21 Iyul 2022 18:45
1912
PARLAMENT
A- A+

İstanbulda Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin sədrlərinin İkinci Üçtərəfli Görüşü keçirilib

İyulun 21-də İstanbulda Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin sədrlərinin İkinci Üçtərəfli Görüşü keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdən əvvəl tədbirin icraiyyə komitəsinin iclası olub. İclasda təşkilatı məsələlərə baxılıb, parlament rəhbərləri müzakirə olunan mövzular haqqında fikirlərini bildiriblər. Milli Məclisin sədri Sahibə Qafarova çıxışında deyib ki, Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin üçtərəfli əməkdaşlıq formatı böyük əhəmiyyətə malikdir. Qardaş ölkələrimiz arasında münasibətlərin bugünkü yüksək səviyyəsi müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsini və gücləndirilməsini labüd edir. O qeyd edib ki, ölkələrimizin bir sıra qurumları, o cümlədən parlamentlərimiz arasında üçtərəfli formatda sıx əməkdaşlığın davam etdirilməsi bu prosesə əhəmiyyətli töhfə verir.

Sonra Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin sədrlərinin ikinci üçtərəfli görüşü başlayıb.

Tədbirdə açılış nitqi ilə çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop iştirakçıları salamlayıb. Bu üç ölkə arasında münasibətlərin digər ölkələrin əlaqələrinə bənzəmədiyini vurğulayan TBMM-in sədri deyib: “Aramızdakı qardaşlıq bağları ortaq tarix, mədəniyyət, din ilə davamlı bəslənib güclənərək, daha da inkişaf edərək çox az sayda millət və ölkənin çata biləcəyi səviyyəyə yüksəlib. Türkiyə, Azərbaycan və Pakistan İslam dünyasının ən böyük demokratiyalarından üçü olaraq önə çıxır. Ölkələrimiz və xalqlarımız arasındakı müstəsna münasibətlər ən çətin dövrlərdə qarşılıqlı dəstəklə özünü göstərib”.

Azərbaycanın Qarabağ bölgəsində ədalətin bərqərar olduğunu qeyd edən Mustafa Şentop Zəngəzur dəhlizinin bölgədə iqtisadi rifahı artıracağını bildirib.

Görüşdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan parlamenti adından iştirakçıları salamlayaraq, bu tədbirin keçirilməsinə yaradılan şəraitə və səmimi qonaqpərvərliyə görə Türkiyə Böyük Millət Məclisinin rəhbərliyinə, professor Mustafa Şentopa minnətdarlığını bildirib. Milli Məclisin sədri bu görüşdə aparılacaq müzakirələrin və qəbul ediləcək qərarların üçtərəfli əməkdaşlığın ölkələrimizin və xalqlarımızın maraqları və rifahı naminə daha da möhkəmləndirilməsi və genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə inamını ifadə edib.

S.Qafarova bildirib ki, bir neçə gün əvvəl qardaş Türkiyə xalqı 15 İyul - Demokratiya və Milli Birlik Gününün altıncı ildönümünü qeyd edib. Həmin gün Türkiyə xalqı milli birlik və həmrəylik nümayiş etdirib, öz lideri, Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək, Vətəninin müstəqilliyini, suverenliyini müdafiə edib, dövlətçiliyə və demokratiyaya sahib çıxıb. Milli Məclisin sədri dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını verən şəhidlərin əziz xatirəsinə dərin hörmət və ehtiramını ifadə edib. O qeyd edib ki, Azərbaycan xalqı və dövləti bu xəyanətkar dövlət çevrilişi cəhdini ilk dəqiqələrdən ən qəti şəkildə pisləyib, hər zamankı kimi qardaş Türkiyənin yanında olduğunu göstərib.

Sahibə Qafarova çıxışına davam edərək diqqətə çatdırıb ki, Milli Məclisin təşəbbüsü ilə keçirilmiş Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin sədrlərinin Birinci Üçtərəfli Görüşündən bir il ötür. Həmin görüşdə parlamentlərimiz arasında üçtərəfli əməkdaşlıq formatı təsis edilib. Görüş çərçivəsində qəbul etdiyimiz Bakı Bəyannaməsində üçtərəfli əməkdaşlıq çərçivəsində qarşımıza qoyduğumuz məqsəd və hədəflər əks olunub. Bu gün keçirilən ikinci görüşümüz məhz həmin məqsəd və hədəflərin reallaşdırılması istiqamətində göstərdiyimiz birgə səylərin və qətiyyətin bariz nümunəsidir.

