28 Yanvar 2023 00:59
490
SİYASƏT
A- A+

İran terrorunun qanlı səhifəsi

 

Dünən İran İslam Respublikasında diplomatların toxunulmazlığının, eləcə də diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının maddələri kobud şəkildə pozuldu. Ölkənin paytaxtında - Tehran şəhərində Azərbaycan səfirliyinə silahlı hücum edildi. Xain terror nəticəsində faciə baş verdi. Hücum zamanı səfirliyimizin mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərov şəhid edildi, daha iki nəfər yaralandı.
Azərbaycan Prezidenti İlham Əliyev Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınadı: "Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!"
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında diqqətə çatdırıldı ki, səfirliyimizin yerləşdiyi ölkə olaraq İran tərəfi Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyini yerinə yetirməli idi. 
Bəyanatda bildirildi: "İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub, bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb. Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir".
Göründüyü kimi, dünən Tehranda törədilən qanlı terror Azərbaycan tərəfinin diplomatik missiyasına qarşı təhdid cəhdlərinin qarşısının alınması, təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi barədə davamlı qaldırdığı məsələlərə, təkidli müraciətlərə İran İslam Respublikasının əhəmiyyət verməməsinin, həmçinin beynəlxalq hüquq və normalarını heçə saymasının nəticəsidir.
Əslində, İran insanların həyatına laqeydliyi və rəhimsizliyi yalnız başqa ölkə vətəndaşlarına münasibətində nümayiş etdirmir. Həmin ölkədə bu günlərdə də davam etməkdə olan etiraz aksiyalarının səbəbləri məhz hakimiyyətin İranı böyük bir həbsxanaya çevirməsi, vətəndaşlarına qarşı həyata keçirdiyi ağır cinayət əməlləridir. 
Ötən ilin sentyabrında hicabı düzgün taxmadığı üçün İranda bir qızın həyatına son qoyuldu. Əxlaq polisi tərəfindən döyülən Məhsa Əmini aldığı zərbələr nəticəsində gənc yaşında gözlərini əbədi yumdu. Hakimiyyət hadisəni ört-basdır etməyə çalışdı. Belə ki, polis bölməyə aparılan qızın ürək problemindən vəfat etdiyini söylədi. Ancaq yaxınları onun tamamilə sağlam olduğunu bildirdilər.
Əslində, İranda hakimiyyətə qarşı narazılıqlar mövcud idi və getdikcə dərinləşirdi. 2022-ci ilin 16 sentyabrında iyirmi iki yaşlı Məhsa Əmininin qətlə yetirilməsi isə bardağı daşıran damla oldu. Ölkədə kəskin etiraz aksiyaları başladı. Polis gözyaşardıcı qazdan istifadə etməklə etirazçıların qarşısını ala, aksiyaları dayandıra bilmədi. Etirazçılar hakimiyyəti diktatorluqda ittiham etdilər, ölkənin ali liderlərinin posterlərini və İran bayraqlarını yandırdılar. Tehranda başlayan narazılıq aksiyaları qısa müddətdə bütün ölkəyə yayıldı. Növbəti aylarda da hakimiyyət təzyiq, təqib, edam və həbs cəzaları ilə iğtişaşların qarşısını ala bilmədi. 
Üç aydır ki, İranda vəziyyət belədir. Və hakimiyyət xalqı qorxutmaq və sıxışdırmaq üçün hər cür qəddarlığa, insanlıqdan uzaq əməllərə əl atmaqdadır. Ölkənin müxtəlif ərazilərindən faciəli xəbərlər yayılır. Onlardan biri də Kermanşah şəhərinin Tağbostan bulvarında baş verdi. Hökumət qüvvələrinin açdığı atəş nəticəsində İranın oxatma üzrə yığmasının qadın üzvü, 2021-ci ildə oxatma üzrə Asiya turnirində ikinci yeri tutmuş Mehbanu Xoşnudi Kia bir gözündən məhrum oldu. Başqa bir məlumata görə, "Urmiya Məhəllələrinin Gəncləri" adlı qrup üzvlərinin 16-na qarşı cinayət işi açılıb. Onlara bir-birilərinə qarşı etiraf almaq üçün işgəncə verilib. Qeyd edilib ki, biri on beş yaşlı yeniyetmə qız olmaq şərti ilə həbs edilənlərin hamısı məktəblidir.
Qeyd edək ki, İran İnsan Haqları Təşkilatının son məlumatına görə, 2022-ci ilin dekabr ayının əvvəlinə kimi İranda 11-i qadın və 5-i uşaq olmaqla, 565 nəfəri edam edilib.
İran hökuməti söz azadlığına da qənim kəsilib. Bu günlərdə üç qadın jurnalist - Melika Haşimi, Səidə Şafii və Mehrnuş Zarii adlı jurnalistlər ölkənin paytaxtında tutulub. Rejim əleyhinə təbliğat aparmağa və milli təhlükəsizliyi təhdid etməkdə ittiham olunan jurnalistlərin Tehrandakı Evin adlı həbsxanada saxlanıldığı bildirilib. İran insan hüquqları fəallarının məlumatına görə, 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyaları zamanı 79 jurnalist həbs edilib.
Aksiyalarda iştirak etmək ittihamı ilə Tehran hakimiyyəti həbsləri davam etdirir. Vəziyyətin kəskinliyi ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun yaydığı məlumatda da əksini tapıb. Məlumatda bildirilib: "İrandakı etiraz aksiyaları kuliminasiya nöqtəsinə çatıb". Qeyd olunub ki, lakin bu, etirazların başa çatacağı demək deyil: "Aksiya iştirakçıları hələ də mövcud rejimə qarşı qəzəblidirlər. Məşhəd Məhəllə Gəncləri Təşkilatı etirazçıları yanvarın 25-də rejimə qarşı mübarizəni davam etdirməyə çağırıb".
ABŞ analitikləri iqtisadi durumun pisləşməsinin ölkədəki aksiyaların əsas səbəblərindən olduğu qənaətindədirlər: "Neft-kimya və telekommunikasiya işçiləri və təqaüdçülər yanvarın 22-dən bütün İranda bir neçə kiçikmiqyaslı nümayişlər keçiriblər. Mövcud rejim elektrik enerjisinin kəsilməsi və təbii qaz çatışmazlığı məsələlərini indiyədək həll edə bilməyib. Bu, çox güman ki, rejim əleyhinə etirazları artıracaq. Qarşıdakı aylarda, hətta illərdə etiraz aksiyaları yenidən alovlana bilər".
Əməlləri ilə dünyanın qınağında olan İran hakimiyyəti dünən Tehranda baş verən terror hadisəsi ilə bir daha özünün əsl simasını göstərdi. Yayılan görüntülərdən də aydın oldu ki, terrorçu Azərbaycan səfirliyinin yerləşdiyi binaya daxil olmaqda heç bir çətinlik çəkməyib. Qabaqcadan planlayaraq, avtomat silahla asanlıqla içəri girə bilib və cinayət törədib. Baş vermiş bu faciəyə görə İran hökuməti məsuliyyət daşıyır.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video