12 Avqust 2022 01:36
1436
SİYASƏT
A- A+

İqtisadi yüksəlişin, dəmir iradənin təcəssümü

 

İlham Əliyevin tapşırığı ilə ötən il inşasına başlanan Laçından yan keçən yeni yolun tikintisi cəmi bir ilə başa çatdı

 

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində əsas prioritetlərdən biri yol infrastrukturunun tikilməsidir. 
Bu çərçivədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi idi. 
Artıq yolun tikintisi yekunlaşıb. Ancaq yolun tikintisinin 3 ilə başa çatdırılması nəzərdə tutulduğu halda işlər cəmi bir ilə yekunlaşıb. Ötən ilin iyul ayında tikinti işlərinə başlanılan yolun 2022-ci ilin avqust ayında yekunlaşması əlbəttə ki, ilk növbədə Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir. 
Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bütün avtomobil yolları iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilir. Bu,  həmin yaşayış məntəqələrində yaşayacaq əhalinin, həm də yoldan istifadə edəcək vətəndaşların rahatlığı baxımından önəmli işlərdən biridir. Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun inşası da məhz bu prinsip nəzərə alınaraq aparılıb. 
Bu yol Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərdə yol-nəqliyyat strategiyasının vacib elementlərindən birini təşkil edir. Çünki bu yol hazır olduqdan sonra 10 noyabr üçtərəfli Bəyanatının müddəalarına əsasən, hazırda Laçın dəhlizində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin kontingenti həmin yola dislokasiya olunmalıdır.
İyunun 26-da Prezident İlham Əliyev Kəlbəcər və Laçına səfəri zamanı yolun tikintisi ilə tanış olmuş və dövlət başçısına bununla bağlı ümumi məlumat verilmişdi.  
İlham Əliyev qeyd etmişdi ki, Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. Onların arasında ən böyük tunelin uzunluğu təxminən 12 kilometrdir: "Biz bu tuneli Murov dağının altından çəkirik ki, buraya gediş-gəliş rahat olsun. Bu, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən lazımdır. Hazırda bütövlükdə 10-dan çox tunel tikilir və gələcəkdə bu tunellərin sayı daha da çox ola bilər. Çünki burada hər tərəf dağlardır, meşələrdir. Qarabağ bölgəsində isə indi 10-dan çox tunel, 9 viaduk, onlarla körpü inşa edilir".
Bütün bunlar əlbəttə ki, dövlətin həm Şərqi Zəngəzurda, həm də Qarabağda ancaq yol təsərrüfatına aid olan nə qədər genişmiqyaslı işlər gördüyünü bir daha təsdiqləyir. Prezidentin də söylədiyi kimi, işğaldan azad edilən torpaqlarımızda yenidənqurmanın aparılması üçün elektrik enerjisi və yolun çəkilməsi ən əsas məsələdir. Bunlar olmadan hər hansı bir inkişafdan söhbət gedə bilməz.
Xatırladaq ki, aprelin 12-də İlham Əliyev ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə Laçın şəhərindən yan keçən yeni alternativ yolun 2022-ci ildə istifadəyə verilməsinin planlaşdırıldığını söyləmişdi: "Bu yolun da çox böyük əhəmiyyəti var və biz bunu artıq bu il istismara verməliyik. Bu il istifadəyə veriləcək yolların arasında Füzuli-Hadrut avtomobil yolu, Qubadlı-Eyvazlı kənd yolu və digər yollar var. O cümlədən Kəlbəcər və Laçın rayonlarında hərbi əhəmiyyətli yolların çəkilişi davam etdiriləcək. Tarixdə heç vaxt yollar olmayan yerlərdə, ərazilərdə təkcə keçən il 700 kilometrə yaxın yollar çəkilib. Yəni Azərbaycan-Ermənistan sərhədinə qədər bu yollar çəkilib".
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri artıq yekunlaşıb. Avtomobil yolunun tikintisi zamanı 7,3 milyon kubmetr həcmində qazma-tökmə işləri, 1,3 milyon kubmetr həcmində qaya partlatma işləri yerinə yetirilib, yeni yol yatağı və yol əsası inşa edilib.
Çətin relyefə malik olan ərazidən keçən yol boyunca layihəyə uyğun müxtəlif süni qurğuların tikintisi də icra edilib. Belə ki, zəruri yerlərdə beton küvetlər tikilib, 17 yerdə müxtəlif diametrli dairəvi suötürücü boru, 36 yerdə müxtəlif diametrli plastik boru quraşdırılıb, uzunluğu 149,5 metr, eni 13,5 metr təşkil edən 4 aşırımlı avtomobil körpüsü tikilib.
Daha sonra "İnşaat Norma və Qaydaları"na uyğun olaraq yol geyimi inşa edilib, asfalt-beton örtüyü döşənib, yol çiyinləri bərkidilib. Layihənin sonuncu mərhələsində yola üfüqi nişanlanma xətləri çəkilib, zəruri yerlərdə yol nişanları və mühafizə səddi (əyri-xətli dəmir tirlər, monolit dəmir-beton) quraşdırılıb. Bütün inşaat işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilib.
Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun inşa edilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10,5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2,5 (5 m) metr təşkil edir.
Azərbaycan dövləti heç kimdən yardım almadan Qarabağ və Şərqi Zəngəzurun yol-nəqliyyat infrastrukturunu yenidən qurur və bütün işlər sürətlə həyata keçirilir. Bu genişmiqyaslı işlərin görülməsi dövlətin gücünün, niyyətinin, iradəsinin təntənəsidir. 
Dövlət başçısı iyunun 26-da Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanışlıq zamanı vurğulamışdır ki, Azərbaycan dövləti Laçını da yenidən quracaq və rayonun inşa olunan yeni yolları, tikilən Beynəlxalq Hava Limanı gələcəkdə regionun turizm potensialının tam inkişafına imkan verəcək.
Bütün bunlar ilk növbədə Azərbaycanın İkinci Qarabağ müharibəsinin qalib dövləti kimi üzərinə götürdüyü öhdəliklərin hər birini reallaşdırdığını əyani şəkildə təsdiqləyir. Ermənistanın bu prosesdə yenə də hansısa oyunlar oynaması isə sülh sazişinin imzalanmasını gecikdirir. İlham Əliyev dəfələrlə bəyan edib ki, məğlub ölkə onun irəli sürdüyü şərtləri qəbul edib və 10 noyabr üçtərəfli Bəyanatda nəzərdə tutulan öhdəliklərini yerinə yetirdiyi təqdirdə sülh sazişi imzalana bilər. Əks təqdirdə baş verə biləcək hər hansısa hadisə yalnız Ermənistanın ziyanına olacaq.  

 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video