30 Sentyabr 2022 00:39
234
SİYASƏT
A- A+

İrəvanda sülh gündəmi: Paşinyan da, keçmiş hərbi xunta da Azərbaycanın tələbləri qarşısında təslim olmağa hazırlaşırlar

 

İkinci Qarabağ müharibəsindən sonra sülh müqaviləsinin imzalanması Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşmasına xidmət etməklə yanaşı, iki ölkə üzərindən ticarət və nəqliyyat daşımalarını əhəmiyyətli dərəcədə artıra bilər. Proseslər bu səpkidə inkişaf etsə, Ermənistana mühüm dividendlər qazandırar, eyni zamanda regionun dövlətlərinə böyük fayda verər. 
Artıq Ermənistanda bunu etiraf edənlərin sayı çoxalmaqdadır. Çünki ölkənin yaranmış ağır sosial-iqtisadi böhrandan çıxmasının yeganə yolunun Azərbaycanla normal münasibətlər qurmasından keçdiyini artıq anlamağa başlayıblar. Elə ona görə də Azərbaycanla sülh sazişinin imzalanacağı tarixin çox yaxında olduğunu bəyan etməyə başlayıblar. Bunu Ermənistanın siyasi elitasına daxil olan siyasətçilərin son açıqlamalarına diqqət yetirməklə də müəyyənləşdirə bilərik.
Dünən Ermənistan mətbuatında belə bir xəbər yayıldı ki, Paşinyan oktyabrın 6-da əlində sülh müqaviləsi mətninin ilkin variantı ilə Praqaya gedəcək. "İravnuk" qəzeti yazır ki, sentyabrın 27-də Ağ Evdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın təşəbbüsü ilə keçirilən görüşdə əsasən sülh müqaviləsinin layihəsinin mətni müzakirə olunub. 
Məlumatda bildirilir ki, Paşinyan əlində sülh müqaviləsi mətninin ilkin variantı ilə Avropa İttifaqının qeyri-rəsmi sammitində iştirak etmək üçün oktyabrın 6-da Praqaya yola düşəcək. 
Göründüyü kimi, ötən dövr çox aydın şəkildə göstərdi ki, Azərbaycanla normal münasibətlər yaratmadan Ermənistanın bir dövlət olaraq mövcudluğunu davam etdirməsi mümkün deyil. Uğurlu xarici siyasət Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini ölkəmizə yönəldib. Ermənistanın mövcud durumuna nəzər saldıqda isə tamam əks mənzərə müşahidə olunur. Bunun ümdə səbəblərindən biri 30 il davam edən işğal siyasəti, bu gün isə sülh müqaviləsinin uzadılmasının yubanmasıdır.
Aydındır ki, sülh müqaviləsinin imzalanması uzadılsa, qarşıdakı dövrdə Ermənistanı daha böyük problemlər gözləyir. Azərbaycan həm iqtisadi, həm hərbi, həm də demoqrafik cəhətdən Ermənistanı üstələməkdə davam edir. Ölkəni tərk edənlərin sayı sürətlə artır. İndi görülən bütün tədbirlərə baxmayaraq, ölkədə əhalinin sayı sürətlə azalmaqda davam edir, xaricə köçənlər durmadan artır. 
Əhalinin artım səviyyəsinin get-gedə aşağı düşməsi isə erməni sosioloqlarının hakimiyyətə ünvanlanmış xəbərdarlıqlarının çoxalmasına səbəb olub. Real vəziyyət Ermənistanın faktiki olaraq demoqrafik böhran yaşadığını, bu problemin həlli perspektivinin olmadığını göstərir.
Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan Ermənistan ordusunun yenidən bərpa olunması mövzusunda pessimist mesajlar verib. O, vurğulayıb ki, bəzi ölkələr Ermənistana lazım olan silahları satmaq istəmirlər. Bu baxımdan baş nazir erməni toplumunun Ermənistan ordusuna olan ümidlərini "dəfn" edir.
Nəhayət, Ermənistanın keçmiş prezidentlərinin son açıqlamaları da rəsmi İrəvanın sülh sazişini imzalamaqdan başqa bir yolunun qalmadığını göstərir. Sabiq prezident, hərbi cinayətkar və erməni revanşizminin aparıcı qüvvəsi sayılan keçmiş hərbi xunta rəhbərlərindən biri olan Robert Koçaryan da vurğulayıb ki, ABŞ və Fransa Ermənistana dəstək verməyəcək, Rusiyanın isə hazırda belə bir imkanı yoxdur, üstəlik, Kremlin rəsmi Bakı ilə müttəfiqlik münasibətləri mövcuddur. 
Göründüyü kimi, Koçaryan-Sarkisyan koalisiyası Paşinyan hakimiyyətinin devrilməsində hələ də israrlı olsalar da, Ermənistan cəmiyyətinə optimist vədlər vermək məsuliyyətinin altına girməkdən yayınmağa çalışırlar.
Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da bu günlərdə erməni toplumuna açıq mətnlə izahat verib. O, bildirib ki, Paşinyan hakimiyyəti devrilsə belə, onu əvəz edəcək siyasi qüvvələr daha ağır şərtlər altında Azərbaycanla sülh sazişi imzalamağa məcbur olacaqlar. Ona görə də bu məsələnin uzadılması Ermənistana yalnız ziyan vura bilər.
Beləliklə, gedişat göstərir ki, rəsmi İrəvan məhz Azərbaycanın şərtləri daxilində sülh sazişini imzalamalı olacaq. Faktiki olaraq məğlub ölkədə yaranmış iqtisadi böhran, siyasi ziddiyyətlər, həmçinin işsizlik, baş alıb gedən korrupsiya halları, yoxsulluq səviyyəsi bu ölkəni sürətlə çökdürür. Gec də olsa anlamağa başlayıblar ki, istər köhnə, istərsə də yeni hakimiyyətin tutduğu məntiqsiz, ədalətsiz və reallıqdan uzaq siyasətinə görədir ki, ölkənin qonşu dövlətlərlə, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərinin yaxşılaşdırılmasında heç bir irəliləyiş hiss olunmur.

Elçin CƏFƏROV,
"Azərbaycan" 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video