Milli Məclisin sədri Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin üçtərəfli əməkdaşlığının müasir dövrümüzün reallıqlarından, zamanın tələbindən qaynaqlanan bir təzahür olduğuna əminliyini bildirib. Qeyd edib ki, Azərbaycanın həm Türkiyə, həm də Pakistanla ikitərəfli əlaqələri xalqlarımızın qardaşlığına, tarixi və mədəni bağlarına, qarşılıqlı hörmət və etimadına əsaslanır. Belə möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlərimiz ötən dövr ərzində davamlı və hərtərəfli inkişaf, müxtəlif sahələri əhatə edən sıx əməkdaşlıq, qarşılıqlı maraq doğuran məsələlər üzrə beynəlxalq səviyyədə birgə fəaliyyət və dəstəklə səciyyələnib. Sahibə Qafarova Azərbaycanın 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarını Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad etdiyini xatırladaraq deyib ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması işinə qardaş Türkiyə və Pakistanın həm beynəlxalq platformalarda, həm də İkinci Qarabağ müharibəsinin gedişində göstərdiyi açıq siyasi və mənəvi dəstək qardaş xalqlarımızın birlik və həmrəyliyinin ifadəsi olmaqla yanaşı, dövlətlərimiz arasındakı yüksək səviyyəli münasibətlərin də göstəricisidir. Şübhəsiz ki, bütün bunlar ölkələrimiz arasındakı əlaqələrin daha da gücləndirilərək, üçtərəfli və çoxtərəfli formatlarda davam etdirilməsini labüd edib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, ötən il Bakıda yaratdığımız üçtərəfli əməkdaşlıq platforması bu mənada xüsusi əhəmiyyətə malikdir. Belə ki, biz parlament üzvləri olaraq, öz xalqlarımızı təmsil edirik və onların istəklərini həyata keçirərək, qardaş xalqlarımız arasındakı mövcud bağların gücləndirilməsinə xidmət edirik. Digər tərəfdən isə hökumətlərimizin Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli münasibətlərinin və əməkdaşlığının daha da inkişaf etdirilməsi istiqamətindəki səylərini dəstəkləyir və ümumi məqsədlərimizin reallaşdırılmasına töhfə veririk.

Milli Məclisin sədri qeyd edib ki, bu gün davam edən pandemiya, silahlı münaqişələr, iqlim dəyişikliyi, ərzaq, enerji və humanitar böhranlar, bir çox digər çağırışlar mövcud beynəlxalq münasibətlər sistemi üzərində ciddi təzyiqlər yaradır. Digər tərəfdən, ikili standartlara əsaslanan yanaşmalar, təəssüf ki, hələ də qalmaqdadır. Biz hələ də ədalətsizliyin, beynəlxalq hüququn pozulmasının, ayrı-ayrı ölkələrə qarşı nümayiş etdirilən selektiv münasibətlərin və ayrı-seçkiliyin şahidi oluruq. Belə bir məqamda, beynəlxalq əməkdaşlığın qorunub saxlanılması baxımından parlament diplomatiyasının rolu xüsusi aktuallıq kəsb edir.

Bu gün artıq parlamentlər yalnız qanun qəbul edən orqan rolunu oynamırlar. Müasir dövrdə parlamentlərin rolu xeyli genişləndirilib. Bu gün beynəlxalq əməkdaşlığın mühüm alətinə çevrilmiş parlament diplomatiyası ölkələr arasında əlavə əməkdaşlıq və dialoq kanallarını təmin edir, ölkələri narahat edən məsələlərin həllinə töhfə verir, milli maraqların müdafiəsində öz hökumətləri ilə birlikdə səy göstərirlər.

Sahibə Qafarova deyib ki, Azərbaycan, Pakistan, Türkiyə parlamentlərinin sədrlərinin üçtərəfli əməkdaşlıq platforması regionumuzda parlament diplomatiyasının mahiyyətcə yeni birgə fəaliyyət çərçivəsini formalaşdırıb. Xüsusilə vurğulamaq lazımdır ki, nümunəvi xarakter daşıyan bu əməkdaşlıq beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, yalnız sülh, sabitlik və tərəqqini təşviq edir. Bu platformanı yaradarkən, ümumi maraq kəsb edən regional və qlobal məsələlərlə bağlı yaxından əməkdaşlıq etməyi, beynəlxalq parlament təşkilatları çərçivəsində üç qardaş ölkə parlamentinin vahid mövqeyinə nail olmağı da qarşımıza bir vəzifə kimi qoymuşduq. Sevindirici haldır ki, ötən dövr ərzində beynəlxalq parlament təşkilatlarının iclaslarında, müxtəlif tədbirlərində iştirakımız və onların nəticələri bu vəzifəni reallaşdıra bildiyimizi və birgə fəaliyyətimizi daha da zənginləşdirdiyimizi göstərir.

