o, Azərbaycan SSR Təhsil İşçiləri Birliyinin sədri seçilmişdi. 1921-ci ildə isə Azərbaycan Xalq Təhsili Komissarlığının incəsənət şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi. Sonralar Azərbaycan Dram Teatrının bədii rəhbəri, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru vəzifəsində çalışmış, 1929-cu ildən 1931-ci ilə qədər Azərbaycan Radio Komitəsində musiqi şöbəsinin rəhbəri olmuşdu.
Ömrə vida… son akkordlar
O, 1937-ci ildə 52 yaşında əbədiyyətə qovuşdu. Əcəl onu yaşının, təcrübəsinin yaradıcılıq üçün ən gözəl dövründə apardı, nə qədər istəkləri, arzuları, ideyaları yarımçıq qaldı. Müslüm Maqomayev Nalçikdə vəfat etdi.
Badigülcəmal xanımla evliliklərindən onların Cəmaləddin və Məhəmməd adında iki oğlu dünyaya gəlmişdi. Böyük oğlu Cəmaləddin Maqomayev sonralar Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Azərbaycan KP Bakı vilayət komitəsinin ikinci katibi olmuş, 1953-1957-ci illərdə Azərbaycan SSR-in sənaye naziri vəzifəsində çalışmışdı.
Dünyaşöhrətli müğənnimiz Müslüm Maqomayevin atası Məhəmməd Maqomayev isə rəssam idi. Əfsus ki, o, İkinci Dünya müharibəsi zamanı 1945-ci ildə Berlin yaxınlığında qəhrəmancasına həlak olmuşdu.
Müslüm Maqomayevin Fəxri xiyabandakı məzarı, adını daşıyan Azərbaycan Dövlət Filarmoniyası, filarmoniyanın qarşısındakı büstü milyonlarla azərbaycanlının qürur yeridir. Dahi bəstəkar Üzeyir bəy Hacıbəyli yaxın dostu, silahdaşı, həmkarı Müslüm Maqomayevin yaradıcılığına böyük dəyər verərək yazırdı: "Bəşər tarixində elə şəxsiyyətlər var ki, onlar tək özləri üçün yox, bütün xalqın, bəlkə də bütün bəşəriyyətin xoşbəxtliyi naminə həyata gəliblər. Belə insanlar xalqa nəinki sağlığında, hətta ölümündən sonra da xeyir gətirirlər. Müslüm Maqomayev əsl realist xalq bəstəkarı idi, Azərbaycan musiqi incəsənəti yolunda duran bütün sədləri amansızcasına vurub dağıdan cəsarətli novator idi".
İradə ƏLİYEVA,
"Azərbaycan"
Prezident İlham Əliyev Qətər Dövlətinin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK
Cəbrayıl şəhərində ilk dəfə əmək yarmarkası keçirilib
“Bloomberg”: Avropa “dönmə nöqtəsinə” yaxınlaşır
İşğaldan azad olunan ərazilərdə yeni məşğulluq imkanlarının yaradılması üçün əlavə tədbirlər hazırlanır
Prezident İlham Əliyev Belçika Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK
İranda 48 nəfər spirtli içkidən zəhərlənərək ölüb
Baydenin Almaniyaya yeni səfər tarixi açıqlandı
“CNNTürk”: COP29 qlobal ekoloji gündəliyin formalaşdırılması kontekstində diqqətəlayiqdir
Çin ordusu təlimlərə başladı
Bu artıq üçüncü dünya müharibəsi deməkdir - Siyarto
ABŞ-də atışma: Bir ölü, 9 yaralı var
Əlilliyi olan 489 hərbçi yüksək texnologiyalı protezlərlə təmin edilib
Son iki gündə 12,4 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb
Azərbaycan ikinci dəfə cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək
Azərbaycan Mərkəzi Asiya ölkələri nazirlərinin görüşündə qonaq qismində təmsil olunub
Milli Məclisin sədri Sahibə Qafarova İsveçrəyə səfər edib
Millətlər Liqası: IV tura 8 oyunla start verilib
UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Slovakiyanı qəbul edəcək
NİİM: Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib
Zurab Papaskiri: Gürcüstanda hakimiyyət dəyişsə də, Azərbaycanla münasibətlər dəyişməyəcək
Yunanıstan əhalisinin azalması narahatlıq doğuracaq həddə çatıb
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!