28 May 2022 22:24
740
SİYASƏT
A- A+

Vyetnamda Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Hanoyda Azərbaycanın Müstəqillik Günü, habelə Azərbaycan ilə Vyetnam arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunan rəsmi qəbul keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Vyetnam Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, Milli Assambleyanın, Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət və hökumət qurumlarının rəsmiləri, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının, Hanoy şəhərində akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, Azərbaycanın təhsil ocaqlarının vyetnamlı məzunları, jurnalistlər iştirak ediblər.

Səfir Anar İmanov tədbirin 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik və sekyular dövlətin məhz Azərbaycanda yaradıldığını diqqətə çatdıraraq, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə daxili və xarici siyasətdə böyük uğurlar qazandığı haqqında məlumat verib. Səfir 1920-ci ilin aprelində Azərbaycan xalqının əlindən alınan dövlət müstəqilliyinin milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq 1991-ci il oktyabrın 18-də yenidən bərpa edildiyini vurğulayıb. A.İmanov müstəqilliyin ilk illərində Ermənistanın təcavüzü nəticəsində ərazilərimizin 20 faizinin zəbt edildiyini, nəticədə bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, habelə on minlərlə insanın həyatına son qoyduğunu bildirib.

BMT Təhlükəsizlik Şurasının, digər mötəbər təşkilatların qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilməməsinin və münaqişənin həllinin uzanmasının səbəbi kimi dünya birliyinin, beynəlxalq təşkilatların məsələyə ikili standartlarla yanaşması, münaqişənin ədalətli həllinə ciddi maraq göstərilməməsi təəssüflə qeyd edilib. Səfir Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının ölkənin inkişafı, onun iqtisadiyyatının və ordusunun möhkəmlənməsi üçün bütün gücünü səfərbər edərək, 2020-ci ildə Vətən müharibəsi nəticəsində öz torpaqlarını işğaldan azad etdiyini bildirib.

İşğaldan azad edilən Şuşanın Azərbaycanın mədəniyyət və tarix incisi olduğunu diqqətə çatdıran A.İmanov, Şuşa dağlarında bitən və xüsusi gözəlliyi ilə seçilən Xarıbülbül gülünün şəkillərini nümayiş etdirib, onun xalqımızın qələbə rəmzinə çevrildiyini deyib.

Səfir A.İmanov 1992-ci il sentyabrın 23-də diplomatik münasibətlər quran Azərbaycan və Vyetnam arasındakı möhkəm dostluq əlaqələrinin təməlinin hələ illər əvvəl ulu öndər Heydər Əliyevin və Vyetnamın sabiq Prezidenti Ho Şi Min tərəfindən qoyulduğunu vurğulayaraq, müasir dövrdə ikitərəfli əlaqələrimizin sürətlə inkişaf etdiyini deyib. O, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cu ildə Vyetnama dövlət səfərinin, Vyetnamın sabiq Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın hərtərəfli inkişafına güclü təkan verdiyini bildirib. Səfir Vətən müharibəsi zamanı Vyetnamın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü qismində Azərbaycanı dəstəkləməsini Prezident İlham Əliyevin yüksək qiymətləndirdiyini vurğulayaraq, ölkələrimiz arasında ikitərəfli əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyində əminliyini ifadə edib.

Vyetnam xarici işlər nazirinin köməkçisi, Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat və informasiya idarəsinin rəisi xanım Le Thi Thu Hunq Vyetnam hökuməti və xalqı adından Azərbaycanın ölkə rəhbərliyini və xalqını əlamətdar gün münasibətilə təbrik edərək, son illər müxtəlif sahələrdə Azərbaycanın əldə etdiyi çoxsaylı mühüm nailiyyətləri yüksək qiymətləndirib.

Le Thi Thu Hunq bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq Azərbaycan ilə Vyetnam arasında yaxın dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb, Vyetnamın birlik və müstəqillik uğrunda mübarizəsinə, həmçinin milli quruculuq və inkişafına Azərbaycan xalqının verdiyi dəstəyi Vyetnam xalqının hər zaman dərin minnətdarlıq hissi ilə xatırladığını bildirib. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyinin qeyd edildiyini bildirən XİN rəsmisi, son illər ərzində ölkələrimiz arasında ənənəvi dostluq əlaqələrinin hərtərəfli və sürətlə inkişaf etdiyini məmnunluqla vurğulayıb.

Mərasimdə Azərbaycan haqqında videoçarx nümayiş etdirilib, Azərbaycan musiqisi sədaları altında milli mətbəx nümunələrindən ibarət ziyafət təşkil olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video