Azərbaycan parlamentinin sədri diqqətə çatdırıb ki, parlamentlərimiz arasındakı mövcud əlaqələrin ölkələrimizin əməkdaşlıq gündəliyinə uyğun şəkildə praktiki cəhətdən daha da gücləndirilməsi üçün yaxşı imkanlar var. Bizlər qanunverici orqanların təmsilçiləri olaraq, ticarət, nəqliyyat, investisiya, enerji, təhsil, turizm, mədəni mübadilə kimi istiqamətlərdə hökumətlərimizin səylərini hərtərəfli şəkildə dəstəkləməliyik.

Digər tərəfdən, parlamentlərimizdəki komitələrin, dostluq qruplarının və qadın üzvlərin müxtəlif istiqamətlər üzrə əməkdaşlığı da üçtərəfli platformamızın möhkəmləndirilməsinə xidmət edəcəkdir.

Milli Məclisin sədri çıxışında iştirakçılara Azərbaycanın regionda sülh, sabitlik və davamlı iqtisadi inkişafın təmin olunması istiqamətindəki səyləri haqda da məlumat verib. Bildirib ki, bu gün ölkəmiz 30 il davam etmiş erməni işğalının dəhşətli nəticələrinin aradan qaldırılmasına çalışır. İşğal dövründə dağıdılmış bütün infrastruktur hazırda yenidən bərpa olunur.

Cari ilin mayında Fizuli və Şuşaya səfər etmiş Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf dağıntıların miqyasının və aparılan yenidənqurma işlərinin əyani şahidi oldular. Bu gün “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir. Artıq keçmiş məcburi köçkünlərin öz evlərinə mərhələli şəkildə geri qaytarılması prosesinə başlanıb.

Sahibə Qafarova təəssüflə qeyd edib ki, bu işlərdə ən mühüm problemlərdən biri işğal zamanı Ermənistan tərəfindən həmin ərazilərdə basdırılmış çoxsaylı minalardır. 2020-ci il noyabrın 10-dam bəri mina partlayışları nəticəsində 220-dən çox şəxs həlak olub və ya yaralanıb. Buna baxmayaraq, Azərbaycan minatəmizləmə fəaliyyətində hələ də ən az beynəlxalq dəstək alan ölkələrdən biridir.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərlərinin 3 üçtərəfli görüşü keçirilib. Ermənistan Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipini rəsmən qəbul etdiyini bəyan edib. İyulun 16-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ilk ikitərəfli görüşü baş tutub. Buna baxmayaraq, Ermənistan sülh müqaviləsinin imzalanması üzrə danışıqlara başlamaq üçün konkret addımlar atmır, əksinə, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla öz üzərində götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edir.

Halbuki, Ermənistan rəhbərliyi anlamalıdır ki, regionda real sülhə və sabitliyə nail olmağın yeganə yolu üzərilərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsidir. Zəngəzur dəhlizinin və regionda bütün kommunikasiyaların açılması regionun nəqliyyat potensialını xeyli artırmaqla yanaşı, Ermənistanın özünə də fayda gətirəcək.

Sahibə Qafarova çıxışının yekununda bir daha Türkiyə Böyük Millət Məclisinin sədri professor Mustafa Şentopa Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin sədrlərinin İkinci Üçtərəfli Görüşünün yüksək səviyyədə təşkilinə görə təşəkkür edib. Milli Məclisin sədri əmin olduğunu bildirib ki, parlamentlərimizin bu səmərəli əməkdaşlıq formatının davam etdirilməsi xalqlarımızın maraqlarına xidmət edir və ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin daha da güclənməsinə töhfə verir.

Tədbirin təşkilinə və qardaşlıq səylərinə görə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa təşəkkürünü bildirən Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf Bakıda keçirilən iclası xatırlayaraq, tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlığını ifadə edib.

Bildirilib ki, belə üçtərəfli görüşlər irəliyə doğru birlikdə addımlamaq baxımından çox əhəmiyyətlidir. Pakistan hər zaman olduğu kimi, bundan sonra da hər zaman Azərbaycanı və Türkiyəni dəstəkləyəcəyini hər platformada sübut edir. O, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə diqqət çəkərək, regionda daimi sülhün və təhlükəsizliyin təmin olunmasının əhəmiyyətini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video